İKT

Təmiz Android ilə çalışan Xiaomi Mi A2 və Mi A2 Lite rəsmi olaraq təqdim olundular
26 İYUL
431

Təmiz Android ilə çalışan Xiaomi Mi A2 və Mi A2 Lite rəsmi olaraq təqdim olundular

2018-07-26 16:08:00

 Xiaomi şirkəti bugün təmiz Android əməliyyat sistemi əsasında çalışan Mi A2 və Mi A2 Lite modellərini təqdim etdi. Yeni smartfon modellərinin təqdimatı İspaniyada keçirilib. Baxmayaraq ki, sözügedən smartfonların fotoları artıq dəfələrlə internetdə yayılmışdı, istifadəçilər yenə də onların görünüşlərində əmin olmaq üçün rəsmi təqdimatı gözləyirdilər. Xiaomi Mi A2 18:9 nisbətli 5.99 inç Full HD+ ekrana sahibdir. Maraqlısı bundadır ki, bu dəfəki modelin ekranında çıxıntı hissəsi yoxdur. Ekranın özü isə Corning Gorilla Glass 5 qoruyucu şüşəsi ilə qorunur.

Əsas texniki göstəricilərə gəldikdə isə smartfon 8 nüvəli Snapdragon 660 prosessoru, 4/6 GB RAM, 32/64/128 GB daxili yaddaş, 12 MP + 20 MP ikili arxa kamera, 20 MP-lik ön kamera və Quick Charge 3.0 özəllikli 3010 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Əlavə olaraq qeyd etmək lazımdır ki, smartfonun arxa kameraları süni zəka texnologiyasına da sahibdirlər. Ön kamera da süni zəka vasitəsilə portret və HDR rejimləri dəstəkləyir. 4-in-1 Super Pixel texnologiyası həmçinin yaxşı işıqlandırılmamış mühitdə yüksək keyfiyyətli fotoların əldə olunmasına da yardımçı olur. Xiaomi Mi A2 MIUI interfeysi olmadan Android Oreo əməliyyat sistemi əsasında çalışır. Bununla yanaşı smartfon həmçinin Android P-yə kimi də yenilənəcək. Beləliklə 4 GB RAM və 32 GB daxili yaddaşa sahib versiya 249 avro, 4 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya 279 avro, 6 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya isə 349 avro qiymətində satılacaq.

Tədbirdə şirkət həmçinin Xiaomi Mi A2 Lite modelini də təqdim edib. Bu model Mi A2-dən həm texniki göstəricilər ilə həmdə dizayn baxımından fərqlənir. Belə ki, Lite versiya 19:9 nisbətində üzərində çıxıntı hissəsi olan 5.84 inç ekran ilə təchiz olunub. Əsas texniki göstəricilərə gəldikdə isə Mi A2 Lite modeli 8 nüvəli Snapdragon 625 prosessoru, 3/4 GB RAM, 32/64 GB daxili yaddaş, 12 MP + 5 MP ikili arxa kamera, 5 MP-lik ön kamera və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bu model də Android Oreo əməliyyat sistemi vasitəsilə çalışır. 3 GB RAM və 32 GB daxili yaddaşa sahib versiya 179 avro, 4 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya isə 229 avro qiymətində satılacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259