KADR İŞİ

«Şirkətimizi sevirik, elə deyilmi?» - «ÜZÜYOLA İŞÇİ» TAPMAQ ÜSULU
27 APREL
789

«Şirkətimizi sevirik, elə deyilmi?» - «ÜZÜYOLA İŞÇİ» TAPMAQ ÜSULU

2016-04-27 10:14:00

Son vaxtlar Azərbaycanda işçilərə təzyiqin yeni forması geniş yayılıb. Bu, qısa müddətli – 3-6 aylıq əmək müqavilələrinin bağlanmasıdır. Artıq özəl şirkətlərdə, eləcə də bəzi dövlət təşkilatlarında işçilərin qüsa müddətə işə götürülməsi adi hala çevrilib. Özü də bu müqavilələr heç də mövsümi işlər və ya hər hansı qısa müddətli layihələrlə deyil, daimi işlə bağlıdır. Fins.az-a vəziyyəti şərh edən ekspertlər bildirir ki, buna əl atan şirkətlər qanunvericilikdəki boşluqlardan istifadə edirlər. 

İşçini ixtisar etməyin ən asan yolu 

Rəhbərliyin hər sözü ilə razılaşan, bütün tapşırıqları yerinə yetirən, müddətdən artıq işləyən, heç nəyə etiraz etməyən işçi – bütün şirkətlərin arzusudur. Dünyada işə götürənlər belə loyallığa müxtəlif  üsullarla nail olurlar. Azərbaycanda isə belə üsullardan biri işçi ilə qısamüddətli müqavilənin bağlanmasıdır. Cəmi 3 aylıq müqavilə ilə işləyən əməkdaş bu müqavilənin hər dəfə uzadılması üçün şirkətin istənilən şıltaqlığına dözməyə hazırdır. Əks halda belə işçini heç işdən çıxarmaq da lazım deyil, Sadəcə müqaviləsi başa çatdıqda növbəti dövr üçün müqavilə imzalanmır – belə sadə. Şirkətlər təbii ki, bunu bilir, yaranmış vəziyyətdən suistifadə edir, hətta müvəqqəti əmək müqaviləsini işçilərinə şantaj vasitəsi kimi istifadə edirlər. Amma məlum olub  ki, müddətli əmək müqaviləsini heç də bütün şirkətlər bağlaya bilməz. Qanunsuz müddətli əmək müqaviləsi bağlayan şirkətləri isə  qanunla cərimə gözləyir. 

Eləcə də bax: Sıfırdan biznes qurub lider olmağın sirlərini açdı - MÜSAHİBƏ

Müddətli əmək müqaviləsi nə vaxt bağlana bilər?

Azərbaycan Həmkarlar İttifaqları Kondeferasiyasının (HİK) hüquq departamentinin müdiri Leyla Acalova fins.az-a bildirib ki,   işçilərlə müddətli əmək müqaviləsini yalnız  müvəqqəti fəaliyyət göstərən şirkətlər bağalaya bilər. Belə hallar Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilib. Bu maddəyə görə,  işçi məzuniyyətdədirsə, ezamiyyətdə olduğu zaman və yaxud əmək qabiliyyətini müvəqqəti itiribsə, onu əvəzləmək üçün cəlb edilən digər işçilərlə müddətli əmək müqaviləsi bağlana bilər. Bundan əlavə  təmir-tikinti işlərində, mövsümü işlərlə bağlı və dövlət orqanlarında təcrübə keçənlər üçün müvəqqəti əmək müqaviləsi bağlana bilər. Doğrudur, qanun icazə verir ki, daimi işlərdə də müvəqqəti müqavilə bağlansın, amma bu yalnız işçinin öz müraciəti əsasında olmalıdır. 

İşçilərdən asan xilas olma yolu kimi istifadə edilir 

Hüquqşünaslar isə belə sui-istifadə hallarının olmasını desələr də, bunun  araşdırılmasının çətin olduğunu bildirirlər. Belə hallar yalnız məhkəmə  vasitəsilə və ya Əmək müfəttişliyinə müraciət edilərkən üzə çıxır. Hüquqşünas Müzəffər Baxışov fins.az-a bildirib ki,  şirkətlər  işçiləri daha asan işdən azadetmə üçün müddətli əmək müqaviləsi başlayırlar. 

Bəzən isə bu addım şirkətin şıltaqlığı ilə bağlı olmur. Sadəcə səmərəsiz işləyən işçidən xilas olmaq üçün bu addım atılır. Belə ki, bəzən şirkətlər  səmərəli fəaliyyət göstərməyən işçilərdən bu yolla xilas ola biləcəklərini düşünürlər və bütün işçilərlə belə müqavilələr bağlayırlar. Bir neçə ay müdətində işçi uyğun hesab edilmirsə, müqavilənin müddəti bitən kimi onunla yenidən müqavilə bağlanılmır. Bu isə daha asan işdən çıxarma yoludur.

Buna görə 700 manat cərimə var 

M.Baxışovun sözlərinə görə, hazırda həm özəl, həm dövlət şirkətlərində müddətli əmək müqaviləsinin bağlanması ilə bağlı sui-istifadə halları var. Amma qanunla  daimi fəaliyyət göstərən şirkətlərə belə əmək müqaviləsi bağlamaq qadağandır. İnzibati Xətalar Məcəlləsinə əsasən  əmək qanunvericiliyin pozulmasına görə cərimələr 700 manatdan başlayır. Bu eyni zamanda daimi fəaliyyətə göstərdiyi halda qanunsuz müddətli əmək müqaviləsi bağlayan şirkətlərə də aiddir. M.Baxışov hesab edir ki,  qanunla cərimə nəzərdə tutulsa da, amma  müddətli əmək müqaviləsi bağlanması hallarını aşkar etmək çox çətindir. Yalnız hansısa şikayətlər və yoxlamalar zamanı belə halları müəyyən etmək olar.

«Sui-istifadə üçün şirkətlərə imkan yaradır» 

Bundan əlavə, L.Acalova  hesab edir ki, 47-ci  maddədə bir məqam şirkətlər tərəfindən sui-istifadə halları yaradır. Belə ki, digər bir bənddə qeyd edilib ki,  bərabər hüquqlu tərəflər arasında  razılığa gəlinərsə bu zaman da müddətli müqavilə bağlana bilər. Nəticədə şirkətlər buna istinad edərək  müddətli əmək müqaviləsi bağlayırlar. Formal olaraq işçi bu təklifə yox deyə bilər, amma praktikada bu demək olar ki, mümkün deyil. Uzun müddətdən sonra iş tapan vətəndaş  bunu itirməmək üçün işə götürənin bütün şərtlərinə əməl etməyə hazırdır. Nəticədə müddətli əmək müqaviləsinə razılıq verir. L.Acalova bildirib ki, belə halları aşkarlamaq çox çətindir. Ona görə də, problemi birdəfəlik həll etmək üçün həmin hissənin Məcəllədən çıxarılması ilə bağlı  Nazirlər Kabinetinə müraciət edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272