İKT

iPhone-un yeni modellərindən hansı daha yaxşıdır? – ARAŞDIRMA
19 SENTYABR
140

iPhone-un yeni modellərindən hansı daha yaxşıdır? – ARAŞDIRMA

2019-09-19 16:47:00

Apple-ın yeni təqdim etdiyi iPhone 11, iPhone 11 Pro və iPhone 11 Pro Max modellərinin adını eşidən hamıda bəzi suallar yarandı. Bəs iPhone X-ə nə oldu? Yenidən rəqəmlərə qayıtdıq? Və nə üçün “Pro”? Onu “Pro” edən nədir?

Keçən il qəribə bir şəkildə XS, XS Max, XR formasında ad dəyişiklikləri edildi. Bu ilin yeni telefonları isə keçənilki üçlünün davamıdır. Buradan isə adların sadəcə marketinq məqsədi daşıdığı nəticəsi ortaya çıxır. 

Bir həftəlik araşdırmanın sonunda anladım ki, “Pro”dakı bir neçə əlavə özəllik xaricində hər 3 telefon özlüyündə demək olar ki, eynidir. Və əslində, hər üçünü də faktiki olaraq, “Pro” hesab etmək olar.

Qeyd etmək lazımdır ki, Apple bəzi ciddi kamera təkmilləşdirmələri də daxil olmaqla builki yeni xüsusiyyətlər ilə əla bir iş ortaya qoydu. Lakin şirkətin bu il özünün daha bahalı və cəlbedici modellərini "Pro" adlandırmasının bir səbəbi var: Qiymət. Apple keçənilki iPhone XR ilə eyni qəbildən olan iPhone 11-i də bir çox insanın telefonu olaraq görməyi hədəfləyib.

Yeni əlavə edilən özəlliklərə gəldikdə isə, Apple kamera keyfiyyəti baxımından mühüm addımlar atır, lakin bunu bir çox telefon istehsalçıları da edir. İllərdir iPhone kamerasının, həqiqətən, keyfiyyətli olduğunu görürük, peşəkar kamera qədər olmasa da. Digər tərəfdən, iPhone-nun video funksiyası o qədər mükəmməl vəziyyətə çatdırılıb ki, bəzi peşəkar kameraları belə əvəz edə bilir.

Ancaq kamera yenilikləri baxımından, genişbucaqlı kamera və az işıqla şəkil çəkmək üçün olan gecə rejimi iPhone 11-in əsas xüsusiyyətləridir. Genişbucaqlı kamera tez-tez istifadə olunacaq bir funksiya deyil, gecə rejimi isə Apple-ın Google, Samsung və Huawei şirkətlərinin oxşar imkanlarını əldə etməyinə kömək edən əsas funksiyadır. Və bu günə qədərki ən optimal variant Apple-a məxsusdur. 

Gecə rejimi necə işləyir və nə vaxt işləmir?

Keçənilki Google Pixel 3 və builki Samsung Galaxy Note 3-dən də göründüyü kimi az işıqlı mühitdə daha yaxşı fotoşəkil əldə etmək telefon istehsalçılarının əsas hədəfidir. Apple-ın gecə rejimi avtomatik işləyir və incələmələrə görə yetəri qədər işıq olmasa belə, parlaq rənglərlə zəngin fotoşəkil əldə etmək sadəcə 3 saniyədə mümkündür.

Tamamilə mükəmməl olmasa da, insanı təəccübləndirəcək qədər təkmilləşdirilmiş funksiya olduğunu da demək lazımdır. Gecə rejimi iPhone 11 və 11 Pro-da eyni cür işləyir. Amma gecə rejimini genişbucaqlı kamerayla birlikdə işlədə bilməzsiniz. Bu, bütün yeni modellərə aiddir.

