MÜSAHİBƏ

AccessBank: Biz çox çətin 2016-cı ili yaşayırıq – MÜSAHİBƏ
19 OKTYABR
581

AccessBank: Biz çox çətin 2016-cı ili yaşayırıq – MÜSAHİBƏ

2016-10-19 11:04:00

İqtisadi mühitdə baş verən dəyişikliklər bankların fəaliyyətinə də təsirsiz ötüşməyib. Maliyyə sektoru üçün mürəkkəb olan bir şəraitdə bankların özünü necə hiss etdiyini və yaranmış vəziyyətdən çıxış yolunu menecment və maliyyə sahəsində böyük təcrübəyə və müsbət nüfuza malik olan "AccessBank"ın İdarə Heyətinin sədr müavini Anar Həsənovla axtardıq.

- Təklif edirəm söhbətimizə bank sektorunda yaranmış mürəkkəb durumun müzakirəsindən başlayaq. "AccessBank" bu vəziyyətdə özünü necə hiss edir və yaxın perspektiv üçün Sizin proqnozunuz nədir?

- İlk növbədə qeyd edim ki, son zamanlar proqnoz vermək çox nankor bir işə çevrilib. Əlbəttə ki, hər bir ciddi maliyyə təşkilatı bu və ya digər dövr üçün müəyyən yol xəritəsinə, inkişaf strategiyasına malikdir. Bizim də öz biznes-planımız var. Hal-hazırda biz 2017-ci və növbəti bir neçə il üçün biznes-plan üzərində çalışırıq. Amma qeyd etmək lazımdır ki, bazarda baş vermiş məlum hadisələrdən sonra biz cari iş əsnasında öz plan və proqnozlarımızı bir neçə dəfə dəyişməli və yenidən qurmalı olmuşuq.

Mən bazarda baş verən hadisələri iki qrupa bölmək istərdim: real iqtisadi və sırf psixoloji. Əlbəttə ki, iqtisadi trend və konyunkturanı qabaqcadan düşünmək, hesablamaq mümkündür. Psixoloji amil isə daha çox səciyyəvidir. 2006-cı ildən etibarən, biz əsas dünya valyutaları ilə müqayisədə bizim milli valyutamızın möhkəmlənməsini müşahidə edirdik, əhalinin gəlirləri və maaşları kifayət qədər uzun müddət ərzində sabit şəkildə artırdı. Bütün bunlar, demək olar ki, gələcək üçün müəyyən əminlik hissi, ətraf mühitdə şəraiti daim yaxşılaşdırmaq arzusu yaradırdı. Bu isə, öz növbəsində, ölkədə istehlakçı bumunun artmasına gətirib çıxarırdı. Son 1 - 1,5 il ərzində isə biz istehlak tələbatının aşağı düşdüyünü müşahidə edirik. Sanki, hamı gözləmə mövqeyindədir. Məsələn, kimsə daşınmaz əmlak qiymətlərinin enməsini gözləyir, bəziləri avtomobillərin ucuzlaşacağını düşünür və s. Müəyyən dövrdə bu və ya digər avtomobil markasının qiymətinin düşdüyünü müşahidə edən istehlakçı öz proqnozlarını şərti olaraq təsdiqləməklə, gözləmə mövqeyi tutmaqda davam edir. Məhz bu ümumi bazar hadisələri də bazarda müəyyən durğunluq yaradır. Sirr deyil ki, hər bir iqtisadi artım, ilk növbədə, istehlakın artması ilə birbaşa bağlıdır. Sabahkı günə inam artdıqca, istehlakçı daha çox pul xərcləməyə, vəsait yatırmağa başlayır. Yeni mənzilə, avtomobilə, daha keyfiyyətli qidaya, övladlarının təhsilinə və s. istiqamətlərə pul xərcləyir. Müştərinin seçim imkanı artdıqca onun uğrunda rəqabət də güclənir. Bütün bunlar ticarət və xidmət sahəsindən başlamış, istehsalata qədər bütün maliyyə mexanizmlərini hərəkətə gətirir. Əlbəttə ki, banklar da kənarda qalmır - onlar xüsusi proqramlar və məhsullar işləyib hazırlamağa başlayır, artan istehlak tələbatını bütün növ kreditlərlə təmin etməyə çalışırlar. İstehlakçıların tələbatı azalmağa başlayanda isə, yuxarıda qeyd etdiyim kimi, hamı maliyyə vəziyyətinin real pisləşməsindən daha çox, "mənfi nəyinsə baş verəcəyini" gözləyir. Bu isə bütünlüklə bazar konyunkturasına mənfi təsir göstərir. Bu nöqteyi-nəzərdən çıxış etsək, düşünürəm ki, insanlar tez bir zamanda gözləmə mövqeyindən cari reallığa keçməlidirlər. Bu, həmçinin, ölkənin bank sisteminə də öz planlarını reallığa uyğunlaşdırmaqda kömək edəcək.

- Belə çıxır ki, bankınızın uzunmüddətli strategiyası yoxdur?

- Bankımız açıldığı ilk gündən etibarən bizim strategiyamız ölkə iqtisadiyyatının real sektorunda çalışan kiçik və orta müəssisələrə maliyyə xidmətləri göstərməkdən ibarət idi. Bu günün bazar reallığına müvafiq olaraq dəyişirik, daha texnoloji və universal oluruq, eyni zamanda öz strategiyamıza da sadiq qalırıq.

- Söhbət uyğunlaşdırılmış yanaşmadan gedir?

- Tamamilə doğrudur. Sirr deyil ki, bank sisteminin müəyyən inkişaf mərhələləri mövcuddur. Son bir neçə il ərzində o, məhsul xətti nöqteyi-nəzərindən kifayət qədər konservativ idi. Biz adət etmişik ki, bankın uğurlu strategiyası bir neçə prinsipə əsaslanır - bura bank məhsulları, peşəkar kadrlardan ibarət işçi heyəti, müştərilərə yaxın olan filial şəbəkəsi, eləcə də bankın imic hissəsini əks etdirən  marketinqdir. Tələbatın sürətlə artdığı dövrdə, ilk növbədə, onu necə qarşılayacağını, portfellərini, xüsusən də onun kredit hissəsini necə artıracağını düşünürsən. İndi isə bazarda hazırkı tələbləri əks etdirən yeni məhsullar peyda olur. İlk növbədə, son vaxtlarda bank mühitində geniş yayılmış "texnolojilik" anlayışını qeyd etmək istərdim. Söhbət özünəxidmət məntəqələrindən, internet bankçılıqdan, geniş yayılan mobil bankçılıqdan gedir.  Vəziyyəti təhlil edərək görürük ki, bazarın əsas iştirakçıları olan banklar diqqəti qeyri-faiz gəlirlərinə, kart məhsullarının inkişafına yönəltməyə çalışırlar. Əgər bir neçə il əvvələ diqqət yetirsək, kredit alətlərinin necə üstünlük təşkil etdiyini görə bilərik. Bankın faiz və qeyri-faiz gəlirlərinin strukturunda daha çox birinciyə üstünlük verilirdi. Müqayisə üçün bildirim ki, daha çox inkişaf etmiş bazarlarda vəziyyət tərs mütənasibdir. Bankların əsas gəlirləri kredit faizləri hesabına deyil, müştərilərin bank hesablarına xidmət göstərilməsi sayəsində formalaşır. Bu planda komissiya gəlirləri daha cazibədar olur. Məsələn, eyni tendensiya bizim bankda da müşahidə olunur - qeyri faiz gəlirlərimiz dayanmadan artır, eyni zamanda iri korporativ müştərilərin bank hesabları və əmək haqqı layihələri üzrə əməkdaşlıq güclənir. Beləliklə, anlayırsan ki, əgər müştəriyə yalnız bir məhsul üzrə  xidmət göstərirsənsə, gec-tez obyektiv və ya subyektiv səbəblərdən bu məhsula tələbat olmaya bilər. Müştərini qoruyub saxlamaq istəyirsənsə, ona bir neçə istiqamətdə xidmət göstərməlisən. Bu sənin müvəffəqiyyətinin rəhnidir.

- İcazənizlə, Sizə konkret bir sual verim: bazardakı durğunluq davam edirmi?

- Mən bunu keçid dövrü adlandırardım. Bəli, keçid dövrü davam edir və hələ bir müddət davam edəcək. Bazar dəyişir, bəzi iştirakçılar bazarı tərk edir. Öz pul-kredit siyasətini düzgün qurmayan maliyyə təşkilatları oyundan çıxır. Hər bir iqtisadiyyat dövridir və biz indi dövrün o biri tərəfindəyik. Bu o deməkdir ki, biz çox çətin 2016-cı ili yaşayırıq və daha yaxşı dövrlərə hazırlaşırıq...

- Bu vəziyyət daha çox 2008-ci ili xatırladır.. 

- Tam olaraq deyil. O dövrdə bank sistemində müəyyən likvidlik böhranı yaşanmışdı və buna səbəb dünya bazarlarında baş verən çaxnaşma, eləcə də beynəlxalq maliyyə tərəfdaşlarına malik bir çox bankların öz əməkdaşlığını müvəqqəti olaraq dayandırması idi. Həmin dövrdə tənzimləyici (Mərkəzi Bank - red.) vaxtında müdaxilə edərək daxili bazarın iştirakçılarını dəstəklədi.

Məsələn, son vaxtlar Azərbaycan iqtisadiyyatının neftin qiymətindən asılı olduğunu nəzərə alaraq, hamı ona dair proqnozlardan danışır. Məsələyə azacıq fəlsəfi yanaşsaq, axı neftin qiyməti də hansısa uzunmüddətli məntiqi proqnozlardan asılı deyil. Mən bu yaxınlarda "Goldman Sachs" investisiya qrupunun neftin qiyməti ilə bağlı proqnozlarına dair hesabatını oxudum. Onlar neftin 1 barrelinin qiymətinin builki 46-48 dollardan, 2017-ci ildə 51-53 dollaradək artacağını proqnozlaşdırırlar. Halbuki, neftin qiyməti təkcə iqtisadi amillər nəticəsində formalaşmır və bu artıq heç kim üçün sirr deyil. Hər il bütün dünyada neftin istehlakı ötən illə müqayisədə milyonlarla barrel artır. Anbarlardakı ehtiyatlar, yeni kəşf olunmuş yataqlar bu artıma heç cür təsir göstərmir. Bu artıma təsir göstərən başlıca amil planetimizin əhalisinin rifah halının tədricən artmasıdır. Asiya bazarına və onun potensialına diqqət yetirin. Çin, Hindistan, Pakistan, Banqladeş və s. kimi əhalisi sıx olan ölkələrdə həyat və təhsil səviyyəsinin inkişafı bu ölkələrdə neftin istehlakını birmənalı şəkildə artırır. Biz isə, "yaşıl texnologiyalar"ın inkişafının, eləcə də neft anbarlarının dolu olmasının neftin qiymətini aşağı saldığını eşidirik. Gülməlidir...

- Sizcə, bu halda neftin qiymətinə real olaraq nə təsir göstərə bilər?

- Müəyyən dünya siyasi konyunkturasından əlavə, enerjinin istehsalına və sərfiyyatına olan gələcək tələbata şərhsiz təsir göstərəcək müəyyən iqtisadi proseslər də mövcuddur. Məncə, hal-hazırda dünyanın paytaxtı Vaşinqton, Moskva və ya London deyil, bu ABŞ-dakı Silikon Vadisidir. Cəmiyyətimizin inkişafına təsir göstərəcək kəşflər və ixtiralar haqqında yeniliklər məhz həmin vadidən gəlir. Buna misal olaraq, "Uber" qlobal nəqliyyat şəbəkəsinin 2021-ci ildən sonra ABŞ-da onun bütün avtomobillərinin elektrik enerjisi ilə və sürücüsüz işləyəcəyi haqda verdiyi anonsu qeyd edə bilərəm. Bu, yalnız  bir sıra nümunələrdən biridir. Gələcəkdə dünya iqtisadiyyatında neftin real qiymətlərinə və əməyin bölüşdürülməsi strukturuna məhz bu cür amillər qlobal təsir göstərəcək. Amma gəlin neft sektorundan bank sektoruna keçək (gülür - red.).

- Bəzi banklardan fərqli olaraq, "AccessBank" heç vaxt evdar xanımları və işsizləri kreditləşdirməyib. Söhbət, demək olar ki, heç bir real gəliri olmayan insanlardan gedir. Bununla bəzi banklar öz pullarını havaya sovururdular. Pərakəndə bankçılıq sahəsinə başçılıq edən bir şəxs kimi, bu mövzuda Sizin rəyinizi bilmək istərdik.

- Hər şey çox sadədir - müəyyən təməl nəzəriyyəsi mövcuddur. Müştəri öz kreditini yalnız o zaman ödəyir ki, onu ödəmək üçün real gəlir mənbəyi var. Biz də kreditin verilməsi haqqında qərar qəbul etməzdən əvvəl fərdi qaydada hər bir müştərinin gəlir mənbəyinin həcmini müəyyən etməliyik, xüsusən, əgər kreditin girov təminatı yoxdursa. Ümumiyyətlə, bankın ümumi portfelində istehlak kreditlərinin payı iqtisadiyyatın real sektoruna verilmiş kreditlərlə müqayisədə qat-qat azdır.

- Başqa sözlə, tənzimləyicinin bankları dəvət etdiyi məsul kreditləşdirmə siyasəti Sizin bankda onsuz da var idi...

- Bəli, çünki biz vəziyyətin bu şəkildə inkişaf edəcəyini istisna etmirdik və müştərilərimizi heç bir vəchlə ödəyə bilməyəcəyi borcla yükləməmək üçün əlimizdən gələni edirdik. Ən qorxulusu isə odur ki, müştəri uğrunda rəqabət aparan banklar bir-biri ilə mübarizəyə girərək kreditləşdirmə şərtlərini daha da asanlaşdırmağa başladılar. O kredit kampaniyalarını hamımız xatırlayırıq. Nəticədə əhalinin borcu artırdı. Çəkinmədən deyə bilərəm ki, bu, müştərinin aşağı maliyyə savadlılığı ilə birgə, onun istəsə belə ödəyə bilməyəcəyi borcla yüklənməsi ilə nəticələnirdi. Bankımızın missiyası hər zaman kiçik və orta səviyyəli sahibkarlar üçün universal bank olmaqdır. Bəli, biz geniş çeşidli bank xidmətləri göstəririk və bankımıza müraciət edən heç bir şəxsə xidmət göstərməkdən imtina etmərik. Amma istehlak kreditləşməsi heç bir zaman bizim üçün prioritet olmayıb. Məhz bu amil portfelimizin keyfiyyətinin təmin edilməsində müsbət rol oynayıb. 

- Hal-hazırda "AccessBank"ın likvidliyə ehtiyacı vardırmı?

- "AccessBank" likvidlik cəhətdən özünü çox inamlı hiss edir. Amma bu suala cavabı valyutalar arasında bölgü apararaq vermək istərdim. Əgər dollardan danışsaq, əlbəttə ki, xeyr. Səbəbi hamıya məlumdur. Dollarla bank kreditinin alınmasında bizim heç bir problemimiz olmayıb, indi də yoxdur. Son illər ərzində, yəni hamının dollarla işləməyə üstünlük verdiyi bir dövrdə, bu valyutada güclü likvidlik portfeli sürətlə artırmaqda bizə kömək edirdi. Manata gəldikdə, bəli, bir çox digər banklar kimi, bizim də manata ehtiyacımız var. Manatla likvidliyimiz yüksək olduqda, biz daha çox dollar kreditlərini manata konvertasiya edə bilərdik. Amma digər tərəfdən, dollar kreditləri uzunmüddətlidir. İndi isə uzunmüddətli manat yoxdur. Hal-hazırda biz manatla kreditləri maksimum 24 ay müddətinə verə bilirik. Əlbəttə, biz istərdik ki, bazarda daha uzunmüddətli manat resursu olsun.

- Mən belə başa düşdüm ki, söhbət istehlak kreditlərindən getmir?

- Hal-hazırda tənzimləyici orqanların etdiyi dəyişikliklərdən sonra istehlak kreditləri onsuz da manatla verilir. Məsələ ondadır ki, istehlak kreditlərini uzun müddətə verməyə ehtiyac yoxdur. Amma biz ipoteka proqramımızı, demək olar ki, dayandırmalı olmuşuq, çünki uzun müddətə dollarla, yaxud 2-3 il müddətinə manatla ipoteka krediti verməyin heç bir mənası yoxdur. Korporativ sektorda da seçim olduğu halda hamı manatı seçir. Amma fərq ondadır ki, manat kreditləri daha qısamüddətli olur. 

