KADR İŞİ

Bu universitetin məzunları Avropada da işləyə biləcəklər
02 AVQUST
402

Bu universitetin məzunları Avropada da işləyə biləcəklər

2016-08-02 12:30:00

Azərbaycanda bu ildən fəaliyyətə başlayan Fransız-Azərbaycan Universitetinə (UFAZ) qəbul imtahanın nəticələri açıqlanıb. Təhsil Nazirliyindən fins.az-a verilən məlumata görə,universitetə 160 qəbul yeri üçün  imtahanda 280 nəfər iştirak edib. Onlardan 120 nəfəri dövlət sifarişi, 40 nəfəri isə ödənişli əsaslarla UFAZ-ın tələbəsi olub.

İmtahandan uğurla keçən  abituriyentlərə sənədlərini təqdim etmək üçün verilən vaxt bu gün başa çatır. Təhsil Nazirliyi UFAZ-ın tələbəsi adını qazanan şəxslərin siyahısını Dövlət İmtahan Mərkəzinə (DİM) təqdim edəcək. Həmin tələbələr artıq digər ali məktəblərə qəbul üzrə müsabiqədə iştirak edə bilməzlər. 

Qeyd edək  ki, UFAZ-da təhsil almaq istəyən abituriyentlər  2 dəfə imtahan verməlidirlər. Onlar əvvəlcə  DİM-in test imtahanından keçirlər. Orada  500 baldan yuxarı nəticə göstərən abituriyentlər UFAZ-a qəbul i mtahanında iştirak hüququ qazanırlar.

Qəbul qaydaları barədə fins.az-a məlumat verən UFAZ-ın prorektoru Qasım Məmmədov deyib ki,  ikinci mərhələdə əsasən, fransızların tətbiq etdiyi  testlərdən istifadə edilib:  «Bu zaman daha çox  məntiqi  suallar verilir.  Abituriyentlərin  riyaziyyat, fizika, kimya  sahəsində məntiqi  təfəkkürləri yoxlanılır».  

Q.Məmmədov  bildirib ki, bu il UFAZ-da 4 ixtisas - kimya mühəndisliyi, kompüter elmləri, geofizika mühəndisliyi və neft-qaz mühəndisliyi üzrə həm dövlət hesabına, həm də  ödənişli əsaslarla tələbə qəbul edilib. Pullu              bölmədə təhsil alacaq tələbələr üçün ödəniş  məbləği 3 min manat müəyyən edilib. 

Kimya mühəndisliyi – 3 000 manat

Kompüter elmləri – 3 000 manat 

Geofizika mühəndisliyi – 3 000 manat 

Neft-qaz mühəndisliyi – 3 000 manat 

UFAZ-da təhsil bütün ixtisaslar üzrə 1 il hazırlıq, 3 il əsas tədris müddəti olmaqla, 4 il davam edəcək. Sonda isə məzunlara 2 diplom – həm  Fransanın  Strasbuqr Universitetinin, həm də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin diplomları veriləcək.  Neft-qaz mühəndisliyi ixtisasını bitirənlərə isə Renbir Universitetinin diplomu veriləcək.

Q.Məmmədov bildirib ki, həmin diplomla məzunlar Fransada və bütün Avropada  işləyə biləcəklər. Həmin diplomların tanınmasına da ehtiyac yoxdur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275