MÜSAHİBƏ

Azərbaycanda Vergi Ombudsmanı yaradılmalıdır - MÜSAHİBƏ
22 İYUN
187

Azərbaycanda Vergi Ombudsmanı yaradılmalıdır - MÜSAHİBƏ

2016-06-22 11:07:00

«Vergi sisteminin inkişafı üzrə 2013-2020-ci illər üçün Strateji Plan»ın 6.5-ci bəndinə əsasən, ölkəmizdə vergi ödəyicilərinin hüquqlarının qorunması məqsədilə Vergi Ombudsmanı ins­titutunun yaradılmasına dair beynəlxalq təcrübənin öyrənilməsi nəzərdə tutulub. İyunun 13-15-də TAİEX Ekspert missiyası çərçivəsində Vergilər Nazirliyində olan Portuqaliya Respublikasının Ombudsman Aparatının koordinatoru xanım Elsa Heniriques Diasın Avropa Komissiyasının dəstəyi ilə «Vergi ödəyicilərinin hüquqlarını qoruyan müstəqil vergi institutunun yaradılması» mövzusunda keçirdiyi seminar da bu planın tərkib hissəsidir. Xanım E.H.Dias tədbirdə vergi ödəyicilərinin hüquqlarının qorunmasında Avropa İttifaqına üzv ölkələrin təcrübəsi, ombudsmanın fəaliyyətini tənzimləyən qanunvericilik aktları, şikayətlərin idarə edilməsi sistemi, illik hesabatlar və digər mövzular üzrə təqdimatla çıxış edib. E.H.Dias ilə müsahibəni təqdim edirik. 

- Vergi Ombudsmanı institutu nədir, bu qurumun əsas hüquq və vəzifələri nədən ibarətdir? 

Vergi Ombudsmanı institutu deyildikdə, əsasən, iki anlayış nəzərdə tutulur: birincisi, ölkənin vergi administrasiyasından və Ombudsman Aparatından ayrıca fəaliyyət göstərən qurum; ikincisi, ölkədə mövcud olan Ombudsman Aparatının tərkibində vergi ödəyicilərinin hüquqlarını qoruyan struktur. Avropa İttifaqı ölkələrində xüsusi Vergi Ombudsmanı deyilən institut formalaşmayıb, Ombudsman Aparatının tərkibində vergi ödəyicilərinin hüquqlarını qoruyan struktur modeli tətbiq olunur və uğurlu nəticələri vardır.

Vergi məsələləri üzrə ombudsmanın fəaliyyətinin əsas prinsiplərinə gəlincə, başlıca məqsəd və vəzifə vergi ödəyicilərinin hüquqlarının daha etibarlı qorunmasını təmin etmək, onların şikayət və müraciətlərinin məhkəmə müstəvisinə çıxmadan həllinə nail olmaq, vergi administrasiyaları ilə münasibətlərinin sivil formada tənzimlənməsinə kömək göstərməkdir.  

- Portuqaliya Respublikasında Ombudsman institutu vergi ödəyicilərinin hüquqlarının qorunması sahəsində hansı işləri görür?

- Ölkəmizdə vergi ödəyicilərinin hüquq və mənafelərinin qorunması Ombudsman institutunun yanında fəaliyyət göstərən qurum tərəfindən təmin olunur. Bu qurum  ilk növbədə vergi ödəyicilərindən daxil olan şikayətləri qəbul edir, xüsusilə də vergi orqanı əməkdaşlarının onların fəaliyyətinə yaratdığı problemlərlə bağlı müraciətlər araşdırılır. Vergi administrasiyasının bu məsələ ilə əlaqədar mövqeyi öyrənilir, şikayətin hərtərəfli araşdırılması təmin edilir. Bundan sonra obyektiv və ədalətli qərar çıxarılır. Hansı tərəfin haqlı olub-olmasından asılı olmayaraq  verilən qərar ümumilikdə obyektiv araşdırma nəticəsində müəyyən olunur. Burada vergi ödəyicisi də haqlı ola bilər, vergi orqanı da. Bundan başqa, Portuqaliyanın təcrübəsində daha bir fəaliyyət mexanizmi də var. Ombudsmanın vergi məsələləri üzrə təcrübəli nümayəndəsi vergi ödəyicisinin şikayəti olmadan da bu və digər məsələ barədə araşdırma aparıb həmin sahədə vəziyyəti araşdırmaq səlahiyyətinə malikdir. Yəni ombudsman institutunun nizamnaməsi və ölkə qanunvericiliyi bu qurumun əməkdaşına öz təşəbbüsü ilə spesifik bir sahədə sahibkarların fəaliyyətinə müdaxilənin olub-olmamasını müəyyən etməyə imkan verir. 