- Həqiqətən də çox maraqlı vəziyyət yaranıb: bankların manata ehtiyacı var, amma tənzimləyici buna maraq göstərmir. Bu yaxınlarda Mərkəzi Bank uçot dərəcəsini 15%-dək artırıb. Vəziyyətdən çıxış yolunu nədə görürsünüz?

- Bu suala birmənalı cavab vermək çox çətindir. Bir tərəfdən uçot dərəcəsinin artma nəzəriyyəsi mövcuddur. Yəni sən öz valyutanı bahalaşdırmaqla inflyasiyanı səngitməyə nail olursan. Bu, aydın, qəbul olunan və məntiqli məsələdir. Hər zaman istənilən iqtisadi artım müəyyən inflyasiya proseslərinə təkan verib və ya əksinə. Bunun adi insan üçün nə demək olduğunu anlamaq lazımdır. Bir tərəfdən, milli valyutanın bahalaşması  əhalinin əmanətlərinə təsir göstərir, onları manatla daha cazibədar edir. Bu yaxınlaradək manat və dollar əmanətləri üzrə faiz dərəcələri, demək olar ki, eyni səviyyədə idi. İndi isə onların arasında böyük fərq var. Dollar əmanətləri üzrə faiz dərəcələri 2-3%, manat əmanətləri üzrə faiz dərəcələri isə 15-18% civarında dəyişir. Digər tərəfdən, bu cür tərs mütənasiblik və bahalaşma kredit məhsullarında da öz əksini tapır.

- Bir çoxları Sizin bankınıza ona görə etibar edirlər ki, sizin səhmdarlarınız beynəlxalq maliyyə institutlarıdır. Bəs iki devalvasiyadan sonra və hazırkı bazar şəraitində səhmdarlarınız banka, Azərbaycan bazarına etibar edirmi?

- Həmişəkindən daha çox! Əgər bizim səhmdarlarımızı və tərəfdaşlarımızı ayrı-ayrılıqda götürsək, hazırkı vəziyyətdə bu beynəlxalq maliyyə institutları təkcə bizimlə yox, ölkəmizdəki bir çox tərəfdaşlarla əməkdaşlıq edirlər. Əminəm ki, indi investorlar əvvəlkindən daha fəal olacaqlar. Fikir verin, indiyə qədər bankımız öz mənfəətinin əksər hissəsini bankın inkişafına, filial şəbəkəsinə, kadrlara, texnologiyalara yönəldib. Bankı bu səviyyəyə yüksəldən səhmdarlar çətin ki, geri çəkilmək niyyətində olsunlar.

- İndiyədək nə qədər krediti restrukturizasiya etmisiniz?

- Biz kredit portfelimizin böyük bir hissəsini restrukturizasiya etmişik və bu proses bircə gün də olsun dayanmır. Hər bir müştəriyə fərdi yanaşma çox vacibdir. Bəzən insanlar ictimai rəyin təsiri altına düşə bilərlər. Bəzən də belə bir vəziyyət yaranır: müştəriyə izah edirsən ki, müəyyən müddət gözlədikdən sonra, əgər imkan varsa, krediti bağlamaq daha yaxşı olar, lakin müştəri sırf işdəki həmkarı ödəniş müddətini uzadıb deyə, onun kimi hərəkət etmək lazım olduğunu düşünür. Belə ki, həmin müəyyən müddət ərzində də vəziyyət dəyişə bilər. Mənim fikrimcə, restrukturizasiya olunmuş kreditlərin sayı ilə öyünmək düzgün deyil. Əksər hallarda, bizimlə söhbətdən sonra müştəri başa düşür ki, ödəniş müddətini uzatmağın mənası yoxdur.

 

- Bank sektorundan əmanət axını baş verdiyi dövrdə bankın itkisi nə qədər olub?

