İKT

İnternet oyunları uşaqları bu təhlükəli hərəkətlərə təhrik edir - Mütəxəssislər narahatdır
05 AVQUST
92

İnternet oyunları uşaqları bu təhlükəli hərəkətlərə təhrik edir - Mütəxəssislər narahatdır

2019-08-05 12:19:00

“Çox sayda valideyn müraciət edərək uşaqlarının hər hansı kompüter oyunundan sonra çox aqressiv olduğunu bildirir. İkinci məsələ isə odur ki, bəzən onlar oyunlarda gördüklərini evdə balaca bacı-qardaşları üzərində, bir növ, eksperiment edirlər”.

Psixoloq bildirib ki, ümumiyyətlə, hazırda kompüterdən, internetdən asılılıq problemi var:

“Bəzi valideynlər uşaqları konsultasiyalara gətirib deyirlər ki, kompüteri, telefonu onların əlindən ala bilmirlər. Bu zaman uşaqlar aqressiv olur, sındırır, dağıdır və s. Narkotikdən, spirtli içkidən olduğu kimi, kompüter oyunlarından, internetdən da asılılıq yaranması mümkündür. Çox yaxşı olar ki, bu vəziyyətdə uşaqları mütəxəssislərə, psixoterapevtlərə, klinik psixoloqlara göstərsinlər. Valideynlərin də uşaqlar üçün nəzərdə tutulmuş psixoloji təlimlərdə iştirak etməsi yaxşı olardı. Qoy uşaqla münasibətin qurulması formasından xəbərləri olsun.

Çalışmaq lazımdır ki, uşaq asudə vaxtını daha xeyirli, faydalı işlərə sərf etsin. Şahmat oynamaq, xarici dil kursları, dərnəklər, rəqs, üzgüçülük bu cəhətdən çox faydalıdır. Bundan başqa, maraqlı hobbilər tapmaq olar: uşaqda bitkilərə, heyvanlara qarşı sevgi aşılamaq lazımdır”.

Bəs övladlarımızı bu cür oyunlardan necə qoruyaq? 

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Oxu.Az-a açıqlamasında deyib ki, ilk növbədə, uşaqlara valideynlər nəzarət etməlidir:

“Valideynlər bu prosesdə uşaqların dostu kimi iştirak etməlidirlər ki, onları internetdəki zərərli oyunlardan qoruya bilsinlər. Bu kimi zərərli informasiyalar, oyunlar uşaq psixologiyasına pis təsir edir.

Elə valideynlər də var ki, onların İKT-dən istifadə səviyyəsi çox zəifdir. Bəs bu vəziyyətdə nə edilməlidir? Burada təhsil müəssisələri müəyyən qədər köməklik göstərə, məktəblərdə bununla bağlı tədbirlər keçirilə bilər. Eyni zamanda, media və televiziya vasitəsilə valideynlərə bu məsələnin hərtərəfli izah edilməsi mümkündür.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzin bu istiqamətdə fəaliyyətinin canlandırılmasına ehtiyac var. Onlar müəyyən vəsaitlər hazırlaya, efirdən, internet medianın gücündən istifadə edə, valideynlərə köməklik göstərə bilərlər”.

O.Gündüz qeyd edib ki, eyni zamanda, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi birlikdə uşaqlar üçün faydalı resursların sayını artıra bilərlər:

“Bununla da uşaqların diqqətini faydalı işlərə yönəltmək olar. Ümumiyyətlə, uşaqlarla bağlı onlayn kontentin hazırlanması üçün vəsait ayrılmalı və dövlət proqramı qəbul olunmalıdır. 

İnternetdən istifadə zamanı bu kimi oyunların uşaqların qarşısına çıxmasının qarşısını almaq mümkündür. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyəti var ki, bu cür resursları bağlasın. Nazirlik Azərbaycan qanunvericiliyinə zidd olan resursları ya özü bağlamalı, ya da məhkəməyə müraciət etməlidir”.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandırıb:

“İnternet təhlükəsizliyi ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tapşırığına uyğun olaraq, həm “Aztelekom” MMC, həm də “Bakı Telefon Rabitəsi” MMC internet istifadəçilərini internet təhlükələrindən qorumaq üçün abunəçilərinə “Təhlükəsiz internet” xidməti təqdim edir. Bu filtrasiya xidməti vasitəsilə bütün yaş kateqoriyasına aid istifadəçilər təhlükəli məzmunlardan qoruna bilərlər.

Geniş seçim imkanı təqdim edən xidmət sayəsində valideynlər azyaşlılara psixoloji zərər yetirə biləcək cinayətkarlıq, zorakılıq, irqçilik, diskriminasiya və ekstremizmi təbliğ edən oyun və filmlərin daxil olduğu resurslara nəzarət edə bilirlər.

Xidmətə qoşulduqdan sonra təqdim olunmuş siyahıdan təhlükəli hesab edilən kontentləri “qara siyahı”ya daxil edərək istifadəni məhdudlaşdırmaq mümkündür. Həmçinin istənilən zaman filtri deaktiv edərək, “qara siyahı”ya daxil edilən resursu aktivləşdirmək də olar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır