MÜSAHİBƏ

6.4 milyon manat gəlir əldə edən Aqropark – MÜSAHİBƏ
18 APREL
1350

6.4 milyon manat gəlir əldə edən Aqropark – MÜSAHİBƏ

2018-04-18 07:17:00

Fins.az sizə "Yalama Aqropark" MMC-nin direktoru Zaur Əliyev ilə müsahibəni sizə təqdim edir:  

- Öncə Yalama Aqroparkı ilə tanış olaq.

- “Yalama Aqropark” prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Xaçmaz rayonunun Yalama qəsəbəsində Azərbaycan Respublikasında yaradılmış ilk Aqroparkdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2013-cü il tarixli 254S nömrəli sərəncamı ilə Xaçmaz rayonunda fəaliyyət göstərən “Yalama” südçülük-maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı müəssisəsinə daimi istifadə üçün təhkim edilən 523 hektar torpaq sahəsinin əsasında özəl pilot təsərrüfat olaraq yaradılıb. Layihənin ilkin mərhələsinə uyğun olaraq, Yalama Aqroparkda 1113 baş sağmal olmaqla 3000 başlıq cins iri buynuzlu heyvandarlıq kompleksi, müasir suvarma sistemi ilə 460 hektar sahədə iri əkinçilik təsərrüfatı, istehsal gücü saatda 5 ton olan yem zavodu yaradılıb. 2016-cı il 8 sentyabr tarixində prezident İlham Əliyev Yalama Aqroparka səfər edərək müəssisəmizin açılışını edib və Yalama Aqroparkın fəaliyyətinin genişləndirilməsi üzrə öz tapşırıqlarını verib.

- Yalama Aqroparkına nə qədər sərmayə yatırılıb?

- Yalama Aqroparkın yaradılmasına layihənin 1-ci mərhələsi üzrə 23 milyon manat investisiya qoyulub. Qoyulan investisiya nəticəsində cins heyvandarlıq təsərrüfatı, yem zavodu və taxıl anbarları, k/t texnikası parkı, müasir suvarma sistemi və lazımi infrastruktur işləri icra edilib. Ümumilikdə, qoyulan investisiya nəticəsində layihənin 1-ci mərhələsi üzrə 180 daimi iş yerinin yaradılması, illik 3.5 milyon AzN dəyərində təbii süd və 1.1 milyon AzN dəyərində ət, həmçinin 1.8 milyon AzN dəyərində bitkiçilik məhsulları istehsalına nail olunub.

Dövlət investisiyaları hesabına təsərrüfatın fasiləsiz su təminatı, eləcə də ətraf  kəndlərin  suvarma suyuna olan ehtiyacların ödənilməsində mühüm rol oynayan 3.2 kilometr uzunluğunda beton suvarma kanalı və tutumu 50 min kub metr olan su hovuzu tikilib. Həmçinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon AzN dəyərində güzəştli kredit ayrılıb.

Layihənin 2-ci mərhələsi üzrə planlaşdırılan işlərin icrası üçün əlavə olaraq 10 milyon AzN investisiya qoyuluşu planlaşdırılır. Bununla aqroparkda yaradılacaq iş yerlərinin sayı 300-ü keçəcək.

- Aqroparkın son 1 ildə fəaliyyətinin genişləndirilməsi necə həyata keçirilib?

- Son 1 ildə Yalama Aqroparkın əkin sahələri 3 dəfə artırılıb və istehsal genişləndirilib. Belə ki, prezident İlham Əliyevin tapşırığına uyğun Xaçmaz rayonu Müqtədir qəsəbəsində Dövlət  Ehtiyat  Fondu  torpaqlarından 956 hektar torpaq sahəsi uzun  müddətli  icarə əsasında aqroparkın istifadəsinə ayrılıb və əkin dövriyyəsinə qatılıb. Bununla da Yalama Aqroparkın əkin dövriyyəsinə cəlb etdiyi torpaq sahəsi 523 hektardan son bir ildə 1479 hektara çatdırılıb.

Əkin sahələri genişləndirilməsi ilə əsasən aqroparkın heyvandarlıq təsərrüfatının yem tələbatını ödəmək üçün taxıl və qarğıdalı bitkisinin əkini, həmçinin digər yem bitkilərinin əkin həcmi genişləndirilib. Həmçinin heyvandarlıq kompleksinin genişləndirilməsi sahəsində işlər sürətlə davam etdirilir.

 

- Aqroparkın genişləndirilməsi üçün hazırda hansı işlər görülür?

- Hazırda istifadəmizə verilən 956 hektar əkin sahəsində müasir suvarma sisteminə malik bitkiçilik təsərrüfatının qurulması işləri icra edilir. Ərazi daxili drenaj və kollektor sistemləri təmizlənib, ərazi daxili suvarma kanalları bərpa edilib. Həmçinin əkinlərin daimi suvarma suyu ilə təmini üçün Su və Meliorasiya Təsərrüfatı İdarəsi ilə əraziyə daimi su mənbəyi olan “Xanarx” və digər suvarma kanallarından beton kanalların çəkilişi üzrə layiləndirmə işləri aparılır. Əraziyə 2 müxtəlif suvarma mənbəyindən 10 km yaxın beton suvarma kanalının çəkilməsi və 2 ədəd tutumu 50000 m3 olan su hovuzunun tikilməsi nəzərdə tutulub. Həmçinin müasir suvarma sistemlərinin qurulması üçün Valley, Reinke və Lindsay kimi dünyaca məşhur şirkətlər ilə danışıqlar aparılır.

Bu gün biz təsərrüfatın istehsal imkanlarının daha da genişləndirmək üzərində işlərimiz davam etdiririk. Heyvandarlıq kompleksində saxlanılan heyvan sayını artırmaq üçün öncə yem bazasının da buna adekvat şəkildə artırılması tələb olunur ki, artıq buna nail ola bilmişik. Növbəti dövr üçün hədəfimiz təsərrüfatda əldə edilmiş cins damazlıq düyələrin və intensiv seleksiya işinin nəticəsində heyvandarlıq kompleksində heyvan sayını artıraq. Həmçinin ət istehsalını artırmaq üçün əlavə yeni kökəltmə fermasının tikintisinə başlanılması üzrə işlər davam etdirilir.

- Aqroparkın genişləndirilməsi eyni zamanda yeni iş yerlərini yaradılmasına imkan verir. Nə qədər insanı işlə təmin etmisiz və onlara nə qədər maaş verirsiz?

- Yalama Aqropark ölkəmizin şimal zonasında yerləşmə və sərhəd zonasında yaşayan əhalinin davamlı iş yerləri ilə təminatında mühüm rol oynayır. Aqropark yerləşdiyi regionda ən böyük işəgötürən müəssisə olmaqla hazırda 180 daimi iş yeri ilə əhalini təmin edir. Mövsümi işlər zamanı aqroparkda məşğul əhali sayı 200-ü keçir. Müəssisəmizdə çalışan işçi heyəti üzrə orta aylıq əmək haqqı 500 AzN civarındadır. Aqropark layihəsinin ikinci mərhələsi üzrə işlər icra edildikcə daimi iş yeri sayının 300-ə çatdırılması planlaşdırılır.

Biz Yalama Aqropark olaraq, təkcə k/t məhsullarının istehsal ilə deyil, həmçinin ölkədə kənd təsərrüfatı sahəsi üzrə kadr hazırlığına da öz töhfəmizi verməyə çalışırıq. Bu istiqamətdə k/t sahəsi üzrə ölkədə fəaliyyət göstərən ali təhsil və digər təhsil pilləsi müəssisələri ilə əməkdaşlıq edirik. Artıq Azərbaycan Dövlət Aqrar Universiteti ilə əməkdaşlıq memorandumu imzalanıb və kadr hazırlığı və aqrar sahə üzrə elm tutumlu yeni təcrübə və tədqiqatların aparılması üzrə əməkdaşlığın təməli qurulub. Yay aylarında gənclər üçün yay təcrübə proqramı yaradılıb ki, bu da region və digər bölgələrdən olan gənclərə k/t üzrə praktik biliklər əldə etmək imkanı yaradıb.

- Kənd təsərrüfatı sahəsi üzrə ixtisaslı kadr tapmaq biraz çətindir. Sizdə bu barədə vəziyyət necədir?

- Hazırda aqroparkda yalnız yerli mütəxəssislərdən ibarət işçi heyəti çalışır. İstehsal nəticələrini daha da yaxşılaşdırmaq üçün müəssisəmizdə çalışan yerli mütəxəssislərin təlimlərə göndərmək və Almaniya və digər inkişaf etmiş ölkələrdən təcrübəli ekspertlərin aqroparka dəvət edilməsi həyata keçiririk. Keçən bir il ərzində 2 əməkdaşımız Almaniyada, 2 əməkdaşımız Türkiyə Respublikasında 2-3 həftəlik təlimlərdə iştirak edib. Həmçinin 3 alman mütəxəssisin iştirakı ilə müəssisəmizdə 3 həftə ərzində yerli mütəxəssislər üçün təlimlər təşkil edilib. Biz Yalama Aqropark olaraq hər bir sahədə işimizlə bir brendə çevrilməyi və qeyri-neft sektorunun inkişafına dəstək olmaqla yanaşı k/t üzrə bilik ötürülməsini (knowledge transfer) təmin edən bir qabaqcıl mərkəz olmağı hədəfləyirik.!

Müəllif: Cəfər Talıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253