MÜSAHİBƏ

Yolçu Xanvəli: “At ətini yemək olar, amma…” – MÜSAHİBƏ
27 FEVRAL
770

Yolçu Xanvəli: “At ətini yemək olar, amma…” – MÜSAHİBƏ

2018-02-27 10:26:00

Fins.az sizə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Mətbuat Xidmətinin rəhbəri Yolçu Xanvəli ilə müsahibəni təqdim edir: 

- Son 1 ildə Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən nə qədər mənşəyi bilinməyən ət aşkar edilib?

- Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Azərbaycan Respublikası ərazisində heyvanların müxtəlif xəstəliklərdən qorunması, müalicəsi, əhalinin heyvan və insanlar üçün ümumi olan xəstəliklərdən mühafizəsi, ölkə ərazisinə xarici dövlətlərdən keçə biləcək təhlükəli xəstəliklərin qarşısının alınması səlahiyyətlərinə malikdir. 2017-ci il ərzində Xidmətin nəzarətində olan heyvan mənşəli qida məhsullarının təhlükəsizliyinin təmin olunması və keyfiyyətə nəzarətin gücləndirilməsi məqsədilə bazarlarda, kəsim sexlərində, ticarət mərkəzlərində fəaliyyət göstərən baytarlıq ekspertiza sanitariya laboratoriyalarında aparılan müayinələr nəticəsində 11 min 746 kq mal, qoyun, donuz və quş əti, 36 min 907 kq iri və xırdabuynuzlu heyvanların daxili orqanları, 3593 kq balığın, 4740 kq balın, 5988 kq süd və süd məhsullarının, 15 min 108 ədəd yumurtanın insan qidası üçün yararsız olması aşkarlanıb. Həmin yararsız məhsullar baytarlıq qanunvericiliyinə əsasən zərərsizləşdirilərək məhv edilib. Həmçinin, heyvan mənşəli ərzaq məhsullarının təhlükəsizliyi ilə əlaqədar keçirilən tədbirlər nəticəsində 15 min 468 kq mənşəyi məlum olmayan, yararlılığı şübhə doğuran müxtəlif növ heyvan ətləri, o cümlədən 4941 kq at əti, yararlılıq müddəti ötmüş 40135 kq müxtəlif növ kolbasa və sosislər ayrı-ayrı laboratoriyalarda müxtəlif ekspertizalardan keçirilib və insan qidası üçün zərərli olduğu müəyyən edilərək zərərsizləşdirilib.

- Belə işlərlə məşğul olan şəxslərə qarşı hansı tədbirlər görülüb?

- Baytarlıq haqqında qanunvericiliyin pozulmasına görə, mənşəyi məlum olmayan ətlərin kəsimi, tədarükü və satışı ilə əlaqədar olaraq, AR İnzibati Xətalar Məcəlləsinin 289-cu maddəsinə müvafiq olaraq inzibati tədbirlər görülüb. Bununla yanaşı, aşkar edilən faktları törədən insanlar barəsində toplanan məlumatlar hüquq-mühafizə orqanlarına da göndərilib. İnzibati Xətalar Məcəlləsinin 289-cu maddəsində qeyd olunur ki, baytarlıq baxışından keçməyən, baytarlıq-sanitariya qaydalarına cavab verməyən və ticarət üçün ayrılan xüsusi yerlərdən kənarda heyvanların kəsilməsinə, heyvan mənşəli məhsulların baytarlıq ekspertizası aparılmadan satılması ilə bağlı fiziki şəxslər 200 manatdan - 300 manata qədər, vəzifəli şəxslər 500 manatdan - 600 manata qədər, hüquqi şəxslər isə, 1500 manatdan - 2 min manatadək məbləğində cərimə edilir.

- Fırıldaqçılar əsasən at ətini mal əti adı ilə satmağa cəhd edirlər. Ümumiyyətlə, at əti yemək üçün yararlıdımı?

- Azərbaycanda at əti qidalanmaya məqbul hesab edilmir. Ancaq orta Asiya xalqları bu heyvanın ətindən istifadə edir. Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Çinin bəzi vilayətlərində at ətindən qidalar hazırlayır. Sağlam, müayinədən keçmiş at əti insan sağlamlığı üçün heç bir təhlükə törətmir. Müayinədən keçməyən, antisanitar şəraitdə kəsilən at ətlərinin xəstəlik törətməyəcəyinə heç kim zəmanət vermir. Atlarda ən çox rast gəlinən manqo, satqo və digər xəstəliklər insan sağlamlığı üçün çox təhlükəlidir. Ona görə də, at kəsilməzdən əvvəl və sonra laboratoriyada müayinə edilir.

- At əti ilə mal ətinin oxşar və fərqli cəhətləri hansılardır? Alıcılar bu ətləri necə fərqləndirə bilər?

- Vətəndaşlar ilk növbədə baytar həkimlər tərəfindən müayinə edilən, ətin sağlamlığına dair sənədi olan və üzərində müayinədən keçdiyini bildirən möhürü olan ətlərdən alsınlar. İlk baxışdan at ətini mal ətindən fərqləndirmək mümkün deyil. Bunu hər kəs bacarmır. Döş qəfəsinin oval olması, ətin nisbətən yapışqanlı olması at ətinə aiddir. Hər birimiz alıcıyıq, hər dəfə ət alanda bu məsələlərə diqqət etmirik. İlk baxışdan bunu heç kim müəyyən edə bilmir. Yeganə çıxış yolu ətin sağlamlığına dair sənədi tələb etmək və möhürə diqqət yetirməkdir.

Müəllif: Cəfər Talıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260