İKT

“Gilan Holding”-dən daha bir layihəyə dəstək
31 OKTYABR
180

“Gilan Holding”-dən daha bir layihəyə dəstək

2018-10-31 17:11:00

Ölkəmizdə təşkil olunan yerli və beynəlxalq layihələrə hər zaman dəstək olan Azərbaycan iqtisadiyyatının aparıcı şirkətlərindən biri olan “Gilan Holding” daha bir nüfuzlu tədbirin keçirilməsinə öz töhfəsini verib.

“Gilan Holding” bu dəfə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilən “İnnovasiya həftəsi” çərçivəsində baş tutan “Global İnfluencer Day” tədbirinin baş sponsoru kimi çıxış edib.

İnfluenserlər, brend sahibləri, investorlar, marketinq və PR mütəxəssisləri, media nümayəndələri və iş dünyasından nümayəndələrin iştirak etdiyi tədbir “Keepface İnfluencer" Marketinq Platformasının təşəbbüsü ilə keçirilib. Ölkəmizdə ikinci dəfə təşkil olunan, şirkət və brend sahiblərinin öz məhsullarını təqdim etməsi üçün əlverişli platforma hesab edilən “Global İnfluencer Day” tədbiri oktyabrın 27 və 28-də brendlərlə influenserləri bir araya gətirib. Dünyanın 30 müxtəlif ölkəsindən hər birinin 1 milyondan çox izləyicisi olan influenserlər tədbirə qatılaraq, öz təcrübələrini iştirakçılarla bölüşüblər.

“Gilan Holding”-in İdarə Heyətinin üzvü, Baş administrasiya direktoru Fuad Kərimov “Startaplar və İnvestorlar” mövzusuna həsr olunmuş paneldə çıxış edib. O, ölkədə startap ekosisteminin inkişafının davam etməsində güclü İT infrastrukturu və hüquqi bazanın, həmçinin hazırlıqlı işçi qüvvəsinin rolunu qeyd edib. Həmçinin o, bu istiqamətdə ciddi dövlət proqramlarının, həvəsləndirici tədbirlərin həyata keçirildiyini və ictimaiyyətin bu sahədə maarifləndirilməsi üzrə işlərin aparıldığını vurğulayıb. 

Tədbir iştirakçıları eyni zamanda “Google” təmsilçisi Nina Levçuk, kontent marketinq influenseri, “Forbes” jurnalının 10 top sosial media influenser siyahısında yer alan avstraliyalı Ceff Ballas, Olena Dobrenskaya (“Vouge”), Tuqra Şükürova (ADA) və Alper Çelenin çıxışlarını dinləyiblər.

“Səyahət influenserləri”, “Dəb influenserləri”, “Kulinariya influenserləri”, “Startap və investorlar” panelləri də maraqlı çıxışlarla yadda qalıb. Hər kəsin səbirsizliklə gözlədiyi çıxışçı, süni intellekt sahibi, robot “Sofiya” Azərbaycan milli geyimində səhnəyə çıxaraq, tədbirin təşkilini yüksək qiymətləndirərək, təşkilatçılara təşəkkürünü bildirib. “Global İnfluencer Day”oktyabrın 28-də ADA Universitetində yerli və xarici mütəxəssislərin iştirakı ilə keçirilən praktiki məşğələlərlə yekunlaşıb.

Qeyd edək ki, fəaliyyətə başladığı gündən uğurlu sosial layihələr həyata keçirən, bir sıra konfranslara, tədbirlərə dəstək olan “Gilan Holding” bu ənənəni uğurla davam etdirməkdədir.  Korporativ Sosial Məsuliyyət və Sosial marketinq konsepsiyaları “Gilan Holding” fəaliyyətinin ayrılmaz tərkib hissəsidir. Ölkəmiz üçün əhəmiyyətli olan bu tip layihələrə dəstək, şirkətin başlıca təşəbbüsləri sırasında olub və şirkət bu tədbirin bir hissəsi olmaqdan qürur duyur.

Məlumat üçün bildirək ki, “Gilan Holding” 1987-ci ildən Azərbaycanda irimiqyaslı layihələrə sərmayə yatırır.  Şirkət Azərbaycan iqtisadiyyatının dünya bazarında iştirakına töhfə verməklə məhsul çeşidliliyinin və keyfiyyətinin optimallaşdırılmasına çalışır və bu istiqamətdə səylərini əsirgəmir.

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251