- Vergi ombudsmanı müstəqil dövlət qurumu kimi hansı ölkələrdə fəaliyyət göstərir?

- Aİ ölkələrinin əksəriyyətində bu qurumlar tabeçilik əsasında fəaliyyət göstərir. Amma bu, nisbi tabeçilikdir. Ombudsman Aparatının tabeliyində olan maliyyə, vergi və digər iqtisadi bölmələrlə bağlı yaradılmış strukturlar geniş və hərtərəfli araşdırma aparır. Bununla yanaşı, ictimai təşkilatlarla birgə əməkdaşlıq çərçivəsində vergi məsələləri ilə məşğul olan qurumlar da fəaliyyət göstərir. Bunun ən yaxşı forması Böyük Britaniyada yaradılıb. Bu ölkədə ayrıca vergi ombudsmanı yaradılmasa da, ümumi Ombudsman Aparatının tərkibində ən fəal bölmə kimi diqqəti cəlb edir. Müstəqil Vergi Ombudsmanı institutu isə Kanada və Cənubi Afrika Respublikasında yaradılıb. Onun vergi administrasiyasına heç bir aidiyyəti yoxdur.

- Azərbaycanda vergi ombudsmanının yaradılması üçün hansı işlərin görülməsini vacib hesab edirsiniz? 

- Azərbaycan dövlətinə bu sahədə konkret yol göstərə bilmərəm. Amma tövsiyə edərdim ki, ölkədə hazırda fəaliyyət göstərən Ombudsman Aparatının nəzdində şöbə və yaxud departament yaradılsın. Çünki müstəqil Vergi Ombudsmanı institutunun təsis olunması bir çox baxımdan məqsədəuyğun deyil. Müstəqil bir qurumun yaradılması üçün işçi və kadr bazası lazımdır, bu isə qurumun saxlanması və idarə olunmasına dövlətin əlavə xərclər çəkməsi deməkdir. Bu, dövlətin hər il inzibati və texniki xərclərlə yanaşı, idarəetmə sistemində müəyyən problemlərlə yüklənməsinə səbəb ola bilər. Ona görə də Aİ-nin mövcud təcrübəsinin öyrənilməsi və tətbiq olunması arzuolunandır. Azərbaycanda bir neçə ildir ki, Ombudsman Aparatı yaradılıb, onun tərkibində vergi məsələləri üzrə şöbə yaratmaqla məsələni həll etmək olar. Avropa ölkələrində olduğu kimi, qanunvericilik aktlarına da bəzi dəyişikliklərin edilməsi zəruridir. 

- Vergi ombudsmanı vergilərin könüllü ödəmə səviyyəsinin yüksəldilməsi və vergidən yayınmanın qarşısının alınmasında hansı rol oynaya bilər?

- Belə bir qurumun fəaliyyətə başlaması Azərbaycanın vergi sisteminə bir neçə baxımdan fayda verə bilər. İlk növbədə, vergi ödəyicilərinin hüquq və manafelərinin etibarlı qorunması baxımından aparılan işlərə öz töhfəsini verə, vergi orqanlarının işini yüngülləşdirə bilər. Eyni zamanda, vergi ödəyicilərinin intizamının güclənməsi və vergiləri vaxtında və tam şəkildə ödəməsi baxımından da bu institutun rolu böyükdür. Çünki vergi ombudsmanının cəmiyyətdə böyük nüfuzu və peşəkarlığının olması ona inamı artırır. Dövlətin özünün bu qurumun mütəxəssislərindən gözləntiləri çoxdur və onun verdiyi rəyə hörmətlə yanaşılır. Bu təşkilatın əməkdaşları ilə vergi ödəyiciləri arasında ünsiyyət dərin olduğundan onların üzərinə böyük məsuliyyət düşür. Ombudsman sahibkarlara öz hüquq və öhdəliklərini yerinə yetirmək, dövlətin müəyyən etdiyi qanunların tələblərinə riayət etmək, dövlət büdcəsinə vergilərin vaxtında ödənilməsi üçün onların məsuliyyətini başa salmaq və digər müxtəlif təşviqat işləri görmək, məsləhət və tövsiyələr vermək səlahiyyətlərinə də malikdir. Təbii ki, ödəyicilərlə aparılan söhbətlərdə onlara vergilərin könüllü ödənilməsi, vergidən yayınmanın dövlət və cəmiyyət, sahibkarın özü üçün hansı pis nəticələrə səbəb olması düşüncəsi aşılanmalıdır. 

