İKT

Yeni sosial şəbəkə fəaliyyətə başlayacaq
04 İYUL
97

Yeni sosial şəbəkə fəaliyyətə başlayacaq

2018-07-04 12:12:00

Yaxın günlərdə Amerikada tərkibində Azərbaycandan olan proqramçıların da yer aldığı yeni – Baflike adlı sosial şəbəkə fəaliyyətə başlayacaq.

Fins.az bildirir ki, bu haqda sosial şəbəkənin aktiv istifadəçisi və reklamı ilə məşğul olan Amid Unayev məlumat verib. Amid Unayev bu barədə ona Baflike-nin azərbaycanlı proqramçılarının xəbər verdiyini bildirib.

O, adıçəkilən sosial şəbəkənin feysbuk və instagramdan daha məşhur olacağını deyir. Onun sözlərinə görə, yeni şəbəkədə facebook və instagramda olduğu kimi, bəyənmələr yalançı olmayacaq: Üstəlik istifadə qaydası daha sadə olacaq.

Bu məsələdə ən çox diqqət çəkən məqam isə budur ki, yeni şəbəkələrin aktiv iştirakçıları  günə 20-25 dollar həcmində pul qazanacaq. Amid Unayev belə deyir:

“Sadəcə sosial şəbəkə kimi istifadə edənlər bu qədər məbləğdə pul qazana bilməyəcək. Aktiv istifadəçilərə isə xüsusi link veriləcək. Həmin bölmədə “sayğac” olacaq. İstifadəçi kimləri dəvət edirsə, dəvət etdikləri də başqa insanları “Baflike” istifadəçisi kimi onun hesabına yazılacaq ki, bu da əlavə vəsait şəklində aktiv istifadəçinin hesabına oturacaq”.

Məsələ ilə bağlı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bu cür sosial şəbəkə yaratmaqla bağlı iddialar çox olduğunu bildirib:

“Şəxsən mənim özümə son 15-20 ildə 10-15 lokal şəbəkə layihəsi təqdim olunub. Bunlar yerli şəbəkələr idi. Amma uğur qazanmadı. Çünki feysbuk və instagram kimi şəbəkələrdən üstün olmaq üçün milyardlarla vəsait xərclənməlidir. İndi rəqabətli mühit var və Baflike-nin bu mühitdə uğur qazanacağı elə də inandırıcı görünmür. Google kimi nəhəng koorparasiya özünün Google+ sosial şəbəkəsini populyarlaşdıra bilmədi. Baflike-nin uğur qazanması ancaq bir halda mümkün ola bilər. Bunun üçün də hardasa 10-15 il müddətinə milyardlarla pul xərcləyərək bütün sosial şəbəkə istifadəçilərini oraya yönəltmək lazımdır" .

Osman Gündüz deyib ki, bundan başqa bir hal isə maraq doğuran marketinq layihələri həyata keçirilməsidir: "Bu da milyardlarla vəsait deməkdir. Əgər aktiv istifadəçilərə pul qazanmaq vəd edirlərsə, o zaman onların uğur qazanacağı, populyarlaşacağı 10-15 illik zaman limiti bir qədər aşağı düşə bilər. Bunun üçün də uzunmüddətli strateji proqramlar hazırlanıb həyata keçirilməlidir. Əks halda feysbuk və instagramdan üstün olmaq mümkün deyil. Bilirsiniz, bir sosial şəbəkə iki halda populyarlaşır. Birincisi, xalq – yəni, əksəriyyət orada olmalıdır, ikincisi, istifadəçidə müəyyən maddi maraq oyadılmalıdır. Bunlar olacaqsa, istənilən sosial şəbəkə layihəsi bir müddət sonra aparıcı mövqeyə çıxa bilər. Olmayacaqsa, liderlik iddiası inandırıcı olmayacaq. Bu gün feysbuk və instagram ona görə populyardır ki, hər kəs oradadır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9817
  • ₽ RUB
    0.0273