- Sözün düzü, bu məsələ də mənim üçün xüsusi qürur mənbəyidir. Halbuki, yaşlı nəsil, yaşı 50-dən artıq olan şəxslər son 30 il ərzində öz əmanətlərini iki dəfə itirib. Birinci hadisə SSRİ-nin süqutundan sonraya təsadüf edir - sistem süquta uğrayıb və pullar sadəcə batıb. İkinci hadisə də xalq arasında çox məşhurdur - bu, maliyyə piramidaları ilə əlaqədardır. Bu cür hallardan sonra bank sisteminə inam sarsılmışdır. 2000-ci ilin əvvəllərindən başlayaraq insanların maddi rifah halı artmağa başlayıb və onlar artıq sadəcə ailəsini dolandırmaq barədə deyil, həmçinin, müəyyən vəsait toplamaq barədə düşünməyə başlayıblar. Bu səbəbdən, 2008-ci ildə olduğu kimi, 2015-ci ilin əvvəllərində də əhali hər cür neqativ şayiələr və xəbərlərə çox həssas yanaşırdı. "AccessBank"da əmanətlərin azalması, əsasən, devalvasiya fərqi ilə əlaqədar olub. Bankımızdan pulunu çıxaran insanların sayı o qədər də çox olmadı. Burada, xüsusən, müştəridə narahatlıq yarandığı məqamda bank üçün öz likvidliyini düzgün idarə etmək çox vacibdir. Bank üçün bu insanlara ödənişləri vaxtında və bir dəfəyə etmək çox vacib idi ki, biz də bunun üçün şərait yaratmışdıq. Çünki, narahatlıq dövrü bitdikdən sonra onlar bankımıza qayıdacaqlar, özləri də tək yox, dostları ilə, qohumları ilə birlikdə qayıdacaqlar. Təkrar olaraq vurğulamaq istərdim - bizdə əmanətlərin kütləvi şəkildə çıxarılması baş verməyib, hətta müəyyən məhsullar üzrə artım da olub.  Öz pullarını çıxaranlar yalnız xoşagəlməz şayiələrdən narahat olublar. Bir sözlə, əmanət portfeli ilə gərginlik yaşamamışıq. 

- Bizdən tez-tez qarşıdan gələn üçüncü devalvasiya haqqında soruşurlar. Bu suala bankirlər cavab verməlidir. Odur ki, söz Sizindir.

- Sentyabr ayında dollarla əlaqədar yaşanmış ajiotajı da insanlar devalvasiya adlandırırdılar. İlk iki devalvasiya şok devalvasiyası, son hadisələr isə, sürünən devalvasiya adlandırıldı. Mənim üçün üzən məzənnənin məqsədlərindən biri ondan ibarətdir ki, milli valyuta öz ədalətli tarazlığını tapsın. Bundan sonra manat daha cazibədar olacaq. Makroiqtisadi cəhətdən isə ortamüddətli perspektivdə daha yüksək rəqabət qabiliyyətinə malik yerli məhsul əsasında ölkəmiz idxalın əvəzlənməsi səviyyəsinin yüksəldilməsinə daha asan nail olacaq. 

Milli valyutanın daha da zəifləyib-zəifləməyəcəyi konkret bir amildən asılı deyil - bunun təhlili üçün bir çox amillər diqqətə alınmalıdır. Bizim iqtisadiyyatımız ciddi şəkildə idxalyönümlüdür. Malların alışı və ölkəyə idxalı üçün valyuta lazımdır və bu valyuta ölkəyə əsasən enerji resursların satışından daxil olur. Bu gəlirlər bir neçə il ərzində ciddi şəkildə azalıb. Əvvəllər ölkənin valyuta gəlirləri ilə xərcləri arasındakı fərq müsbət idi. Bu fərq ehtiyatlar qismində toplanılırdı. Son dövrlərdə enerji resurslarının qiymətlərinin bir neçə dəfə aşağı düşməsi ölkənin valyuta gəlirini çox azaldıb və bu, idxalın əvvəlki səviyyədə qalması şəraitində manatı bu dərəcədə yükləyib.

Bu baxımdan, idxal əvəzləşdirilməsinə və həmçinin yerli istehsalçıların qorunması üçün daha universal üsullara yönəlmək lazımdır. Bu isə, son nəticədə, manata dünya valyutaları ilə müqayisədə öz ədalətli məzənnəsini tapmasına kömək edəcək. 

"Üçüncü devalvasiya olacaqmı?" sualına birmənalı cavab vermək mümkün deyil. Odur ki, gəlin, hamımız bazarda baş verən prosesləri diqqətlə izləyək və bazardakı vəziyyətin daha tez düzəlməsi üçün əlimizdən gələni əsirgəməyək.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275