MÜSABİQƏ

Hind toyuğunun bəxş etdiyi Azərbaycan manatı
09 MART 2017
5186

Hind toyuğunun bəxş etdiyi Azərbaycan manatı

2017-03-09 09:31:00
Çoxdandır ki, belə bir fürsət axtarırdım. Bilik və təcrübəmi sizlərlə paylaşmaq fürsəti. Nəhayət, cəmi iki gün öncə bu müsabiqənin varlığından xəbərdar oldum və vaxt tapıb yazmağa başladım. İnşallah  ki, yazdığım hər bir oxuyacaq şəxs üçün faydalı olacaqdır.
Çox az adam tapılar ki, fasiləsiz qazandıran və inkişafa meylli olan biznes növünün adını öyrənmək istəməsin. Yəni çoxlarının beynini böyük bir sual işarəsi ilə daim qarışdıran bu arzuya çatmanın üsulu varmıdır, görəsən? Məncə var. Həm də bir neçə variantda.
Əvvəlcə deyim ki, biznesə başlamaq üçün ilk addımı atmaq biznesmen, ya da sahibkar olmanın iki mühüm mərhələsinin birincisidir. Bu ilk addımın adı qərar vermək, yəni hansı işlə məşğul olmanın səmərəli olduğunu müəyyənləşdirmək, müştəri potensialını və marketinq strategiyasını, o cümlədən yarana biləcək riskləri və əldə olunacaq mənfəəti proqnozlaşdırmaqdan ibarətdir.
Pul varsa onu artırmaq üçün şans da çox olur. Yəni pul vəsaitini böyük layihələrə, məsələn, iri ticarət, tikinti, sənaye və s. sahələrə yatırmaqla böyük qacanc əldə etmək mümkündür. “Bəs 200-300 manatla başlayıb biznesmen ola bilərəmmi” deyə soruşsanız?! Ola bilərsiniz. Zamanın tələblərinə nisbətdə çox yüngül şərtlərlə.
İşin başlanğıcı.
Başlanğıc üçün istifadənizdə ən azı 200-300 manat maliyyə vəsaitinin, 50-100 kv.m sahəsi olan torpaq sahəsinin və bu sahədə quş saxlamaq üçün yararlı olan tikilinin (hin və ya daxmanın) olması mütləqdir. Siz hind toyuğu (hinduşka) bəsləyəcəksiniz, daha doğrusu hind toyuğu cücələrini.
Məhsulun hazırlanması.
Hind toyuğu cücələrini aprel, ya da may aylarında əldə etmək lazımdır. Yumurtaları əldə edib inkubatora təhvil verməklə də sifariş vermək mümkündür. Təqribən 4 həftə ərzində cücələrin yumurtadan çıxdığını nəzərə alsaq mart ayından gec olmayarq işə başlamaq məsləhətdir. Cücələr hazır olduğu günədək onların yerləşdirilməsi üçün yer də artıq hazır vəziyyətdə olmalıdır. Əldə etdiyiniz cücələrə çəkdiyiniz xərc maliyyə qoyuluşuna ayırdığınız pul vəsaitinin 1/3-dən çox olmamalıdır. Çünki, digər 2/3 hissəsi həmin quşların yemlənməsinə və dərmanlarına sərf olunacaqdır. Məsələn; 300 manat vəsaitlə işə başlamısınızsa, 100 manatlıq cücə alın, təqribən 200 manatını onun yetişdirilməsi üçün ayırın.
Bəslənilməsi üçün ilkin və sonrakı yemləməni ilk bir ay ərzində kiçik, sonrakı iki ay ərzində isə nisbətən böyük cücələr üçün nəzərdə tutulmuş, satışda olan yemlər vasitəsilə edə bilərsiniz. Cücələrin ilk on gün ərzində qidalanmasından əmin olmalı, qısa intervallarla (sutkada 8-10 dəfə) yemləməlisiniz. Sonrakı günlər ərzində tədricən yemləmə intervalını artıra bilərsiniz (sutkada 5-6 dəfə). Həmçinin, ümumi quşlar üçün və hind toyuğu üçün xarakterik olan xəstəliklərin qarşısının alınması üçün istehsal olunan dərmanların (peyvəndlərin) mənimsənilməsini təmin etməlisiniz. Bu yöndə kömək üçün baytar həkimlərdən məsləhət almaq səmərəli olacaqdır.
