MÜSAHİBƏ

"Biznesdə amansız bir yarış başlayacaq" - MÜSAHİBƏ
14 İYUN
896

"Biznesdə amansız bir yarış başlayacaq" - MÜSAHİBƏ

2016-06-14 15:26:00

Fins.az Marja-ya istinadən, “BSC Group”un Marketinq Departamentinin Direktoru Tural Abbaslının müsahibəsini təqdim edir:

- Salam Tural bəy. Şirkətlərdə marketinq və PR-ın vəziyyəti? Böhrandan sonra hansı imkanlar yaranıb?

- İlk öncə mən bu günə kimi ölkəmizdə mövcud olmuş marketinq və marketinq kommunikasiya metodlarının vəziyyəti haqqında danışmaq istərdim. Bir neçə böyük korporasiyaları çıxmaq şərti ilə demək olar ki, fəaliyyət göstərən heç bir müəssisədə bu anlayışlar doğru- düzgün qəbul olunmamışdı. Biz mətbuat xidmətinə də marketoloq deyirdik, piar (PR) menecerə də marketoloq deyirdik, reklam menecerinə də və s. İş belə olanda əsl marketoloq və marketoloqun görməli işlər isə unudulurdu. Çünki tələb - təklif balansı pozulmuşdu. Belə demək mümkünsə Henri Fordun “Nə alırsan al, onsuzda qara alacaqsan” cümləsinin modifikasiya olunmuş modelini yaşayırdıq. Və beləliklə marketinqin nəzəri hissələri tətbiq olunmur və bir növ hər şeyin əla olduğu qənaətinə gəlinirdi. Belə olanda nə baş verdi?

1. İstehsalçı pul qazandı və həmişə qazanacağına inandı,

2. İstehlakçı təklif olunan nədirsə onu seçdi, xərc-keyfiyyət və səmərəlilik anlayışının dərinliyinə getmədi,

3. Biz Avropa şirkətlərinə baxıb dedik: gözəl reklamdır, gözəl layihədir amma Azərbaycan üçün lazım deyil, hələ tezdi.

Bu gün yaşadığımız real iqtisadi mühit isə bizi bir anın içində "hələ tezdir" dediyimiz zamana çatdırdı. Bax burada Azərbaycandakı real marketinqin və o cümlədən marketinq kommunikasiyanın real durumu göz önünə gəldi. Artıq şirkətlər kor-koranə bazara hücum etməyə başladı. Kimisi yeni geyim, kimisi yeni parfum, kimisi yeni inşaat materialı və s. istehsal edərək bazar həmlələri etdi. Ancaq bazar həcmini, bazarda real kütləni hesablamadan edilən bu hərəkətlər sonda onu göstərdi ki, əslində bu addımlar panikaya əsaslanan reaksiyalar olub. Əgər dondurmanın mövsümü yaydırsa və sən ötən mövsümün analizini doğru aparmısansa, bu mövsüm üçün düzgün araşdırma aparıb strateji qərarlar vermisənsə o zaman istehsal planı və hazırlıqları haqqında elə yaz aylarından düşünməli idin. Lakin biz bazarda sınama-doğrultma prinsipi ilə və ya şəxsi istəklər üzərindən planlanan istehsal nümunələr görürük. Bütün bunların hamısı böhrandan öncəki –yəni dolların 78 vaxtının düşüncə qalıqlarıdır.

- Bundan sonra bizi nə gözləyir və biz nə etməliyik?

Daha planlı, daha strateji düşünməklə, doğru işi doğru insana tapşırmaqla biznesimizi inkişaf etdirməliyik. Artıq sahibkarlar və ya strateji planlama, biznes inkişaf departamentlərində çalışanlar qəbul etməlidirlər ki, ordan – burdan eşidilən fikirlər marketinq analizi kimi qəbul edilə bilməz. Qəbul edilməlidir ki, ildə 1, 2 yazı, feysbukda 1 paylaşım və özünü öyərək ortalığa çıxardılan reklam çarxlarında düzgün ifadələr, yanaşmalar etməsən bu çarx artıq müştəri ilə doğru kommunikasiya metodu deyil. Deməli doğru kommunikasiya metodlarının işlənməsi, inkişaf etdirilməsi üçün yeni imkanlar yaranıb. İnanıram ki, bundan sonra sahibkarlar, aidiyyatı şəxslər bu istiqamətdə daha çox düşünməyə başlayacaqlar. Artıq bir şəxs şirkət açmaq üçün kadr seçiminə başlayanda mühafizəçi, katibə, mühasib və fəhlə ardıcılllığı ilə yox məhz ilk öncə 1 güclü marketoloqla başlayım gerisini zatən onunla özümüz birgə planlayıb işə götürərik anlayışı qüvvəyə minəcəkdir.

- Ümumiyyətlə marketoloq və PR menecerləri kifayət qədər sərbəstdirlərmi?

Bu suala müxtəlif aspektdən cavab vermək olar.

1. İdeyaların, təkliflərin verilməsi baxımından;

2. bunların icrası baxımıdan.

Mən hesab etmirəm ki, marketoloqlar və kommunikasiyaçılar (pr və reklam menecerləri) tam sərbəstdilər. Ən azından bir çox müəssisələrdə bu günə kimi belə deyildi. Onlar öz ideyalarını şirkət rəhbərinin istəklərəri əsasında formalaşdırıb təkliflər irəli sürürdülər. Ancaq bu gün Azərbaycanda güclü marketoloq, piarçı və reklamçı var ki, bir şirkətin yükünü çiyninə alıb aparsın və real nəticə göstərsin. Yetərki sahibkar eqoları buna imkan versin. Bu baxımdan mən deyə bilərəm ki, bu sahədə hələ inkişaf etməli çox məqamlar var. Amma bir məqam da var : “Qoz beli qəbir düzəldər” deyib atalar. Burada qəbir ya həqiqi qəbir olacaq, yəni bu tip insanlar, idarəedənlər qalacaq. Ya da mövcud böhran onlara bu dünyadaki qəbr olacaq və onlar dərk etməyə başlayacaqlar ki, düzəlmək lazımdır yoxsa batarıq.

- Belə çıxır ki, Azərbaycanda biznesin inkişafının marketinqdən asılılığı artır...

- Bəli bu belədir. Bu gün 15-20 yaşı olan, böyümüş kimi görsənən şirkətlər heç də güclü marketinq fəaliyyətinin nəticəsi olaraq böyüməyiblər. Əslində bu şirkətlər zamanında bazarda alternativsiz olduqlarından və istehlakçının özünün yaratdığı boşluqdan istifadə edib bazar payı almış şirkətlərdir. Lakin son 3-4 ildə bazara daxil olmuş və bu gün brend kimi formalaşa bilən şirkətlər var ki, onlar özlərindən yaşca böyük olan şirkətləri narahat etməyə başladılar. Məhz bu narahatçılığı yaradan isə yeni şirkətlərdə daha doğru marketinq strategiyasının, kommunikasiyasının qurulması idi. İndi həm yaşlılar, həm də cavanlar arasında amansız bir yarış başlayacaq və artıq demək olarki başlayıb. Bu istiqamətdə konsaltinq xidmətləri və autsors xidmətlərə müraciətlərin sayı da artan templə inkişaf edir. Nəticə olaraq paralel inkişaf baş verir. Təsadüfi deyil ki, bu yaxınlarda keçirilən Milli Marketinq Formunda spiker kimi çıxış edən hər birmizin ortaq bir fikiri vardı : yaxşıki böhran oldu və yaxşıki biz bunu yaşadıq. İndi böhrandan yeni dövrana addımlamaq üçün- bir sözlə biznesin inkişafı üçün marketinq anlayışına daha fərqli prizmadan yanaşılır və bu bizi çox sevindirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275