İKT

Fariz Cəfərov: " “ASAN Finans” layihəsi ilə vətəndaşlar 24/7 müraciət edə biləcəklər"-FİNS
01 FEVRAL
834

Fariz Cəfərov: " “ASAN Finans” layihəsi ilə vətəndaşlar 24/7 müraciət edə biləcəklər"-FİNS

2019-02-01 10:23:00

Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov son illərdə vətəndaşlarla rəsmi qurumlar arasında ünsiyyətin asanlaşması və müraciətlərin operativ həll olunması üçün nəzərdə tutulan elektron hökümət portalının fəaliyyət prinsiləri və rəhbərlik etdiyi qurumun gələcəkdə  həyata keçiriləcəyi tədbirlər barədə fikirlərini Fins.az-la bölüşüb.

Elektron hökümət portalında ən çox hansı xidmətdən istifadə olunub?

Bu sualın hər ay üçün aktual olan məsələlərə görə dəyişən cavabı var. Hazırki dövr üzrə deyə bilərik ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət İmtahan Mərkəzi və Mənzil İnşaatı Dövlət Agentliyinin müəyyən xidmətləri ən çox istifadə olunan xidmətlər siyahısındadır.

Ümumilikdə isə indiyədək ən çox istifadə edilən xidmətlərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi xidməti üstünlük təşkil  edir.

Bildiyiniz kimi,  Elektron Hökumət Portalında həm G2G, həm G2B, həm də G2C istiqamətləri üzrə xidmətlər mövcuddur. Bunlardan ən çox istifadə olunanları G2B istiqamətindəki xidmətlərdir.

Portalda “Ən çox istifadə olunan xidmətlər” bölməsi var hansı ki,  bu bölməyə daxil olaraq son 30 gün ərzində ən çox istifadə olunan xidmətləri görmək mümkündür. Bu siyahı real vaxt rejimində yenilənir.

Hazırda Elektron Hökumət portalının fəaliyyətində çətinlik yaradan hansı amillər var?

Portalın fəaliyyətində ciddi mənada çətinlik hesab edəcəyimiz amillər mövcud deyil. Sadəcə inkişaf və yeniliklər naminə qarşıda duran bəzi hədəf və məqsədlər var. Belə ki, 5 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə müvafiq istiqamətdə fəaliyyət göstərən dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid: yeni konsepsiya və gələcəyə baxış” adlı tədbir keçirilib və bu tədbirdə aidiyyəti dövlət qurumların informasiya-texnologiya istiqamətli struktur bölmələrinin rəhbərlərindən ibarət Elektron Hökumət üzrə İcra Qrupu yaradılıb. İcra qrupunun fəaliyyəti mövcud xidmətlərin daha da təkmilləşdirilməsi və dövlət qurumlarının digər xidmətlərinin də elektronlaşdırılaraq portala inteqrasiya olunması istiqamətindədir.

Elektron Hökumətin İnkişafı Mərkəzi daxilində yaradılmış layihə qrupları ilə xidmətlərin monitorinqini keçirir və təkmilləşdirmə tədbirlərini həyata keçiririk. Həmçinin vətəndaşların xidmətlərə əlçatanlığının artırılması üçün də çalışırıq. Bunun nəticəsidir ki, özündə “Qabaqlayıcı Hökumət” üsulunu əks etdirən MyGov şəxsi kabinet modeli üzərində çalışırıq və 2019-cu ildə bu layihəni vətəndaşların istifadəsinə təqdim edəcəyik.

Bunlarla yanaşı Mərkəz olaraq Portalda xidmətləri mövcud olan qurumların nümayəndələri ilə görüşlər təşkil edirik. Bu görüşlərdə mövcud vəziyyət və növbəti addımlar haqqında müzakirələrimizi keçiririk . Vətəndaşlara daha yaxşı xidmət göstərmək üçün nələr edilə bilər, bunlar haqqında fikir mübadilələri aparırıq.

 Elektron hökümət portalındakı hər hansı xidmətlə bağlı şikayət olunub?

