İKT

Zukerberqdən etiraf: TikTok yüksək tələbatlı internet məhsuludur
03 OKTYABR
82

Zukerberqdən etiraf: TikTok yüksək tələbatlı internet məhsuludur

2019-10-03 16:36:00

Feysbuk sosial şəbəkəsinin qurucu rəhbəri Mark Zukerberq getdikcə populyarlaşan TikTok xidmətini qabaqlamaq niyyətindədir.

Fins.az TED.az-a istinadla xəbər verir ki, M.Zukerberq bu məqsədinə 2018-ci ildə istifadəyə verilən Lasso tətbiqi ilə çatmaq istəyir. 

The Verge nəşrinin məlumatına görə, iyul ayında amerikalı milyarder bu planını şirkətin işçiləri ilə bölüşüb.

Nəşr M.Zukerberqin Feysbuk şirkətinin əməkdaşları ilə keçirdiyi daxili görüşlərin səs yazılarını əldə edib. 

İşçilərdən biri Feysbuk-un sürətlə böyüyən rəqibinə qarşı strategiyası ilə bağlı M.Zukerberqə sual verib. Buna cavabında Feysbuk rəhbəri Çinin ByteDance şirkətinin təqdim etdiyi internet-əyləncə xidmətinin ABŞ və Hindistan da daxil olmaqla dünyada böyük populyarlıq qazandığını etiraf edib. 

"TikTok Çin texnologiya nəhənglərindən birinin hazırladığı ilk yüksək tələbatlı internet məhsuludur", - deyə M.Zukerberq qeyd edib. 

Zukerberq qeyd edib ki, TikTok-la rəqabət aparmaq üçün Feysbuk istifadəçilərin qısa musiqili videolar çəkib paylaşa bildikləri Lasso tətbiqinin inkişafı üçün ciddi məbləğdə investisiya ayıracaq. 

Milyarder bildirib ki, Lassonu işə salmaq üçün şirkət ilk olaraq TikTok-un hələ mövqeyini möhkəmləndirə bilmədiyi ölkələrdə aktiv fəaliyyətə başlayacaq. Nümunə olaraq Zukerberg Meksikanın adını çəkib. 

"Lasso əvvəlcə TikTok-un populyarlıq qazana bilmədiyi ölkələrdə işə salınacaq. Bununla biz mövqeyimizi möhkəmləndirmək üçün nə edə biləcəyimizi müəyyənləşdirə biləcəyik. Daha sonra TikTok-la açıq rəqabətə girə bilərik", - deyə M. Zukerberq bildirib. 

TikTok-un təşviqatı üçün ByteDance şirkətinin xeyli pul xərclədiyini deyən milyarder hesab edir ki, onların isə düşünüb hərəkət etməsi üçün kifayət qədər vaxtı var.

The Verge yazır ki, şirkətdə daxili görüşlərin keçirilməsinin səbəbi işçilərin gələcəyi ilə bağlı yaranan narahatlıq idi. 

Daxili görüşlər zamanı Zukerberq Libra kriptovalyutası ilə əlaqədar mənfi rəylərə, Avropa hökumətləri ilə danışmaqdan imtina etməsinə, həmçinin ABŞ-ın 2020-ci il prezidentliyə namizədi Elizabet Uorrenin Feysbuk, WhatsApp və İnstagram-ı fərqli şirkətlərə bölüşdürmək barədə verdiyi vədə toxunub. 

“Feysbuk, Google və ya Amazon şirkətinin dağılması mövcud problemləri heç də həll etməyəcək. Bu, seçkilərə müdaxilə cəhdlərinin aradan qaldırılmasına qarşı çıxış yolu deyil. Əksinə, şirkətlər dağılsa, bu cür hallarda koordinasiyasılı fəaliyyət göstərə bilməyəcək, nəticədə seçkilərə müdaxilə cəhdlərinə qarşı şirkətlər birgə mübarizə aparması mümkün olmayacaq", - deyə Zukerberq qeyd edib. 

Bisnes İnsider-in məlumatına görə, 2019-cu ilin avqustunda TikTok-un dünya üzrə aktiv istifadəçilərinin sayı 625 milyon nəfərdən çox olub. 

TikTok sosial şəbəkəsi Çinin ByteDance şirkətinə məxsusdur. Sentyabr ayında bu şirkətinin Moskvada nümayəndəliyi yaradıldı. Bu o deməkdir ki, ByteDance Rusiyada istifadəçi kütləsini artırmağı hədəfləyib. 

Qeyd edək ki, M. Zukerberq 62,3 milyard dollar sərvəti ilə milyarderlərin qlobal reytinqində 8-ci yerdə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır