MÜSAHİBƏ

“İndi çox rahat demək olar ki, sığorta şirkətləri banklardan aslı deyil”- MÜSAHİBƏ
02 MART
844

“İndi çox rahat demək olar ki, sığorta şirkətləri banklardan aslı deyil”- MÜSAHİBƏ

2018-03-02 10:05:00

Fins.az Azərbaycan Sığortaçılar Assosiasiyasının yeni sədri Mustafa Abbasbəyli ilə müsahibəni təqdim edir:

-Mustafa bəy, Palata  ASA və sığorta şirkətləri ilə birgə görüş keçirdi. Sığorta bazarı ilə bağlı hansı məsələlərin həlli gündəmdədi və ASA qarşısında hansı tələblər qoyulub?

-Qarşıda  planlar çoxdur. Azərbaycan Strateji Yol Xətirələrində sığorta bazarının inkişafı ilə bağlı müddəalar yer alıb. Bu müddəalara əsasən Azərbaycan sığorta bazarının qarşıdakı 2-3 ildə 3 dəfə böyüməsi planlaşdırılır. 2017-ci ilin nəticələrinə görə sığorta bazarı üzrə yığımlar 570 milyon manatdır. Amma 2-3 ildə yığımlar 1,6 milyard manat olmalıdır. Bu çox ciddi bir proqnozdur və sığorta bazarının qarşısında ciddi bir iş dayanır. Burada müxtəlif və yeni sığorta sahələrinin inkişaf  etdirilməsi, müəyyən sığorta növlərinin icbariləşməsi kimi məsələlər yer alıb. ASA-dan bu istiqamətdə ciddi işlər görməklə bağlı gözləntilər var.

-Söhbət hansı sığorta növlərinin icbariləşməsindən gedir?

- Bununla bağlı təkliflər hazırlayırıq. Məsələn, əmlak sığortası icbari olsa da, əhatə dairəsi çox kiçikdir. Azərbaycanın əmlak sığorta bazarı 250 milyon manat  həcmində proqnozlaşdırılsa da, bu sahədə yığımlar cəmi 15-20 milyon manat təşkil edir. Bu o deməkdir ki, 10%-dən az əhatə dairəsi var. Ona görə də çalışacağıq ki, bu sahədə tətbiq faizini artıraq. Bundan əlavə, bazardan olan təkliflər əsasında həkimlərin peşə məsuliyyətinin sığortasını icbariləşməsi üzərində çalışırıq. Təkcə Azərbyacanda deyil, bütün dünyada həkim səhvindən zərərçəkənlər var və şəxslər maddi təminatı ədalətli şəkildə ala bilmirlər. Ona görə də həkimlərin peşə məsuliyyətinin sığortası çox önəmlidir. Bu eyni zamanda sosial yönümlü bir istiqamətdir. Nəzərə alsaq ki, klinika bu münasibətlərin güclü olan tərəfidir. Bu baxımdan həkim səhvindən əziyyət çəkən vətəndaşlarla mübahisə yarandıqda  məhkəmələr daha çox onların xeyrinə həll olunur. Ona görə də bu sahə sosial baxımdan çox önəmlidir. Digər istiqamətlərdən biri kənd təsərrüfatı sığortası ola bilər. Türkiyədə TARSİM-in Azərbaycanda tətbiqi ilə bağlı Palata ilə müzakirələr gedir. ASA-da bu istiqamətdə müəyyən işlər görüb, amma proses tam yekunlaşmayıb. Bunun üçün bazardan da müəyyən təkan lazımdır, bazarın da münasibəti öyrənilməlidir. İlk başladığımız layihələrdən biri də məhz kənd təsərrüfatı sığortasıdır.  

-Konkret olaraq demək olar kənd təsərrüfatı sığortası necə tətqib ediləcək?

- Söhbət Azərbaycanda “kənd təsərrüfatının stimullaşdırılması haqqında” Qanundan gedir. Qanuna əsasən müəyyən bir sığorta hovuzu yaradılmalıdır. Bu hovuzun fəaliyyəti ondan ibarət olacaq ki, sığorta haqqlarının bir hissəsi - 50%-i dövlət tərəfindən, digər hissəsi isə sığortalılar, yəni kəndlilər tərəfindən ödəniləcək. Bunun isə kənd təsərrüfatı sığortasına ciddi bir təkan verəcəyi gözlənilir.

- Əgər hovuz yaradılacaqsa burada sığorta şirkətlərinin rolu nədən ibarət olacaq?

-Sığorta şirkətinin fəaliyyəti ondan ibarət olacaq ki, sığorta haqqının müəyyən bir hissəsini agent kamissiyası şəklində ala biləcək. Bu da Türkiyənin bu sahədə tətbiq etdiyi TARSİM modelinə əsaslanır.

- Yeni qanunun qəbulu kənd təsərrüfatı sığortasının işlək mərhələyə qədəm qoymasına tam olaraq təsir edə biləcəkmi?

- Kənd təsərrüfatı sığortası spesifik sahədir. Qanun qəbul edilməsi ilə hər şey düzələcək demək yanlış olar. Çünki burada kompleks yanaşma lazımdı.Qanunun qəbulundan sonra başqa işlər də görülməlidir. Hazırda əsas problemlərdən biri kənd təsərrüfatında hesabatlılığın olmamasıdır. Hesabatlılığın  olmaması müqavilə bağlamaq üçün sığorta məbləğinin real dəyərini hesablamaqda çətinlik yaradır. Ona görə də bu məsələ həllini tapmalıdır. Bundan əlavə bu sahədə zərər hesablayan ekspert şirkətlər, peşəkar şirkətlər olmalıdır. Həm sığorta şirkətləri üçün, həm kənd təsərrüfatı subyektləri üçün, həm də dövlət üçün mövcud  olan suallar öz həllini tapmalıdır.

- Sığortada həllini gözləyən başqa hansı prioritet istiqamətlər var?

- Əsas məsələlərdən biri avtomobillərin icbari sığortası ilə problemlərin aradan qaldırılmasıdır. Məlumdur ki, bu sahə ən inkişaf etmiş, ən çox sığorta haqqı toplanılan sahədir. Bu növ üzrə bazarda 90 milyon manata yaxın sığorta haqqı toplanılır. Sığortaya cəlb edilmə mükəmməl səviyyədə olsa da, amma müəyyən problemlər müşahidə edilir. Əsas problemlər qanunvericilikdə nəzərdə tutulandan artıq kamissiyaların,qadağan olunmuş endirimlərin tətbiqi və sığorta müqaviləsinin bitməsinə yaxın sığortalılara kütləvi zənglərin edilməsidir. Bu çox ciddi narahatlıq yaradır. ASA qarşısındada bu problemlərdən çıxış yollarının tapılması, bu sahədə müəyyən təkliflərin verilməsi prioritet istiqamət kimi seçilib. ASA da bununla bağlı təkliflərin hazırlanmasına başlayıb.

- İSB-nin icbari avtosığorta ilə bağlı yeni sistemə keçməsi bu sahədə problemləri aradan qaldıracaqmı?

- Yəqin ki, müəyyən istiqamətlərdə problemlərin bir hissəsinin qarşısı almaq mümkün olacaq. Amma bunun məsələnin tam həllinə təsir edəcəyini deməzdim. İSB-nin edəcəyi dəyişikliklərin müsbət tərəfləri olsa da, sığorta şirkətlərinin narazılığına səbəb olan məqamlar var. Hazırda bununla bağlı da ASA sığorta şirkətləri ilə müzakirələr aparır.

-Sığorta şirkətləri İSB-nin edəcəyi  yenilikdə nədən narazıdır?

-Azərbaycan reallığında lisenziyalı agentlər var və lisenziyası olmayan, amma sığorta fəaliyyəti ilə məşğul olan əməkdaşlar var. Avtomobillərin icbari sığortasının satışı ilə bağlı yeni qaydanın tətbiqindən sonra bu əməkdaşların qısa zamana lisenziyalaşması prosesi getməlidir. Amma bunun üçün qısa zaman verilməsi çətinlik yaradır. Sığorta şirkətləri hesab edir ki, lisenziyalaşma prosesi mərhələli şəkildə olması məqsədəuyğun olardı.

Digər məsələ ondan ibarətdir. Yeni qaydaların tətbiqindən sonra icbari avtosığorta üzrə bütün müqavilələr İSB-nin platforması üzərindən tətbiq ediləcək. Bu da müəyyən məqamda sığorta şirkətlərinin rəqabətlilik prinsipini müəyyən mənada məhdudlaşdıracaq.Çünki bütün sığorta şirkətləri, bu sahədə fəaliyyət göstərən peşəkar  oyunçuların tətbiq etdikləri platformalar eyniləşir. Bu məsələ də təbii ki, sığorta şirkətlərini narahat edir. Hər iki istiqamət üzrə ASA-da müzakirələr aparılır. Bu sahədə də çıxış yolu tapmağa çalışacağıq.

-Son dövrlər sığorta ödənişləri ilə bağlı şikayətlər yenidən artıb. Bəzi şirkətlər hətta sığorta ödənişini 100 manat, 200 manat olaraq hissələrə bölüb ödəyir. ASA Palata ilə birgə bu problemin həlli istiqamətində hansı addımlar atacaq?

- Avtomobillərin icbari sığortasında son dövrlər mübahisələrin sayı azalıb. Mübahisələrin məzmunu da dəyişib. Əvvəl vətəndaş ödəniş ala bilməməsindən narazı idisə, indi ödəniş məbləğindən narazıdır. Bununla bağlı Palataya təklif etmişik ki, ASA-nın nəzdində ambudsman və yaxud arbitiraj yaradılsın. Arbitraj sığorta bazarının peşəkar  iştirakçılarını, ekspertlərinin siyahısı tərtib olunur. Mübahisələrə baxanda hər bir tərəf o siyahıdan arbitorları seçib onların iştirakı ilə mübahisəyə baxırlar. Onların qəbul etdiyi qərar məcburi olur. Bu, bütün dünyada geniş yayılmış təcrübədir və düşünürük ki, biz bunu tətbiq edə bilsək sığorta bazarında olan mübahisələrin böyük əksəriyyətinin məhkəməyə və Palataya ünvanlanmasının qarşısını ala biləcəyik. Onu da nəzərə almaq lazımdır ki, əsas istiqamət sığorta olmadığı üçün Azərbaycan məhkəmələrində sığorta mübahisələrinə köklü yanaşma tətbiq edilmir. Digər tərəfdən, qiymətləndirmə ilə bağlı bu gün müstəqil ekspert institutu təəssüf ki, kifayət qədər inkişat etməyib. Biz çalışırıq ki, bu istiqamətdə inkişafa nail olaq.

-Söhbət “Audatex”dən gedir?

-“Audatex” istiqamətlərdən biridir. Təəssüf ki, “audatex” tətbiqi tam olaraq özünü doğrultmur. “Audatex”in tətbiqi sığorta şirkətlərindən ödənişlərin müəyyən həcmdə artıra bilər. Ona görə də şirkətlər bundan ehtiyat edir və bu sistemin tam tətbiqinin qarşısını alır. Bunun alternativi 3-cü müstəqil ekspert qrupunun olmasıdır. Hədəflərdən biri budur ki, bu institutun inkişafına nail olacaq. Vətəndaş sığorta ödənişinin məbləğindən narazı olduğu halda əvvəlcə Palataya, sonra məhkəməyə müraciət edir. Əsas məqsəd Palataya müraciətə qədər ekspert qrupu tərəfindən dəymiş zərərin ağlabatan həcmini müəyyən etməkdir. ASA da bu istiqamətdə işlər görməyi planlaşdırır.

- Sığortaçılar vergi məsələsi ilə bağlı yeni təkliflər hazırlayırlar. Təkliflər nədən ibarətdir?

- Bəli, sığortaçıları narahat edən bəzi məsələlər var. Bununla bağlı da təkliflər hazırlanıb Vergilər Nazirliyinə təqdim edildi. Bunlardan biri vergi qanunvericiliyinə “təkrarsığorta” ifadəsinin daxil edilməsi ilə bağlıdır. Yəni, sığorta şirkətləri təkrarsığorta ilə bağlı münasibətlərdə təkrarsığortalı kimi deyil, sığortalı kimi qəbul edilirdi və bu da problemlər yaradırdı. Digər məsələ icbari əmlak sığortasında sığorta predmetinin dəyərinin  müəyyən edilməsi ilə bağlıdır. Vergi qanunvericiliyi ilə sığorta qanunvericiliyində bu məsələ ilə bağlı ziddiyyət var. Vergi qanunverciliyə əsasən əmlak qalıq dəyərinə əsasən hesablanır. Sığorta qanunvericiliyində isə bərpa dəyəri əsasında hesablanır. Biz də bilirik ki, bərpa dəyəri ilə qalıq dəyəri əksər hallarda üst-üstə düşmür. Qalır dəyəri bərpa dəyərindən dəfələrlə aşağı olur. Bir əmlakın bərpa dəyəri, orta bazar dəyəri 1 milyondursa, onun qalıq dəyəri 500 min manatdır.Şirkətlər də bunun aşağı məbləğlə sığorta etdirir. Bu həm sığorta prinsipini pozur, digər tərəfdən real bazar dəyəri ilə sığortalayanda şirkətlərlə Vergilər Nazirliyi arasında problemlərə yol açır.

