MÜSAHİBƏ

“Araz Supermarket Şəbəkəsi”nin “Favorit”lə birləşməsi nəyi dəyişib? – MÜSAHİBƏ
13 DEKABR 2017
2354

“Araz Supermarket Şəbəkəsi”nin “Favorit”lə birləşməsi nəyi dəyişib? – MÜSAHİBƏ

2017-12-13 14:36:00
Fins.az Araz Supermarketlər şəbəkəsinin İctimaiyyətlə Əlaqələr üzrə nümayəndəsi Elvin Babayevlə olan müsahibəni təqdim edir:
-Elvin bəy, Araz Supermarketlər Şəbəkəsi “Favorit”lə birləşəndən sonra nə dəyişib?
-2011-ci ildən etibarən fəaliyyətə başlayan və pərakəndə sektorunda daima yeniliklərlə yadda Araz Supermarketlər Şəbəkəsi hər zaman müştəri məmnuniyyətinə önəm verərək bu istiqamətdə yenilikçi addımlar atmağa çalışır. Favorit Supermarketlər şəbəkəsi də pərakəndə sektorunda uzun zamandır (2008-ci ildən) fəaliyyət göstərir və bu sahədə kifayət qədər təcrübəyə malikdir. Təbii ki, iki böyük marketin birgə fəaliyyət qərarı qəbul etməsi sevindirici haldır. Çünki inkişaf etmiş ölkələrdə şəbəkələşmə 90-95%-dir. Ölkəmizdə isə bu göstərici təxminən 25%-dir. Şəbəkələşən marketlər məhsul tədarükü zamanı bir sıra üstünlüklər əldə edir ki, bunlardan ən əsası qiymət faktorudur. Yəni topdan şəkildə məhsul tədarük edən zaman qiymət endirimləri daha çox olur. Bu da birbaşa müştərilərə daha münasib qiymətlərin təklif olunmasına şərait yaradır. Birləşmədən sonra Favorit və Araz Supermarketlər təcrübə mübadiləsi nəticəsində vahid bonuskart sisteminə keçməyə nail oldular. Bundan başqa mərkəzləşdirilmiş İnsan resursları, Marketinq, İctimaiyyətlə əlaqələr, Satınalma və s. departamentləri yaradıldı. Favorit marketdə çalışan işçilər Araz Karyera Mərkəzində təlimlər və seminarlara cəlb olunaraq peşəkar xidmət və müştəri məmnuniyyətinin sirlərinə yiyələnməyə başladılar. Bu siyahını daha da artırmaq olar. Bir sözlə, əsas məqsəd keyfiyyətli xidmət və müştəri məmnuniyyətidir. Təbii ki, ən düzgün qiyməti müştərilərimiz verəcəklər.
Şəbəkə qiymət siyasətini nəyə əsasən müəyyən edir?
-Pərakəndə bazarında qiymətlər təlabata uyğun formalaşır. Yəni, qiyməti bazar formalaşdırır. Marketlər qiymət müəyyən edən və ya istehlakçıların əldə etdiyi məhsullara qiymət qoyan tərəf deyil. Qiymətlər istehsalçı şirkətlər tərəfindən formalaşdırılır. Biz istehsalçılarla istehlakçılar arasında körpü rolunu oynayırıq. Ümumi olaraq onu deyə bilərəm ki, Araz Supermarketlər şəbəkəsində qiymətlər bazarın tələbinə və marketlərin yerləşdiyi yerə uyğun olaraq formalaşır.
-Araz Marketlər şəbəkəsi aktiv kampaniyalar həyata keçirir. Bu kampaniyaların  ümumi satışa təsiri necədir və  neçə faiz təşkil edir?
-Araz Supermarketlər şəbəkəsi daima müştərilərini düşünür və bu istiqamətdə aktiv kampaniyalar həyata keçirir. Biz müştərilərimizə digər marketlərdən fərqli olaraq hər 10 manatlıq alış-verişə görə 1 bonus veririk. 1 bonus 0.20 manata bərabərdir ki, bu da alış-verişin iki faizi deməkdir. Bundan başqa bizim hər ay əvvəlcədən müəyyən edilmiş tarixlərdə seçilmiş məhsullara endirim kampaniyalarımız olur. Bu endirimlərlə yanaşı “Həftə sonu” endirimlərimiz də müştərilər tərəfindən müsbət qarşılanır. Araz Supermarketlər şəbəkəsinin 01.10.2016-08.01.2017  və 15.03.2017- 22.06.2017 tarixlərində həyata keçirdiyi “Möhtəşəm 100 Gün” kampaniyası böyük marağa səbəb oldu. Burada 3 ailə ev, 7 ailə avtomobil, minə yaxın ailə isə irili-xırdalı müxtəlif məişət əşyaları qazandı. Bu kampaniyaların kifayət qədər böyük büdcəsi var idi və müştəri mənuniyyətinin yüksəldilməsinə yönəlmişdi.
-2017-ci ildə neçə filial açılıb və  şəbəkənin gələn il üçün genişlənmək planı varmı?
2017-ci il Araz Supermarket MMC üçün uğurlu il oldu. Belə ki, Bakı şəhərində 17, regionlarda isə 2 – Bərdə və İmişli – filialımız açıldı. Bundan başqa, yenicə Zaqatalada yeni bir filialın açılışını etdik. Məlumat üçün bildirim ki, Araz Supermarket MMC-nin rəsmi tərəfdaşlığı ilə dünya brendi olan SPAR supermarketin də paytaxtımızda 3 yeni filialı açıldı. 2018-ci ildən də gözləntilərimiz böyükdür. Biz “Siz harada, Araz orda” sloqanına sadiq qalaraq gələn il də Bakıda və regionlarda yeni filialların açılması planlaşdırırıq.
-Ölkə xaricinə çıxışla bağlı planlar varmı?
Hal-hazırda yanlız ölkə daxilində filiallarımızın sayını çoxaltmağı planlaşdırırıq. Yaxın gələcəkdə ölkə xaricində filialların açılması ilə bağlı hələ ki, bir planlarımız yoxdur.
Müəllif: Rahim Tarıverdiyev
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0001
  • ₽ RUB
    0.0277