Genişbucaqlı kamera = dramatik kamera

Bu kamera funksiyasını sözlə təsvir etmək mümkün deyil, çünki həqiqətən genişdir. Şübhəsiz ki, onunla mükəmməl çəkilişər edilə bilər. Bu özəllik telefon kameraları arasında yeni cərəyandır. Apple-ın gələn ay təqdim edəcəyi “Deep Fusion” adlanan funksiyada isə bir neçə kamera eyni anda istifadə olunacaq. Bu özəlliyin çoxsaylı görüntülər arasından istifadəçiyə “super foto” təqdim edəcəyi vəd edilir.

Daha sabitləşdirilmiş və daha yaxşı video

İPhone-un video özəlliklərini həmişə çox bəyənmişəm. Yeni iPhone-ların bəzi test videolarına baxdım və əlavə edilmiş funksiyalarla maraqlandım. Deyə bilərəm ki, videolar “X” modellərində olduğundan daha yaxşı alınır. Video çəkilişi zamanı gecə rejimi işləmir buna baxmayaraq, az işıqla çəkilmiş görüntülər belə daha canlı və parlaq alınır.

Daha geniş selfi kamerası

Yeni iPhone modellərilə daha çox insanı və arxa fonu öz selfilərinizə daxil edə bilərsiniz. 12 Mp-lik geniş ön kamera əla nəticələr göstərir, lakin bu mövzuda azca ustalaşmaq lazımdır.

Daha uzun batareya ömrü

Apple-ın iPhone 11 üçün XR-dən 1 saat daha uzun batareya ömrü vəd etməsi böyük bir sıçrayış deyil. Amma iPhone Pro və Pro Max-ın keçənilki XS və XS Max-dan 4-5 saat daha dayanıqlı batareyaya sahib olması önəmli irəliləyişdir.

A13 prosessoru və operativ yaddaş bütün yeni iPhone modellərində eynidir. (4GB RAM və eyni sürətli prosessor). Yenə də batareya performansının bu qədər irəliləməsi sevindiricidir.

Daha yaxşı suyadavamlılıq

Apple İPhone 11 üçün 30 dəqiqə ərzində 2 metr dərinlikdə, iPhone 11 Pro üçün isə 30 dəqiqə ərzində 4 metr dərinlikdə suda dayanıqlılıq vəd edir. Keçənilki iPhone XR-də bu göstəricilər 30 dəqiqədə 1 metr idi. Ümumiyyətlə, iPhone 7-dən sonrakı bütün modellər fərqli göstəricilərlə sukeçirməzliyə sahibdirlər.

Daha möhkəm şüşə

Keçənilki iPhone XS şüşə testlərində təəccübləndirici dərəcədə yaxşı nəticələr göstərmişdi. XR-də isə bu göstərici bir o qədər qənaətbəxş deyildi. Yeni 11 modelləri daha təkmilləşdirilmiş şüşəyə sahibdir. CNET bir neçə günə test nəticələrini açıqlayacaq.

“Pro” nə vəd edir?

Zənnimcə, standart iPhone 11 istifadəçiyə lazım olan bütün özəlliklərə sahibdir. Bu, sizin üçün əlavə kamera mərcəyinin, batareya ömrünün artmasının, daha parlaq displey və paslanmayan poladdan hazırlanmış olub-olmamasının nə qədər önəm daşıdığından asılı olaraq dəyişə bilər. Ancaq əksəriyyət üçün iPhone 11 daha məsləhətlidir. Və ya sadəcə gözləyin. Ehtimal ki, köhnə model iPhone-larınızda bir problem yoxdur, xüsusilə də, iPhone 8 və ya “X” işlədirsinizsə. Çünki gələn ilki iPhone modellərinin 5G-li böyük yüksəlişin bir parçası olacağı təxmin edilir.

Builki iPhone 11 yenilikləri isə darıxdırıcı olsa da, yaxşıdır. Deyərdim ki, hər üç model “Pro” adlandırılmağa layiqdir.

 

© TED.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır