MÜSAHİBƏ

«Əmlakın qeydiyyatında əsas problem budur» - MÜSAHİBƏ
14 İYUN
560

«Əmlakın qeydiyyatında əsas problem budur» - MÜSAHİBƏ

2016-06-14 17:10:00

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən əhaliyə göstərilən pulsuz hüquqi məsləhət xidməti, onun əhəmiyəti və gələcəkdə inkişaf imkanları barədə suallara ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) hüquq şöbəsinin müdiri Kənan Quliyev cavab verir.

- Kənan müəllim, ƏMDK tərəfindən əhaliyə hüquqi xidmətlərin göstərilməsinə ehtiyac nədən yarandı?

- Məlum olduğu kimi, əmlakın qeydiyyatı ilə bağlı DƏDRX-ə çoxsaylı müraciətlər daxil olur. Bəzi hallarda vətəndaşların qeydiyyat üçün təqdim etdiyi sənədlərdə çatışmazlıqlar aşkar edilir. Bu barədə vətəndaşlara məlumat veriləndə isə vətəndaşlar buna etiraz edirlər. Eləcə də, tələb olunan sənədlərin yığılması üçün ayrı-ayrı orqanlara müraciət məsələsində də anlaşılmazlıq yaranır. Bəzən vətəndaşlar hara müraciət edəcəklərini bilmirlər. Belə hallar az deyil.

Bu halların aradan qaldırılması, vətəndaşlara kömək göstərilməsi, onların rahatlığının artırılması və vətəndaşların hüquqi  maarifləndirilməsi üçün bu sahədə xidmətin göstərilməsinə zərurət yarandı. Sadə desək, biz vətəndaşlara çatışmayan sənədlərin tərtib eilməsi ilə əlaqədar köməklik edirik. Buna görə də yeni xidmətə başladıq. 

- Pulsuz hüquqi xidmət konkret olaraq nəyi nəzərdə tutur?

- Pulsuz hüquqi xidmətin mahiyyəti odur ki, tutaq ki, vətəndaş sənədləri təqdii edir, onlara baxılır, görünür ki, müəyyən çatışmazlıqlar var, vətəndaşa bu barədə məlumat verilir, çatışmazlıqların mahiyyəti, görülməli iş və prosedurlar izah edilir. Çatışmayan sənədlərin toplanması üçün vətəndaşın hansı orqana müraciət edəcəyi dəqiqləşdirilir və ona məlumat verilir. Bəzi hallarda hətta sənədin tərtib edilməsinə kömək də göstəriir. Yaxud da, hansısa iş məhkəmədə həll olunmalıdırsa və buna görə məhkəmədə iddia qaldırılmalıdırsa, iddia tələbinin nə olduğu, qeyd edilir, belə hallarla bağlı kömək göstərilir. 

- Bu xidmət necə təşkil edilib?

- DƏDRX-in 18 ərazi idarəsi və onların da rayon şöbələri var. Bu idarələrdəki hüquqşünaslar pulsuz hüquqi xidmətlə məşğudurlar. Eləcə də qeydiyyat şöbələrinin də əməkdaşları bu işə cavabdehdirlər və kömək edirlər.

İndi bu məsələ mərkəzləşmiş şəkildə təşkil edilib və həmin işçilərin üzərinə vəzifə öhdəliyi kimi qoyulub.  Yəni əməkdaşlarımız bunu hökmən etməlidirlər ki, vətəndaşlar sənədlərini düzəltmək üçün nə etməli olduqlarını bilsinlər.

Məsələn, vətəndaş yenicə tikdiyi evin qeydiyyatını istəyir, amma heç bir sənəd gətirmir. Ona izah edilir ki, bunun üçün evin layihəsi olmalıdır, yerli icra hakimiyətinə tikinti niyyəti məlumat verilməlidir, tikinti başa çatdıqdan sonra isə bu barədə icra hakimiyyətinə məlumat verildiyini təsdiqləyən sənəd olmalıdır. Bütün bunlar olduqda həmin evi qeydiyyata almaq olar və s. Hüquqi məsləhət xidməti sonradan ortaya çıxacaq problemlərin qarşısını aldığına görə, bütün ərazi idarələrinin işini yüngülləşdirir. 

- Qeydiyyat üçün müraciətlərdə ən çox rast gəlinən problemlər nədən ibarətdir?

- Problemlər müxtəlifdir. Məsələn, bəzən vətəndaşlar özbaşına tikililəri qeydiyyata aldırmaq istəyirlər. İkincisi, natamam sənədlər təqdim edirlər, məsələn bələdiyyə torpaqlarının satılması ilə bağlı. Yəni torpağın ayrılması ilə bağlı bələdiyyə qərarı təqdim edilir, amma alqı-satqı müqaviləsi təqdim olunmur, halbuki bu tələb olunur. Ya da alqı-satqı müqaviləsi təqdim olunur, amma bələdiyyənin qərarı təqdim olunmur və s. Yəni bəzən vətəndaşlar bələdiyyədən torpağı alır, amma bu prosesi başa çatdırmadan onu qeydiyyata aldırmaq üçün müraciət edir. 

- Başqa hansı problemlər var? 

-  Digər məsələ, əmlakın konstruksiyasının dəyişdirilməsi ilə bağlıdır. Sənədlər təqdim ediləndə məlum olur ki, tikiliyə dəyişiklik edilib, yeniənqurma aparılıb. Amma bununla bağlı icra hakimiyyətinin razılığı və qəbul aktı yoxdur. Çünki Mənzil Məcəlləsinə (13-cı maddə) görə, yaşayış sahəsində əlavələr və s. olması yenidənqurma və yenidən planlaşdırma adlanır və icra həkimiyyətinin qəbul komissiyasının aktı ilə təsdiqlənməlidir. Amma vətəndaşlar belə sənədlər təqdim etmirlər. Biz belə vətəndaşlara bildiririk ki, yerli icra hakimiyyətindən müvafiq sənədləri təqdim etməlidirlər.

