MÜSABİQƏ

Onun yerində mən də ola bilərəm
10 MART 2017
3474

Onun yerində mən də ola bilərəm

2017-03-10 09:52:00

Mən, Məhin Cəbrayılova Qafqaz Universiteti (indiki adı ilə Bakı Mühəndislik Universiteti) İqdisadiyyat və İdarəetmə fakültəsinin 3-cü kurs tələbəsiyəm. Dövlət və Soft MBA təqaüdçüsüyəm. Öz gələcəyim üçün dərslərimə əhəmiyyət verməklə yanaşı, müxtəlif proqramlar üzrə işləyir, tədqiqat aparır, sosial və işgüzar çevrə formalaşdırır, seminar və ya konfranslarda fəal iştirak edir, kitab oxuyur, tələbə klublarının işində yaxından rol alır, kiçik də olsa bəzi sahibkarlıq cəhdləri edir, xarici dil potensialımı inkişaf etdirir və iştirakçısı olduğum proseslərdə təsiredici davranışlar sərgiləməyə çalışıram. Hər zaman əsas məqsədim həm özüm, həm ailəm, həm də ölkəm üçün yararlı bir şəxs olmaq olub. 2 ildir ki, Texnoparkda layihə rəhbəri kimi işləyirəm. Bu iki il ərzində layihələrin idarə edilməsi prosesi ilə yaxından tanış olmuşam. 2016-cı ilin sentyabr ayından etibarən ”İz” sosial layihəsinin rəhbəriyəm.

Hər zaman, CEO-ların həyatını oxuyarkən onun yerində mən də ola bilərəm” cümləsini işlətmişəm və bir neçə illik beyin fırtınasının sonunda sosial sahibkarlığın bir hissəsi olan qadın sahibkarlığı ilə bağlı bir biznes qurmaq istədiyim qənaətinə gəlmişəm.Təşəbbüskarlıq lazımlı bir anlayışdır və bu anlayış aldığı təhsil dərəcəsindən asılı olmayaraq hər bir qıza, hər bir qadına aşılanmalıdır. Müasir günümüzdəki nümunələrə baxsaq görə bilərik ki, əvvəlcə sadəcə kişi sənəti kimi görülən bəzi işlər indi qadınlar tərəfindən də uğurla həyata keçirilə bilir. Daha çox qərb mədəniyyətində yer alan bu nümunələrin Azərbaycanda da tətbiq edilməsi ölkəmizin sürətli inkişafında dəstəkləyici rol ala bilər. Təşəbbüskarlıq eyni zamanda ölkələrin iqdisadi və sosial cəhətdən inkişafına müsbət təsir göstərir. Yəni qurmaq istədiyim bu bizneslə həm özüm, həm qadınlar, həm də ölkəmiz fayda qazana bilər. Son illərdə təşəbbüskarlığın inkişafına olan maraq, bu sahəyə həqiqətən də ehtiyac olduğunu göstərir. Sosial və iqdisadi rifahı yüksəldə biləcək bu biznesi yaradıb, inkişaf etdirmək sadəcə mənim üçün yox, eyni zamanda cəmiyyətimiz və ölkəmiz üçün də önəmlidir.

Dünyaca məşhur sosial sahibkar olan Məhəmməd Yunusun sosial biznesi məni bu sahədə irəli getmək üçün ilhamlandırırdı. Yunus “Grameen Bank”ın yaradıcısıdır və dünyada kasıbların bankiri kimi tanınır. (Banker of Poors). Yunus tədqiqatlar apardıqdan sonra dünyada 1 milyard insanın təhsilsiz olduğunu və onların 2/3- ni qadınların təşkil etdiyini görüb. Yoxsul insanlara aşağı faizlə mikro kreditlər verən Yunus sonradan bu dəstəyi daha çox qadınlara etmək qərarına gəlib. “Grameen Bank” xüsusilə qadınlara kreditlər verir, çünki qadınlar öz həyatlarını idarə edə bilirlər, evlərində iqdisadi və siyasi gücə sahib olurlar, aldıqları pulu geri qaytarma ehtimalları daha çoxdur. Eyni zamanda qadınlara müstəqillik verməklə onlara qarşı olan şiddəti azaltmaq məqsədi də güdürdü. Uzun müddətli axtarışdan sonra qadınların biznesdə və iş həyatında rolları ilə bağlı Semra Güneyin tədqiqatını tapdım. Türkiyəli sahibkar Semra Güney qadınları təşəbbüskar olmağa aparan başlıca səbəbləri qadınların hər hansı bir iş fikrini reallaşdırmaq məqsədinin olmasını, qalib olmaq ehtiyacı, maddiyyat problemlərinin olması, işləmək üçün başqa iş yeri variantlarının az olması və işlədikləri müəssisədən çıxarılma ehtimallarının olmasını, müstəqil olmaq istəyi, inanc, qərarlılıq və s olaraq göstərib.

Qadın təşəbbüskarlığı ilə bağlı sektoru incələdikdən sonra onların nəyə görə kişilərlə müqayisədə daha uğursuz olduğunu və bu fərqi necə aradan götürə biləcəyimi fikirləşdim. Bu mövzu ilə bağlı olan bir sorğuda nə üçün qadınların təşəbbüskarlıq sahəsində az və uğursuz olmalarının səbəbləri kimi sadalanan kateqoriyalar göstərilib: rol toqquşması- analıq məsuliyyəti və məişət qurbanı olmaları;etibarsızlıq- qadın sahibkarlar iş münasibətlərində onlara kişilərlə müqayisədə daha az etibar edildiyi həqiqəti; ticari təcrübə əksikliyi- kişilərin hələ erkən yaşlarında ticarətə atıldıqları halda; qadınların ticarətlə daha gec tanış olmaları və bundan qaynaqlanan əksikliklər; cəmiyyətin ənənəvi düşüncəsi- “Qadının yeri onun evidir”, məğlub olmaq və itirmək qorxusu, əməkdaş tapmaqda çətinlik çəkmələri və.s 1

Sahibkarlıq qismən yaradılışdan olan təməl özəlliklər hesabına olsa da, qismən də təhsilin rolu ilə həyata keçirilir. Ona görə də yaradıcı fikirləri olan qadınlarımızı bu sahədə məlumatlandırmaq lazımdır.Yaradıcı bir fikirlə yaxşı bir fürsət sıx əlaqəlidir2. Birinci olaraq qadınları işin qurulma müddətində bilmələri vacib olan informasiya ilə məlumatlandırmaq lazımdır. Bu məlumatlara motivasiya, iş fikri, çalışma proqramı, işin dəyərləndirilməsi, bazarın araşdırılması, iş planı, iş qurmaq, işi inkişaf etdirmək və başqaları aiddir.3 Ehtiyac özümüzdən gələn bir əksiklik duyğusudur və bu əksikliyin tamamlanması üçün qadınların kəşf edilməyə ehtiyacı var. (Məsələn, hansısa qadının yaxşı tikiş, yemək bişirmək, yazıçılıq qabiliyyəti və s. varsa onları üzə çıxarıb, yəni bir növ kəşf edib sonra üzərində işləmək.)

Məişətdə qadınlarla bağlı olan gözyaşardıcı statistikaya nəzər yetirəsi olsaq, hal hazırda dünyada 700 milyon qadının 18 yaşa çatmadan ailə həyatı qurduğunu görərik. Onlardan 250 milyonu isə 15 yaşa çatmadan ailə həyatı quranlardır və bu o deməkdir ki, siyahıda olan hər 3 qadından biri 15 yaşa çatmadan ailə həyatı qurmuşdur. 4Bu isə intiharların sayının artmasına boşanmalara və digər problemlərə səbəb olur. Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin verdiyi məlumata görə, 2016-cı ildə Azərbaycanda 500 intihar hadısəsi olub və onların 156-sı qadınlardır. 2015 ci ildə isə bu rəqəm 183dür. Bu rəqəmlərin sayını azaltmaq üçün təşəbbüskarlıqla məşğul olan qadınlarımızın sayını artırmalı və bu sosial problemin həlli yollarını tapmalıyıq. “Qadın Sahibkarlığı Akademiyası”nda yetişən hər bir tələbə gələcəyin biznes xanımı olacaq və cəmiyyətimizdə olan sosial problemləri və yuxarıdakı rəqəmləri azalmaq üçün fərqi layihələr həyata keçirəcəkdir. Bu statistik göstəriciləri gördükdən sonra ölkəmizdə qadın təşəbbüskarları yetişdirəcək, onlara dəstək verə biləcək qurumlara olan ehtiyac diqqətimi çəkdi və nəhayət “Qadın Sahibkarlığı Akademiyasi” brendini yaratmaq haqqında qərar qəbul etdim. Qadın Sahibkarlığı Akademiyasının əsas məqsədi universitetlərdəki qız tələbələrə qadın sahibkarlığı ilə bağlı olan biznes paketini təqdim etməkdir. Bu akademiya qız tələbələri aid olduqları biznesin qapısına kimi aparacaq və onların uğurlu bir qadın sahibkar olmasını təmin edəcəkdir. İşimiz 3 mərhələdən ibarət olacaqdır:

Birinci mərhələdə konkret hədəfin təyin edilməsi, şəxsi inkişaf, təqdimat bacarıqlarının inkişafı, kütləvi cəmiyyət qarşısında səlis çıxış və s.

İkinci mərhələdə biznes qurmaq üçün vacib olan nəzəri biliklər- hüquqi cəhətdən tənzimləmələr, inzibati və vergi məsələlərinin həll edilməsi yolları, analitik qabiliyyətlərin artırılması, insan resursları bacarıqlarına yiyələnmək, iş maliyyəsinin planlanması təqdim ediləcəkdir.

Sonuncu mərhələ isə mentorluq dəstəyi başda olmaqla təşəbbüskar heyətin komanda anlayışı və liderlik, innovasiya, innovativ düşüncə, yeni fikirlərin tapılma yolları, layihə üzrə fəaliyyətlər və iş planı hazırlanması xidmətləri təqdim ediləcəkdir. Bu mərhələdən sonra isə mentorlar tərəfindən layihələr nəzərdən keçiləcək və investora təqdim ediləcəkdir. 1 illik planda nəzərdə tutulan hədəf Bakıda yerləşən, növbəti 3 il üçün isə Azərbaycanın bütün regionlarında fəaliyyət göstərən universitetlərə həmin biznes paketini təqdim edib ölkədəki qız tələbələri qadın sahibkara çevirməkdir.

Bu xidmət paketi tam olaraq təqdim edildikdən sonra hər bir qadının özünü istədiyi yerdə və aid olduğu kariyerada tapa biləcəyini fikirləşirəm.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9794
  • ₽ RUB
    0.0271