MÜSAHİBƏ

Məhəmməd Bazarov ting bazarına ayaq açan fırıldaqçıları ifşa etdi
02 FEVRAL
1085

Məhəmməd Bazarov ting bazarına ayaq açan fırıldaqçıları ifşa etdi

2018-02-02 17:03:00

Fins.az “Rayyan İntensiv Bağçılıq və Tingçilik” MMC-nin direktoru Məhəmməd Bazarovla müsahibəni təqdim edir:

Hazırda ting bazarında ümumi durum və qiymətlər necədir?

- Biz əsasən intensiv bağlar üçün tinglər hazırlayırıq. Alma, armud, şaftalı, gilas, gavalı tinglərini yetişdirməyə üstünlük veririk. Bu qələmlərin çox hissəsi xaricdən gətirilən sortlardır, lakin yerli sortlar da var. Qiymətləri isə 4 – 10 manat arasında dəyişir. Gilas, gavalı və şaftalı tinglərinin qiyməti daha bahadır.

Meyvə tingi alan şəxslər nələrə diqqət yetirməlidir ki, son nəticə ürəkaçan olsun?

- Biz qələm satdığımız şəxslərə aqrotexniki qulluq qaydalarını da öyrədirik. Bu işi planlı formada həyata keçiririk. Sahibkarlara tövsiyə edirəm ki, ting almaqdan öncə bazarı araşdırsınlar. Öyrənsinlər ki, hansı şirkət daha düzgün yolu tutub, hansı şirkətin satdığı tinglərdən daha yüksək məhsul əldə edilir. Qiymət və keyfiyyət məsələsinə ciddi diqqət yetirilməlidir. Xəstə ting yüksək məhsul verə bilməz.

Hazırda tələbat necədir? Qazancınız sizi qane edirmi?

- Tinglərə tələbat günbəgün artır. Bu sahəyə investisiya qoyan şəxslər qazanır. Lakin tingçilik yaxşı pul gətirdiyindən bu sahədə fırıldaqçılar çoxalıb. Adamlar düzgün yoldan qaçıb, əyri yollarla pul qazanmaq istəyirlər. Müştəriyə lazım olan sortu satmırlar, düzgün calaqaltıları seçmirlər, düzgün istifadəsini bilmirlər. Bu sahədən anlayışı olmayan adamlar alverlə məşğul olurlar. Alıcı da onlardan aldığı keyfiyyətsiz tingi əkib ümidlə bitməsini gözləyir.

Xaricdən ting gətirmək sərfəlidir, yoxsa yerli bazara üz tutmaq?

- Sahibkarlar tingləri Azərbaycandan da, xaricdən də ala bilər. Amma Azərbaycanda yetişdirilən tinglər daha üstünlük təşkil etməlidir. Bizim firma ting alan müştəri ilə müqavilə bağlayır. Alıcıya tam zəmanət veririk ki, aldığı qələmdə yüksək məhsul olacaq. Əgər  qələm bizim dediyimiz kimi əkilib, müştərinin təsiri olmadan quruyubsa, biz onu bərpa edirik. Amma xaricdən gətirilən tinglərin belə zəmanəti yoxdur. Qələm bitməsə, gözlənilən bəhəri verməsə, etirazını heç yerə çatdıra bilmirsən. Mənim öz başıma gəlib, xaricdən ting gətirmişəm, mənə deyiləndən tamam fərqli bir qələm çıxdı, həmin nəticəni ala bilmədim. 

Prezident İlham Əliyev tələbat olduğundan sahibkarlara qoz, fındıq bağları salmağı tövsiyə etmişdi. Qoz, fındıq əkənlər üçün müəyyən imkanlar da yaradıldı. Bu tapşırıq ting bazarına necə təsir etdi?

- Bəli, cənab prezidentin tapşırığından sonra bizim alıcılarımız xeyli artdı. Lakin bu bizim qarşımıza bir sıra tələblər çıxardı. Əvvələr fındıq, qoz qələmlər çox satılmırdı deyə, kortəbii formada becərirdik. Tələbat çoxaldığından onun elmi tərəfini öyrəndik, bu işi peşəkar formada görməyə başladıq. Dövlət başçısının tapşırığı hər şeyi dəyişdi

Son illərdə intensiv bağçılıqla məşğul olan sahibkarlara dövlət dəstək verir. Bu dəstəkdən faydalana bilirsinizmi?

- Bizə dövlət tərəfindən subsidiya verilir, müəyyən işlərə köməklik olunur. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondundan bizə pul ayrılıb, lakin həmin pulu götürə bilmirik. Banklar elə şərtlər qoyublar ki, biz o pula yaxın düşə bilmirik. Fond tərəfindən ötən ilin martında bizim üçün 70 min manat pul ayrılıb. 10-a yaxın banka müraciət etmişik. Bizə deyirlər, həmin pulu almaq üçün Bakıda villanız olmalıdır. Bizim 150 min dollar dəyərində bağımız var, onu saymırlar. Konkret bildirirlər ki, Bakıda 300 min manat dəyərində villanız olmalıdır ki, sizə 70 min manatı verə bilək. Faktiki həmin pulu SKMF bizə güzəştli kredit formasında ayırıb. 

                                                          Müəllif: Cəfər Talıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256