Sonuncu təklif dərman və tibbi ləvazimatlara ƏDV-nin ləğv edilməsi və yaxud fərqli bir ƏDV-nin tətbiq edilməsi ilə bağlıdır. Belə ki, beynəlxalq təcrübədə bır sıra ölkələrdə dərman vasitələri və tibbi xidmətlər ƏDV tətbiq edilmir və yaxud fərqli ƏDV tətbiq edilir. Məsələn digər sahələrdə ƏDV 18%-dirsə, burada 50%  az tətbiq edilir.

Bu öz növbəsində könüllü tibbi sığortanın ciddi şəkildə inkişafına səbəb ola bilər. Çünki tibbi xidmətlər ucuzlaşacaq. Xidmətlərin ucuzlaşması isə tibbi sığortanın ucuzlaşmasına səbəb olacaq və insanların könüllü tibbi sığortaya əlçatanlığı artacaq. Bu eyni zamanda icbari tibbi sığortayada müsbət təsir edəcək. Təsəvvür edin ki, ƏDV ləğv  edilsə, icbari tibbi sığorta xərcləri 18% azalacaq və bu sığortanın tətbiqini daha da sürətləndirə bilər.

-2018-ci ildə sığorta bazarında bağlanan və yaxud birləşən sığorta şirkətləri olacaqmı?

- İstənilən krizisin mənfi tərəfləri ilə yanaşı müsbət tərəfləri də var. Ötən iki ildə bank sektorunda baş verən proseslərin sığorta bazarına həm də müsbət təsiri oldu. Sığorta şirkətləri bankdan aslılığı minimuma endirdi. İndi çox rahat şəkildə demək olar ki, banklarda baş verə biləcək hər hansı hal sığorta şirkətlərinə təsir etməyəcək. Yəni, biz 10 il bundan əvvəli götürsək, sığorta şirkətləri banklardan çox ciddi aslı idi. Bankda baş verən istəilən proses sığorta şirkətinə siraət edirdi. İndi çox müsbət haldır ki, bu, belə deyil. Müəyyən sığorta şirkətlərinin bazarı tərk etməsi ehtimalı nə dərəcə realdır? Mən çox istəyərdim ki, bu olmasın. Mən həm sığorta şirkətlərinin, həm də bankların bazardan çıxmasının deyil, birləşməsinin tərəfdarıyam. Bu baxımdan sığorta şirkətləri növbəti addımı atarkən bunu nəzərə almalıdırlar. Biz istəyirik ki, sığorta şirkətləri maliyyə sabitliklərini tələb olunan normalara çatdıraraq bazarı tərk etməsinlər. Hazırda Azərbaycanda 21 sığorta şirkəti fəaliyyət göstərir. Bu da say olaraq normaldır və sayın aşağı düşməsi arzuolunan deyil.

Bəzi şirkətlərin kapitalla bağlı problemləri var və onlara bu problemin həlli üçün Palata tərəfindən vaxt verilib. Artıq onu zaman göstərəcək ki, onlara verilən müddətdə kapital problemini həll edə biləcəklər və yaxud birləşməyə gedəcəklər. Təbii ki, kapital problemi həll edilmədiyi təqdirdə sığorta şirkətinin fəaliyyətinin dayandırılmasına baxıla bilər.

-Bazarda hazırda kapital problemi olan neçə şirkət var?

- 3-4 sığorta şirkətində kapital çatışmazlığı müşahidə edilir. Bir hadisə baş verəndə deyirik ki, Allahın işidi və məsuliyyəti öz üzərimizdən götürürük. Bu sahədə də məsuliyyəti nəzarət orqanının üzərinə atmaq olmaz. Bu məsuliyyət tam olaraq şirkətlərin üzərindədir. Ortada qanun var, tələblər var, müəyyən şərtlər var. Bu qanuna riayət etməyəndə nəzarət orqanı nə etməlidir? Amma ən arzuolunan hal o olardı ki, bu şirkətlər maliyyə sabitliklərini düzəltsinlər. 

Rahim Tarıverdiyev

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9874
  • ₽ RUB
    0.0272