İKT

Telelvizor alarkən nələrə fikir vermək lazımdır?
19 DEKABR 2018
319

Telelvizor alarkən nələrə fikir vermək lazımdır?

2018-12-19 12:15:00

Yeni televizor seçmək heç də asan iş deyil. İstehsalçılar, marketoloqlar, satıcılar və digər müxtəlif mənbələr tərəfindən yaradılan məlumat bulanıqlığı alıcıların işini xeyli çətinləşdirir. Fins.az telelvizor alarkən nələrə diqqət etməli olduğunuzu aydınlaşdıracağıq.

LED, LCD, Plazma yoxsa OLED?
Hər bir panel tipinin özünə uyğun üstün və zəiflikləri vardır. Lakin, ümumi götürdükdə OLED panellər daha yaxşı rəng dəqiqliyi, kontrast, görünüş bucağı və bulanıq olmayan kontent təqdim edir. Təbiidir ki, bütün bunlar yüksək qiyməti də özü ilə bərabər gətirir. LED televizorlar bütün işıqlandırma şəraitində yaxşı görünüş təqdim etdiyinə və nisbətən aşağı olan qiymətinə görə bazarda mühim pay sahibidir. LED panellər ümumilikdə LCD ailəsinin bir hissəsidir və LCD panellər orta keyfiyyətdə görüntünü çox aşağı qiymətdə təklif edir. Bütün bu 3 texnologiyadan fərqli olaraq heç də incə və kompakt olmayan Plazma panellər möhtəşəm görünüş bucağı, rəng dəqiqliyi təqdim edir.

Böyük hər zaman yaxşıdır.
Biz məsləhət görürük ki, daima böyük televizorlara üstünlük verəsiniz. İstənilən şəraitdə 32 düymdən kiçik olan televizorlar artıq gündəlik istifadə üçün uğurlu bir seçim deyil. Dəqiq ölçünü müəyyənləşdirmək üçün isə otağın ölçüləri və televizora qədər olan məsafə mütləq diqqətə alınmalıdır. Böyük ekranın üstünlüyünü hiss etmək üçün minimum baxış məsafəsi hesablanmalıdır. Belə ki, 40 düymlük (102 sm) TV-dən faydalanmaq üçün ən azı ondan 60 düym (153 sm) məsafədə dayanmaq lazımdır. Həmçinin, optimal baxış məsafəsi anlayışı da mövcuddur ki, məsələyə yazının irəlidəki hissələrində toxunacağıq.

Yenilənmə tezliyi nədir?
Sadə dildə desək, yenilənmə tezliyi televizorun axıcı izlənilmə mühiti yaratmaq üçün şəkili neçə dəfə yenilədiyini göstərir. Hers ilə ölçülən bu parametrdə rəqəm nə qədər yuxarı olarsa izləyici bir o qədər az bulanıq olan görüntü əldə edəcəkdir. Məsələn, 120Hz yenilənmə tezliyinə sahib olan TV 1 saniyə ərzində görüntünü 120 dəfə yeniləmək qabiliyyətinə malikdir. Plazma televizorlar 600Hz yenilənmə tezliyinə sahib olsalar da, LED (OLED) və LCD panellərdə bu tezlik fərqli yansıtma texnologiyası istifadə olunduğuna görə daha aşağıdır. Bugün televizorlar adətən 60, 120 və 240Hz tezliyində yenilənmə təklif edirlər.

Smart TV?
İlk olaraq Smart televizorların nə olduğunu müəyyən edək. Smart televizor istifadəçilərə kontenti tablet və ya smartfonlarla paylaşmağa imkan verən, bir çox interektiv metodlarla (səs, periferik kompüter qurğuları) idarə olunan televizorlara deyilir. Belə modellərin əksəriyyəti YouTube, Netflix və ya digər tətbiqlərlə təchiz olunmuş halda satışa çıxarılır. Lakin, birşeyi də qeyd etmək lazımdır ki, bugün bir çox məhsullar (Apple TV, Chromecast, Roku) vasitəsilə adi televizorları smarta çevirmək mümkündür.

Görüntü keyfiyyəti?
Son illərdə istehsal edilən modellərin əksəriyyəti 1080p (Full-HD) displey ilə təchiz olunub. 4K displey (2160p) çox səs gətirsə də narahat olmağa dəyməz, 1080p hələ ki öz populyarlığını itirməyib. Lakin birşeyi qeyd etmək yerinə düşər. Ən yaxşı televizorların bir çoxu 4K displeyə malikdir və bunun da əsas səbəbi istehsalçıların əsas xüsusiyyətləri daha bahalı olan 4K modellərə daxil etməsidir. Xatırlayırsınızsa yazının əvvəlində optimal baxış məsafəsi haqqında danışmışdıq. Televizora qədər olan məsafə, televizorun ekran ölçüsü və keyfiyyəti arasında əlaqə mövcuddur. Məsələn, 10 metr məsafədən 40 düymlük televizora baxırsınızsa faktiki olaraq o televizorun SD (480p) yoxsa 4K (2160p) displeyə sahib olmasının heç bir önəmi yoxdur. Çünki insan gözü bu qədər məsafədən həmin ölçüdə lazımi detalları seçmək qabiliyyətinə malik deyil. 

Əlaqələndirmə.
Qısa şəkildə bildirək ki, televizorunuzun ən azı 2 HDMI və 2 USB portunun olmasında fayda vardır. SD card genişlənməsi imkanı isə bonus hesab olunur. Baxmayaraq ki, əksər televizorlar Wi-Fi bağlantısı ilə təchiz olunub, ethernet LAN portunun olması hər zaman xoş qarşılanır. 

3D vacibdirmi?
Hər nə qədər 3D gözəl bir xüsusiyyət olsa da bizim bu suala cavabımız xeyrdir. Çünki 3D televizorla bağlı problem televizorda yox, kontentdədir. Belə ki, hələ də yetərli qədər kontentin olmaması 3D funksiyasını çox bahalı və yararsız vəziyyətə salır.

Sizin üçün televizor alarkən qarşılaşacağınız suallara cavab verməyə çalışdıq. Unutmayın ki, eviniz üçün önəmli investisiya olan televizor hər zaman sizin əyləncə mərkəziniz ola bilər.

 Müəllif:Aynur Qəniyeva 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9309
  • ₽ RUB
    0.0256