MÜSAHİBƏ

Sığorta şirkətləri investisiya gəlirlərini necə artıra bilər? – MÜSAHİBƏ
28 SENTYABR
478

Sığorta şirkətləri investisiya gəlirlərini necə artıra bilər? – MÜSAHİBƏ

2017-09-28 14:51:00
Fins.az “AzFinance” İnvestisiya Şirkətinin direktor müavini İntiqam Səfərəliyevlə müsahibəni təqdim edir:
- Sığorta şirkətlərinin investisiya gəlirləri necə formalaşır və indi vəziyyət necədir?

- Sığorta şirkətləri aktivlərinin yerləşdirilməsindən investisiya gəliri əldə edə bilirlər. Hal hazırda sığorta şirkətlərinin aktivlərinin 50%-dən çox hissəsi dollarda olduğu və dolların gəlirliyi də 1-5% təşkil etdiyi üçün sığorta şirkətləri aktivlərinin 2-6%-i həcmində gəlir əldə edirlər. Kapital bazarında isə yalnız dövlət qiymətli kağızları və SOCAR istiqrazları almaqla kifayyətlənirlər. Korporativ qiymətli kağızlara investisiyalar 4%-i keçmir.

- Sizcə sığorta şirkətlərinin 2017-ci ildə investisiya gəlirləri nə qədər olmalı idi?

- Düşünürəm ki, ən risksiz investisiya halında 15-25% təşkil edə bilərdi. İlin əvvəlindən bütün aktivlərini dövlət istiqrazlarına investisiya etmiş olsalardı, ən azı 18% gəlir əldə etmiş olardılar.

- Ümumiyyətlə dollarda nə vaxta kimi qalmaq və nə zaman dövlət istiqrazlarını almaq qərarlarının verilməsi ciddi təhlil və professional yanaşma tələb edir?

- Bunun üçün sığorta şirkətində mütləq şəkildə analitik və ya investisiya portfelinin idarə edilməsi üçün menecer olmalıdır.

- Bəs indi vəziyyət necədir?

- Sığorta şirkətlərində investisiya qərarlarını şirkətin rəhbəri, maliyyə direktoru və ya baş mühasib verir və adətən bu qərarlar bir və ya bir neçə illik verilir. Kapital bazarı ilə bağlı isə bu qərarlar adətən Dövlət istiqrazlarını alıb saxlamaqdan ötrü hərraclarda iştirakla bağlı olur. Mən sığorta şirkətinin rəhbərlərinin və işçilərinin professional sığortaçı və ya maliyyəçi olmalarına zərrə qədər də şübhə etmirəm. Çatışmayan isə onlara bu qərarlarda kömək edəcək analitikin olmaması və investisiya siyasəti əsasında investisiya portfelini yaradıb onu aktiv idarə edəcək menecerin olmamasıdır. Bu da təbiidir, çünki bu şəxslərin əmək haqları sığorta şirkətlərinə ciddi xərcdir və ilk öncə bu xərci çəkib daha sonra həmin şəxslərin gəlir gətirib gətirmədiklərini görmək olar. Digər tərəfdən bu ixtisaslara sahib şəxslərin ölkəmizdə tapılması əsas problemlərdən biridir.

- Beynəlxalq təcrübə necədir?

- Beynəlxalq təcrübədə sığorta şirkətlərinin cəmi 10%-i aktivlərini öz daxili resursları əsasında özləri idarə edir. 90% sığorta şirkətləri aktivlərini aktivlərin idarə olunması şirkətlərinə (Asset Management Company - AMC) həvalə edir, və bu məsələni professionalların ixtiyarına buraxır, Azərbaycan Dövlət Neft Fondu kimi. Bu zaman hər iki şirkət bir yerdə sığorta şirkətinin profilini müəyyən edib, investisiya siyasəti tərtib edirlər və bu investisiya siyasəti idarəedici şirkətə risk, investisiya alətləri və gəlirlik gözləntisi çərçivəsini verir. İdarəedici investisiya siyasəti əsasında vəsaitlərin yerləşdirilməsi üzrə qərarlar verir və müştərisinə aylıq, rüblük, hətta həftəlik hesabatlar təqdim edir. Siyasətdən kənarlaşma müştərinin nəzatəri altında olur. Digər tərəfdən tənzimləyici oqran da idarəediciyə nəzarət edir. Bu xidmətin nəticəsində isə idarəedici müvafiq komissiya əldə edir.

- Azərbaycanda varmı bu tipli idarəedici şirkətlər?

- Azərbaycanda bu fəaliyyəti həyata keçirmək üçün 7 investisiya şirkətinin lisenziyası vardır və bu fəaliyyət investisiya şirkətlərinin əsas fəaliyyət növüdür.

- Aktivlərin idarə edilməsi həyata keçirilirmi?

- AzFinance İŞ bu fəaliyyəti 3 il əvvəl qurmuşdur və hal hazırda idarəetmədə olan portfel 40 mln AZN ətrafındadır. Bugünədək bütün cəlb edilmiş portfellər müsbət nəticə ilə geri dönmüşdür. Dollarda ən aşağı gəlirliyimiz 7% təşkil etmişdir, ən yuxarı isə 39%. İdarəetmə həm yerli və həm də xarici bazarlarda həyata keçirilir.

- Sığorta şirkətlərindən müştəriləriniz varmı?

- Artıq bu prosesə bir neçə sığorta şirkəti qoşulubdur. Başa çatdırdığımız investisiya siyasəti üzrə gəlirlik 25% təşkil etmişdir. Bu partfel 3 mln AZN məbləğində olan və yalnız Azərbaycanın dövlət istiqrazlarına investisiya etmək imkanı verən bir portfeldir. DQİ-lərin faizinin 18%-dən yuxarı qalxmamasına baxmayaraq biz aktiv ticarət etməklə müştərinin gəlirliyini 25%-ədək qaldırmışıq.

- Tutduğunuz komissiyalar neçə faiz təşkil edir?

- Bu siyasət üzrə, yəni yalnız dövlət istiqrazlarını ticarət etməyə icazə verən siyasət üzrə müştəri istənilən halda DQİ-ni alıb saxlamaqdan daha çox net gəlir əldə edir. Detalları açıqlamaq istəmirəm.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291