KADR İŞİ

Anar Bayramov: “Rəhbərdən qorxan işçi şirkəti geriyə atır”
18 DEKABR 2018
216

Anar Bayramov: “Rəhbərdən qorxan işçi şirkəti geriyə atır”

2018-12-18 16:03:00

Deyir ki, idarəetmənin prinsipləri bütün sektorlar üçün keçərlidir. Menecer özünü yetişdirərkən hansısa sektor üzrə mütəxəssis kimi deyil, idarəedici kimi formalaşdırmalıdır. Düşünür ki, yaxşı idarəçi bütün sahələrdə öz işinin öhdəsindən gəlməlidir. Fins.az xəbər verir ki, Banco.az-ın bu dəfəki müsahibi “Modern Group” Şirkətlər Qrupunun baş direktoru Anar Bayramovdur.

Hələ universitetin 3-cü kursunda oxuyarkən “Müller İnteryer” şirkətində mühasib üzrə vakant yer olduğunu öyrənən həmsöhbətim vakansiyaya müraciət edir və şirkətdən müsbət cavab alır. Elə hər şey oradan başlayır: “İlk baxışda şirkət çox xoşuma gəldi. Məncə müsahibəm də yaxşı keçmişdi. Sonradan orada baş mühasib, maliyyə direktoru vəzifəsinə qədər yüksəldim. 2008-ci ildə isə şirkətin rəhbəri vəzifəsinə təyin olundum. Həmin vaxt heç 23 yaşım tamam olmamışdı. Düşünürəm ki, bu mənə göstərilən etimadın bariz nümunəsi idi və karyeramda ciddi bir tramplin rolunu oynadı. Çünki artıq idarəetməyə yüksəlmişdim. Şirkət orta ölçülü olsa da, orada işləmək məndə özümə inam formalaşdırdı. Hələ tələbə ikən düşünürdüm ki, Azərbaycan reallığında karyeraya kiçik şirkətlərdə başlamağın üstünlükləri daha çoxdur. Çünki səni qısa müddətdə biznesin bütün tərəflərini görmüş olursan. Bu mənim karyeramın sonrakı mərhələlərində ciddi rol oynadı.

- Qeyd etdiniz ki, 22 yaşında şirkət rəhbəri olmusunuz. Sizcə, rəhbər olmaq üçün tez deyil?

- Əlbəttə, bu, çox çətin idi. Şirkətdə çalışanların demək olar ki, hamısı məndən yaşca böyük idilər. Amma qısa müddət ərzində liderlik testindən uğurla keçə bildim və hamı tərəfindən qəbul olundum. İşçi şirkətin içində böyüyəndə imtahandan keçmək daha da çətin olur. Amma məndə bu alınmışdı.

- Bu günə kimi müxtəlif sektorlarda idarəedici olmusunuz? Sizin üçün hansı sahə daha çətin olub?

- Məncə idarəedici üçün sektorun fərqi olmamalıdır. İdarəetmənin əsas prinsipləri müxtəlif sektorlar üçün keçərlidir. Menecer özünü yetişdirərkən hansısa sektor üzrə mütəxəssis kimi deyil, əsl idarəedici kimi formalaşdırmalıdır. Məsələn, mən 9 ilə yaxın mebel sektorunda çalışsam da, heç vaxt özümü mebelçi kimi mövqeləndirməmişəm. Bu mənim işimə hər zaman yarayır. Yaxşı idarəçi tamamilə fərqli sektorlarda uğurlu ola bilər.

- Uğurlu karyerası olan insanlar işi tez-tez dəyişmək haqda fərqli fikirlər səsləndirir. Bəs siz hansının tərəfdarısınız?

-Məncə, bunun bəlli bir formulası yoxdur. Mən özüm ilk iş yerimdə 7 il çalışmışam. Hazırki iş yerimə - Modern Group-a isə 2012-ci ildə gəlmişəm. Yəni belə desəm, tez-tez iş yerini dəyişən biri deyiləm. Amma ümumilikdə dəyişiklik lazımdırsa, bunu etmək lazımdır. Yəni konkret bir müddət təyin etmək düzgün olmaz. Əslində tez-tez iş dəyişmək yaxşı hal deyil. Digər tərəfdən ambisiyalı insanlar heç vaxt iş dəyişməkdən çəkinmirlər. Onlar çalışdıqları müəssisədə qorxu altında işləmirlər. Peşəkar insan istədiyi mühiti tapmadıqda sərbəst şəkildə qərar verərək işini tərk edir. Burada pis heç nə yoxdur. Amma bunu arzulamaq, yaxud işi dəyişməyə can atmaq lazım deyil. Əgər şirkət inkişaf etmirsə orada yeni çağırışlar və həyəcan yoxdursa orada qalmaq da düzgün deyil. İşçi şirkətlə bərabər böyüyür. Amma monoton olaraq illərlə eyni işi yeni heç nə öyrənmədən etmək faydasızdır. Yeni dəyərlər yarada bilməyəndə iş maraqsız olmağa başlayır.

- Bəs karyerada təhsilin rolunu necə qiymətləndirirsiniz?

- Mənim bəxtim gətirib ki, Azərbaycanda ənənəvi mühitdən bir qədər fərqli sistemdə təhsil almışam. İqtisad universitetinin xüsusi istedadlar qrupunu bitirmişəm. Bizdə mühit bir qədər fərqli idi. Tələbələrə düzgün istiqamət verilirdi. Nəticə çıxarmağı bacaran və müəyyən baza bilikləri alan insanlar düzgün istiqaməti tapa bilir. İndiki dövrdə dünyanın bütün nöqtələrinə çıxış imkanımız var. Ali təhsil öyrənməyin yollarından yalnız biridir. Təkcə universiteti bitirməklə kifayətlənmək olmaz. Adətən məndən ədəbiyyat soruşurlar ki, nəyi haradan oxuyum? Əslində bir mövzunu bir çox mənbələrdən araşdırmaq lazımdır. İndi artıq öyrənməyin forması da dəyişib. Universitetlərə yanaşma növbəti onillikdə tamamilə başqa cür olacaq.

- Bir çoxu fikirləşir ki, rəhbər olmaq üçün kimsə sənə day-daylıq etməlidir. Bu fikirlə razısınızmı?

- Öz təcrübəmdən deyə bilərəm ki, mən hər şeyi yalnız öz bacarığımla əldə etmişəm. Əslində bu məsələyə baxış da fərqlidir. Kiminsə sənin haqda müsbət referans verməsi kifayət qədər sağlam bir haldır. Əslində bu əlaqələri qurmağın özü də insandan bacarıq tələb edir. Müəyyən yaş həddinə çatdıqda sənə referans verəcək kimsə yoxdursa bunun özü də problemdir. Amma işçinin öz əməyinə və qabiliyyətinə görə yox, kiminsə hesabına rəhbər olması neqativ haldır. “Azərbaycanda yalnız bu yolla qalxmaq olar” düşüncəsinin əleyhinəyəm.

- Həmin gənclərə nə kimi tövsiyəniz olardı?

- Onlara tövsiyə edərdim ki, neqativ düşüncələrdən əl çəksinlər. Bütün günü təndiq etmək, neqativ fikirləri yaxına buraxmaq xoşbəxtlik gətirmir. Kimdəsə günah axtarmaqdansa, davamlı “güzgüyə baxmaq” və öz üzərində işləmək lazımdır.

- İdarəçiliyin hansı asan və çətin tərəfləri var?

- İdarəedici olmaq insandan peşəkarlıq və bilik tələb edir. Təcrübə ilə yanaşı, mütərəqqi idarəçilik alətlərini bilmək lazımdır. İdarəedici insanların əsəbləri güclü olmalıdır. İnsanlarla dil tapmağı bacarmaq lazımdır. Şəxsi önyarğıları, emosiyaları bir kənara qoymaq lazımdır. Amma düzünü desəm, idarəçiliyi və biznesi qəlizləşdirməyin də əleyhinəyəm. Biznesə nə qədər sadə yanaşsan hər şey o qədər daha yaxşı olur. Peşəkar idarəçi çətinliklərə bir növ marafon kimi yanaşmalıdır. Əgər yıxılırsansa durub yenidən qaçmaq lazımdır. Bu, həm də yaxşı mənada həyəcan verir. Mən özüm bundan böyük motivasiya alıram. Hər gün başqa problem, həyəcan işi daha da maraqlı edir.

- Özünüzü necə bir idarəedici kimi xarakterizə edərdiniz?

- Çalışıram ki, hər zaman ədalətli olum. Əslində mənim dəyərlərim çoxdur. Hər şeyi açıq və şəffaf şəkildə danışmağın, demokratiyanın, liberallığın, sərbəstliyin tərəfdarıyam. İşçiləri həvəsləndirməyin vacibliyini düşünürəm. Əks halda onlar tam potensialını ortaya qoymayacaqlar. Çalışıram ki, qorxunu yaxına buraxmayım. Rəhbərdən qorxan işçi şirkəti geriyə atır. Mənə ambisiyalı, heç nədən qorxmayan işçilər lazımdır. Fərqli fikirləri hər zaman dəstəkləmişəm.

- İşçilərinizlə münasibəti necə tənzimləyirsiniz?

- Tez-tez rastlaşdığım suallardan biri odur ki, rəhbərlə işçi arasında məsafə olmalıdırmı? Düşünürəm ki, aradakı bu məsafə nə qədər böyük olarsa bir o qədər səmimiyyətsizlik və uçurum olacaq. Çünki münasibətlərdə səmimiyyət çox vacibdir. Rəhbər işçiyə işçi kimi deyil, insan kimi yanaşmalıdır əvvəlcə. Biz yalnız o zaman əsl iş mühitindən danışa bilərik. Bütün işçilərə eyni gözlə baxılmalı, ayrı-seçkiliyə yol verilməməlidir.

- İşiniz şəxsi həyatınıza necə təsir edir?

- Hər ikisi qarşılıqlı olaraq bir-birinə təsir edir. Düşünürəm ki, bu iki anlayışı bir-birindən ayrı təsəvvür etmək mümkün deyil. Əgər evdə ciddi bir problem varsa iş vaxtı onu düşünməmək mümkün deyil. Həmçinin, işlə bağlı hər hansı bir çətinliyin varsa evə getdikdən sonra onu yaddan çıxara bilməzsən. Mən ümumiyyətlə, işimi planlayarkən ümumi planlayıram. Çünki ümumi baxanda həyat daha asan və maraqlı olur. Ayrı-ayrılıqda onlar bir-birinə maneə kimi görünür.

- Müsahibələrinizin birində demisiniz ki, şəxsi PR-a çox əhəmiyyət verirsiniz. Bir az da bu haqda danışaq?

- Şəxsi PR-ın çox vacib olduğunu düşünürəm. Çünki hər birimiz öz markamızı formalaşdırırıq. Anar Bayramov deyəndə insanların ağlına nə gəlir? Və yaxud necə bir mütəxəssis, menecer assosiasiya olunur? Əgər şəxsi markamızı formalaşdırırıqsa markamızın PR-ı da olmalıdır. Əgər bu olmazsa digərinin əhəmiyyəti azalır. Əgər sən yaxşı bir məhsulsansa və bundan heç kimin xəbəri yoxdursa bunun nə mənası var? İndi rəqabət şəraiti çox güclüdür. Mütəxəssislər arasında çox güclü rəqabət gedir. Önə çıxmaq üçün mütləq şəkildə öz PR-nı aparmalısan. Amma bu o demək deyil ki, təkcə PR-la kifayətlənmək olar. PR sadəcə təşviqat tərəfidir. Önəmli olan PR edilməyə layiq nəyinsə olmasıdır ki, sən onu PR edə biləsən. Əks halda istənilən effekt olmayacaq.

- Peşəkar idarəçi kimi işinizi necə idarə edirsiniz. Qrafikiniz varmı?

- Planlı şəkildə işləməyin tərəfdarıyam. 

- Sonda gələcək planlarınızı soruşmaq istərdik.

- Mən özümə hesabat verən insanam. Çalışıram ki, ilin sonunda növbəti ilin hədəflərini müəyyən edim. Bu, təkcə karyeramla bağlı hədəflər deyil. Şəxsi həyatımla bağlı planları da əvvəlcədən hazırlayıram. İlin sonunda isə bu hesabatı yalnız özümə verirəm.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9323
  • ₽ RUB
    0.0256