MÜSAHİBƏ

Aydın Səttar: “Şirkətlərin əsas problemi istismar müddəti bitmiş avadanlıqlardır” –MÜSAHİBƏ
19 İYUN
432

Aydın Səttar: “Şirkətlərin əsas problemi istismar müddəti bitmiş avadanlıqlardır” –MÜSAHİBƏ

2017-06-19 15:51:00
Fins.az “Forum” Məhdud Məsuliyyətli Auditor Müəssisəsinin Baş direktoru Aydın Səttar ilə müsahibəni təqdim edir.
– Aydın bəy, əvvəlcə «Forum» şirkətinin fəaliyyətindən söhbətə başlayaq. Şirkət hansı xidmətləri göstərir?
– “Forum Audit” daxili audit, vergi auditi, təsisçilər tərəfindən təşkil edilən audit, mühasibatlığın bərpası, hüquqi və fiziki şəxslərin dövlət qeydiyyatın təşkili, korporativ hüquq xidmətləri, bir sözlə audit və konsalting fəaliyyətinə dair tam spektorda xidmətlər göstərir. Qeyd edək ki, bizim şirkət bu sahədə peşəkar xidmətlər göstərən ilk yerli şirkətlərdən biri olaraq 1997-ci ildən etibarən fəaliyyət göstərir. Təbii ki, yeni işə başlayanda bizim də çətinliklərimiz olurdu və təcrübəyə ehtiyacımız var idi. Şirkətin 20 il ərzində Azərbaycan bazarında qalması, əldə etdiyi yüksək reytinqi bizim üçün böyük nəaliyyətdir. Belə ki, “Forum”-la eyni vaxtda Azərbaycanda fəaliyyətə başlayan bir neçə xarici şirkət bu sahədə uğur qazana bilməyib ölkəni tərk etdi. Təvözəkarlığı kənara qoyub həmdə demək istəyirəm ki, göstərdiyimiz xidmətlər sahəsində bizimlə rəqabət apara biləcək yerli şirkətlər çox azdır. Qeyd etməliyəm ki, bizim ACCA və Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş sertifikatlarımız var. Bundan əlavə, əməkdaşımıza Amerika Daxili Audit İnstitutu tərəfindən sertifikat təqdim edilib. Hazırda şirkətimizdə daimi əsaslarla 10 mütəxəssis çalışır. Layihələrin həcmindən aslı olaraq kənardan da işçilər cəlb edirik.
– Müştəriləriniz əsasən Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərdir, yerli şirkətlər demək olar ki, çox azdır. Bu nə ilə bağlıdır?
– Bizim istiqamətimiz hasilatın pay bölgüsü haqqında Sazişlərə əsasən ixtisaslaşıb. Ona görə də əsas müştərilərimiz “Əsrin Müqavilə”si üzrə olub. Məsələn, Azərbaycanda BP-nin Şahdəniz layihəsi üzrə hüquqi qeydiyyat işləri “Forum” şirkəti tərəfindən uğurla həyata keçirilib. Şirkətin Qeydiyyat İdarəsində qeydiyyata alınması, sənədlərin hazırlanması, ilk addımdan qeydiyyat üzrə tam paketin təqdim olunmasına qədər bütün işlər tərəfimizdən həyata keçirilb. Bundan əlavə, Bakı-Tbilisi-Ceyhan layihəsində kompressor stansiyalarının tikintisi ABŞ-ın böyük şirkətlərindən biri olan Petrofac İnternational şirkəti tərəfindən aparılmışdır. Layihə üzrə həmin kompressor stansiyalarının tikinti işinin mühasibatlığı və auditini  “Forum” həyata keçirib və uğurla təhvil verib.
Əsas sifarişlərimiz xarici şirkətlərlə bağlı olsa da, əlbətdə yerli şirkətlərlə də əməkdaşlıq edirik. Məsələn, mühasibatlıq və audit sahələri üzrə, yerli şirkətlərdən “Danone” MMC, “Caspian Car Hire Limited”, İctimai Birlik olan Britaniya Biznes Qrupu Assosiasiyası (BBG) ilə işləyirik. O cümlədən, əvvəlki dövrlərdə HSBC Bank, “Azər Türk Bank” ASC-də audit xidmətləri göstərmişik. Böyük müqavilələrimizdən biri də “Şimal DRES”in rekonstruksiyası ilə əlaqədar olub. O zaman tərəfimizdən Yaponiyanın “Toyo Engineering Korporasiyası”nın Azərbaycan filialına hüquq, mühasibat və audit ximəti göstərilirdi. Şirkətin Azərbaycan ofisindən Yaponiyadakı baş ofisinə aylıq və illik hesabatlar təqdim edilməli olduğundan hətta Yaponiya qanunvericiliyini də öyrəndik. Bundan əlavə, Azərbaycanda digər elektrik stansiyasının yenidən qurulması ilə məşğul olan İsveçrənin ABB qrupuna, Yaponiyanın “Mitsui & Co. Ltd” şirkətinə mühasibat, audit və konsaltinq xidmətləri göstərmişik.
