MÜSAHİBƏ

Bu il hansı meyvələrin bolluğu yaşanacaq?
08 FEVRAL
1015

Bu il hansı meyvələrin bolluğu yaşanacaq?

2018-02-08 08:00:00

Fins.az sizə Quba Regional Aqrar Elm Mərkəzinin direktor müavini, biologiya elmləri üzrə fəlsəfə doktoru Mədət Qurbanovla müsahibəni təqdim edir:

- Qış mövsümündə havanın qismən mülayim keçməsi meyvəçiliyə necə təsir göstərəcək?

- Qış dövründə havanın mülayim olması meyvəçiliyə mənfi təsir göstərə bilər. Yağıntının az olmasına görə, torpaqda su ehtiyatı az olacaq. Ağacların qışlama dövründə şaxtanın təsirindən xəstəliklər məhv olurlar. Hava mülayim olduğundan xəstəliklər artımı müşahidə oluna bilər. Düzdür, təbiət hər şeyi nizamlayır, amma yenə də saf meyvənin yetişməyində hava mühüm rol oynayır.

- Qarın yağması hansı meyvələrə daha çox müsbət təsir edir?

- Qar yağması bütün növ meyvələr yaxşı təsir edir. Qarın yağması nəticəsində bütün zərərverici xəstəliklər məhv olur. Havanın mülayim olması səbəbindən ağaclar tez çiçəkləyə bilər. Bu arzuolunmaz haldır. Ağacların vaxtında çiçəkləməlidir ki, meyvə verə bilsin. Əks təqdirdə meyvəni şaxta vurar.

- Bu il meyvə bol olacaqmı?

- Fevral-mart ayları soyuq keçsə, meyvə bol olacaq. Hər şey bu aylarda havanın necə olmasından asılıdır.

- 2018-ci ildə daha çox hansı meyvələrin çoxluğu yaşanacaq?

- Alma bu il bol olacaq. Təzə armud bağları salındığından armud qıtlığı da olmayacaq. Gilas mövsümdə yaxşı meyvə verəcək. Amma havanın mülayim keçməsi şaftalı, qaysı, badam bağlarında özünü göstərəcək. Çünki onlar tez çiçəkləyirlər. Azca şaxta olsa, onlar məhv olacaq.

- Qışın mülayim keçməsi meyvə bazarında qiymət artımına səbəb ola bilərmi?

- Azərbaycan meyvə bağları olduqca çoxdur. Hətta ixrac potensialımız da var. Qışın isti keçməsi yəqin ki, meyvəçilikdə məhsuldarlığı azaldacaq. Məhsuldarlıq az olanda isə, qiymət artımı qaçılmazdır.

- Hazırda meyvə bağlarında hansı işlər görülür?

- Hazırda bağlarda budama işləri aparılır. Gövdə ətraflarının bellənməsi işləri görülür. Ağacların quru qabıqlardan təmizlənməsi, bağlardan şaxın çıxarılması kimi işlər yerinə yetirilir.

- Bol məhsul əldə etmək üçün bağbanlar nələrə diqqət yetirməlidir?

- Məhsuldarlığı artırmaq üçün budama işləri düzgün görülməlidir. Qış suvarması aparılmalıdır ki, torpaqda su ehtiyatı bol olsun, nəm qalsın. Gövdə ətraflarının bellənməsi vacibdir. Martın əvvəllərində qış müalicəsi başlayacaq, lazımi dərmanlardan istifadə edilməlidir.

Eləcə də bax: Məhəmməd Bazarov ting bazarına ayaq açan fırıldaqçıları ifşa etdi

                                                                                                                                 Müəllif: Cəfər Talıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9794
  • ₽ RUB
    0.0271