- TAIEX texniki yardım çərçivəsində Azərbaycanın vergi sistemində digər hansı layihələrin həyata keçirilməsinə ehtiyac vardır?

- Mən iki ilə yaxındır ki, Portuqaliya Ombudsman institutunda TAIEX layihələrinə cəlb olunmuşam və layihənin səmərəliliyini yüksək dəyərləndirirəm. Bu proqram vergi sisteminin inkişafında mühüm rol oynaya bilər. Layihədə iştirak edən ölkələr dünya ölkələrinin tətbiq etdiyi qabaqcıl təcrübənin öyrənilməsi və milli vergi qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması, vergi sisteminin təkmilləşdirilməsi sahəsində yaxşı imkanlar əldə edirlər. Bu təşkilatın həyata keçirdiyi müxtəlif iqtisadi alətlərin, vergi, maliyyə, iqtisadi idarəetmənin və inzibatçılığın təkmilləşdirilməsi ilə əlaqədar layihələrin vergi administrasiyasında çalışanların bilik və bacarıqlarının, təcrübəsinin yüksəldilməsi baxımından əhəmiyyəti böyükdür. Birgə təlimlər zamanı vergi orqanı əməkdaşları xarici ölkələrin vergi sistemindəki yeniliklər barədə ətraflı məlumatlar əldə edir, zəruri təcrübə qazanırlar. Bu baxımdan, Azərbaycanın vergi işçilərinin TAIEX alətindən faydalanacağına inanıram.

TAIEX aləti çox geniş sahələri əhatə edir. Avropa İttifaqının dəstəklədiyi bu yardım aləti vergi sistemi ilə yanaşı, gömrük, maliyyə, bank, sığorta, qiymətli kağızlar, kommunikasiya, nəqliyyat, ticarət sahələrində ən mütərəqqi naliyyətlərin, yeniliklərin öyrənilməsi və tətbiqini nəzərdə tutur. Məqsəd Azərbaycanın bu sahələr üzrə qanunvericiliyinin Avropa İttifaqı ölkələrinin qanunvericiliyinə uyğunlaşdırılmasıdır. İndiyədək Azərbaycan bu istiqamətdə mühüm irəliləyişlər əldə edib, inanıram ki, müəyyən edilmiş hədəflərə uyğun olaraq digər sahələrdə də islahatlar davam etdiriləcək.

- Portuqaliya Vergi Administrasiyası ilə Azərbaycanın Vergilər Nazirliyi arasında ikitərəfli əməkdaşlıq çərçivəsində hansı işlərin görülməsi nəzərdə tutulur?

- Portuqaliya elektron xidmətlər və vergi əməliyyatlarının internet vasitəsilə aparılması sahəsində böyük təcrübəyə malikdir. Əldə etdiyim məlumatlara görə, Azərbaycanın vergi sistemində bu təcrübədən geniş istifadə olunub. Həmçinin, bizim ölkənin vergi xidməti orqanı vergi ödəyiciləri ilə əlaqənin idarə edilməsi və ödəyicilərə göstərilən xidmətlərin vahid şəbəkəsinin qurulması sisteminə görə Avropa ölkələri arasında qabaqcıl yerlərdən birini tutur. Azərbaycan bu sistemin də bir çox elementlərini tətbiq edib, xidmətlərin təkmilləşdirilməsi, proqramlaşdırma sahəsində təcrübə mübadiləsi davam etdirilir. Hər iki ölkənin vergi administrasiyası maliyyə-vergi, fiskal sahələrdə qabaqcıl təcrübələri bölüşmək üçün yaxşı imkanlara malikdirlər. Mövcud əlaqələrin daha da inkişaf etdirilməsi üçün ölkələr arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair saziş imzalanmasına ehtiyac var. Çünki sazişin imzalanması sayəsində vətəndaşlardan ikili vergitutmanın qarşısı alınmış olar. Bundan əlavə, qarşılıqlı sərmayə qoyuluşlarının təşviqi biznes dairələrinin investisiya yatırmalarına müsbət təsir göstərə bilər.

Mənbə: “Vergilər” qəzeti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270