– Beynəlxalq Maliyyə uçot sisteminə keçidlə əlaqədar şirkətlər qarşısında tələb qoyulub. Bu audit xidmətlərinə tələbatı artıracaqmı?
– Bəli, hazırda audit və mühasibatlıq xidmətlərinə tələbat artır. İldən-ilə Azərbaycanın audit və mühasibatlıq standartları Avropa standartlarına daha çox uyğunlaşır. Sevindirici haldır ki, artıq Bakı ilə yanaşı, bölgələrdə fəaliyyət göstərən şirkətlər də yeni uçot sisteminə keçirlər. Bu da əvvəlki dövrlərdə şirkətlərin tətbiq etdiyi Sovet dövründən qalma mühasibatlıq sisteminin yenilənərək, daha şəffaf olmasına gətirib çıxarır. Belə ki, əvvəlki mühasibatlıq sistemində müəssisənin maliyyə - təsərrüfat əməliyyatlarını tam əhatə etmək demək olar ki, mümkün deyildi. Məsələn, müəssisənin rəhbəri hansısa əhəmiyyətli tədbirdə iştirak etməlidir. Xidməti avtomobildə nasazlıq olması səbəbindən, digər nəqliyyat vasitəsindən, deyək ki, taksi xidmətindən istifadə edilir. Bu zaman müəssisənin rəhbəri tərəfindən taksi xidmətinə çəkilən xərc köhnə mühasibatlıq sistemində qeydə alına bilmirdı. Kənardan bu kiçik xərc kimi görünə bilər, amma bu cür hallar milyonlarladır. Bizim məqsədimiz şəffaflıqdır. Şəffaflıq olmayan yerdə inkişaf ola bilməz.
Hazırda Azərbaycanda bu sahədə yeni standartların qəbulu uçot sistemini şəffaflığa doğru aparır. Şəffaf uçot sistemi isə şirkətlərin təsisçilərinə, iştirakçılarına şirkət haqqında daha çox və düzgün məlumat əldə etməklə gəlirlərini artırmağa, düzgün istiqamətə yönəltməyə imkan verir. Şirkət rəhbərliyində tam və dolğun informasiya olmadıqda şirkətin idarəedilməsi çətinliklərlə üzləşir.
Qeyd edim ki, bununla bağlı artıq bir neçə iri şirkət tərəfindən bizə müraciətlər edilib. Tərəfimizdən həmin şirkətlər üzrə müvafiq təkliflər verilib. Bu zaman şirkətin ümumi risklərini, vergi risklərini göstəririk. Məsələn, adi bank əməliyyatlarından tutmuş iş vaxtına qənaət etməyin yollarına qədər bütün spektorun analizini təqdim edirik. Eyni zamanda risklərin aradan qaldırılması üçün yollar göstəririk.
– Azərbaycan şirkətlərində əsas standart risklər nədən ibarətdir?
– Şirkətlərdə əsas risklər istehsal sahələri ilə daha çox bağlıdır. Bəzən xammalın emalından tutmuş satışa qədər olan istehsal prosesində istismar müddəti bitmiş avadanlıqlardan istifadə olunur və bu özü də risklər yaradır. Nəticədə məhsulun kefiyyəti və məhsuldarlıq aşağı düşür. Məsələn, yeni istehsal avadanlıqları ilə 5 ton məhsul istehsal etmək mümkündürsə, şirkətlər istehsal gücünü 3 tona çatdırmaqda çətinlik çəkirlər. Bu zaman şirkət rəhbərliyinə riskləri göstəririk və öz təkliflərimizi veririk. Burada şirkətdə dəyişiklik edilməli olan sahələr konkret şəkildə göstərilir və eyni zamanda auditin nəticəsi olaraq “Forum” MMAM həmin sahələrdə problemlərin aradan qaldırılması xidmətini müştərilərinə təklif edir. Düzdür, Azərbaycanda daha iri xarici audit şirkətləri var və onlar professional xidmət göstərirlər. Bununla belə, həmin şirkətlərlə yanaşı, “Forum” MMAM-nin də öz müştəriləri var. Təbii ki, müəssisələr başqa sahələrdə olduğu kimi bizim sahadə də xidmət göstərən şirkətlərin təkliflərini toplayaraq kiminlə işləyəcəklərinə özləri qərar verirlər.
– “Forum” MMAM digər audit şirkətlərindən nə ilə seçilir?
