MÜSAHİBƏ

Arının ən bahalı məhsulu olan zəhər niyə satılmır? – MÜSAHİBƏ
14 MART
917

Arının ən bahalı məhsulu olan zəhər niyə satılmır? – MÜSAHİBƏ

2018-03-14 09:00:00

Fins.az sizə “Ballı” Şirkətinin təsisçisi və rəhbəri Rəşad Rəşidov ilə müsahibəni təqdim edir:

- Öncə “Ballı” Şirkəti ilə tanış olaq.

- “Ballı” Şirkətinin yaranma tarixi 3 il bundan öncəyə gedib çıxır. Amma, bizim bu sektorda fəaliyyətimiz 50 ildən çoxdur. Hazırda şirkət kimi fəaliyyət göstərməyimizə baxmayaraq, bu bizim ata-baba işimiz olub. Mənim babam, atam arıçı olub, biz bu işi nəsillikcə davam etdiririk. Sadəcə bir neçə il öncə bu işi bazarın tələbinə görə şirkət halına saldıq. Bu gün bazarda qablaşdırılma formasından başlayaraq, keyfiyyətli məhsulun kompleks halında təqdim olunmasına qədər öz mövqeyimizi tutmuşuq. Daxili bazarla yanaşı, bəlli bir neçə ölkəyə ixracatımız da var.

- “Ballı” hansı məhsulları istehsal edir?

- “Ballı” Şirkəti əsasən bal və süd məhsullarının istehsalı, qablaşdırılması və satışı ilə məşğul olur. Bura tək bal aid deyil. Arıçılıqla bağlı digər məhsulların da satışını həyata keçiririk. Bura çiçək tozu, arı südü və digər çeşidlər daxildir.

- Sizin məhsulların qiyməti digər məhsullardan ucuzdur, yoxsa baha?

- Bal elə məhsuldur ki, onu çox rahat saxtalaşdırmaq olar. Çətin olsa da, yoxlanılması mümkün olan məhsuldur. Bazarda keyfiyyətli və keyfiyyətsiz məhsullar arasında bizim məhsulların qiymətində olmalı olan fərq hələ ki, yoxdur. Amma bizim qiymətlər keyfiyyətli məhsulun ümumi bazar qiymətinə uyğundur. Keyfiyyətli məhsul almaq istəyən, hansısa fermerdən də, “Ballı”dan da eyni qiymətə alacaq.

- Hazırda şirkətin illik istehsal həcmi nə qədərdir?

- Hazırda “Ballı” Şirkətinin illik istehsal həcmi ortalama 10 tondan yuxarıdır. Amma biz bu rəqəmin artırılması üzərində işləyirik. İstehsalı artırmaq imkanlarımız, gücümüz var.

- İstehsal Azərbaycanın hansı bölgələrində həyata keçirilir?

- Əsasən bizim satdığımız məhsullar Quba-Qusar-Xaçmaz, Balakən-Qax-Zaqatala və Aran zonasının məhsullarıdır. Bu regionları seçməkdə səbəbimiz həmin yerlərdə arıçılıq üçün lazımi imkanların olmasıdır.

- Çatdırılma necə həyata keçirilir?

- Biz də işə başlayanda online satışdan başladıq. Bu gün də satışımızın bir hissəsini online satış təşkil edir. Bununla yanaşı, bizim təkrar müştərilərə və online sifarişçilərə pulsuz çatdırılma xidmətimiz var. Hər bir insanın vaxt sərf edib gedib məhsul almaq imkanı yoxdur. Ballı.az saytında və facebook səhifəmizdən bal sifariş etmək mümkündür. Çatdırılmasını Bakı daxilində pulsuz həyata keçiririk.

- Arı məhsulları içərisində ən bahalısı demək olar ki, arı südüdür. Bu məhsulu satırsınızmı?

- Arı südü bahalı məhsuldur. Amma ona nisbətdə arı zəhəri ən bahalı məhsuldur. Bu zəhər dərman istehsal edən şirkətlər tərəfindən istehsal olunur. Azərbaycanda hazırda arı zəhəri məhsulunun bazarı yoxdur. Satışı çətin həyata keçirilən məhsuldur. Amma arı südü istehsal edib satırıq. İlin 8-9 ayı ərzində bu məhsul olur. İnsanlar onu çox rahat şəkildə sifariş verib əldə edə bilərlər. Sadəcə onun saxlanılması çətindir. Çünki daim soyuq şəraitdə saxlanılmalıdır. Hazırda arı südünün 1 qramının pərakəndə satışı 5 manatdır.

- Sizin məhsulların satışı hansı mağazalarda həyata keçirilir?

- Bir müddətdir ki, biz Azərbaycanın böyük supermarketlər şəbəkələri ilə əməkdaşlıq edirik. “Bazar Store”, “Bravo” Supermarketlər Şəbəkəsindən, İçərişəhərdə “Ballı” mağazasından, “Baku Mall” Ticarət Mərkəzindəki və “Tufandağ” İstirahət Mərkəzindəki satış məntəqəmizdən əldə etmək olar. “Ballı” bütün məhsullarının keyfiyyətinə zəmanət verir.

Müəllif: Cəfər Talıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9978
  • ₽ RUB
    0.0273