Hind toyuğu ən çox kökəlməyə meylli olan quşlar sırasındadır. Yuxarıda işə başlamaq üçün torpaq sahəsinin zəruri olduğunu təsadüfən qeyd etmədim. Hind toyuqları iki aylıq olduqdan sonra onların gəzintisi zərurəti yaranır. Bu işdə yaşıl otlaq sahəsinin, xüsusən də yonca sahəsinin olması, həm sağlam quşların yetişdirilməsi baxımından, həm də yem qənaəti baxımından sərfəli olacaqdır. Bu baxımdan onların yemlənməsini yüksək səviyyədə etmək lazımdır ki, kütləsinin qısa müddətdə artımına maksimum nail olunsun. Həm də quşlar nə qədər kök olarsa, müştərini özünə daha çox cəlb edəcək. Menyuda qatıqla və ya şorla qarışdırılmış əzilmiş sarımsaq və ya soğan da varsa, quşların sağlam olması baxımından istəyinizə çatdınız deməkdir.
Məhsulun satışı.
İşin sizin üçün maraqlı olan tərəfinə gələk. Çoxlarınıza sirr deyil ki, qış aylarında, xüsusilə də yeni il ərəfəsində hind toyuğuna tələbat kifayət qədər yüksək olur. Hətta bu quşların əti hər kiloqrama görə 7-8 manatdan 10-15 manata qədər yüksəlir də. Həmçinin, ilin xüsusən bu mövsümündə ictimai iaşə obyektlərində, yəni kafe və restoranlarda hind toyuğu ətindən hazırlanan təamlar ən çox bəyənilən yeməklər sırasında olur.
Bu səbəbdən də aprel, may ayları ərzində başlanılmış işinizin nəticəsi kimi noyabr, dekabr aylarında məhsulunuz satışa hazır vəziyyətdə olacaq. Əslində bu prosesi növbəti ilin fevral ayına qədər də davam etdirmək mümkündür.
Nəticə.
Başlanğıcda təqribən 1-2 manata başa gələcək hər bir hind toyuğunun kütləsi 6-8 ay sonra orta hesabla 3 kq olarsa əldə edəcəyimiz minimum məbləğ 20-25 manat təşkil edəcəkdir. Bu isə çəkdiyiniz yekun (ilkin məhsulun alışı və yetişdirilməsi) xərc, yəni cücələrin qiymətinin 3 misli (3-6 manat) nəzərə alınmaqla hər bir hind toyuğuna görə əldə olunan mənfəət 17-21 manat təşkil edəcəkdir. Təbii ki, heç bir biznes itkisiz olmur. Maksimum itkini nəzərə alaq. Tutaq ki, hər 5 quşun 1-i tələf olmuşdur. Bu halda hər bir fərdə görə 16-20 manat qazanc əldə etmək mümkündür. Bunu isə yetişdirdiyiniz quşların sayına vursaq kifayət qədər böyük rəqəm əldə etmək mümkündür.
Göründüyü kimi, bu sahədə işə başlamaq olar. Bir sirr verim sizə, bu şəxsən özümün sınaqdan çıxardığım təcrübədir. Hal-hazırda da bu işlə məşğulam və əhatəsini genişləndirməyi planlaşdırıram. Soruşacaqsınız ki, bəs bazarda rəqiblərinin sayını niyə çoxaltmaq üçün bu qədər canfəşanlıq edirsən? Düzdür? Cavabı belədir: İstəyirəm müəllifi olduğum xeyirli bir iş görüm. Bu qədər sadə.
Siz də başlanğıc üçün yüngül xərc çəkməklə sınaqdan keçirə bilərsiniz. Doğruluğuna inanmaq üçün. Bir də ki, risk etməmək özü də risk sayılır axı. Bu artıq mənim sözüm deyil, biznesdə özünü doğrultmuş Mark Zükerberqin fikridir.
Dəyərli vaxtınızı ayırıb yazını sona qədər oxudunuzsa, bu özü mənim uğurum sayılır. Minnətdaram hər birinizə.
Müəllif: Ramil   Niftaliyev
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259