– Şirkətimizin təklif etdiyi xidmətlərin qiyməti aşağı olmasa da kefiyyəti daha yüksəkdir. Bəzən elə olur ki, sifarişçilər təklif etdiyimiz xidmətin qiymətinin yüksək olduğuna görə bizə öz iradlarını bildirirlər. Bildirirəm ki, cavabımız xidmətimizin kefiyyətidir. Digər tərəfdən, audit xidmətlərinin vaxtında və operativ aparılması da vacib şərtlərdən biridir. Belə ki, müəssisənin auditi planlı şəkildə aparıldığından geciklmələr zamanı sifarişçinin planlarında da gecikmə ola bilər və nəticədə ziyana düşə bilər. Ona görə də auditin operativ aparılması birinci məsələdir və biz də məhz bu şəkildə müştərilərə xidmət təklif edirik.
– İqtisadi durğunluq şirkətlərin maliyyə-uçot sisteminə yanaşma tərzini necə dəyişib?
– Son illərdə eyni sahədə fəaliyyət göstərən şirkətlər birləşərək bir şirkətə çevrilir. Nəticədə, əvvəl 3 şirkətə ayrıca xidmət göstərirdiksə, indi 1 şirkət bizim xidmətlərimizdən istifadə edir. Təbii ki, statistik göstəricilərə baxsaq, bu “Forum” Auditor Müəssisəsinə müraciətlərin azalması deməkdir. Amma, hazırda şirkətlər tərəfindən əvvəlki dövrlərə nisbətən uçotun daha düzgün təşkil edilməsinə daha çox önəm verilir. Hesab edirəm ki, öz biznesini inkişaf etdirmək istəyən şirkət rəhbərləri başa düşürlər ki, düzgün uçot və vergilərin vaxtında ödənilməsi müəssisəni inkişafa aparır. Düzgün uçot yoxdursa, inkişafdan söhbət gedə bilməz. Audit və mübasibatlıqla bağlı xidmətlərə müraciətlərin azalmasının digər səbəbi isə bəzi sahələrdə hökm sürən durğunluq, xüsusilə də tikinti şirkətlərinin fəaliyyətlərini dayandırmasıdır. Ümumilikdə isə “Forum” MMAM-nin xidmətlərinə müraciətin artması bizi gələcəyə ruhlandırır.
– Vergilər Məcəlləsinə son dəyişikliklərin uçot sistemində şəffaflığın yaradılmasına hansı təsirləri var?
– Vergi sistemində dəyişiklərin aparılması birbaşa bizim işimizlə əlaqədardır. Vergi və əmək qanunverciliyinə edilən dəyişikliklər şəffaflığın artırılmasına təsir edir. Bu sosial sığorta ödəmələrindən yayınmaların, vergilərdən yayınmaların qarşısını alır. Ödəyicilərə çətin gəlsə də, vergidən yayınma hallarının bir sonu olmalıdır. Yayınma halları ilə hər hansı sahəni inkişaf etdirmək mümkün deyil. Onu da qeyd edim ki, Vergilər Məcəlləsinə edilmiş son dəyişikliklərdən sonra bizə mühasibat xidmətləri ilə bağlı müraciətlərin sayı artıb.
Xarici şirkətlərin də Azərbaycanda audit xidmətlərinə o qədər inam formalaşıb ki, öz yerli filial və nümayəndəliklərində mühasibatlığın yoxlanılmasını, hesabatların təqdimatını Azərbaycan şirkətlərinə həvalə edirlər. Ümumilikdə deyə bilərəm ki, bu ilin 4 ayı üzrə “Forum” MMAM-nə audit xidmətləri üzrə müraciətlər 30%-ə yaxın artıb.
– Şirkətlər fəaliyyətlərinin effektivliyini artırmaq üçün Sizcə nə etməlidirlər?
– Fəaliyyət istiqamətindən aslı olmayaraq hər şey uçotun düzgün təşkilindən asılıdır. Məsələn, adi işçi işlədiyi şirkətdən narazıdırsa, burada hansı kefiyyətdən söhbət gedə bilər? Əgər işçi 9 saat işləyirsə və ona 8 saata görə əmək haqqı verilirsə, burada artıq uçot pozulub. Ümumiyyətlə, mühasibatlıq və audit hansı sahədə fəaliyyət göstərməsindən aslı olmayaraq müəssisənin komandiridir. Əgər uçot yararsız hala düşərsə, düzgün qurulmazsa müəssisəni müflisliyə aparar.
– Aydın bəy, maraqlı müsahibə üçün sizə minnətdarıq.
– Mən də sizə fəaliyyətinizdə uğurlar arzulayıram.
Müəllif:Rahim Tarıverdiyev
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9988
  • ₽ RUB
    0.0288