KADR İŞİ

Azərbaycanda ən çox tələb olunan peşələr hansılardır? - ARAŞDIRMA
29 OKTYABR
194

Azərbaycanda ən çox tələb olunan peşələr hansılardır? - ARAŞDIRMA

2018-10-29 09:35:00

Sirr deyil ki, Azərbaycanda hamı bitirdiyi ixtisas üzrə çalışmır. Ali məktəblərin elə ixtisasları var ki, plandakı say qədər heç tələbat belə yoxdur, məsələn beynəlxalq iqtisadi münasibətlər. Bəs görəsən, Azərbaycanda hansı peşələrə tələbat yüksəkdir? 

Bu suala aydınlıq gətirmək üçün əmək bazarının mütəxəssislərindən rəylərini alıb. 

Yeni vakant sahələr yaranıb

 

İRES şirkətinin rəhbəri və HR sektorunda böyük təcrübəyə malik Afa Həsənovanın sözlərinə görə, hazırda əmək bazarında axtarılan peşələrin siyahısına kənd təsərrüfatı sektoru qoşulub.

“Azərbaycanda kənd təsərrüfatının daha çox inkişaf etməsi nəticəsində bu sahədə müxtəlif peşələr üzrə vakansiyalar elan edilməyə başlayıb. Xüsusən də emal sənayesi üzrə təcrübəli kadrlara ehtiyac var”.

Axtarılır arasında...

Ən çox istənilən və ciddi şəkildə vakansiya elanları verilərək, işçi axtarılan peşələrin siyahısına daxildir: əməliyyat direktoru, planlaşdırma direktoru, marketinq menecerlər, emal sahəsi üzrə mütəxəssislər.

Emal sənayesi üzrə kadrlara tələbat isə daha çox regionlardadır.

Axtarış siyahısında daimi dəbdə olan və heç vaxt nüfuzunu itirməyən peşələrə isə maliyyə sahəsi daxildir. Çünki, şirkətlərin yüksək ixtisaslı baş mühasib, maliyyə direktoruna ehtiyacları böyükdür.

İşədüzəltmə saytlarının mütəxəssisləri bildirirlər ki, 2019-cu ilin yanvarın 1-dən Azərbaycanda bir neçə böyük neft-qaz layihələri başlayacaq və bu layihələrə işçi axtarılacaq. Amma ümumilikdə neft sektoruna tələbat əvvəlki kimi elə də yüksək deyil.

Ekspertin əlavəsi...

Əmək bazarı üzrə tanınmış ekspert Sahib Məmmədov isə tələb olunan peşələrin siyahısına bəzilərini də əlavə etdi. Onun sözlərinə görə, Azərbaycanda İT bilikləri yüksək olan, müasir işıqlandırma sistemlərini, kommunikasiya texnologiyalarını, dünya standartlarını bilən mühəndislərə böyük ehtiyac var. Üstəlik, peşə təhsilinin səviyyəsinin aşağı olması səbəbindən ixtisaslı dərzilərə, elektrik çilingərlərinə belə ehtiyacı qarşılamır.

S.Məmmədov əlavə etdi ki, Azərbaycanın əmək bazarının tələbatı  öyrənilmir.

“Çünki qeyr-formal  əmək bazarı daha böyükdür. Bizdə əmək müqaviləsi ilə işləyənlərin sayı cəmi  1 milyon 200 mini keçmir. Halbuki, işləyənlərin sayının 5 milyondan çox olduğu deyilir”.

Fərqlər nədən qaynaqlanır?

Təbii ki, əmək bazarında tələbat olan peşələr üzrə əmək haqları da yüksək olur. A.Həsənova hesab edir ki, bu, bir neçə faktorlardan asılıdır. Belə ki, əmək bazarında təklif edilən maaşlar sektorlardan, şirkətlərin nüfuzundan və işçilərin hazırlıq səviyyəsindən çox asılıdır. Hər üç fərqi nəzərə alsaq, hazırda ən yüksək maaşlı peşələr hüquqşünas, maliyyəçi, HR direktor və marketinq menecerlərdir. Amma onu da nəzərə almaq lazımdır ki, bu ixtisaslara yerli şirkətlərlə, əcnəbi şirkətlərin təklif etdiyi əmək haqları da eyni deyil.  

Ən çox maaş almaq istəsəniz...

Əgər oxucularımızdan kimsə, Azərbaycanda ən yüksək əmək haqqı almaq barədə düşünürsə, bildirək ki, bunun üçün xarici şirkətlərin Azərbaycandakı nümayəndəliklərinin rəhbəri olmalısınız.  Çünki onların aylıq maaşları 10-20 min manat arasında dəyişir. Bundan başqa, Azərbaycandakı xarici şirkətlərdə 7-10 min manat alan hüquqşünaslar, maliyyə direktorları da var.

oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258