KADR İŞİ

Rəhbərlə işçi arasındakı münasibətlər necə tənzimlənməlidir?
14 YANVAR
289

Rəhbərlə işçi arasındakı münasibətlər necə tənzimlənməlidir?

2019-01-14 18:59:00

Uğurlu karyera qurmaq, iş həyatına atılmaq heç də asan məsələ deyil. Kollektivlə münasibət bu məsələdə həll edici rol oynayır. Xüsusilə rəhbər şəxslərlə peşəkar müstəvidə münasibətləri tənzimləmək heç də asan məsələ deyil. Əslində bu məsələyə yanaşma birmənalı deyil. Bəziləri düşünür ki, rəhbərlə işçi arasındakı münasibət nə qədər səmimi olsa bir o qədər yaxşıdır. Digər bir qisim isə düşünür ki, bu peşəkarlığa zidd bir yanaşmadır. Bəs görəsən əslində rəhbərlə işçi arasında münasibətlər necə tənzimlənməlidir?

Ata Bankın Komplayens departamentinin direktoru Durna Həsənova qeyd edir ki, işçi və rəhbər arasında olan münasibətlər işin gedişinə ciddi təsir göstərir: “Bu səbəbdən də rəhbərlə işçi arasında mütləq güvən və hörmət olmalıdır. Yaxşı müdir rəhbərlik etdiyi sahə haqqında müfəssəl bilgilərə, insanlarla ünsiyyətdə xüsusi yanaşmaya sahib olmalı və psixologiyanı bilməlidir. Çətin situasiyalarda sürətli, çevik qərar vermə qabiliyyətinə malik olmaqla yanaşı, həmçinin, işçilərə motivasiya verərkən və tənqid edərkən balansı gözləməlidir. Tapşırıq və ünsiyyət zamanı işçilərlə empatiya (özünü başqasının yerində hiss etmə) hissini qorumalıdır”.

Azər Türk  Bank-ın İnsan Resursları (İR) Departamentinin direktoru Vüqar Bayramov hesab edir ki, rəhbərlə işçi arasında müəyyən subordinasiya qaydaları olmalıdır: “Çünki bu olmadıqda bütün körpülər qırıla bilər. Həddindən artıq səmimiyyət müəyyən məsələlərdə işin gedişinə mənfi təsir göstərə bilər. Bununla yanaşı, rəhbərlə işçi arasında həddən artıq rəsmi münasibətin də tərəfdarı deyiləm. Rəhbər daima işçiyə açıq olmalıdır. İşçi öz təşəbbüslərini, problemlərini dilə gətirməkdən çəkinməməlidir. Rəhbər özü də işçiyə qarşı diqqətli və məsuliyyətli olmalıdır. Biz günümüzün böyük hissəsini işdə keçiririk. Ona görə də bir komanda olaraq bir-birimizə dəstək olmalıyıq. Xüsusilə də eyni strukturda çalışan əməkdaşlar daha mehriban olmalıdırlar. Azər Türk Bankda olduğum qısa müddət ərzində mən bu tendensiyanın şahidi oldum. Rəhbər-işçi münasibətləri burada səmimi müstəvidə qurulub. Amma yenə də qeyd edirəm ki, müəyyən sərhədlər var ki, onu keçmək olmaz”.

"Vodafone" şirkətinin Qlobal Satınalma üzrə mütəxəssisi Emin Quluyevhazırda əksər şirkətlərdə yaxşı menecer çoxdur. Amma yaxşı lider azlıq təşkil edir: “Yaxşı lider işçiyə etibar etməli, müəyyən müddətdən sonra layihələrdə fərdi çalışması üçün azadlıq verməli, lazım olanda köməyini təklif etməli, səmimi kommunikasiya ilə onun nailiyyətlərini qeyd etməli və inkişafa ehtiyac olan bacarıqlarını dostyana bildirməlidir. İşlədiyim şirkətdə menecerlərlə işçilər arasında iyerarxiya hiss olunmur və hamı bir – birinə öyrənmə mənbəyi kimi davranır. Mənim də işçim var. Hər ay təkbətək söhbətdə bir-birimiz haqda fikirlərimizi paylaşırıq, şəxsi və peşəkar inkişaf üçün ona təkliflərimi verirəm. Çünki qeyd etdiyim kimi bir şirkətin mərkəzində işçi amili olmalıdır. Məncə, inkişafa başqa alternativ yoxdur. Loyallığı yaradan səbəb də korporativ dəyərlərdir. Hazırda əksər böyük şirkətlərdə texnologiyanın tətbiqi gedir. Bəzi işçilər texnologiyanın onları işsiz qoyacağından narahatdır amma bu, belə deyil. Sonda texnologiyanı idarə edən şəxslərdir və işçilər indidən texnologiyaya inteqrasiya olmağı öyrənməlidir”.

“Modern Group” Şirkətlər Qrupunun baş direktoru Anar Bayramov Düşünür ki, rəhbərlə işçi arasındakı məsafə nə qədər böyük olarsa bir o qədər səmimiyyətsizlik və uçurum olacaq: “Çünki münasibətlərdə səmimiyyət çox vacibdir. Rəhbər işçiyə işçi kimi deyil, insan kimi yanaşmalıdır əvvəlcə. Biz yalnız o zaman əsl iş mühitindən danışa bilərik. Bütün işçilərə eyni gözlə baxılmalı, ayrı-seçkiliyə yol verilməməlidir”.

© Banco.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264