KADR İŞİ

Vergi imtahanından necə keçmək olar? – PROQRAM VƏ QAYDALAR
10 YANVAR
1387

Vergi imtahanından necə keçmək olar? – PROQRAM VƏ QAYDALAR

2017-01-10 09:07:00

Məlum olduğu kimi Vergilər Nazirliyi  ərazi və rayon vergi şöbələrində olan vakant yerlər üçün müsabiqə elan etmişdir. Bir çox namizədlər müsabiqədə ilk dəfə iştirak etdiyindən, həmçinin əvvəlki müsabiqədən uzun zaman keçdiyindən namizədlər üçün bəzi suallar yaranmışdır. Məhz bununla əlaqədar olaraq müsabiqənin təşkili, qeydiyyat, qaydalar  və müsabiqə proqramları haqqında ətraflı olaraq bütün suallara aydınlıq gətirəcəyik.

Sənəd qəbulu

Müsabiqəyə sənəd qəbulu 05.01.2017 tarixində başlayıb, 18.01.2017-ci il tarixinə qədər davam edəcəkdir.İmtahanda iştirak etmək istəyən namizədlər Vergilər Nazirliyinin saytından elektron qaydada qeydiyyatdan keçməklə  müvafiq iş nömrəsini əldə edə bilərlər. Elektron formada qeydiyyatdan keçə bilməyən namizədlər Vergilər Nazirliyinin Bakı və yaxud regionlardakı vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər. Sənədləri qəbul edilmiş namizədlər mütləq olaraq imtahana buraxılış vərəqəsini  25.01.2017 tarixindən 27.01.2017 tarixinə qədər Nazirliyin inzibati binasından götürməlidirlər.

İmtahanın təşkili

İmtahanlar bugünə TQDK tərəfindən həyata keçirilirdi. Yeni  qaydalara əsasən test imtahan mərhələsi Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunacaq. İmtahan yeri və vaxtı DİM tərəfindən müəyyən olunaraq 28.01.2017  tarixində baş tutacaqdır.Test imtahanı üçün vaxt 3 saat təşkil edir.

Şərtlər və Test imtahan programı

Test kitabçasında namizədə 100 sualdan ibarət testlər təqdim olunur və hər sual 1 balla qiymətləndirilərək nəticədə 70 və daha çox bal toplamış namizədlər 2-ci mərhələyə buraxılır.Test imtahan proqramı aşğıdakıları əhatə edir:

1)    Məntiq                 10 sual

2)   İnformatika         10 sual

3) İqtisadi biliklər, Mühasibat uçotu haqqında qanun, Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikası Prezidentinin fərmanları və Nazirlər Kabinetinin qərarları, Vergilər Məcəlləsi, Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Prosessual Məcəllə, Mülki Məcəllə, Cinayət Məcəlləsi, Cinayət Prosessual Məcəlləsi və digər qanunvericilik aktlarını əhatə edən           80 sual

Qeyd edək ki, test imtahan proqramına daxil olan materialın çox olmağı namizədləri çaşdırmamalıdır.Belə ki, yuxarıda adları çəkilən məcəllə və digər qanunvericilik aktlarından bəziləri tam olaraq yox, müəyyən bir hissələri ilə imtahana düşə bilər.Vergi Məcəlləsindən düşən suallar isə ümumi və xüsusi hissəni özündə tam əks etdirməklə yanaşı əksəriyyətini praktiki-məsələ tipli suallar təşkil edir. Nəzərə alsaq ki, proqram kifayət qədər genişdir və namizədlər hansi tip suallarla qarşılaşacaqlarından xəbərsizdir, buna görə də imtahanda düşə biləcək suallardan bəzilərini sizə təqdim edirik.

1)      Cinayət təqibi və prosesi nədir?

2)      İnzibati  xəta nədir?

3)      Real və Nominal ÜDM nədir?

4)      İşsizliyin hansı növləri vardır?

5)      Milli hesablar nədir?

6)      İnflyasiya nədir, növləri?

7)      Subvensiya,subsidiya,sekvestr nədir?

8)      Mərkəzləşdirilmiş fondlar hanılardır?

9)      Amortizasiya nədir,hansı metodları vardır?

10)  İnventarizasiya zamanı artıq gəlmiş pul vəsaitlərinin mədaxil edilməsi uçotda necə əks olunur?

11)  Aksiz nədir? Bu vergi növünün ödəyiciləri kimlərdir?

12)  İşlərin görüldüyü yer daşınan əmlakla bağlıdırsa,ƏDV məqsədləri üçün  işlərin görüldüyü yer hansı yer sayılır?

13)  Əvəzləşdirilən ƏDV məbləği və ƏDV depozit hesabı nədir?

14)  Fərqlənmə nişanı olmadan avtonəqliyyat vasitələri ilə sərnişin və ya yük daşımalarına görə hansı məbləğdə maliyyə sanksiyası tətbiq olunur?

15)  Bələdiyyələr əmlak vergisinin ödənilməsi barədə tədiyyə bildirişini nə vaxt vergi ödəyicisinə təqdim etməlidirlər?

16)  Vergi yoxlamaları hansı formalarda ola bilər?

17)   Aylıq vəzifə maaşı 2500 manatdan artıq şəxs  üçün gəlir vergisi hansı qaydada tutulur?

18)  Məcburi köçkünlərin binalara görə ödəməli olduğu əmlak vergisinin məbləği nə qədər azaldılır?

19)  Fiziki şəxslərdən ödəmə mənbəyində vergi tutulduğu halda vergitutma obyekti nədir?

20)  AR Konstitusiyasına əsasən dövlətin ali məqsədi nədir?

21)  Marjinal faydalılıq nədir?

22)  Minimum əmək haqqının məbləği hansı icra hakimiyyəti orqanı tərəfində müəyyən olunur?

Qeyd edək ki, yuxarıda qeyd olunmuş suallar  imtahana düşə biləcək potensial sualların təxminən 10%-ni təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+1°C
  • $ USD
    1.7352
  • € EUR
    1.8522
  • ₽ RUB
    0.0301