MÜSAHİBƏ

“2017-ci ili gözlədiyimiz mənfəətlə başa vurmuşuq” – KAMRAN BABAYEVLƏ MÜSAHİBƏ
21 MART
1179

“2017-ci ili gözlədiyimiz mənfəətlə başa vurmuşuq” – KAMRAN BABAYEVLƏ MÜSAHİBƏ

2018-03-21 11:54:00

Fins.az “Azərbaycan Sənaye Sığorta” şirkətinin idarə heyətinin sədri Kamran Babayevlə olan müsahibəni təqdim edir:

-Kamran bəy, “Azərbaycan Sənaye Sığorta” şirkəti 2018-ci ildə hansı istiqamətlərdə inkişaf etməyi planlayıb?

-Əsas istiqamətimiz zərərliliyi az olan sığorta növləridir. Söhbət  yük sığortası və danışmaz əmlakın könüllü sığortasından gedir. İndi üzərində çalışırıq. İstəyirik ki, satışlarımızı daha da genişləndirək. Bundan əlavə korporativ tibbi sığortada satışları artıracağıq.

-Yəni, yeni sığorta məhsulları buraxacaqsız?

-Bəli, yeni sığorta məhsulları buraxmağı düşünürük. Bundan əlavə fərqli-fərqli layihələr üzrə korporativ satışlar üçün tenderlərdə biz də öz təkliflərimizi veririk. 

-Daşınmaz əmlakın icbari sığortasında cərimələrin son dövrlər artırılması ilə bağlı müzakirələr gedir. Necə hesab edirsiz, bu, satışlara təsir edə bilərmi?

-Hesab edirəm ki, daşınmaz əmlakın icbari sığortası üzrə də cərimələrin artırılmasına ehtiyac  var. Amma bununla bərabər nəzarət mexanizmi olmalıdır. Yəni, yoxlanılmalıdır ki, kim evini sığortalayır, kim sığortalamır. Burada fərqli nəzarət mexanizmləri tətbiq edilə bilər. Məsələn, alqı-satqı zamanı nəzarət də edə bilərlər, və yaxud kommunal xidmətlərlə yığılarkən nəzarət edilə bilər. Yəni, nəzarət kommunal xidmət yığan qurumlara verilə bilər.

-Kənd təsərrüfatı sığortasında kifayət qədər ödəniş edilib. Zərərliliyin yüksək olması bu istiqamətə fokuslanmaqdan sizi çəkindirmir?

-Xeyr, bununla bağlı hər hansı qorxumuz yoxdur. Azərbaycanda TARSİM-ə oxşar modeli tətbiq ediləndən sonra nəzarət mexanimzləri də qurulacaq. Burada söhbət həm sığortaçıya, həm fermerə nəzarətdən gedir. Burada həm hadisə baş verəndə, həm sığorta yığımları aparılanda sorğular keçiriləcək. Bundan sonra artıq tariflərin düzgün hesablanması, riskin düzgün dəyərləndirilməsi məsələsi olacaq.Düzdür, kənd təsərrüfarı sığortası digər sığorta növlərindən zərərliliyin həcminə görə fərqlənir. Gözlənilməyən təbii fəlakətlər ortaya çıxa bilir, bu risk həmişə var. Amma əvvəlki illərin statistikasına əsasən irəliyə proqnoz vermək mümkündür.

Artıq TARSİM-ə oxşar kənd təsərrüfatı sığortası modelinin tətbiqi ilə bağlı işlərə başlanılıb. Azərbaycan Sığortaçılar Asosiasiyasında bununla bağlı komitə də yaradılıb. “Azərbaycan Sənaye Sığorta”nın da nümayəndəsi burada iştirak edir. Və təbii ki, hazırkı formada kənd təsərrüfatı sığortası ilə yanaşı, yeni forma tətbiq edildikdə orada da iştirak edəcəyik. Yəni bu istiqamətdə kifayət qədər təcrübəmiz var. “Azərbaycan Sənaye Sığorta” bu sahədə ən böyük bazar payına sahibdir.

-Sığortaçılar bazara uyğun olaraq son dövrlər ucuz kasko məhsulları buraxırlar. Siz necə hesab edirsiz, bu, könüllü avtosığortaya marağı artırmaq üçün effektiv üsuldurmu?

-Bilirsiniz ki, Azərbaycanda avtosığorta bazarının potensialı bu gün çox yüksək olsa da o qədər də inkişaf etməyib. Ona görə də sığorta şirkətləri bu istiqamətdə fərqli addımlar atır. Bunlar da biri məhdud təminatlı kasko məhsullarıdır. Nə dərəcədə effektli olduğunu deyə bilmərəm. Amma bizim hələlik belə bir planımız yoxdur. Daha çox tam təminatlı kasko məhsullarının satışına önəm veririk.

-Sığorta şirkətləri ötən ilin maliyyə hesabatlarını açıqlamağa başlayıblar. “Azərbaycan Sənaye Sığorta” ötən ili necə başa vurub?

-Kənd təsərrüfatı sığortası üzrə 1 milyon 300 min manat ödəniş etməyimizə baxmayaraq 2017-ci ili mənfəətlə başa vurmuşuq. Amma hələlik yekun rəqəmlər çıxmadığı üçün mənfəətin həcmini deyə bilməyəcəm.

-Mənfəətin həcmində ötən illərə nisbətən artım gözlənilir?

-Əslində 2017-ci il üzrə bizim planımız satışların artması deyil, portfelin sağlamlaşdırılması idi və buna da nail olduq. Yəni ümumi duruma baxanda qaneedici nəticə oldu. Hər şey plan üzrə baş tutdu. 2018-2019-cu illərdə isə dediyim kimi bir neçə istiqamətdə satışları genişləndirəcəyik.

Rahim Tarıverdiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260