KADR İŞİ

Boşdayanma vaxtı əməyin ödənilməsi
04 SENTYABR
161

Boşdayanma vaxtı əməyin ödənilməsi

2018-09-04 14:32:00

Boşdayanma vaxtı - elə vaxta deyilir ki, bu vaxt ərzində işçi işdə olub, lakin iş prosesində (xidmət, istehsal) iştirak etməmişdir.

Boşdayanma bir neçə səbəbdən baş verə bilər:

  • işçinin təqsiri üzündən (misal üçün, işçinin səhlənkarlığı səbəbindən avadanlığın xarab olması)
  • işəgötürənin təqsiri üzündən (misal üçün, istehsal sexinə lazımi materialların vaxtında gəlməməsi səbəbindən işlərin dayanması)
  • nə işçinin, nə də işəgötürənin təqsiri üzündən (misal üçün, ölkədə elektrin enerjisi verilişinin kəsilməsi)
AR Əmək Məcəlləsinin 169 maddəsinə əsasən:

Boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdəişçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.

İşçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir.

Beləliklə, işçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir. Bütün digər hallarda boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.

Qeyd etmək lazımdır ki, boşdayanma vaxtı yalnız o zaman ödənilir ki, boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etsin. Xəbərdarlığın yazılı formada olması daha məqsədəuyğundur.

Boşdayanma vaxtı işçinin istəyi ilə ona ödənişsiz məzuniyyət verilə bilər. Lakin, məcburi edilə bilməz.

Eyni zamanda, bilmək lazımdır ki, AR Əmək Məcəlləsinin 146.2 maddəsinə əsasən:

- İşəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq məbləğdə əmək haqqı ödənilir.

Bundan başqa, AR Əmək Məcəlləsinin 60-cı maddəsisə əsasən, işçi, onun razılığı olmadan istehsalat zəruriyyəti və boşdayanma hallarının qarşısını almaq məqsədi ilə bir ay müddətinə, müvəqqəti olaraq başqa işə keçirilə bilər. Bu halda işçi onun səhhətinə mənfi təsir edən, habelə aşağı ixtisaslı işə keçirilə bilməz. Başqa işə keçirilmə müddətində işçinin əməyi görülən işin müqabilində, lakin əvvəlki orta əmək haqqından aşağı olmamaqla ödənilir.

Boşdayanmanın sənədləşdirilməsi.

İşçidən boşdayanma vatının başlanması haqqında yazılı (məsləhətdir) məlumat aldıqdan sonra, bölmə rəhbəri (briqadir, usta, digər vəzifəli şəxslər və s.) müəssisə rəhbərinə xidməti məlumat yazır. Xidməti məlumat aşağıdakı mətndə hazırlana bilər:

Qayalı MMC-nin

Baş icraçı direktoru Məmmədov K.D.

istehsalat sexinin rəhbəri Əliyev A.P. tərəfindən

XİDMƏTİ MƏLUMAT

Nəzərinizə çatdırmaq istəyirəm ki, 03-04 İyul 2018-ci il tarixlərində saat 09:00-dan saat 18:00 kimi elektrik enerjisi verilişinin kəsilməsi nəticəsində istehsalat sexində boşdayanma yaranmışdır.

05.07.2018 İmza: Əliyev A.P.

Alınan "Xidməti məlumat" əsasında müəssisə rəhbəri "Əmr" verir. Əmr-də aşağıdakı məlumatlar qeyd edilməlidir

  • boşdayanmanın başlanması və müddəti;
  • boşdayanmanın səbəbləri;
  • boşdayanma vaxtı əməyin ödənilməsi.
Əmri bu formada hazırlamaq olar:

Qayalı MMC

ƏMR N_____

05.07.2018

Boşdayanma vaxtı əməyin ödənilməsi barədə

     Elektrik enerjisini təmin edən operatorun təqsiri üzündən istehsalat sexinin elektrik enerjisinin dayandırılması nəticəsində sexdə boşdayanmanın yaranması ilə əlaqədar olaraq,

     ƏMR EDİRƏM

     1. 03-04 iyul 2018-ci il tarixlərində istehsalat sexində yaranan işçilərin boşdayanma vaxtı tarif (vəzifə) maaşının üçdə iki hissəsi miqdarında ödənilsin.

     2. Sex rəhbərliyi bu Əmr-in mətnini istehsalat sexinin işçilərinə çatdırsın.

Baş İcraçı Direktor: Məmmədov K.D.

Əmr ilə tanış oldular:

SAA Vəzifəsi İmza Tarix

Boşdayanmanın ödənilməsi.

Boşdayanma vaxtı iş vaxtının uçot tabeli məlumatları əsasında ödənilir. Tabeldə boşdayanmanın tarixi və saatları göstərilir.

