MÜSAHİBƏ

"40-lahiyə sahibinə öz bizneslərini qurmağa köməklik göstərmişik"
17 FEVRAL
1164

"40-lahiyə sahibinə öz bizneslərini qurmağa köməklik göstərmişik"

2018-02-17 12:39:00

Hazırda ölkəmizdə startap mühitinin nə yerdə olduğunu öyrənmək üçün, bu sahədə fəaliyyət göstərən və gənclərin biznes təşəbbüslərinin dəstəkləməyi qarşılarına məqsəd qoyan "Baku Business Factory"-nin İdarə Heyətinin üzvü Anar Əskərov ilə həmsöhbət olduq. 

Hazırda Azərbaycanda startap mühiti nə yerdədir? İnkubasiya mərkəzləri arasındakı əlaqələr, dövlət dəstəyi qənaətbəxşdirmi?

Həm iqtisadi tələblər, həm də dövlətin apardığı siyasətin nəticəsi olaraq ölkəmizdə gənclərin biznesə, xüsusilə də yeni növ biznes sahələrinə olan marağı sürətlə artmaqdadır və eyni zamanda bu, əvvəlki illərə nisbətən daha sistemli şəkildə baş verir. Bunun əsas səbəbi də uzun müddətdir ki, istər özəl, istərsə də dövlət təşkilatlarının bu istiqamətdə apardığı dəstəkyönümlü, həvəsləndirici və maarifləndirici işlərdir. Sevindirici haldır ki, görülən işlərin həcmi və əhatəsi artmaqla yanaşı, bu sahədə fəaliyyət göstərən qurumların sayının da artığını müşahidə edə bilirik. “Baku Business Factory”nin (BBF) idarəedici şəxslərindən biri olaraq deyə bilərəm ki, biz onları rəqib kimi yox, yaxın əməkdaş kimi görürük. Ümumiyyətlə, bu, fəaliyyət göstərdiyimiz sektorun tələbi olmaqla yanaşı, bizim sosial missiyamızdan da qaynaqlanır, yəni məqsədimiz BBF-in uğur qazanmasından çox ölkəmizdə startap sektorunun inkişafıdır. Bu da bu sahədə fəaliyyət göstərən qurumların sayının artması ilə qarşılıqlı əlaqədədir. Bu həm ümumi iqtisadi qanunlara uyğun olaraq, rəqabətin böyüməsindən qaynaqlanır, həm də sektorun tələbinə uyğun olaraq, bu qurumlar arasındakı əlaqələrin inkişafı buna səbəb olur.

İnkubasiya mərkəzləri arasındakı əlaqəyə gəldikdə, düşünürəm ki, bu hazırda orta səviyyədədir. Qeyd etdiyim kimi, bu, sektorun tələbidir. Ciddi uğurlar qazana bilmək üçün bu sahədə işləyən bütün qurumlar koordinasiyalı şəkildə fəaliyyət göstərməlidir. Biz və digər özəl təşkilatlar bu koordinasiyanı təmin etmək üçün üzərimizə düşən öhdəlikləri yerinə yetiririk. Eləcə də dövlət təşkilatları tərəfindən bu istiqamətdə xeyli işlər görülür. İqtisadiyyat Nazirliyinin tərkibində inkubasiya mərkəzlərinə dəstək və onlar arasında əlaqələrin gücləndirilməsi üçün xüsusi komissiya yaradılıb ki, BBF də bu komissiyanın üzvüdür. Dövlət dəstəyi isə tam qənaətbəxşdir. Startap sektorunun hərtərəfli dəstəklənilməsi üçün, demək olar ki, bütün işlər görülür. Qeyd etdiyimiz işlərlə yanaşı, maarifləndirmə, maddi-texniki təchizat, qrantlar, qanunvericilikdə dəyişikliklər və bu kimi digər istiqamətlərdə kifayət qədər işlər görülür.

Artıq 3 ilə yaxındır ki, BBF fəaliyyət göstərir və siz də BBF yarandığı gündən təşkilatın İdarə Heyəti üzvlərindən birisiniz. Təsəvvür etmək olar ki, çoxlu sayda layihələri və ideyaları nəzərdən keçirmisiniz, eləcə də çoxlu sayda fəal gənclərlə biznes ideyaları istiqamətində müzakirələr aparmısınız. Bu təcrübələrinizə əsasən, sizə göndərilən, eləcə də ölkəmizdə formalaşan biznes layihələri və ideyalar haqqında şəxsi fikirlərinizi bizimlə bölüşə bilərsiniz?

