İKT

Bakı aeroportu dünyada bulud texnologiyalarına tam keçən ilk hava limanı oldu
04 İYUL
163

Bakı aeroportu dünyada bulud texnologiyalarına tam keçən ilk hava limanı oldu

2019-07-04 16:31:00

Heydər Əliyev Beynəlxalq Aeroportu kimi perspektivli hava limanları müasir texnologiyalardan istifadənin üstünlüklərinin bariz nümunələridir.

Fins.az-ın AZAL-a istinadə verdiyi məlumata əsasən, bu barədə “Amadeus” şirkətinin. İnformasiya texnologiyaları üzrə icraçı vitse-prezident Bruno Spada bildirib.

“Biz hesab edirik ki, Heydər Əliyev Beynəlxalq Aeroportu kimi perspektivli hava limanları müasir texnologiyalardan istifadənin üstünlüklərinin bariz nümunələridir. Bakı hava limanında bu cür həllərin tətbiqi bizim üçün əlamətdar hadisədir. Qeyd edim ki, Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın bulud texnologiyalarına tamamilə keçid etmiş ilk hava limanı oldu", - deyə Bruno Spada bildirib.

Qeyd edək ki, “Amadeus” şirkətinin baş vitse-prezidenti Tomas Lopez Fernebrandın başçılıq etdiyi nümayəndə heyəti Bakıda işgüzar səfərdə olub. “Amadeus”şirkəti aviadaşımalar və qlobal distribusiya sistemləri sahəsində dünyanın ən böyük İT xidmətləri təchizatçılarından biridir.

Səfər çərçivəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda tətbiq olunacaq yeni bulud texnologiyalarının istifadəyə verilməsi mərasimi baş tutmuşdur. Bakı aeroportu yeni informasiya  bazasını, resursların idarə edilməsi və uçuşlar haqqında məlumatların əks olunma sistemlərini və s. idarə etmək imkanı əldə edib.

Rəmzi qırmızı lent kəsildikdən sonra qonaqlar “Skytrax” audit şirkətinin ən yüksək “5 Ulduz” mükafatını qazanmış Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksində (Terminal 1) yaradılan şərait ilə tanış olublar

“Azərbaycan Hava Yolları” aviaşirkətində “Amadeus Altéa PSS” proqram təminatının tətbiqi barədə razılaşmanın imzalanma mərasimi də həmçinin tərəflər arasında effektiv əməkdaşlığın göstəricisi olmuşdur. Saziş AZAL prezidenti Cahangir Əsgərov və “Amadeus”un baş vitse-prezidenti Tomas Lopez Fernebrand tərəfindən imzalanıb.

Yeni proqram təminatı AZAL aviaşirkətinə sərnişin xidmətlərini daha səmərəli şəkildə fərdiləşdirməyə icazə verəcək, bronlaşdırma sisteminin, inventar məlumat bazasının və gəlirlərin idarə edilməsi sisteminin funksionallığını keyfiyyət baxımından təkmilləşdirəcək.

“Bizim prioritet məqsədlərimizdən biri ölkəyə sərnişin axınının artırılmasıdır və müasir texnologiyalar bu məsələdə bizə olduqca kömək edir. “Amadeus” şirkəti ilə əməkdaşlıq bizə görülən işlərin səmərəliliyinin yaxşılaşdırılması və ən əsası AZAL sərnişinlərinə göstərilən xidmət keyfiyyətinin artırılmasına icazə verəcək”, - deyə Cahangir Əsgərov bildirib.

AZAL böyük aviadaşıyıcı və MDB ölkələrinin aviasiya icmasının liderlərindən biridir. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 25 ölkədə 40 istiqamətdən ibarətdir. 2018-ci ildə “Azərbaycan Hava Yolları” 2,3 milyondan çox sərnişin daşıyıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır