MÜSAHİBƏ

Nahid Bağırov: 2016-ci il Azərbaycan turizmi üçün inqilabi ildir
02 SENTYABR
308

Nahid Bağırov: 2016-ci il Azərbaycan turizmi üçün inqilabi ildir

2016-09-02 14:47:00

Azərbaycan prezidenti İlham Əliyev turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda Turizm Şurasının yaradılması, Bakıda hər il “shopping festival” keçirilməsi, yeni beynəlxalq aviareyslər açılması, əcnəbilərin sərhəd buraxılış məntəqələrində sürətli keçidi təmin olunması, turizm zonalarına vergi güzəştləri tətbiq edilməsi, ölkədə turizm məktəbləri açılması, xaricdəki diplomatik nümayəndəliklərimizdə turizm nümayəndələri olması məsələləri yer alıb. 

Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırovun fikrincə, 2016-ci il ölkə turizmi üçün inqilabi il olub:

“2016-ci il turizm üçün inqilabi il oldu. Belə ki, ötən illə müqayisədə bu il turizm sektorunda xeyli dəyişikliklər olub. Biz hamıya göstərdik ki, Azərbaycan xeyli sayda turist qəbul etmək potensialına malikdir və turizm səfərləri üçün cəlbedici və turizm potensialı olan ölkədir”.

Onun sözlərinə görə, sərəncama əsasən, xaricdəki diplomatik nümayəndəliklərimizdə turizm nümayəndələri olacaq ki, bu da ölkəyə daha çox turistin gəlməsinə təkan olacaq. 

“Sərəncamda turizm peşə gününün qeyd edilməsi ilə bağlı bəndin olması isə respublikada bu işlə məşğul olan insanlarda əlavə stimul yaradacaq, bu da sözsüz ki, bazara öz təsirini göstərəcək”, - deyə N.Bağırov qeyd edib. 

Assosiasiya rəhbəri əlavə edib ki, əcnəbilər Bakıdan daha çox regionlara üz tutur və bu həmin yerlərdə turizm məktəblərinin yaradılmasını vacib edir:

“Xaricdən ölkəyə gələn əcnəbilər Bakıdan daha çox bölgələrimizə getməyə üstünlük verirlər. Qəbələ, Qusar, Xaçmaz, Lənkəran, Qazax və s. rayonlar turistlərin əsas turizm marşrutlarıdır. 

Bu məqsədlə bölgələrdə yeni hotellər inşa edilməlidir və əgər belə olacaqsa, orda işləyənlər də, əlbəttə ki, yerli əhali olacaq. Yerli əhalinin isə turistləri qəbul etmək üçün bununla bağlı təhsili olmalıdır. Turizm, qonaqpərvərlik nədir? Bu barədə anlayışı olmalıdır. Ona görə də, regionlarda turizm məktəblərini yaradılması məhz buna xidmət edəcək”.

O, həmçinin əlavə edib ki, bu gün turizmçiləri narahat edən məsələlər və sulları yeni yaradılmış olan Turizm Şurasına ünvanlanacaq:

“Təbii ki, bir çox məsələlərin Sərəncamda əks olunmasını istərdik. Bilirsiz ki, sərəncamla Turizm Şurası yaradılıb. Məhz bizi (turizmçiləri – red.) narahat edən məsələləri, sualları həmin şuraya ünvanlayacağıq. Məhz dəqiq cavabları da həmin Şuradan əldə etmiş olacağıq”.

“Öz növbəsində, bütün turizm sənayeçiləri adından ölkə prezidenti İlham Əliyevə minnətdarlığımızı bildiririk. Belə bir sərəncamın verilməsi turizm sektorunda çalışan minlərlə insan üçün böyük bir bayram deməkdir”, - deyə N.Bağırov sözlərinə əlavə edib. 

Bundan başqa, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi də Prezidentin adıçəkilən sərəncamını şərh edib:

“Sərəncama əsasən, ölkədə turizm sahəsində mövcud vəziyyəti təhlil edən, sahənin problemlərinin aradan qaldırılması üçün tədbirlər həyata keçirən və turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsi vəzifələrini icra edən Azərbaycan Respublikasının Turizm Şurası yaradılır.

Şura öz fəaliyyətinə müstəqil ekspertləri və mütəxəssisləri cəlb edə bilər, habelə, işçi qrupları yarada bilər. Dünya Səyahət və Turizm Şurasının məlumatına əsasən, Azərbaycanda turizm sektoru ÜDM-in 2,8%-ni və məşğulluğun isə 2,6%-ni təmin edir. Azərbaycanın böyük turizm resurslarının olması bu sahənin inkişaf potensialını göstərir.  

Dünya təcrübəsində turizm sahəsində islahatların ən uğurlu modelləri və onların ölkəmizdə tətbiqi imkanları beynəlxalq və yerli ekspertlər tərəfindən təhlil edilmiş, turizm sahəsi üzrə strateji yol xəritəsinin ilkin layihəsi hazırlanıb. 

Bundan sonrakı dövrdə də Azərbaycanda mövcud turizm potensialını inkişaf etdirərək beynəlxalq standartlara cavab verən turizm xidmətlərinin formalaşdırılması üçün bir sıra tədbirlərin həyata keçirilməsi labüddür.

Belə ki, Sərəncamda sahənin qanunvericilik bazası və dövlət tənzimləməsi mexanizmlərinin təkmilləşdirilməsi, regionlar üzrə milli, tarixi-mədəni, sosial-iqtisadi və təbii xüsusiyyətlər nəzərə alınmaqla yeni turizm marşrutlarının təşviqi, yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sənayesinin formalaşdırılması nəzərdə tutulur.

Həmçinin bu sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi, turizm xidmətlərinin keyfiyyətinin artırılması, turizmin inkişafı ilə bağlı beynəlxalq əməkdaşlığın genişləndirilməsi sahəsində tədbirlərin görülməsi planlaşdırılır.

Sərəncam ölkəyə turistlərin gəliş-gedişinin asanlaşdırılması, turizmin bütün istiqamətlərində müştəri məmnunluğu sahəsində olan çatışmazlıqlar, turizm xidmətlərindəki qiymət problemləri, turizmin inkişafına əngəl olan digər amillərin aradan qaldırılması istiqamətində dövlətin kompleks tədbirlərini əks etdirir.

Xəzər dənizinin Azərbaycan Respublikasına aid olan bölməsindən turizm məqsədləri üçün daha səmərəli istifadə etməklə çimərlik turizminin inkişafı ilə bağlı tədbirlər, Azərbaycan Respublikasının turizm potensialı olan ərazilərində dövlət və özəl sektorun əməkdaşlığı ilə turizm və rekreasiya zonalarının yaradılması, bu zonalarda vergi və gömrük güzəştlərinin və imtiyazlarının verilməsi də Sərəncamda öz əksini tapıb. 

Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində turizm nümayəndələrinin təsis edilməsi xarici turistlərin ölkəmiz haqda daha çox məlumata sahib olması, ölkənin turizm potensialının təşviqi, turizm məhsullarının dünya  bazarına çıxarılması, satışının təşkili, ölkəyə turist axınının və xarici investorların bu sahəyə marağının artırılmasına xidmət edəcəkdir.

Qonşu ölkələrlə turizm əlaqələri də prioritet istiqamətlərdəndir. Azərbaycan Respublikasının Rusiya, Türkiyə, İran və Gürcüstan ilə sərhəd buraxılış məntəqələrində turistlərin sürətli keçidinin təmin edilməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi keçid məntəqələrində yaranan sıxlığı aradan qaldıracaqdır. Qeyd edək ki, bu ölkələrdən Azərbaycana ziyarətə gələnlərin sayı illik 2 milyon nəfəri ötür.

Ölkəmizdə turizm sahəsi üzrə məlumat bazasının yaradılmasının da Sərəncamda əks olunması əhəmiyyətli addımlardan biridir. Belə ki, altı ay müddətində turizm ehtiyatları, turizm nümayişi obyektləri, turizm məhsulları və turizm sənayesinin subyektləri haqqında məlumat bazasını, o cümlədən bu sahə üzrə statistik məlumatları və onların monitorinqinin nəticələrini özündə əks etdirən Turizm Reyestrinin və informasiya saytının yaradılması nəzərdə tutulub.

 Turizm işçilərinin peşə bayramının təsis edilməsini bu sahədə həyata keçiriləcək kompleks tədbirlərin bir hissəsi kimi qiymətləndirmək olar. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin digər bir Sərəncamına əsasən hər il sentyabr ayının 27-si Azərbaycanda “Turizm işçiləri günü” peşə bayramı kimi qeyd ediləcəkdir”.

Mənbə: Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275