BBF startapların diverfikasiyasını əsas prioritetlərdən biri kimi qəbul etdiyi üçün fərqli istiqamətdə olan biznes layihələrini Mərkəzimizə cəlb etməyə çalışırıq. Bu səbəbdən, demək olar ki, hər cür biznes ideyasına rast gəlmişik. Bəzən elə layihələr olur ki, hamımızı yaxşı mənada təəccübləndirir, bəzən də elə layihələr olur ki, məqsədin və ideyanın nə olduğunu başa düşməkdə çətinlik çəkirik. Ümumi olaraq deyə bilərəm ki, gözləntilərimiz yüksəkdir, çünki bizə göndərilən layihələrin bir çoxu yeniliklər vəd edir, fərqli yanaşmalar təklif edir, bəziləri də istifadəçilər üçün çox sadə həll yolları yaradıblar. Artıq fəaliyyətə başlayan layihələr arasında bir çox yüksək potensialı olanlar var, bəzi layihələrimiz isə artıq ölkə xaricində də fəaliyyətə başlayıb. Bir başqa məqam da proqreslə bağlıdır, maarifləndirmə işlərinin nəticəsi olaraq hər keçən dövrdə göndərilən layihələr daha təkmil görünürlər, son aylarda gələn müraciətlərin əksəriyyətində düzgün biznes yanaşmasını daha aydın müşahidə etmək olur. Bu, o deməkdir ki, gənclərimiz öyrənir: təkcə yeni fikirlər qurmaq və onları biznesə çevirməyi yox, həm də insanların, müştərilərin nə istədiyini başa düşməyi və buna düzgün yollarla cavab verməyi öyrənirlər. Öyrənmək olduğu yerdə isə hər zaman inkişaf var. Bəzən uğurlar olacaq, bəzən də uğursuzluqlar, hətta uğursuzluqlar daha çox olacaq, amma nəticə olaraq inkişaf edəcəyik.

BBF startap mühitinin qurulmasında, inkişaf etdirilməsində necə iştirak edir? Gənclərin layihənizə marağı nə yerdədir? Göstərdiyiniz dəstəklər, görülən işlər və nəticələr haqqında qısa məlumat verə bilərsinizmi?

Artıq 3 ilə yaxındır ki, BBF fəaliyyətini davam etdirir. Düşünürəm ki, startap mühitinin qurulmasına töhfə vermək üçün xeyli işlər görməyə nail olmuşuq. Buraya Mərkəzimizdə yerləşən startaplara birbaşa dəstək verməklə yanaşı, maarifləndirmə işində həyata keçirdiyimiz proqramlar, digər inkubasiya mərkəzləri, dövlət təşkilatları və universitetlərlə sıx əməkdaşlıqlarımız da daxildir.

Gənclərin BBF-ə marağı da kifayət qədər yüksəkdir. Nəzərə alsaq ki, 2014-cü ildən fəaliyyət göstəririk və təşkilatımız artıq kifayət qədər tanınır, bunu normal hal kimi qarşılamaq olar. Amma BBF elə ilk təsis edildiyi gündən etibarən gözlədiyimizdən daha çox layihələr, ideyalar qəbul etməyə başladı. Əlbəttə, təşkilatımıza olan maraq təkcə biznes qurmaq istəyən gənclərlə məhdudlaşmır, müxtəlif yerli və xarici təşkilatlar, şirkətlər və universitetlər də bizimlə əməkdaşlıq qurmaqda maraqlıdırlar. Bu bizim də marağımızda olduğu üçün onların əksəriyyəti ilə əlaqələr formalaşdırmışıq.

Ümumilikdə, bugünə kimi 1000-dən çox layihə qəbul etmişik, onların 40-a yaxınına öz bizneslərini qurmağa köməklik göstərmişik, hazırda isə 20 startap ilə əməkdaşlığımızı davam etdiririk. Göstərdiyimiz ənənəvi xidmətlərə startapların ofis və avadanlıqlarla təmin edilməsi, onlara mentorluq xidmətlərinin göstərilməsi və daimi təlimlərlə onların biznes biliklərinin artırılması daxildir. Xüsusi seçilən layihələr investisiya əldə etmək imkanı qazanırlar. Yəni bir biznes ideyasının rəqabətcil bir biznesə çevrilməsi üçün bütün dəstəkləri göstərməyə çalışırıq. Startaplara dəstək proqramlarına maarifləndirmə və təşviqat işləri ilə yanaşı, beynəlxalq əlaqələr qurmaqla startaplarımızın xarici resurslardan yararlanmasına şərait yaratmaq da daxildir.

Sonuncu qeyd etdiyimiz məqam bizim üçün də maraqlıdır. Son vaxtlara nəzər saldıqda görürük ki, BBF xarici tərəfdaşlarla əməkdaşlığa çox diqqət ayırır. Bu əlaqələrdən gözləntiləriniz nələrdir? Nə kimi irəliləyişlərə nail ola bilmisiniz?

Startapların diversifikasiyası ilə birlikdə onların beynəlxalq bazara çıxması da bizim üçün əsas prioritetlərdən biridir. Bu səbəbdən biz beynəlxalq əlaqələri gücləndirməklə startaplarımızın beynəlxalq bazara çıxmasına yol açmaq və eyni zamanda onların beynəlxalq təcrübədən yararlanmasına şərait yaratmağa çalışırıq. Daha bir vacib məqam isə xarici investorların startaplarımızın maliyyələşdirilməsinə cəlb edilməsidir. Bu istiqamətdə gördüyümüz işlər uğurlu olarsa, 3 mühüm nailiyyət əldə edəcəyik. Bunlardan ilki, yerli şirkətlərimizin beynəlxalq brendə çevrilməsinə yol açılması, ikincisi, Azərbaycanın ideya qəbul edən ölkəyə çevrilməsi, üçüncüsü isə, startaplarımızın beynəlxalq bazarda əldə etdiyi qazancların ölkə iqtisadiyyatı üçün əlavə dəyər yaratmasıdır.

Bu istiqamətdə artıq xeyli işlər görmüşük. Keçən ilin son rübündən etibarən bir sıra beynəlxalq təşkilatlar, nümayəndəliklər, şirkətlər və səfirliklərlə görüşlər keçiririk. Görüşlərimizin əsas müzakirə mövzusu bu qurumların startaplarımızın ölkəmizdə və xaricdə olan resurslarından yararlanması, təcrübə bölgüsü və eləcə də onların ölkələrində yerləşən startaplarının Azərbaycana gələrək BBF-in imkanlarından yararlanmasıdır. Artıq onların bir çoxu ilə razılıqlar əldə etmiş və bəziləri ilə memorandum imzalamışdır. Məsələn, Cənubi Koreya səfirliyi ilə birlikdə Cənubi Koreyadan mentor dəvət olunub və bu mentorun iş yeri BBF-in ofisi olacaq və o, startaplara daimi olaraq mütəxəssis dəstəyi göstərəcək, eləcə də onların Koreya ilə əlaqələr qurmasına köməklik edəcək. Digər misal kimi qonşu Gürcüstanla qurduğumuz əlaqələri göstərə bilərəm. Bildiyiniz kimi, son dövrlərdə regional inkişaf dünya iqtisadiyyatının, eləcə də startap bazarının əsas istiqamətlərindən biridir. Bu baxımdan, Gürcüstan bizim üçün xüsusi əhəmiyyət daşıyır. Ona görə də keçən ay Tiflisə gedərək Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi, İnnovasiya və Texnologiya Agentliyi və bir sıra investisiya fondları ilə görüşlər keçirdik. Mart ayında Bakıda keçirəcəyimiz tədbirdə bu qurumların rəhbərliyindən olan şəxslər də iştirak edəcək. Əldə olunan əsas razılaşma resursların paylaşılması ilə bağlıdır. Belə ki, Azərbaycandan Gürcüstana gedən startaplar bu təşkilatların startaplar üçün yaratdığı imkanlardan, eləcə də Gürcüstandan Azərbaycana gələn startaplar BBF-in resurslarından yararlana biləcəklər.

Digər inkubasiya mərkəzlərindən fərqli olaraq, BBF-də biznes növü və sektor baxımından çeşidlilik daha çoxdur. Bunun əsas səbədi nədir? Başqa sözlə desək, sizcə, fərqli növ biznes sahələrini təmsil edən gənclərin eyni mərkəzdə toplanması, oradakı biznes mühitinə və startapların inkişafına necə təsir göstərir?

BBF-in əsas məqsədlərindən biri yenilikçi biznes sahələrini dəstəkləməklə iqtisadiyyatımızın şaxələnməsinə töhfə verməkdir. Bu bizim missiyamızda da əks olunub. Diversifikasiyaya dəstək göstərmək üçün biznes layihələrini seçərkən təkcə onların rəqabət göstərdiyi təşkilatlardan fərqlənməsinə deyil, onların bir-birindən fərqlənməsinə də əhəmiyyət veririk. Təbii ki, tək qazandığımız diversifikasiya deyil, bu yolla startapların inkişafı üçün də münbit şərait formalaşır. Müxtəlif biznes növlərinə aid layihələri bir məkana toplayaraq onların arasında təchizatçı-müştəri əlaqələrinin yaranmasına imkan yaradırıq, yəni onlar bir-birilərinin xidmətlərindən istifadə edə bilirlər. Başqa bir üstünlük mütəxəssis dəstəyidir. Fərqli biznes sahələri fərqli bacarıqlara sahib mütəxəssislər tələb edir. Biz onları bir məkana toplayırıq və onlar arasında münasibətlər formalaşır və dolayısıyla bir-birilərinin bilgi və təcrübələrindən yararlana bilirlər. Digər bir üstünlük isə netvörkinq qurulmasıdır ki, bugünkü biznesləri onsuz təsəvvür etmək çətindir. Bütün bunlar startaplarımızın daxildən öz inkişaflarına töhfə verməsinə gətirib çıxarır. Yəni ümumilikdə desək, biz fəaliyyətimizi fərqli istiqamətdə biznesləri dəstəkləməyə yönəlik qurmaqla startaplar arasında bir-birini avtomatik olaraq daxildən dəstəkləyən bir mexanizm qurmağa nail ola bilmişik. Qısaca statistikamıza nəzər salsaq, görürük ki, hazırda mərkəzimizdə fəaliyyət göstərən 20 layihə bütün 4 iqtisadi sektoru, yəni istehsal, xidmət, ticarət və kənd təsərrüfatı sektorlarını əhatə etməklə 15 ayrı biznes növündə fəaliyyət göstərir və demək olar ki, onların hamısı bir-biriləri ilə sıx əməkdaşlıq içindədirlər.   

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259