MÜSAHİBƏ

SOCAR istiqrazlarını marketmeyker vasitəsilə geri alacaq – MÜSAHİBƏ
27 SENTYABR
331

SOCAR istiqrazlarını marketmeyker vasitəsilə geri alacaq – MÜSAHİBƏ

2016-09-27 15:09:00

İstiqraz sahibləri aldıqları istiqrazları istənilən vaxt satıb nağdlaşdıra biləcəklər. SOCAR istiqrazlarının buraxılışı vətəndaşlarımıza olduqca sərfəli investisiya imkanı təklif etməklə yanaşı, SOCAR üçün də gələcəkdə sərfəli imkanlar açır.

SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımovun müsahibəsi

- Süleyman müəllim, 20 sentyabr Azərbaycan neftçiləri üçün əlamətdar bir gündür. Həmin günün tarixi Əsrin Müqaviləsi ilə bağlıdır və ölkəmizdə Neftçilər Günü kimi qeyd olunur. Bu il Neftçilər Günündə SOCAR daha bir ilk addım ataraq, ölkənin maliyyə bazarında yeni maliyyə aləti – SOCAR istiqrazlarını təqdim etmişdir. Bu qərar haradan qaynaqlanır və ölkəmizin maliyyə bazarına nələr vəd edir?

- 16 may 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı təsdiq edilmişdir. Sərəncamın tələblərini rəhbər tutaraq, buraxılış üçün tələb olunan iqtisadi mühit və hüquqi bazanın mövcud olması kimi amillər maliyyə bazarının inkişafı istiqamətində tərəfimizdən ilk addım kimi istiqrazların buraxılışına imkan yaratdı.

İqtisadi inkişafın əsas şərtlərindən biri maliyyə vəsaitlərinin daim iqtisadi dövriyyədə olmasıdır. Başqa sözlə, pul işləməlidir. Ölkədə maliyyə vəsaitinin böyük qismi passiv qalsa, onun sahibləri və bütün ölkə iqtisadi itkilərə məruz qala bilər. Bu səbəbdən aktiv olmayan vəsaitlərin iqtisadi dövriyyəyə qaytarılması zəruridir.

- SOCAR rəhbərliyi tərəfindən belə fikir səsləndirilmişdir ki, şirkət hazırda xaricdən daha sərfəli şərtlərlə vəsait cəlb edə bilər, lakin xaricilərə mənfəət verməyin əvəzinə, məhz Azərbaycan vətəndaşlarına mənfəət vermək istəyir. Buna görə sual olunur ki, məgər SOCAR bu istiqrazları buraxmaqla öz mənafeyinə qarşı çıxır?

- Hər bir şirkət kimi SOCAR da daima vəsait əldə etmək üçün ən sərfəli imkanların axtarışındadır. İstinad gətirdiyiniz ifadələr kontekstdən çıxarılıb, natamamdır və buna görə səhv anlaşıla bilər. Həqiqətdə bizim hazırki istiqraz buraxılışımız da rasionallığa əsaslanır. Biz xaricdə hazırda daha sərfəli imkanlardan vaz keçib, ölkə daxilinə üz tuturuq, lakin buna görə uduzmuruq, çünki bu addım planlaşdırılmış uzunmüddətli strategiyamızın tərkib hissəsidir. Bəzən bir şirkət uzunmüddətli məqsədlərinə nail olmaq üçün, qısa müddət ərzində cüzi mənfəətlərindən keçə bilər. Biz bu gün Azərbaycanın maliyyə bazarına üz tutub, hələlik bizə az sərf edən şərtlərlə çıxış ediriksə, gələcəkdə qazana bilərik. Ona görə ki, bununla iki strateji hədəfə nail olunacaq: yeni bazarın davamlı kəşf edilməsi və maliyyə portfelimizin şaxələndirilməsi.

Yeni bir bazarı kəşf edən subyekt ilkin mərhələdə özünə az sərf edən təkliflə çıxış edə bilər. Bazarın etimadını qazandıqdan sonra, şərtlər tədricən onun xeyrinə dəyişir. Keçmişdə biz ilk olaraq, inkişaf etmiş xarici maliyyə bazarlarına üz tutduq. Orada fəaliiyət göstərdiyimiz illər ərzində böyük etimad qazana bildik. SOCAR əməldə göstərdi ki, öz fəaliyyəti dövründə heç bir zaman maliyyə öhdəliklərini gecikdirməmişdir.

Nəticədə bizə təklif olunan maliyyələşmənin sərfəliliyi və müddətini artıra bildik. Biz 500 milyon dəyərində olan ilk avrobondlarımızı 5 il tədavül müddətinə buraxmışdıq, ikinci emissiya daha aşağı faizlə 10 il müddətinə, üçüncü emissiya 15 il müddətinə həyata keçirildi. Bu ilin əvvəlində biz daha az sərfəli olan ilk emissiya istiqrazlarımızın böyük hissəsini müddətin bitməsindən əvvəl, təklif verib, geri aldıq. Odur ki, biz maliyyələşmə portfelimizi uzunmüddətli strategiyaya əsasən idarə edirik. Strateji əməliyyatlarda bəzən mənfəətdən bir az keçmək lazımdır ki, gələcəkdə ikiqat qazanasan. Bu gün biz Azərbaycanın maliyyə bazarına yeni bir alətlə üz tuturuq. Əlbəttə, ilkin mərhələdə emissiya şərtləri investorlar, yəni alıcılar üçün daha sərfəli olmalıdır. Lakin tədricən bu bazar inkişaf edəcək və biz əməllərimizlə etimadımızı artırıb, gələcəkdə həm investor, həm emitentin sərfəliliyi arasında optimal balans təmin edəcəyik.

Ölkə daxilində belə bir yeni maliyyələşmə kanalının açılması həm də bizim portfelimizi şaxələndirəcək. Çoxşaxəli maliyyələşmə imkanları bizə bütün investorlarla danışıqlarda əlavə üstünlük verir – daha bir qazancımız məhz bundan ibarətdir. Yəni maliyyələşmə kanallarımız nə qədər çox olsa, bizim ayrı-ayrı mənbələrdən olan asılılığımız bir o qədər azalacaq. Bununla da mövqeyimiz güclənəcək. Ölkə daxilində belə bir əlavə maliyyələşmə imkanımızın mövcud olması bizə həm xaricdə, həm ölkə daxilində daha da sərfəli şərtlərlə vəsait cəlb etməyə şərait yarada bilər. Qısası, SOCAR bu 100 milyonluq istiqrazlardan birbaşa olmasa da, onların açdığı yeni maliyyələşmə kanalının yaranmasından qazanır.

- Deməkdir ki, bir şirkətin vəsaitə aktual ehtiyacı olmasa da istiqraz buraxa bilər. Yəni, sadəcə, gələcəkdə maliyyələşmə üçün yeni bir yol açıq olsun deyə, bunu edər?

- Bəli. Əslində SOCAR ölkəmizin və regionun ən iri neft-qaz şirkəti olaraq beynəlxalq və daxili bazarda vəsait cəlb etmək üçün müxtəlif məhsullarını nəzərdən keçirməkdə idi. Dediyim kimi, burada məqsəd Şirkətin müxtəlif maliyyələşmə məhsullarına birbaşa çıxışını təmin etmək və maliyyələşmə istiqamətlərini şaxələndirməkdir. Dünyada bütün şirkətlər kifayət qədər tanınmış olsa da maliyyə bazarlarına girişlərini təmin etmək üçün bəzən tələb olunmayan dövrdə belə istiqraz və ya digər qiymətli kağız buraxılışı ilə vəsait cəlb edirlər. Hesab edirəm ki, heç kimə sirr deyil ki, bu gün bir çox şirkətlər Asiya maliyyə bazarlarına çıxışlarını təmin etmək məqsədi ilə indidən tədbirlər görürlər. Biz, SOCAR olaraq, müxtəlif istiqamətləri nəzərdən keçirir və indidən gələcək maliyyələşmə üçün əlverişli yollar açırıq.

Bunu da qeyd edim ki, istiqraz buraxılışı və birbaşa kredit müqavilələrinin məqsədi ümumilikdə vəsait cəlb etmək olsa da, onların cəlb edilməsi prosesləri kifayət qədər fərqlidir. Bu səbəbdən də beynəlxalq maliyyə bazarında müxtəlif bank məhsulları məfhumu mövcuddur. Təbii ki, bunlarının hamısının məqsədi vəsait cəlb etməkdir, lakin hər iki tərəf üçün bu məhsulların cəlb edilməsi və onların növləri vacib hesab edilir. Bir daha təsdiq edirəm ki, SOCAR daha əlverişli şərtlərlə xarici bazardan kreditlər cəlb edə bilir, lakin bunlar birbaşa banklardan olan kreditdir. Əgər biz hazırda buraxılan SOCAR istiqrazlarını və SOCAR-ın həyata keçirdiyi ilk bond buraxılışı üzrə göstəriciləri müqayisə etsək, bu daha məntiqə uyğun olar, çünki hər bir krediti və ya borcu oxşar göstəricilərlə olan kredit və ya borc ilə müqayisə etmək lazımdır. Göstəricilər hər dəqiqə beynəlxalq maliyyə bazarında dəyişir. Məsələn, bizim ilk avrobond emissiyamızın dövründə SOCAR-dan daha güclü kredit reytinqinə malik olan bir emitent SOCAR-dan daha bahalı faizlərlə istiqraz buraxılışını təmin etmişdir. Buna səbəb buraxılış zamanının fərqli olmasıdır. Odur ki, şirkətlər də buraxılış pəncərəsini düzgün vaxtda döyməlidir.

- Deməli, SOCAR-ın qazancı bu ilk addımdan sonra Azərbaycan bazarında asanlıqla istiqraz buraxmaq imkanını əldə etməkdən və bunun sayəsində ölkə daxilində və xaricdə daha ucuz və sərfəli şərtlərlə vəsait əldə etmək imkanından ibarətdir. Bu ilk emissiya olduğuna görə, SOCAR investorlara daha sərfəli şərtlər təklif edir. Hazırda azərbaycanlı alıcılar üçün üstünlüklər nədən ibarətdir?

- Ölkədaxili maliyyə bazarında mövcud olan təkliflərə nəzər salanda dollarla yatırılan vəsait üçün illik 5 faiz çox yüksək mənfəət kimi görünür. İstiqrazlar ilk bazarda yalnız Azərbaycan vətəndaşlarına satılacaq. Məlum olduğu kimi, SOCAR istiqrazlarının geri satınalma və məcburi geri çağırış kimi imkanlardan da vaz keçir. Yəni tədavül müddəti bitməmiş, SOCAR alıcıları aldığı istiqrazları geri qaytarmağa məcbur edə bilməz və onlar müddətin sonuna kimi mənfəət əldə edə bilərlər.

SOCAR xarici kapital bazarlarında buraxdığı avrobondlar üçün hər 6 aydan bir ödəniş edirdisə, daxildə ilk dəfə buraxdığı bu istiqrazlar üçün hər 3 aydan bir ödəniş edəcəkdir. Nəhayət əvvəlki avrobond emissiyalarımızdan fərqli olaraq, SOCAR istiqrazların likvidliyini təmin edəcək. Bu deməkdir ki, hər kəs aldığı istiqrazı istənilən zaman sata bilər. Bu alıcılar üçün əlavə bir sığortalanmadır, halbuki SOCAR bunu etməyə də bilərdi. Lakin istiqrazların Azərbaycan bazarı üçün yeni bir alət olduğunu nəzərə alıb, qərar verildi ki, milli qanunvericilik və beynəlxalq təcrübədə mövcud olan müxtəlif imkanlar arasında ən səmərəli mexanizm seçilməli və tətbiq edilməlidir. Beləliklə SOCAR istiqrazlarının ikinci bazarda mütəmadi alışını marketmeyker vasitəsilə təmin edəcək. Marketmeyker hər zaman SOCAR istiqrazlarını almaq öhdəliyini özü üzərinə götürür, SOCAR isə bunun üçün maliyyə dəstəyini təmin edir.

- SOCAR istiqrazların satışından əldə etdiyi vəsaitdən necə istifadə edəcək? Ümumilikdə SOCAR-a nə qədər vəsait lazımdır və onun qaytarılması hansı layihələrlə təmin ediləcək?

- Hər bir şirkət böyük layihələr üçün kənardan vəsait cəlb edir. Adətən kənardan olan maliyyələşmə ümumi layihə dəyərinin 50-80%-ni təşkil edə bilər. Tamamlanandan sonra layihə gəlir gətirməyə başlayır və bu yolla qoyulmuş sərmayəni özü qarşılayır. SOCAR son illərdə tərəfdaşları ilə yanaşı Azərbaycan və xarici ölkələrdə həyata keçirdiyi layihələr üçün vəsaitlər cəlb etmişdir. Bu layihələrin bir çoxu yaxın illərdə tamamlanıb, əlavə gəlir gətirməyə başlayacaq, misal üçün, Star Neft Emalı Zavodu, Petkim Konteyner Terminalı, SOCAR Karbamid. Azərbaycanda SOCAR Polymer zavodu gələcək illərdə 10-11 milyard ABŞ dolları civarında gəlir gətirəcək. Türkiyədə Petkimin gəlirləri ildən-ilə artır.

Ən böyük layihəmiz olan Şahdəniz-2 və Cənub Qaz Dəhlizinə cəmi 40 milyard dollar civarında vəsait yatırılacaq. Bunun müəyyən bir qismi SOCAR-ın payina düşür və onun da bir hissəsi kənardan maliyyələşəcək. Lakin istismar dövründə bütün qoyulmuş sərmayələr artıqlanması ilə geri qayıdacaq. Bütün tərəfdaş şirkətlər milyardlarla vəsait cəlb etməkdədirlər. SOCAR da öz payına düşən vəsaitin böyük bir hissəsini artıq təmin etmişdir. Qalan hissəsini təmin etmək üçün kifayət qədər təkliflər də var. Hazırda mövcud olan təkliflərin şərtlərini daha da optimallaşdırmaq üçün kifayət qədər vaxt mövcuddur.

Onu da qeyd edim ki, burada söhbət 100 milyondan getmir, çünki əməliyyatlarımızın həcmi ilə müqayisədə 100 milyon çox kiçik bir məbləğdir. İstiqrazlardan əldə edəcəyimiz 100 milyon sadəcə xarici öhdəliklərin kiçik bir hissəsini ölkədaxili öhdəliklərlə əvəzləyəcək. Bununla da xaricilərə ödədiyimiz faizləri daxildə vətəndaşlarımıza ödəyəcəyik, vətəndaşlarımız tərəfindən həmin faizlərin ölkəmizdə xərclənməsi isə iqtisadiyyatımızın qazanmasına gətirib-çıxaracaqdır.

Öhdəliklərimizin qarşılanması, az əvvəl qeyd etdiyim kimi, həyata keçirdiyimiz layihələrin hesabına baş tutacaq. Təkcə Şahdəniz və Cənub Qaz Dəhlizi layihəsindən gələn gəlirlər bütün maliyyə öhdəliklərimizin bir neçə mislini qarşılaya bilər. Lakin indi də SOCAR-ın əməliyyat gəlirinin maliyyə öhdəliklərinə nisbəti dünyada neft və qaz sahəsində olan orta göstəricilərlə müqayisədə daha müsbətdir. Keçən illərdə biz əməliyyat gəlirimizlə yanaşı, layihələrimizi maliyyələşdirmək üçün əlavə vəsait cəlb etdik. Lakin, fərz edək, SOCAR öz investisiyalarını dayandırsa, iki ildən az müddətə bütün öhdəliklərini tam qarşılaya bilər. Əlbəttə, buna ehtiyac yoxdur, çünki layihələrimizin tamamlanmasına az müddət qalıb, öhdəliklərimiz isə əsasən uzunmüddətlidir.

- Vurğuladınız ki, bu istiqrazlar ilk addım olduğuna görə alıcılara olduqca sərfəli şərtlərlə təklif olunur. Gələcəkdə yenə istiqrazlar buraxılacaqsa, hansı şərtlərlə buraxıla bilər?

- Gələn onilliklərdə SOCAR ölkə daxilində və xaricdə həm istiqraz, həm də digər maliyyə təklifləri ilə çıxış edə bilər. Müxtəlif alıcıların tələbatına uyğun maliyyə təkliflərinin hazırlanması nəzərdən keçirilir. İlk emissiyamızdan sonra biz bazarın potensialını daha dəqiq müəyyən edə bilərik. Növbəti addımlarımız bundan sonra dəqiqləşəcək. Ancaq hesab edirəm ki, hazırda buraxdığımız istiqrazlar gələcəkdə buraxmağı planlaşdırdığımız istiqrazlarla müqayisədə ən sərfəli şərtlərə sahibdir.

Mənbə: Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274