MÜSAHİBƏ

“MAN” Azərbaycanda “7 bacı”dan nə ilə fərqlənir? – MÜSAHİBƏ
30 YANVAR
678

“MAN” Azərbaycanda “7 bacı”dan nə ilə fərqlənir? – MÜSAHİBƏ

2018-01-30 09:33:00

Fins.az “İmprotex Trucks and Buses” şirkətinin marketinq meneceri Samir Qulamovla olan müsahibəni təqdim edir:

-Samir bəy, şirkətiniz Azərbaycan bazarına hansı məhsulları təqdim edir?

- 2005-ci ildən “İmprotex Trucks and Buses” “MAN Truck and Bus Company” şirkətini Azərbaycanda rəsmi olaraq təmsil edir.“MAN” Azərbaycanda yük avtomobilləri bazarında ilk yerlərdən birini tutur. “MAN” əsasən inşaat, uzun mәsafәlәrә daşıma, nәqliyyat hәllәri, qida malları daşıyıcı, kommunal avtomobillәr, yanğınsöndürәnlәr və yol infrastrukturunun qurulması üçün istifadə edilən kommersiya avtomobilləridir. Söhbət 6 ton və daha yuxarı yükgötürmə qabiliyyəti olan yük maşınlarından gedir. Bura yahərli dartıcılar, yanacaq tankerləri, özüboşaldanlar, sementqarışdıranlar, bortlu yük avtomobilləri və digər xüsusi texnikalar daxildir. Qısa olaraq, “MAN” müştərilərinə bütün seqmentlərdə müxtəli xidmətlər təklif edir.

Avtobus seqmetində isə iki markanı -“MAN” və “Neoplan”ı təqdim edirik. Bu tip avtobuslar şəhərimizdə böyük idman yarışlarında, o cümlədən “Avropa Oyunları”nda istifadə edilib. Eyni zamanda şəhərdən hava limanına servis xidməti bu avtobuslarla həyata keçirilir.

- 2015-2016-cı illərdə yaranan iqtisadi vəziyyət, tikinti sektorunda durğunluq “MAN”ın satışlarına necə təsir edib?

-Təbii ki, iqtisadi durğunluqdan ən çox əziyyət çəkən sektorlardan da biri tikinti sahəsi olub. Bu sektorda işlərin dayanması isə yük avtomobilllərinin satışına təsir etmişdi. Nəzər salsaq, tikinti sektorunda böyük layihələrin olduğu 2014-2015-ci illərdə daha çox yük daşıyan və özüboşaldan maşınlar satılırdı. İqtisadi durğunluqda sonra isə bu yük maşınlarının çox olması indiki satışları artırmağa imkan vermir. Bununla belə başqa pozitiv tendensiya da yaranıb. Məsələn, əvvəllər dartıcı avtomobillərin satışı çox aşağı səviyyədə idi. Bu maşınları əsasən daxili bazarda yanacaq daşınması ilə məşğul olan şirkətlər alırdı. Amma 2017-ci ildə vəziyyət kifayət qədər dəyişib və bu avtomobillərin satışı artıb. Ötən illərə çata bilməsə də 2017-ci il “İmprotex Trucks and Buses” şirkəti üçün həm satış, həm də ümumi dövriyyə baxımından pozitiv il olub.

- 2014-cü il ilə müqayisə də 2017-ci ildə satışlar nə qədər azalıb?

- Tikinti bumu vaxtı ilə müqayisə olunmazdı. 2014-cü ilə nisbətən 2017-ci ildə satışlarda 40-50% azalma olub. 2016-cı ildə isə vəziyyət daha acınacaqlı olub. Cəmi bir-neçə avtomobilin satışını reallaşdıra bilmişik. Ona görə də 2016-cı il ilə müqayisədə 2017-ci ili uğurlu hesab edə bilərik. Ümumilikdə isə 2005-ci ildən bu günə qədər “İmprotex Trucks and Buses” şirkəti 1300-dən çox yük avtomobilləri və avtobusları müştərilərinə təqdim edib.

- Tenderlərdə hansı səviyyədə iştirak edə bilirsiz?

- Həm dövlət, həm də özəl sektorda olan tenderlərdə daim iştirak edirik. Dövlət sektoru tərəfindən tender təklifi olanda biz monitorinq aparırıq. Tenderi görüb müraciət edirik. Uzun illər bu bazarda fəaliyyət göstərməyimiz, servisimizin səviyyəsi, işçi heyətinin təcrübəsi imkan verir ki, böyük şirkətlər, iri və orta sahibkarlar tender elanlarını rəqiblərimizlə yanaşı bizə də yönəltsinlər. Hazırda da bizim öz təkliflərimizlə iştirak etdiyimiz böyük layihələr var.

- “MAN” yük avtomobilləri bazarında, “Mercedes”, “İveco”, “Volvo”, “DAF”, “Scania” və “Renault” da daxil olmaqla “Yeddi bacı”dan biri hesab olunur. “MAN” “bacı”larından nə ilə fərqlənir?

- “İmpotex” şirkətlər qrupu Azərbaycanın müstəqillik qazandığı dövrdən bu bazarda fəaliyyət göstərir. Şirkətlər qrupu uzun müddət bu bazarda olduğu üçün etibar qazanıb. Digər tərəfdən, “İmprotex Trucks and Buses” şirkətinin bütün kollektivi, texniki servislə məşğul olan işçilər nəqliyyat sahəsində təhsil almış, hətta bu sahədə tədrislə məşğul olan şəxslərdən ibarətdir. Yəni, şirkətin servis xidməti sırf nəqliyyatçılar tərəfədindən idarə edilir. Bundan əlavə şirkət işçilərinin treninqlərdə iştirakı üçün hər il vəsait ayırır. Rəsmi nümayəndə olduğumuz üçün “MAN” avtomobillərinin texniki servisi ilə bağlı həll olunmayan problem yoxdur.

Həmçinin satış, satış sonrası və ehtiyat hissələri departamentinin personalı mütəmadi olaraq treninqlərdə iştirak edirlər. Biz bilirik ki, bu günkü dövrdə yalnız kefiyyətli işlə rəqiblərdən üstün olmaq mümkündür. Ona görə ildən-ilə kefiyyəti daha da artırıq.

-Qiymətlərdə fərq varmı?

- Avropa yük avtomobilləri arasında elə böyük qiymət fərqi yoxdur. Qiymətlərdə yalnız 1-2% fərq ola bilər. Əsas məsələ bütün sahələrdə kefiyyətli xidmətlər təklif etməklə müştərini cəlb etməkdir.

- Sifarişləri hansı müddətdə reallaşdıra bilirsiz?

- Maşının əsas parametrləri əvvəlcə xüsusi proqram üzərində yığılır və istehsalçıya təqdim edilir. Əgər satış reallaşırsa, MAN şirkəti avtomobilin hansı müddətdə hazır olacağını bildirir. Satışı həyata keçirmək üçün rüblük proqnozlarımıza əsasən MAN şirkətinə sifariş təqdim edirik. Şirkət də sifarişlər əsasında öz istehsal planını qurur. Avtomobilin hazır olub Azərbaycana çatdırılması 1-2 ay vaxt aparır. Bəzən isə istehsalçının yüklənməsindən aslı olaraq sifariş daha çox zaman ala bilir. Bu da zavodda istehsal planından aslı olur.

- “MAN”ın Azərbaycanda bazar payı nə qədərdir?

- “MAN” uzun zaman Azərbaycan bazarında domenantlıq edib. “İmprotex Trucks and Buses” şirkətinin bazar payı 35-45% arasında dəyişir. Təbii ki, söhbət yeni avtomobilərin satışından gedir.

- “İmprotex Trucks and Buses” eyni vaxtda neçə avtomobilə xidmət göstərə bilir?

- Bu göstərilən xidmətdən aslıdır. Əgər bu, yağ və ya filtirin dəyişdirilməsidirsə, çox vaxt aparmır. Məsələn, 2 həftə ərzində 100-ə yaxın Neoplan markalı avtobuslara yanacaq filtiri, yağdəyişmə və ümumi texniki baxış həyata keçirmişik.

Müasir texnika ilə təchiz olunmuş serviz mərkəzimiz bizə imkan verir ki, eyni vaxtda ona yaxın avtomobilə texniki xidmət göstərə bilək. Avtobus və yük avtomobilləri ilə yanaşı bizim serviz mərkəzində digər texnikalara da xidmət göstərə bilirik. Bunlara ekskavatorlar, mobil kranlar, buldozerlər və digər texnikaları da aid etmək olar.

-Ötən il satış və servis sahəsində hansı kampaniyalar həyata keçirmisiz?

- 2017-ci ildən “MAN Truck and Bus” şirkəti MAN orjinal ehtiyat hissələrinə, MAN orijinal ehtiyyat hissələri ecoline, MAN orijinal aksessuarlarına iki il zəmanətlə bağlı kampaniyaya başlayıb. Bura ehtiyyat hissələri ilə yanaşı onlara göstərilən servis xidməti də daxildir. Bundan əlavə, ötən ilin sonundan etibarən yerli banklarla əməkdaşlıq çərçivəsində illik faiz dərəcəsi altı faiz olmaqla üç ilə qədər kredit və lizinq şərtlərilə müştərilərimizə avtomobillər təqdim etməyə başlamışıq. Halbuki, rəqiblərimiz arasında heç bir şirkət yuxarıda sadalanan şərtləri öz müştərilərinə təklif etmir. Onu da əlavə edim ki, 2018-ci il üçün texniki xidmət ilə bağlı yeni kampaniyalarımız olacaq.

-2018-ci ildə “MAN” hansı yenilikləri planlaşdırır?

- “MAN Truck and Bus” şirkəti yükgötürmə qabiliyyəti altı tona qədər olan TGE markalı kommersiya avtomobilinin Avropada təqdim etmişdir. Bu modelin Azərbaycanda təqdimatı, daha sonra isə satışı planlaşdırılır. Biz inanırıq ki, TGE modeli bizim bazarda öz layiqli yerini tapacaq.

Avtobus seqmetinə gəldikdə isə 2018-ci ildə şəhər tipli avtobuslara üstünlük verməyə çalışacağıq. Bununla bağlı həm dövlət, həm də özəl şirkətlərlə danışıqlar aparırıq. Mart ayında Almaniyanın Nürnberq şəhərində “MAN BusDays” çərçivəsində yeni “MAN Lion’s City” avtobuslarının təqdimatı keçiriləcək. Komanda şəklində “İmprotex Trucks and Buses” şirkəti də bu təqdimatda iştirak edəcək.

Müəllif: Rahim Tarıverdiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9978
  • ₽ RUB
    0.0273