MÜSAHİBƏ

«SOCAR İstiqrazlarını sizin adınıza başqası da ala bilər» – MÜSAHİBƏ
01 FEVRAL 2017
677

«SOCAR İstiqrazlarını sizin adınıza başqası da ala bilər» – MÜSAHİBƏ

2017-02-01 11:28:00

Son günlər əhali arasında SOCAR istiqrazlarına tələbat daha da artmağa başlayıb. Xüsusilə istiqrazların satışının həyata keçirildiyi ASAN xidmət mərkəzlərinə üz tutan və istiqraz alanlar çoxalıb. İstiqrazların satışı ilə məşğul olan investisiya şirkətləri bu proseslə bağlı maraqlı məqamları açıqlayırlar.

Bu barədə suallara SOCAR istiqrazlarının təkrar bazarı üzrə marketmeyker olan “PSG Capital” investisiya şirkətinin rəhbəri Şahin Rəcəbov cavab verir.

- Şahin müəllim, son günlər SOCAR istiqrazı almaq istəyənlərin artımı müşahidə edilir. Bu nə ilə bağlıdır?

- Bəli, istiqraz alanların sayı artıb. Artıq mütəmadi olaraq ASAN Xidmətə və bizə yaxınlaşıb bütün sualarını verirlər. Yəni istiqrazlar barədə hər hansı mənbədən məlumatı görüb, eşidib bilib, bura yaxınlaşır və əlavə məsələləri dəqiqləşdirir və alırlar.

İnvestorlar tərəfindən SOCAR istiqrazlarına ikinci bazarda böyük maraq görürük. SOCAR istiqrazlarını ilk dəfə, o vaxt əldə edən müştərilər də, indi yaxınlaşıb yenə də alırlar. Yanvarın 17-dən sonra istiqrazlar üzrə ilk faizlərin ödənilməsi istiqrazlara qarşı olan marağı daha da artırıb və satışların həcmini yüksəldib. 

- Alıcılar istiqrazlar barədə ən çox nəyi bilmək istəyirlər, istiqrazın hansı xüsusiyyəti ilə maraqlanırlar? 

- İnvestorların ən çox bilmək istədiyi suallar, yəni onları maraqlandıran ilk məsələ – pulun necə geri qaytarılacağıdır. İstiqraz almaq istəyən şəxs gəlir, yaxınlaşır və soruşur ki, mən pulumu istədiyim vaxt geri götürə biləcəmmi? Bunun da cavabı əlbəttə ki, bəlidir. SOCAR hər zaman öz istiqrazının alıcısıdır və onların likvidliyini qoruyur. İnvestor istədiyi vaxt yaxınlaşıb istiqrazını verib, yatırdığı vəsaiti geri ala bilər. Həmçinin onuda qeyd etmək istərdim ki,  istiqraz sahibinin istiqrazı qaytarmadan öncə qazandığı faizlər investorun özündə qalır. Burada heç bir narahatlıq yoxdur. 

- Alıcılardan soruşulurmu ki, istiqrazı hansı xüsusiyyətinə görə alırlar? İstiqrazların ən çox hansı cəhəti alıcıları cəlb edir? 

- İnvestorları SOCAR istiqrazlarına cəlb edən əsas xüsusiyyətlərdən biri onların etibarlı olmasıdır. İstiqrazların SOCAR tərəfindən, Azərbaycanın böyük dövlət şirkəti tərəfindən buraxılması onun etibarlığını artırır.

İstiqraz alıcılarını cəlb edən digər məsələ onların gəlirliyidir – bildiyimiz kimi, istiqrazların gəlirliyi illik 5%-dir. Və bu da investorlar  tərəfindən qiymətləndirilir. Alıcıların 90 faizi istiqrazları gəlirliyinin yüksək olmasına görə alır. 

Ən cəlbedici cəhəti isə onun likvid olmasıdır. Yəni SOCAR hər zaman onun alıcısıdır. İnvestorları da maraqlandıran əsas məsələ odur ki, istiqraza yatırdığı vəsaiti istənilən zaman geri ala bilərmi. Buna da SOCAR zəmanət verir.

- İstiqrazları nə məqsədlə alırlar – pulları saxlamaq üçün, gəlir əldə etmək üçün ya da başqa hansısa məqsəd?

- SOCAR istiqrazlarını almaq istəyən şəxsləri cəlb edən ən maraqlı cəhətlərdən biri də odur ki, onun qiyməti nominaldan aşağı düşmür. Yəni ilkin yatırılan pul, bir istiqraz üçün 1000 dollardır və investor istədiyi zaman minimum həmin qiymətə bu kağızı sata bilər. Bu, investorları maraqlandıran ən vacib xüsusiyyətlərdən biridir ki, «qoyduğum pulu tam olaraq alacammı?». Bunun da cavabı «bəli»dir. Yəni qoyduğu pulu istənilən vaxt tam olaraq alacaq.

Elə alıcılar də var ki, faiz ödənişləri 3 aydan bir olduğuna görə, və istədiyi zaman pulu götürmək imkanına görə, istiqrazları alırlar. Bəziləri pulu 3 aylıq yatırır – yəni bilir ki, 3 aydan sonra pula ehtiyacı olacaq. 3 aydan sonra faizini götürür və istiqrazı qaytarıb pulun geri götürür.

Bəziləri isə istiqrazları başqalarına hədiyyə vermək üçün alırlar.

- İstiqrazı kimlər alır – Bakı yoxsa region sakinləri? Məsələn, hansı daha çoxdur?

- İstiqrazlar ilk dəfə buraxılanda, yəni brinci bazarda regionda yaşayan vətəndaşlarımız, rahatlıqla, əvvəlcədən müəyyən edilmiş banklarda istiqrazlarını əldə edə bilirdilər. Amma hazırda ikinci bazar olduğuna görə, istiqrazlar yalnız 1 və 5 saylı ASAN xidmət mərkəzlərində və investisiya şirkətlərində satılır. Buna görə də onlar Bakı şəhərinə gəlməli olurlar. Buna baxmayaraq istiqrazlara bölgələrəmizdən də çox maraq görürük.

Məsələn, Gəncə zonasından Göyçaydan Qubadan, Qusardan, Lənkəran zonasından, Şəki-Zaqataladan yaxınlaşan müştərilərimiz olub. Hansı ki, yaxıqlaşıb və əldə ediblər.

- İstiqraz alanlar ən çox kimlərdir – qadınlar, yoxsa kişilər?

- Alıcılar arasında qadınların və kişilərin sayında elə də çox fərq yoxdur. Hər ikisinin marağı yüksəkdir.

- İstiqraz sahibləri neçə yaşlı insanlardır?

- Alıcıların yaşından danışsaq, onların əksəriyyəti 40-50 yaş və ondan yuxarı olanlardır.

- İstiqrazlar barədə məlumat aldıqdan sonra fikrini dəyişən, yəni istiqraz almaqdan imtina edən və ya daha çox istiqraz alanlar varmı?

- İstiqrazla bağlı bizə yaxınlaşan vətəndaşlar arasında elə hal baş verməyib ki, məlumat alandan sonra istiqrazı almaq istəmədiklərini bildirsinlər. Əksinə, bizə yaxınlaşıb bilmədikləri detalları da soruşub öyrənirlər və planlaşdırdıqlarından daha çox istiqraz alanlar var. Məsələn elə investorlar olub ki, yaxınlaşıb 10-12, hətta 15 istiqraz almaq istəyib, amma bizimlə danışandan sonra, bütün suallarına tam cavab alandan sonra, daha çox, məsələn 18-20 istiqraz alıb.

- İnsanlar öz adlarına alırlar, yoxsa başqalarının adına alanlar da var? Varsa, ən çox kimin adına alırlar?

- Vətəndaşlar istiqrazları əsasən öz adlarına alırlar. Amma birinci bazarda (yəni hələ oktyabr ayında SOCAR istiqrazlarına abunə yazılışı zamanı) xarici vətəndaşlara istiqraz satılmadığı üçün bəzi xarici vətəndaşlar, daha dəqiqi xaricdə yaşayan azərbaycanlılar gəlib istiqrazlari yaxınlarının, ya ata-anasının, ya da bacı-qardaşının adına alırdılar. Bəziləri isə xaricdə yaşadıqlarına və ya digər səbəblərə görə, ASAN Xidmətə yaxınlaşa bilmirlər. Belələri istiqrazları etibarnamə ilə alırlar. Yəni başqalarına etibarnamə verirlər ki istiqraz alsınlar, onun əvəzindən sənədə etibarnamə verdiyi adam imza atır, amma bu istiqrazlar yenə də öz adlarına olur.

- Alıcı istiqraz almaq üçün ASAN xidmətə orta hesabla neçə dəfə gəlir? 

- Xatırladım ki, SOCAR istiqrazları ASAN Xidmətin 1 və 5 saylı mərkəzlərində satılır. Alıcı istiqraz almaq üçün ASAN Xidmətə iki dəfə yaxınlaşır. Bu necə olur? Əvvəlcə  yaxınlaşır, ona istiqrazlar barədə məlumat veririk, sualları olarsa cavablandırırıq. Sonra o bankda köçürmə etməlidir. Əgər bank hesabı yoxdursa, əvvəlcə onu açmalıdır. Hesabı olanlar isə vaxt itirmir, pulunu köçürür və birjada əqd baş tutur. Bundan sonra onun sənədlərini hazırlayıb müştəriyə məlumat veririk ki, artıq hər şey hazırdır, gəlib sənədlərini götürə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254