- Kimsə əmlak almaq və ya hansısa hüquqi əməliyyat aparmaq istəyəndə reyestrdən pulsuz hüquqi məsləhət ala bilərmi? Məsələn, alıcı hər hansı əmlakı almaq istəyir, amma bundan əvvəl bilmək istəyir ki, bu əmlakla bağlı hər hansı problem yoxdur ki? Ümumiyyətlə, bu sənəddə göstərilən əmlak, doğrudan da mövcuddur, təyinatı və digər göstəriciləri necədir? Bu barədə pulsuz hüquqi məsləhət almaq olarmı?

- Əslində, əmlakın hüquqi vəziyyəti, yəni girovda olub olmadığı barədə məlumatlar açıqdır - buna notariuslarda onlayn dəqiqləşdirmək olar.

- Bəzi hallarda isə bələdiyyə vətəndaşa torpaq ayırır, amma onun sahibi torpağı çıxarış almadan başqasına satır. Məsələn, etibarnamə ilə. Bu nə qədər qanunidir?

- Əslində torpaqların qeydiyyatı zamana ortaya çıxan və ən geniş yayılan mübahisəli məsələlərdən biri də budur. Belə ki, bəzən bizə vətəndaşlar müraciət edir, onlar bələdiyyə torpaqlarını  digər şəxslərdən etibarnamə ilə almış olurlar. Yəni bələdiyyə bir şəxsə torpaq ayırır, həmin şəxs də bu torpaq sahəsinə mülkiyyət hüququnu qeydiyyata aldırmadan, çıxarış olmadan, etibarnamə ilə başqasına satır. Bəzən hətta torpaq sahəsi etibarnamələrlə bir neçə nəfərə – birindən digərinə satılır.

- Bu üsulla satışlar qanunidir?

- Xeyr, Mülki Məcəlləyə əsasən, etibarnamə bir şəxsin digərinə verdiyi qanuni təmsilçilikdir. Yəni bu sənədi alan şəxs torpaq sahəsi üzərində hüquq əldə etmir, torpaq yenə də qanuni şəkildə əvvəlki şəxsə məxsus olacaq. Belə sənəd vasitəsilə aparılan əməliyyatlar da etibarnaməni alan yox, onu verən şəxsin adına aparılacaq.

Yəni sizin torpaq sahəniz var. Və bu torpağı etibarnamə ilə başqasına vermisiniz amma bu rəsmi alqı-satqı sayılmayacaq. Yəni çıxarış yoxdursa, reyestrə müraciət etməyin mənası yoxdur.

- Belə hallar olurmu ki etibarnamə ilə alınan torpaqda vətəndaş tikinti aparır və sonra onu qeydiyyata almaq üçün müraciət edir?

- Bəli belə hallar olur, amma dediyim kimi, belə əmlakın qeydiyyatı ilə bağlı problem yaranır.

- Qeydiyyatla bağlı başqa hansı problem yaranır?

- Qeydiyyat üçün təqdim edilən sənədlərdə ən çox ortaya çıxan problem bir neçə torpaq sahəsinin üst-üstə düşməsi, bələdiyyənin ayırdığı torpağın satıla bilməyən torpaq olması, məsələn kənd təsərrüfatı təyinatlı olması, meşə fondun torpaqları olması və s. belə hallar çox olur. Məsələ bundadır ki, bildiyiniz kimi, bələdiyyələr heç də bütün torpaqları sata bilməzlər. Onlar ya perspektiv inkişaf fondunun torpaqlarını, ya da kənd təsərrüfatına az yararlı və yarasız torpaq sahələrini sata bilərər. Digər hallarda bu torpaqları sata bilməzlər, məsələn, bələdiyyələr kənd təsərrüfatı təyanıtlı torpaqları yalnız icarəyə, örüş torpaqlarını isə yalnız istifadəyə verə bilərlər. Bəzi hallarda reyestr xidmətinə qeydiyyat üçün müraciət edən vətəndaşların sənədləri ilə tanış olduqda məlum olur ki, onlara ayrılan torpaqlar örüş və ya meşə fondu torpaqlarına düşür. Halbuki, meşə fondu torpaqları ümumiyyətlə özəlləşdirilə bilməz, onlar dövlət mülkiyyətində saxlanılır və müvafiq nazirlik tərəfinlən icarəyə verilə bilər. Ona görə də qeydiyyat üçün belə sənədlərlə müraciət edənlərə cavab mənfi olur. 

- Məsləhət xidmətlərinini gələcəkdə necə inkişaf etdirilməsi və ya genişləndirilməsi nəzərdə tutulur?

- Hələlik bu xidmətin necə qarşılanacağı, ona tələbatın hansı səviyyədə olacağı, vətəndaşların məmnunluğuna necə cavab verdiyi öyrənilir. Vətəndaşlar bundan məmnun qalsalar, bu xidmətlər daha da genişləndirilə bilər. Məsələn, internetdə sırf vətəndaş sorğuları üçün rubrikalar açıla bilər. Yəni vətəndaşlar suallarını verə bilərlər və onlayn olaraq dərhal cavab və izahat verilə bilər. Bu üsul hazırda da mövcuddur- yəni office@emdk.gov.az  ünvanına sorğular daxil olur və biz o sualları cavablandıraraq vətəndaşa göndəririk. Yeni variantda isə bu xidmət onlayn ola, yəni sorğular dərhal cavablandırıla bilər. 

Mənbə: Daşınmaz Əmlak jurnalı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274