MÜSAHİBƏ

“Belə getsə, Azərbaycandan tamamilə gedə bilərik” - MÜSAHİBƏ
28 İYUL
2595

“Belə getsə, Azərbaycandan tamamilə gedə bilərik” - MÜSAHİBƏ

2016-07-28 17:19:00

Azərbaycanda iqtisadi fəallığın azalması, əhalinin alıvcılıq qabiliyyətinin aşağı düşməsi və müxtəlif sahələrdə satışların azalması istehsalçı şirkətlərə təsir etməyə başlayıb. Bunların arasında ölkənin ən böyük pivə istehsalçısı olan “Bakı-Baltika” pivə zavodu da var. Danimarkanın “Carlsberg” Qrupunun tərkib hissəsi olan zavod hazırda Azərbaycanın pivə bazarının təqribən 75%-nə nəzarət edir. Satışların azalması ilə yanaşı, şirkət suyun satış qiymətinin artmasından da narazı qalıb. Nəticədə bir qədər əvvəl “Bakı-Baltika” Azərbaycanda istehsal prosesini müvəqqəti dayandıracağını elan edib. Şirkətin vəziyyəti, çətinlikləri və bundan sonrakı planları ilə bağlı fins.az-ın suallarına “Bakı-Baltika” şirkətinin rəhbəri Viktor Vladimiroviç Semak cavab verir.

- Viktor Vladimiroviç, bir qədər əvvəl istehsalı dayandırmaq barədə qərarınızı açıqlamısınız. Bu qərarın səbəbi nədir?

- İstehsalı dayandırmağımızın bir neçə səbəbi var. Əvvəla, satışlar azalıb – ötən il devalvasiyadan sonra bizim satışlarımızın həcmi əvvəlki ilə nisbətən 20% aşağı düşüb.

Ümumiyyətlə, Azərbaycanda pivə istehlakı buna qədər də elə böyük deyildi. Məsələn, Rusiyada adambaşına ildə 55 litrə yaxın, Qazaxıstanda adambaşına 28 litr pivə içilir. Azərbaycanda isə hələ böhrana qədər olan dövrdə adambaşına pivə istehlakı ildə 5 litr təşkil edirdi.

Bu hələ böhrana qədər olan rəqəmlərdir. Özü də biz bu sahədə necə deyərlər, inhisarçı sayılırıq – pivə bazarının 75%-na malikik. Amma istehlakın Rusiya və Qazaxıstandan az olmasına baxmayaraq, ötən il maliyyə vəziyyəti daha sağlam idi. Bu il isə vəziyyət çox kritik şəkil alıb. 

- Nəyə görə?

- İlk növbədə bu ilin əvvəlindən nağdsız satış qaydası (Vergi Məcəlləsinə edilən dəyişikliklər nəticəsində aksizli malların, o cümlədən pivənin satışı yalnız nağdsız şəkildə həyata keçıirilməli idi – fins.az) qüvvəyə mindi.  Yeni qayda ondan ibarətdir ki, istehsalçıdan istehlakçıya qədər bütün aksiz mallarının alıcıları ödənişi nağdsız şəkildə etməli və üstəlik, ödəmə fakt üzrə aparılmalı idi. Doğrudur, bu qaydanın tətbiqindən sonra aksizli mallar bazarının iştirakçıları ona etiraz etdilər və hökumət qaydanı dəyişdirdi – yəni bu qaydanın tətbiqinə moratorium qoyuldu. Amma sentyabrın 1-dən yenə bu qayda qüvvəyə minəcək və deməli, həmin vaxtdan etibarən pivə də daxil olmaqla digər aksiz malları yalnız nağdsız şəkildə və dəyəri əvvəlcədən ödənilməklə satılacaq. Biz də buna görə, avqustun 15-dən - ola bilər sentyabrın 1-dən – istehsalı dayandırırıq. 

- Siz Azərbaycanda fəaliyyətinizi ümumiyyətlə dondurursunuz?

- Xeyr, sadəcə həmin vaxtdan etibarən istehsalı dayandırırıq. Əslində, biz elə indi də istehsal gücümüzün yalnız 30%-dən istifadə edirik, lazım olanda indikindən 3 qat artıq məhsul istehsal edə bilərik. Amma qərara almışıq ki, istehsalı dayandıraq və fikirləşək ki, yeni reallıqlara uyğunlaşa bilərikmi. O vaxta qədər biz anbarlarımızı pivə ilə təmin etmək üçün lazım olan qədər pivə istehsal edəcəyik. Eləcə də, gözləyəcəyik ki, bazar bu yeni qaydalara  necə reaksiya verəcək.

Biz ümid edirik ki, bu qanunun nəticələri o qədər də acınacaqlı olmayacaq. Digər tərəfdən biz yenə də fikirləşirik ki, bu təkcə bizə yorx, bütün aksizli malların satışına və istehsalçılarına mənfi təsir edəcək. Ona görə də ümid edirik ki, bu qanuna yenidən baxılacaq.  

- Nə mənada yenidən baxılmasını istəyirsiniz? 

- Bundan əvvəl həmin qaydanın tətbiqi zamanı icazə verildi ki, istehlakçılar aksizli malları nağd pula da ala bilsinlər. Biz isə ümid ediri ki,  heç olmasa bu qanunun «əvvəlcədən ödənilmə» qaydası ləğv ediləcək. Çünki öz təcrübəmdə hələ belə hala rast gəlməmişəm ki, dövlət bu bazarın bütün üzvlərindən əvvəlcədən ödəmə qaydası tələb etsin. Mənim üçün bu məntiqli deyil. O zaman distribyutorların mövcudluğuna ehtiyac qalmır. Yəni bizim işimizdə bu inanılmaz bir haldır. Biz bu qaydanın necə işləyəcəyini bilmirik, ona görə də istehsalı dayandırırıq. 

- İşinizin dayandırmağın səbəbi yalnız bunlardır? Çünki şirkətiniz suyun bahalaşmasından da narazılıq edirdi…

- Bəli, ümumiyyətlə suyun qiymətinin artırılması bizə gğzlənilməz oldu. Biz maye məhsul edən və aksiz ödəyən yeganə xarici şirkətik. Qeyri-neft sektorunda fəaliyyət göstəririk, hansı ki hazırda Dövlət bu sahəyə prioritet olaraq yanaşır. Üstəlik, biz böyük məbləğdə vergi ödəyirik və Vergilər Nazirliyi ilə “vergi partnyoruyuq”. 

- Suyun qiyməti artırılanda sizin mövqeyiniz öyrənilmişdi? 

- Xeyr, bizimlə heç kim məsləhətləşməmişdi. Mənə elə gəlir ki, bizim dövlətlə münasibətdə nümayiş etdirdiyimiz şəffaflıq səviyyəsini nəzərə alsaq, bu məsələdə heç olmasa bizim fikrimizi də soruşmalı idilər.  Amma əslində necə oldu? Biz sadəcə həmin gün xəbərdar olunduq ki, suyun qiyməti artır. 

- Suyun qiyməti sizin üçün bu qədər vacibdir?

- Baxın, 1 litr pivənin istehsalı üçün 5,7litr su sərf edilir. Bundan əvvəl texniki suyun 1 kubmetri 1 manat idi. Bahalaşmadan sonra bu qiymət 1 manatdan 8 manata yüksəldi. Doğrudur, eyni zamanda pivənin bilavasitə hazırlanması üçün xammal kimi istifadə olunan suyun qiyməti isə 1 kubmetr üçün 12 manatdan 8 manata düşdü. Amma bunu ümumiləşdirəndə məlum oldu ki, ümumilikdə suyun qiyməti əvvəlkindən 3,5 dəfə baha oldu. Ona görə də, biz bu çətinliyə də dözməli olduq. Biz bu vəziyyyətə uyğunlaşmalıyıq, çünki bizim hazırki əməliyyat modelimiz  dəyişdirilməlidir. Buna isə əlbəttə ki, müəyyən vaxt tələb olunur. Biz də buna görə taym-aut götürürük, bu müddətdə anbarları doldururuq, eləcə də, bəzi əməkdaşlarımızı məzuniyyətə göndəririk. 

-  İxtisar edirsiniz?

- Əslində bu ixtisar deyil. İlk növbədə o işçiləri məzuniyyətə göndəririk ki, onların uzun illərdən bəri istifadə olunmamış  məzuniyyət günləri var.  Yəni qorxulu bir şey yoxdur. Əlbəttə ki, bu əməkdaşlarımız üçün qorxulu səslənir, amma bizi də başa düşmək olar. Biz buna praqmatik nöqteyi-nəzərdən yanaşırıq. Ümid edirik ki, hazırda yaranmış vəziyyət hökumətdə də bir impuls yaradacaq ki, onlar  vəziyyətə təsir etsinlər. 

- İndi “Bakı-Baltika”-da neçə işçi çalışır?

- Hazırda bizim zavoda ştatda 300-ə yaxın işçimiz var. Bundan başqa, 100-150 işçi də distribütorlarda çalışır. Distribütor şirkətlərinin digər işçilərini də nəzərə alanda ümumilikdə bu sahəyə 450-500 nəfər cəlb edilib.

- Siz dediniz ki, Vergilər Nazirliyi “vergi partnyorusuz”. Yaranmış vəziyyəti onlarla müzakirə etmisiniz?

- Mən biznesə rəhbərliyimə mayın 1-dən başlamışam.  Burada bəzi görüşlər keçirmişik. Həm Vergilər, həm də İqtisadiyyat Nazirliklərində olmuşam.  Sonuncu görüşümüz İqtisadiyyat Nazirinin müavini ilə olub. Görüşlərdə bu vəziyyətin bizim şirkətin işinə necə təsir etməsi barədə məlumatlar vermişik. Həm satış qaydasının, həm də suyun qiymətinin artmasını nəzərdə tuturam. 

- Bu görüşlərdən reaksiya gözləyirsinizmi? 

- İndi ölkə iqtisadiyyatında yeni vəziyyət yaranıb. Böhran dünyanın bu tərəfinə də gəlib və uzun müddətdir ki, davam edir.  Neftin qiyməti ucuzlaşıb və hələ də yüksəlmir. Məncə biz hamımız də bu vəziyyətə öyrəşməliyik.. Başa düşürük ki, Dövlət tərəfdən əsas diqqət iqtisadiyyatın həyati əhəmiyyətli sahələrinə verilir, amma ümid edirik ki, bizim də «növbəmiz çatacaq». Çünki pivə istehsalı əksər sahələrlə müqayisədə, həddən artıq əmək tələb edən sahədir. Burada istehsal prosesi araq və limonad istehsalından qat-qat çətindir. Pivə istehsalı mürəkkəb istehsalat prosesidir. Bu çətin texnoloji prosesdir, hansı ki istehsalçıdan xüsusi bilik, bacarıq və ekspertiza tələb edir. 

- Sizin strateji gözləntiniz, və ya məqsədiniz nədir?

- Baxın, bir çox dünya ölkələrində, hər halda Azərbaycana yaxın ölkələrdə  müəyyən qayda, yaxud standart var. Bu arağın qiymətinin pivənin qiymətinə nisbətidir. Azərbaycanda pivə və arağın qiymətində fərq çox kiçikdir. Siz araq və pivə satılan istənilən  dükana baxsanız görərsiniz ki, burada alkoqollu içkilərə ayrılan yer pivədən qat-qat artıqdır.  Təqribən 3 dəfə. Bu normal vəziyyət deyil və əslində bu sahənin necə vəziyyətə salındığının göstəricisidir. Üstəlik, pivənin istehlakı da aşağıdır. Ötən il adambaşına 5 litr, bu il artıq 4 litrə enib. Bu nəinki, Avropa ölkələri ilə hətta qonşu ölkələrlə müqayisədə də çox aşağı göstəricidir. Məsələn, Azərbaycana çox bənzəyən Qazaxıstanda bu göstərici adambaşına ildə 27-28 litr təşkil edir.

Bundan başqa, digər ölkələrdə, məsələn, Rusiya və Qazaxıstanda arağın – alkoqollu içkilərin minimum qiymətləri var. Azərbaycanda belə qiymət yoxdur. Qazaxıstanda yarım litr araq təqribən 4 manatdır. Azərbaycanda isə 2-2,5 manata da yarım litrlik araq tapmaq olar. 

Başqa ölkələrdə alkoqollu içkilərə qoyulan aksiz vergisi də yüksəkdir. Məsələn, Rusiyada araq üçün aksiz 12,5 manat təşkil edirsə, Azərbaycanda bu göstərici 2 manatdır. Yəni bu rəqəmlər göstərir ki, araq və pivə arasında qeyri-sağlam rəqabət var. Bu da pivə satışını azaldır. 

- Siz ildə nə qədər vergi ödəyirsiniz?

- Orta hesabla ildə dövlət büdcəsinə 20 milyon manat ödəyirik. Satışların həcmindən asılı olaraq bu rəqəm artıb-azala bilər. Məsələn son vaxtlar satışlar azaldığına görə, ödənilən vergilər də bir qədər azalıb.

- Deyirsiniz ki, bu qərarınızdan sonra hökumətdən reaksiya gözləyirsiniz. Konkret nə istəyirsiniz?

- İlk növbədə biz dialoq istəyirik. Ölkədə aksizli maye istehsal edən yeganə xarici şirkət olaraq biz dialoqda və qanunların müzakirəsi prosesində iştirak etmək istəyirik, çünki qanunlar biznes üçün gözlənilməz olmamalıdır. 

- Daha da dəqiqləşdirsək – ilk növbədə hökumətdən nə istəyərdiniz?

- İlk növbədə üzdə olan məsələni – qabaqcadan ödəniş məsələsinin ləğvini istəyərdik. Hazırda pərakəndə satışda çox pis vəziyyət yaranıb. Pərakəndə satış nöqtələrinin sayı azalır. Üstəlik, insanlar əvvəlkindən daha qənaətcil olublar deyə, alqı-satqı məbləğləri də azalır. Pərakəndə satış topdansatışla məşğul olanlardan sonradan ödəmə şəklində dəstək istəyir. Bizdə isə yeni qanuna görə bu mümkün olmayacaq. 

- Hökumətin öz arqumentləri var – onlar vergilərin tam ödənilməsini istəyirlər.

- Biz iri vergi ödəyicisi və qanuna tabe şirkət olaraq Dövlətin şəffaf vergi sistemini təmin etməsini dəstəkləyirik, lakin bütün dünyada bu sahədə tətbiq olunan çoxsaylı mexanizmlər var ki, onlar biznesin yükünü artırmadan şəffaflıq təmin edir. Məsələn, bu sahədə Avropa ölkələrinin təcrübəsini də misal gətirmək olar.

- Onlar bu üsulu tapıblar, bəs sizin təklifiniz nədir?

- Vergilərin ödənilməsi tələbi təbiidir. Bütün hökumətlər bunu istəyirlər. Əlbəttə ki, bütün distribütorlar şəffaf işləməli və vergiləri ödəməlidirlər. Amma pivə satışında qabaqcadan ödəmə qaydasını mən dünyanın heç bir ölkəsində görməmişəm.

Məncə pivə istehsalını belə çərçivələrə salmaq nəticəsində, gələcəkdə yerli pivə istehsalı ümumiyyətlə sıradan çıxa bilər. 

- Suyun qiyməti ilə bağlı təklifiniz nədir?

 Söhbət suyun qiymətinin nə qədər olmasından çox, onun qiymətinin dəfələrlə artmasından gedir.  Hansısa məhsulun birdən-birə bu qədər bahalaşması gözlənilməzdir və hazırki vəziyyətdə qeyri-məntiqidir.  Biz hökumətin arqumentlərini də başa düşürük. Amma hətta belə olsa da, qiymətləri dəfələrlə yox, faizlərlə qaldırmaq lazımdır. Bunu hər hansı planla, mərhələlərlə etmək lazımdır. Yoxsa birdən-birə 3,5-4 dəfə ilə ölçülən qiymət artımı çox yüksəkdir.

 Sizcə suyun «ədalətli qiyməti» nə qədər olmalıdır?

- Dəqiq qiymət deyə bilmərəm. Amam təklif edərdim ki, qiymət artımı ilə bağlı dəqiq plan tutulsun və qiymətlər mərhələ ilə artırılsın. Biz də belə vəziyyətdə daha rahat uyğunlaşa bilərdik. Qiymətləri də normal şəkildə artıra bilərdik. Bu hal müştərilərə də hörmətli yanaşma olardı. «Ədalətli qiyməti» müəyyən etmək üçün məncə iqtisadçılar hesablamalar aparmalıdırlar. 

- Siz özünüz pivənin qiymətini artırmısınız?

- Sonuncu dəfə bu ilin əvvəlində artırmışıq, amma hazırki situasiyada mövcud qiymətləri saxlamaq olduqcda çətinləşir. Bir tərəfdən də satışlar azalanda bu təsir daha güclü olur. Təsəvvür edin, bu il satışlar 20% azalıb. Müqəddəs Ramazan ayında isə pivə satışı ümumiyyətlə 40% azalır. 

- Qiymətləri artırmaq niyyətiniz yoxdur ki?

- Baxın biz bu sahədə monopolistik, eləcə də bu sahənin özü də böyük deyil. Satışlarımız da azdır.  Belə vəziyyətdə yaxın zamanda qiymətləri artırmağı düzgün hesab etmirəm, çünki bu satışların daha da azalması ilə nəticələnəcək.    

- Problemlərinizi rəqiblərinizlə, yəni digər pivə istehsalçıları ilə müzakirə etmisinizmi?

- Bəli biz hörmətli rəqiblərimizlə də müzakirələr aparırıq. Ümid edirəm ki, bu danışıqların nəticəsi olaraq pivə sənayesinin qorunması üçün vahid cəbhədə birləşə biləcəyik. İndiyədək bu sahədə rəqiblər arasında belə dialoqlar olmayıb. Ümid edirəm ki,  bu dialoqlar baş tutacaq və fayda gətirəcək. Bilirsiniz, Azərbaycanda aksizli maye məhsullar istehsalçıları azdır. Və mən qorxuram ki, bu problemlər həll olunmasa “Baltika-Bakı” şirkəti bu ölkədə fəaliyyətini dayandıra bilər. 

- Yəni «Baltika-Bakı»nın fəaliyyətini tamamilə dayandırması təhlükəsi var?

- Bu cür ehtimal mövcuddur. Çünki biznesin mövcudluğunun əsas anlamı pul qazanmaqdır və qeyri-rentabel biznesin idarəedilməsi heç də məqsədə uyğun deyil. 

- Deməli, hələlik avqustun 15-dək işləyirsiniz?

- Bəli, ola bilər bu tarix bir qədər sonraya, sentyabrın əvvəlinə  çəkilsin, amma təqribən həmin vaxtdan pivə istehsalını dayandırırıq. Ofis işçilərimiz və satışları dəstəkləyən işçilərimiz – mühasibatlıq, logistika işçiləri, anbarda çalışanlar və s. - onlardan bir sıra əməkdaşlar işləyəcəklər. Biz sadəcə pivə istehsalını və süzməsini daynadırırıq. Bizim planımıza görə, bu proses təqribən 2 ay çəkəcək. Bu dövrə qədər istehsal edib anbarlara yığdığımız pivə bizə elə 2 ay kifayət edəcək. 

- İşçilərinizin neçə faizi məzuniyyətə gedəcək?

- Təqribən 80% faizi, orta hesabla 200 nəfər. Yəqin ki, noyabrın 1-dən etibarən onları yenidən çağırıb işə başlayacağıq. Kimlər ki, indiyədəka məzuniyyətlərindən istifadə etməyiblər, onlar adi qaydada məzuniyyət alacaqlar. Digərləri ilə bağlı isə qərarlar fərdi qaydada veriləcək. Bu zaman bütün nyuanslar nəzərə alınacaq. Ümumilikdə isə Əmək Məcəlləsinə görə, məcburi məzuniyyətə göndərilən işçilərə əmək haqqının 3-də ikisi ödəniləcək. Bundan başqa, işçilərlə bağlı bütün sosial öhdəliklər, o cümlədən sosial paketlər olduğu kimi qalır. 

- Bəs işçilər buna nə dedilər?

- İşçilərə  hər şeyi açıq izah edirlərsə, onlar nə deyəcəklər?! Biz onlara mövcud durum, şirkətin maliyyə vəziyyəti barədə açıqca danışdıq. Öz planlarımız barədə məlumat verdik, nə edəcəyimizi bildirdik.  Dedik ki, vəziyyəti düzəltmək üçün müəyyən addımlar atacağıq, o cümlədən müştərilərin diqqətini cəlb etmək üçün marketinq gedişləri hazılayacağıq. Bütün bunları da «dayanma dövrü»ndə etmək fikrindəyik.  

- Əgər bu iki ay müddətində də vəziyyət dəyişməsə, yəni həm aksizli malların satışı qaydaları, həm də sizə satılan suyun qiymətində yenilik olmasa, hansı addım atılacaq?

- Əvvəla, məncə belə olan halda qərarı mən verməyəcəm. İkincisi, hər hansı dramatik qərar qəbul ediləcəksə, bu yalnız uzunmüddətli fəaliyyətdən  sonra verilə bilər. Buna görə də hadisənin necə inkişaf etməsindən asılı olmayaraq, bizim öz işçilərimiz qarşısında sosial öhdəliklərimiz var və bu dayanma dövründə biz həmin öhdəlikləri yerinə yetirəcəyik.

Amma qeyd edimki, istənilən halda, şirkətin maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün biz öz əməliyyat modelini dəyişəcəyik.  Bura həm xərclərin optimallaşdırılması, həm də digər məsələlər aiddir. Hazırda bu tədbirlər üzərində işləyirik. Ona görə də mən ümid edirəm ki, biz bu vəziyyətdən də uğurla çıxacağıq. Bu məsələdə də hökumətin dəstəyinə ümid edirik. 

Bilirsiniz, əslində pivə xoşbəxtlik içkisidir. Biz bunu başa düşürük. İki dəfə devalvasiyadan sonra iqtisadiyyat da, adamlar da stressdədir. Ailələr də xərclərinə qənaət edəndə ilk növbədə pivə ixtisar edilir. Ona görə də iqtisadi vəziyyət nə qədər yaxşı olsa, bizim satışlarımız da o qədər yüksək olacaq. Ümid edirik ki, «pivə dövrü» tezliklə bərpa olunacaq. 

“Baltika-Bakı” pivə istehsalı zavodu Xırdalan şəhərində, Azərbaycanın paytaxtından 10 km məsafədə yerləşir. Carlsberg Qrupunun tərkib hissəsi olan “Baltika” şirkəti zavodu 2008-ci ildə əldə etmiş, 2009-cu ilin may ayında isə yenidənqurma işlərindən sonra istifadəyə vermişdir. Zavodun istehsal gücü ildə 10 milyon dekalitr təşkil edir. Şirkətdə təqribən 250 əməkdaş çalışır və təxminən 400 nəfər  (distribyutor, agentliklər və podradçılar) iş prosesinə cəlb olunub. “Baltika-Bakı” şirkətinin büdcəyə illik vergi köçürmələri 20 milyon AZN-dən, zavodun inkişafına yatırılan ümumi məbləğ isə 47 milyon AZN-dən çoxdur. “Baltika-Bakı” şirkətinin məhsulu Azərbaycan bazarının 75%-ni təşkil edir (2015-ci il). Şirkət Xırdalan®, Tuborg®, Балтика 7®, Балтика 0®, Балтика 9®, Xırdalan Draft®, Kuler®, Əfsanə®, Жигулевское фирменное®, 33 Export kimi populyar pivə brendlərini  istehlakçılara təqdim edir.

Carslberg Group 1847-ci ildə təsis olunmuş və hazırda dünyada ən böyük pivə istehsalçılarından biridir. Şirkətin baş qərargahı Danimarkanın paytaxtı Kopenhagen şəhərində yerləşir. Carslberg Group dünyanın üç böyük regionu olan Qərbi Avropa, Şəqri Avropa və Asiyada onlarla ölkələrdə fəaliyyət göstərən zavodları  ilə 150-dən artıq ölkədə təmsil olunur. Şirkətin portfelinə 140-dən artıq pivə markası daxildir. Qrupun ümumi əməkdaşlarının sayı 45000-dən artıqdır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270