Hazırda 44 müxtəlif dövlət qurumu tərəfindən həyata keçirilən 450-dən çox xidmət növü elektronlaşdırılaraq Elektron Hökumət Portalına inteqrasiya edilib. Portalda bu günə olan istifadəçi sayı 778 min nəfərdən, portala orta aylıq giriş sayı isə 450 min nəfərdən çoxdur. Xidmətlərdən orta aylıq istifadə sayı 1.8 milyonu aşmaqdadır. Orta gündəlik xidmətlərdən istifadə sayı isə 60 minə yaxındır. Hər keçən gün portal istifadəçilərinin sayı sürətlə artmaqdadır. Orta gündəlik yeni istifadəçi sayı 1700 nəfərdən çoxdur. Ümumi mənada ciddi bir şikayət ilə qarşı-qarşıya qalmasaq da,  bəzi hallarda vətəndaşlar hər hansı bir texniki problemlərlə qarşılaşaraq bizə sosial media hesablarımız və Çağrı mərkəzi vasitəsilə müraciət edə bilirlər. Bu cür texniki problemlər də vətəndaşların müraciətindən sonra dərhal aradan qaldırılır.

Biz nəinki vətəndaşları, həm də biznes qurumları və digər dövlət qurumlarından gələn müraciətləri dəyərləndiririk. Dəyərləndirmələrin nəticəsində xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnuluğunun artırılması istiqamətlərində işlər görülür.  

Elektron Hökumət Portalı ilə bağlı sualları cavablandırmaq üçün “ASAN xidmət” mərkəzlərində də əməkdaşlarımız xidmət göstərirlər.

Yaxın müddətdə hansı yeni xidmətlərin əlavə olunması planlaşdırılır?

Elektron Hökumətin İnkişafı Mərkəzi olaraq hazırda bir neçə dövlət və özəl qurumlarla xidmətlərin inkişafı barədə müzakirələri davam etdiririk. Yeni xidmətlərin  əlavə edilməsi və mövcud xidmətlərin təkmilləşdirilməsi tamamlandıqda ictimaiyyətə bu barədə məlumat veriləcək.

Ən böyük yenilik isə biraz əvvəl bəhs etdiyimiz MyGov şəxsi kabineti ilə bağlıdır. Yeni konsept rəqəmsal hökumətə keçidin əsas açarlarından biridir. Adından da göründüyü kimi bu konsepsiyanın əsas prinsipi individuallıqdır. Yəni hökumət tərəfindən vətəndaşlara göstərilən xidmətlər hər vətəndaşa fərdi yanaşma prinsipi ilə işləyir. Bununla yanaşı konsepsiyanın əsas mahiyyəti məlumatların vahid məlumat bazasından götürülməsidir.

Konsepsiyanın əsas nəticəsi olaraq vətəndaş MyGov şəxsi kabinetində öz şəxsi məlumatları, kommunal və maliyyə sahələrindəki ödənişləri, ailə üzvləri haqqında məlumatları və digər sosial və səhiyyə məlumatları ilə tanış ola biləcək. Vətəndaşın məlumatları vahid sistemdə toplandığından hökumət tərəfindən göstərilən xidmətlərdən hansılara müraciət edə biləcəyi də vətəndaşa bildiriləcək. Bunun üstünlüyü ondan ibarətdir ki, artıq vətəndaş hökumətə müraciət etmədən, hökumət vətəndaşa uyğun xidmətləri ona təklif edəcək.  Başqa sözlə desək, artıq vətəndaş xidməti yox, xidmət vətəndaşı tapacaq. Beynəlxalq təcrübədə buna “Qabaqlayıcı Hökumət” deyirlər.  Yeni modelə keçid baş tutduqdan sonra isə mövcud xidmətlərlə yanaşı, bir çox yeni xidmətlərin və yeni yaranmış qurumların göstərdiyi xidmətlərin portala inteqrasiyası baş tutacaq.

Həmçinin yeni layihələrimizdən biri olan Elektron Hökumət İnformasiya Sisteminin alt sistemi olan “ASAN Finans” layihəsinin reallaşması ilə həm qurumlar, həm də vətəndaşların maliyyə xidmətlərinə müraciəti zamanı yaranan vaxt və resurs itkiləri minimala endirilir və kağız daşıyıcılardan istifadə isə demək olar ki, tamamilə aradan qaldırılır. Bu layihənin əsas missiyası maliyyə qurumları və vətəndaşlar arasındakı münasibətləri tamamilə rəqəmsallaşdırmağa hesablanmışdır. “ASAN Finans” layihəsi ilə vətəndaşlar MyGov şəxsi kabinetlərindən maliyyə xidmətlərinə 24/7 müraciət edə biləcəklər.

 

 

 Müəllif:Aynur Qəniyeva

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259