Əmək haqqının vaxtamuzd ödənilmə sistemində işçilərin əməyi

  • saatlıq,
  • gündəlik,
  • və müəyyən edilmiş vəzifə maaşına görə ödənilə bilər.

Müəssisədə işçinin əmək haqqısı saatlıq vəzifə maaşı əsasında müəyyən edilibsə, o zaman, boşdayanma vaxtı əmək haqqı aşağıdakı kimi hesablanır:

 

Əmək haqqı = Saatlıq tarif dərəcəsi * işlənilmiş iş saatları + Saatlıq tarif dərəcəsi * 2/3 * boşdayanma saatları

 

Müəssisədə işçinin əmək haqqısı gündəlik vəzifə maaşı əsasında müəyyən edilibsə, o zaman, boşdayanma vaxtı əmək haqqı aşağıdakı kimi hesablanır: 

Əmək haqqı = Gündəlik tarif dərəcəsi * işlənilmiş günlərin sayı + Gündəlik tarif dərəcəsi * 2/3 * boşdayanma günlərinin sayı

Müəssisədə işçinin əmək haqqısı aylıq vəzifə maaşı əsasında müəyyən edilibsə, o zaman, boşdayanma vaxtı əmək haqqı aşağıdakı kimi hesablanır: 

Əmək haqqı = Vəzifə maaşı : ayda iş günlərinin sayı * işlənilmiş iş günləri + Vəzifə maaşı * 2/3 : ayda iş günlərinin sayı * boşdayanma günləri
Misal. Boşdayanma vaxtı əməyin ödənilməsi

02-04 iyul 2018-ci il tarixlərində Qayalı MMC-nin istehsalat seninin işçisi Əsgərov Y.O. elektrin enerjisinin verilişinin kəsilməsi səbəbindən yaranmış boşdayanma vaxtı işləməmişdir.

Əsgərovun vəzifə maaşı 800 AZN-dir. Müəssisədə 5 günlük iş həftəsi tətbiq edilir. Müəssisə rəhbərinin əmri ilə boşdayanma vaxtı işçinin vəzifə maaşının üçdə iki (2/3) hissəsi miqdarında ödənilir.

2018-ci il İyul ayında 22 iş günü vardır.

Əsgərovun 02-04 iyul 2018-ci il tarixləri (3 iş günü) üçün alacağı əmək haqqı olacaqdır:

800 * 2/3 : 22 * 3 = 72.72 AZN

Əsgərovun 05-31 iyul 2018-ci il tarixləri (19 iş günü) üçün alacağı əmək haqqı olacaqdır:

800 : 22 * 19 = 690.91 AZN

Boşdayanma ilə bağlı AR Əmək Məvcəlləsinin aşağıdakı maddələrini də nəzərdən keçirmək lazımdır.

AR Əmək Məvcəlləsi, Maddə 233. Soyuq və isti havalar şəraitində fasilələr və işin dayandırılması

1. İşçilər aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən onlara qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır.

2. İşçilər havanın temperaturu azı 41 dərəcə Selsidən çox olan isti və açıq şəraitli iş yerlərində və ya ilin soyuq vaxtında, temperaturu müsbət 14 dərəcə Selsidən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara bu maddə ilə müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır.

3. İşçilərə fasilələr verilməsi və işin dayandırılması üçün əsas hesab edilən havanın temperaturu və küləyin gücü bu Məcəlləyə 2-ci əlavədə nəzərdə tutulmuşdur.

4. Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir.

5. İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.

AR Əmək Məvcəlləsi, Maddə 230. Təhlükəsiz əmək şəraitinin təmin edilməməsi ilə əlaqədar məcburi boşdayanmaya, yaxud işdən imtina etməyə görə işçilərin təminatları

1. İşçilərin təqsiri olmadan müəssisələrdə və ya bilavasitə iş yerlərində əməyin mühafizəsi qaydalarının pozulması nəticəsində işin dayandırıldığı müddətdə onların iş yeri, vəzifəsi (peşəsi) və orta əmək haqqı saxlanılır.

2. İşəgötürən tərəfindən təhlükəsiz əmək şəraiti təmin edilmədikdə və bununla əlaqədar sağlamlığı və ya həyatı üçün təhlükə olduqda, işçi əmək funksiyasının icrasından imtina və müəyyən olunmuş qaydada təkbaşına tətil elan edə bilər. Bu halda işçi hər hansı məsuliyyət daşımır və həmin əmək mübahisəsi müəyyən olunmuş qaydada həll edilir.

Mənbə: http://www.muhasib.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9876
  • ₽ RUB
    0.0249