KADR İŞİ

Ezamiyyət xərcləri necə ödənilməlidir - Şərh
09 İYUL
158

Ezamiyyət xərcləri necə ödənilməlidir - Şərh

2019-07-09 11:36:00

Fins.az Trend-ə istinadən ezamiyyət xərcləri haqqında Business Service Centre şirkətinin maliyyə işləri üzrə müşaviri Leyla Kiçibəyovanın şərhini təqdim edir:

Ezamiyyət xərcləri haqqında məlumatlar ekspertlər tərəfindən cox müzakirə olunub və misallar ilə açıqlamalar da verilmişdir. Bu gün ezamiyyət xərcləri haqqında təsdiq edilmiş qərar və qaydalar barəsində daha geniş məlumat paylaşmaq istəyirəm. Bildiyiniz kimi bütün müəssisələr öz fəaliyyətlərini genişləndirmək və gəlir əldə edilməsi üçün zərurət yarandığı halda öz işçilərini ölkə daxilində və xaricində ezamiyyələrə göndərirlər. Müəssisə işçilərinin ezamiyyətə göndərilməsi təşkilatın rəhbəri tərəfindən verilən əmrlə təsdiq edilir, əmrdə ezamiyyətə göndərilən şəhər (rayon, ölkə) və günlər haqqında məlumat daxil edilir. Ezamiyyət xərclərinin normaları Azərbaycan Respublikasının Nazirlər Kabineti 25 yanvar 2008-ci il 14 №-li “Ezamiyyə xərclərinin normaları haqqında” Qərarı ilə təsdiq edimişdir. Qərarda qeyd edildiyi kimi Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80%-ni mehmanxana və 20%-ni gündəlik xərclər (yemək, rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlər üzrə xərclər daxil olmaqla) təşkil edir. Mehmanxana xərcləri barəsində müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda, ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50%-i ödənilməlidir. Xarici ölkələrə ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 60%-ni mehmanxana və 40%-ni gündəlik xərclər təşkil edir. İşçinin 1 günlük ezamiyyə xərclərinin normasına mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlər ilə bağlı xərclər daxildir. İşçiyə ödənilən gündəlik ezamiyyə xərci hər təqvim günü üçün hesablanır. Əgər işçi xaricə ezamiyyə olunursa ezamiyyə xərclərini mövcud qanunvericiliyə uyğun olaraq müvafiq xarici valyutaya çevirməklə ödəyirlər. Qaydalarda qeyd edildiyi kimi əgər dəvət edən tərəf bütün ezamiyyə xərclərini öz üzərinə götürürsə, bu halda işçiyə ezamiyyə xərci ödənilmir. Əgər dəvət edən tərəf işçini yalnız yaşayış yeri ilə təmin edirsə, bu halda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 40%-i həcmində, işçini yalnız yemək xərci ilə təmin edirsə, bu halda isə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 60%-i həcmində vəsait ödənilməlidir.

Bundan əlavə dəvət edən tərəf işçiyə yaşayış yeri və yemək xərcini nağd pulla ödəsə, işçiyə nağd qaydada ödənilən vəsait ezamiyyə xərclərinin 1 günlük normasından az olarsa, həmin fərq işçiyə ödənilməlidir. Dəvət edən tərəf işçini yeməklə təmin edərək yaşayış yeri üçün nağd pul verdiyi halda, işçiyə nağd qaydada ödənilən vəsait ezamiyyə xərclərinin 1 günlük normasının 60%-dən az olarsa, həmin fərq işçiyə ödənilir. Digər halda dəvət edən tərəf işçini yaşayış yeri ilə təmin edərək yemək üçün nağd pul verirsə, işçiyə nağd qaydada ödənilən vəsait ezamiyyə xərclərinin 1 günlük normasının 40%-dən az olarsa həmin fərq işçiyə ödənilir. Dəvət edən tərəfin xərcləri tam və ya qismən öz üzərinə götürməsi hər bir halda müvafiq sənədlər əsasında müəyyən edilir.

Ezam olunan ölkədə nəqliyyat xərcləri dedikdə, qanunvericiliyin mahiyyətinə görə ancaq ictimai nəqliyyat növündən istifadə başa düşülür.

İşçi tərəfindən səfər üzrə taksidən istifadə edildiyi halda həmin xərclər ezamiyyə xərclərində aid edilmir.

Qeyd etmək istərdim ki, Respublika daxili ezamiyyələr zamanı müvafiq əmrlə yanaşı, işçiyə bu Qaydalara uyğun olaraq «Ezamiyyə vəsiqəsi» də verilir. Ezamiyyə vəsiqəsində ezamiyyət yerinə gəlmə və getmə haqqında qeydlər aparılmalıdır. Əgər işçi müxtəlif yaşayış məntəqələrində olursa, gəlmə və getmə günləri haqqında hər məntəqədə, ayrı ayrılıqda qeyd aparılmalıdır. Lakin xarici ölkələrə ezamiyyələr zamanı işçi ezamiyyə vəsiqəsi əvəzinə pasport və ya onu əvəz edən sənədlər təqdim etməlidir. Müəssisələr öz işçilərini ezamiyyətə göndərəndə nəzərə almalıdırlar ki, ezamiyyət müddəti 40 gündən artıq ola bilməz.

Ezamiyyət xərcinin bir hissəsi avans olaraq işçiyə müəssisə tərəfindən ödənilməlidir.

Nəqliyyat xərcləri təqdim edilən sənədlər əsasında ödənilir və bu xərclərə nəqliyyatda sərnişinlərin icbari sığorta üzrə tədiyyələri, biletlərin qabaqcadan satışı üzrə xidmətin ödənilməsi, qatarlarda yatacaq ləvazimatlarından istifadə üçün və digər bu kimi xərclər də ezamiyyət xərclərinə daxil edilir (1 günlük normadan əlavə). Nəqliyyat vasitələrinin yola düşdüyü gün ezamiyyətə gedən gün və geri gəldiyi gün isə ezamiyyətdən qayıdan gün sayılır. Bundan əlavə qaydalarda qeyd edildiyi kimi nəqliyyat vasitəsi saat 24-ə kimi (saat 24 də daxil olmaqla) yola düşərsə, ezamiyyətə gedən gün cari gün sayılır, 00-saatdan sonra isə sonrakı günlər sayılır.

Ezamiyyət bitdikdən sonra işçi (təhtəlhesab şəxs) təhtəlhesabatını (avans hesabatı) 3 gün ərzində təqdim etməlidir. Təqdim edilmiş təhtəlhesabatında ezamiyyət zamanı xərclənilmiş məbləğlərin hesabatını təsdiq edilmiş sənədlər ilə müəssisənin mühasibatlığına təhvil verməlidir. İşçinin ezamiyyətdə olduğu vaxtında onun iş yeri və orta əmək haqqı saxlanılmalıdır. Ezamiyyət zamanı xərclər normadan artıq olarsa müəssisə öz sərəncamında qalan mənfəət hesabına bu xərcləri artıra bilər.

Vergi məcəlləsinin 109-cu maddəsində də qeyd edilir: - “faktiki ezamiyyə xərclərinin normadan artıq olan hissəsi gəlirdən çıxılmır.”

Normadan artıq ezamiyyət xərcləri müəssisənin xalis mənfəətindən silinə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9066
  • ₽ RUB
    0.027