KADR İŞİ

ARPA ilə Qafqaz Universiteti memorandum imzalayıb
04 MAY
621

ARPA ilə Qafqaz Universiteti memorandum imzalayıb

2016-05-04 11:32:00

Mayın 3-də Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) ilə Qafqaz Universiteti arasında  təhsil, nəşrlər və karyera yüksəlişi sahəsində ikitərəfli əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Qafqaz Universitetindən fins.az-a verilən məlumata görə, Anlaşma Memorandumu ölkədə maliyyə və korporativ idarəetmə, xüsusilə mühasibatlıq və risklərin idarə olunması istiqamətlərində mədəniyyətin zənginləşməsinə təkan vermək və bununla da iqtisadi inkişafa töhfə vermək məqsədi daşıyır. 

Anlaşma Memorandumu ARPA Direktorlar Şurasının sədri Rüfət Mahmud və Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanıç tərəfindən imzalanıb. İmzalanma mərasimində ARPA İdarə Heyətinin üzvləri və əməkdaşları, eyni zamanda Qafqaz Universitetinin professor-müəllim heyəti, idarəetmə, maliyyə fakültələrinin dekanları və kafedra müdirləri iştirak ediblər. 

Memorandum tələbələr, magistrlər, doktorantların, həmçinin professor və müəllim heyətinin, peşəkar mütəxəssislərin tərəflərə məxsus nəşrlərdə məqalələrinin çap edilməsini, aktual mövzularda yerli və beynəlxalq mütəxəssisləri cəlb etməklə forum və seminarların birgə təşkilini, təlim və tədris, eləcə də sertifikasiya proqramlarını təkmilləşdirmək, yenilikləri tədris prosesinə cəlb etmək məqsədilə müştərək fəaliyyəti, karyera sərgilərinin təşkilini, müştərək layihələrin həyata keçirilməsini və s. nəzərdə tutur. Bu məqsədlə hər iki qurumun mütəxəssislərindən ibarət işçi qrup yaradılıb və birgə fəaliyyət planının hazırlanması qərara alınıb. 

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA: Accountants and Risk Professionals Association) ölkədə maliyyə və idarəetmə sahəsində, xüsusilə mühasibatlıq və risklərin idarə olunması istiqamətlərində mədəniyyətin zənginləşməsinə təkan vermək və bu yolla Azərbaycanda iqtisadiyyatın dayanıqlı inkişafına töhfə vermək məqsədi ilə 19 mart 2009-cu ildə təsis edilmişdir. Bazarda olan tələbat və üzvlərinin səyi nəticəsində ARPA qısa müddət ərzində ölkədə aktiv ictimai birliyə çevrilmişdir. Hazırda Assosiasiya 1000-dən çox fərdi, 20-dən çox korporativ üzvə malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272