İKT

Rusiyanın internetlə bağlı gizli planı üzə çıxdı
13 FEVRAL
153

Rusiyanın internetlə bağlı gizli planı üzə çıxdı

2019-02-13 23:25:00

Fins.az-ın məlumatına görə, "The Guardian” qəzetinin müxbirləri Mark Bennets (Marc Bennets) və Aleks Hern (Alex Hern) məlumat verir ki, Rusiya kiber təhdidlər qarşısında meydana çıxa biləcək risklərin müəyyən olunması üçün bir müddət dünya ilə internet bağlantısını kəsməyi planlaşdırır. Qanun layihəsinə əsasən, bütün daxili internet trafik milli şəbəkələr üzrə getməlidir. Rusiya hüdudlarını aşan istənilən trafik Rusiyanın Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsində nəzarət üzrə Federal Xidmətinin (“Roskomnadzor”) nəzarətində olan, qeydiyyatdan keçmiş mübadilə nöqtələrindən buraxılacaq. Rəsmi versiyaya görə, qanun layihəsinin məqsədi Rusiya şəbəkəsini aqressiv kibertəhlükəsizlik strategiyasına malik, Rusiyanı əsas haker hücumlarının mənbələrindən biri adlandıran ABŞ-dan müdafiə etməkdir. Ancaq bəzi ekspertlər bu təşəbbüsün uğurlu olacağı təqdirdə yerli internet istifadəçilərinin dövlətin zərərli hesab etdiyi kontentə çıxışını məhdudlaşdırmaq üçün ölkənin internet senzurasının Çində olduğu kimi sabit qala biləcəyini qeyd edirlər. Məqalədə deyilir ki, Rusiya artıq Kremlin tanınmış tənqidçisi Aleksey Navalnı kimi müxalif liderlərin veb səhidələrini bloklamağa başlayıb. Rusiyanın “Aqora” hüquq müdafiə təşkilatının bu ay təqdim etdiyi hesabatda bildirilir ki, Rusiya şəbəkəsində azadlıq ötən 12 ay ərzində beş dəfə aşağı düşüb. Yaxın gələcəkdə planlaşdırılan təşəbbüs əsasən daxili internet xidmət provayderlərini sakitləşdirmək məqsədi güdür. Onlar qorxurlar ki, qanun layihəsi provayderlərin xərclərini artıracaq və daxili şəbəkənin etibarlılığına ziyan vuracaq. Xərclərin artması ən çox internet provayderlərin narahatlığına səbəb olur. “RBC” agentliyinin proqnozuna əsasən, dövlət rabitə operatorlarına ildə 134 milyard rubla kimi kompensiya ödəməli olacaq, üstəgəl, trafiklə bağlı mübadilə nöqtələri reyestrinin yaradılıb, işə salınması üçün “Roskomnadzor”-a daha 25 milyard rubl lazım olacaq. Ancaq bu, arzuedilən nəticəyə gətirib çıxarmaya da bilər. Qanun daim operatorlardan şəbəkələrinin və real vaxt rejimində trafik marşutizasiyasının bütün sxemini “Roskomnadzor”-a verməsini tələb edir. Operatorlar isə bunun mümkün olmadığını deyirlər. Yüksək vəzifəli dövlət məmurları təşəbbüsün bu və ya başqa şəkildə onlara zorla qəbul ediləcəyindən dolayı tez-tez əndişələrini dilə gətirirlər. Vladimir Putinin internet məsələləri üzrə müşaviri German Klimenko ötən il bildirmişdi ki, qərb ölkələri sadəcə “bir düyməyə basmaqla” Rusiyanı qlobal internetdən ayıra bilər. Belə ki, Putin də interneti bir vaxtlar “MKİ layihəsi” adlandırırdı. Dövlət Duması çərşənbə axşamı qanunu ikinci oxunuşda qəbul edib. Qanun layihəsinin müəlliflərindən biri Andrey Klişas deyib ki, dövlət artıq xarici təcavüz halında Rusiyanın kibertəhlükəsizliyini təmin etmək üçün 20 milyard rubl vəsait ayırıb. “Rusiyanın qlobal şəbəkədən ayrılması o demək olacaq ki, biz artıq hamı ilə müharibəyə başlamışıq, - “BBC”-nin Rusiya xidmətinə açıqlmasında “Runet” üzrə ekspert Filipp Kulin deyib. – Belə bir vəziyyətdə biz internet haqda deyil, nüvə qışı şəraitində kartof yetişdirmək barədə düşünməliyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9187
  • ₽ RUB
    0.0255