MÜSAHİBƏ

Azərbaycanda o pula, ancaq vağzalda dayanan qatarda gecələmək olar – MÜSAHİBƏ
28 NOYABR
563

Azərbaycanda o pula, ancaq vağzalda dayanan qatarda gecələmək olar – MÜSAHİBƏ

2016-11-28 10:45:00

Cari il noyabrın 5-də Göyçayda keçirilən "Nar bayramı" müəyyən narazılıqlar ortaya çıxardı. Havanın yağışlı keçməsi səbəbi ilə, məkanın dəyişdirilməsi, bayramın gec başlaması, məhsulun baha satılması, təşkilatçılığın zəif olması və s. kimi amillərlə bağlı etirazlar yarandı.
Eləcə də, Qubada "Alma bayramı", Sabirabadda "Qarpız festivalı", Qəbələdə "Mürəbbə festivalı"… Bu kütləvi-tanıdıcı tədbirlər də iştirakçılar tərəfindən birmənalı qiymətləndirilmədi və qənaətbəxş hesab olunmadı.

Və bütün bunlar, turizmin inkişafını prioritetə çevirməyə çalışan ölkə üçün xoş hal deyil. Sputnik əməkdaşı, bu və digər problemlər ətrafında, Azərbaycan Turizm və Menecment Universitetinin kafedra müdiri Bahadur Bilalovla həmsöhbət olub. Müsahibimiz deyir ki:

— Uzun müddətdir, ölkənin müxtəlif bölgələrində festivallar təşkil edilir. Amma bu festivalların turizm üçün heç bir əhəmiyyəti yoxdur. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında qeyd edib ki, Azərbaycanda turizm sənayesi yaradılmalıdır. Amma çox adam dərk edə bilmir ki, Prezidentin istədiyi nədir. Turizm sənayesinə daxil olan ayrı-ayrı obyektlər var. Mehmanxana, qidalanma müəssisələri, nəqliyyat şirkətləri var ki, bunlar ayrı-ayrılıqda özləri üçün fəaliyyət göstərir. Yəni birgə fəaliyyət yoxdur. Ölkədə turizm sənayesini formalaşdırmaq üçün bu obyektlərin bir məqsəd uğrunda birgə fəaliyyəti lazımdır. Necə edək ki, ölkəyə daha çox turist gəlsin, necə edək ki, ölkənin bir bölgəsinin sakinləri digər bölgələrinə turist səfərləri etsinlər — bunlar həllini tapmalıdır.

— Sizin nə kimi təklifləriniz var?

— Konkret olaraq, mən 5-6 ildir ki, Göyçayda "Nar bayramı"nın keçirilməsi ilə əlaqədar təkliflər irəli sürürəm. Çox təəssüflər olsun ki, bu ölkədə, deyəsən heç kim, heç kimin kitabını oxumur. Heç kim demir ki, "kimsə bu barədə təklif verir, çağırım, onu fikirlərini öyrənim, bəlkə bu işə bir xeyri dəydi". Bu barədə dəfələrlə danışmışam, amma eşidən yoxdur.
Biz elə etməliyik ki, ölkə Prezidentinin turizmlə bağlı ortaya qoyduğu məsələləri bir-bir həll edək, ölkəyə turist axını təmin edək, turizmdən büdcəyə daxilolmaları artıraq. Ayrı-ayrı bölgələrdə belə festivallar keçiriləndə, büdcədən nə qədər pul xərclənir. Mənim üçün maraqlıdır ki, həmin tədbirlərdən dolayı büdcəyə hansısa daxilolmalar varmı? Xeyr. Çünki bu bayramların formatı dəyişməlidir. Beynəlxalq təcrübəyə əsaslanmaq, bu sahənin mütəxəssislərini bu işə cəlb etmək lazımdır. Və ondan sonra düşünmək olar ki, necə edək, həm festival keçirək, həm də xarici turistləri cəlb edə bilək. Turistlər Rio-de-Janeyro olimpiadasını gözlədikləri kimi, oturub gözləməli deyillər ki, "Göyçayda "Nar bayramı" keçiriləcək və mən də ora gedəcəyəm".
Mən müxtəlif müsahibələrimdə demişəm ki, format dəyişməlidir. Bayramı bayram xatirinə etmək olmaz. Məsələn, Novruz bayramı ilə bağlı çox təkliflərim olub. Fikir verdim, keçən ildən format bir qədər dəyişib. Əvvəllər belə olurdu ki, yığışırdıq, Prezidentimiz ocağa od vururdu, bayram başlayırdı. Cəmi 3-4 saatdan sonra bayram başa çatırdı. Amma nəzərə almaq lazımdır ki, bayram ərəfəsində qonşu İrandan ölkəmizə nə qədər turist axını olur. Ssenaristlər, turizmçilər bir yerə yığılıb bu bayramların ssenarisini yazmalıdırlar. Bu bayramlar bir gün yox, bir neçə gün davam etməlidir. Ölkəyə gələn turistlərin sayı bu il 50 min nəfər olubsa, gələn 100, o biri il 150 min nəfər olsun. Turisti maraqlandırmaq lazımdır. Konkret olaraq müxtəlif məhsul bayramları ilə turistləri Azərbaycana çəkmək olar.
— Bahadur müəllim, elə Göyçaydakı son "Nar bayramı"ndan danışaq. Ötən illərlə müqayisədə çox sönük keçdi, gec başladı, yerdəyişmə problemləri oldu və bayrama gedənlər qiymətlərdən nararazı qaldılar…

— Mən özüm də göyçaylıyam. Mənə aydın deyil, bizim Göyçayın icra başçıları niyə indiyə qədər bir dəfə də maraqlanmayıblar ki, "bizim bir göyçaylı turizmlə məşğul olur, Azərbaycan Turizm və Menecment Universitetində işləyir, bəlkə onun da "Nar bayramı" ilə bağlı fikirləri var". Hansı ki, var! Mənim təkliflərim haqqında qəzetdə yazılıb, müsahibələr vermişəm. Amma heç kim maraqlanmayıb.
Qeyd etdiyiniz təşkilati problemlərlə bağlı mən təklif edərdim ki, "Nar bayramı"ndan öncə Göyçayda gecələmə yerlərinin, hotellərin, motellərin, qidalanma müəssisələrinin gəlir götürməsi üçün, "Nar bayramı"nın gününü artıraq. Bir ssenari qurmaq lazımdır. Bayramı noyabrda yox, oktyabrın 20-25-i aralığında keçirmək lazımdır. Çünki bu zaman ağaclarda nar olur. Və elə etmək lazımdır ki, xarici turistlər narın ağacını görsünlər, nar yığımında iştirak etsinlər. Öncədən bunun zamanını müəyyən etmək lazımdır.
Tutaq ki, 2017-ci il oktyabrın 20-22-də Göyçayda "Nar bayramı" keçiriləcək. Bayramın sonuncu günü nar yığımı təşkil edilir və gələn turistlərin nar yığımı prosesində iştirakı təmin olunur. Fermerlərlə müqavilələr bağlanmalıdır. Özü də şərtlər qoymaq lazımdır ki, məsələn, 100 kq nar yığana 2 kq nar hədiyyə ediləcək. İndi bayram günü ilə bağlı müəyyən nominasiyalar var ki, həmin nominasiyalar üzrə mükafatlar verilir. Bu mükafatları da ən çox nar yığan turistlərə yönəltmək lazımdır, onları maraqlandırmaq lazımdır. Bu festivalla regiona turist cəlb etmək olar. Bayram çərçivəsində turistlər üçün yaxın rayonlara və Göyçayın özünə ekskursiyalar təşkil etmək olar. Göyçayda köhnə hamam var, çinar ağacları var. 1918-ci ildə ermənilərin atdığı bir top mərmisi cavan bir çinar ağacını sındırıb. Amma çinar ağacı məhv olmayıb, 3 yerdən qol ataraq böyüyüb. Bu da simvolik bir anlam daşıyır. Göyçay yolunun üstündə "Səsli qaya" deyilən bir yer var. Qədim Yunanıstanda "Əks-səda mağarası" var idi. İnsanlar ora çox maraqla gedirdilər. Həmin o mağaranın eynisindən Göyçay yolunun üzərində də var. O qayaya doğru işlətdiyin söz əks-səda verir.
Qısası, Göyçay "Nar bayramı"nı turizm qaynağına çevirmək olar. Eləcə də, digər bölgələrdə, oralara spesifik olan məhsul bayramları təşkil etmək olar. Belə bir misal çəkim: Türkiyədə bir fermer pambıq əkir. Pambıq əkilməsi problemi çətin olmasa da, fermer yığım zamanı muzdlu işçilər tutmalı olur. Pambığın yığımı tez və sürətli olmalıdır. Çünki geciksə, məhsul keyfiyyətini itirir. Bu fermerin Almaniyada yaşayan dostu olur və o, təklif edir ki, pambıq yığımına turistləri cəlb edək. Və reklam edirlər. Beləcə turistlər oradakı pambıq yığımında iştirak etmək üçün həmin fermerə müraciət edirlər, üstəlik evində qalıb, ona kirayə pulu da verirlər. Yəni Azərbaycanda da müəyyən sahədə aqroturizmlə məşğul olmaq olar.
— Turist cəlb etmə baxımından, Mədəniyyət və Turizm Nazirliyinin rayon şöbələrinin fəaliyyətini necə qiymətləndirirsiniz?

— Həmin şöbələrin işçilərinin əksəriyyəti mədəniyyət ixtisasını bitiriblər. Onlar arasında turizm ixtisasını bitirənlər, demək olar ki, yoxdur. Baxmayaraq ki, onlar üçün biz Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə kurslar təşkil etdik, amma təəssüf, heç bir nəticəsi yoxdur.

— Bir arada, ölkədə hostellərin yaranması ilə bağlı söhbətlər var idi…
— İndi də var. Müəyyən iş adamları hostellərin yaradılması ilə məşğuldurlar. Amma qiymətlər ürəkaçan deyil. Mən bir neçə gün öncə internetdə, Avropada olan hostellərin qiymətləri ilə maraqlanırdım. Təsəvvür edin, Macarıstanda, gecəsi, bizim pulla 5 manata hostel tapdım. Amma Azərbaycanda 5 manata hostel tapmaq mümkün deyil. Azərbaycanda o pula, ancaq dəmiryol vağzallarında dayanan qatarlarda gecələmək olar. Bizdəki hostellərdə qiymətlər 20 manatdan başlayır. Bizdə indi elə hotellər var ki, səhər yeməyi daxil, gecəsi 25 manatadır. Hostel yaradanlar da çalışmalıdırlar ki, otaqlar boş qalmasın. Elə hotellər var ki, boş qalır, amma qiyməti aşağı salmırlar.
Başqa tərəfdən, Dövlət Statistika Komitəsinin məlumatlarına baxanda məəttəl qalırsan. Və düşünürsən ki, hotellər faktiki gecələmə sayını gizlədir. Belə olmasaydı, sahibkarlar hotel biznesinə üstünlük verməzdilər. Məsələn, 2014-cü il statistikasında, mehmanxanalarda gecələyənlərin sayı 25 min nəfər nəzərdə tutulub. Amma Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, ölkədə 42 min yataq nəzərdə tutulub. Yəni, ehtimal ki, sahibkarlar sayı gizlədirlər. Mən bir dəfə təklif etmişdim ki, düzgün statistika üçün, hotellər 2 il müddətinə vergidən azad edilsin və davamlı yoxlamalar aparılsın. Həmin müddətdə sahibkarlardan, faktiki gecələmə sayı tələb olunmalıdır. Gizlətmə olarsa, sərt cərimələr tətbiq edilsin. Və iki ildən sonra onlar vergi ödəməyə başlayanda, real rəqəmlər ortaya çıxacaq.

Mənbə:Sputnik

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270