İKT

Dünyada və Azərbaycanda ilk telefon rabitəsi
04 MAY
262

Dünyada və Azərbaycanda ilk telefon rabitəsi

2018-05-04 11:18:00
Telefon rabitəsi insanlar arasında ünsiyyəti asanlaşdıran bir vasitədir.

Fins.az xəbər verir ki, “Ölkə.Az” bu gün oxuculara dünyada və Azərbaycanda ilk telefon rabitəsinin tarixçəsindən bəhs edəcək.

Əziz oxucular, hipotetik də olsa bir anlığa təsəvvürümüzə gətirək ki, hansısa səbəbdən bütün rabitə növləri sıradan çıxmışdır, mobil, stasionar telefon, radio, televiziya, internet  və s. insanların yaşam tərzi və əmək fəaliyyəti üçün zəruri olan heç bir rabitə vasitəsi işləmir.

Təsəvvürünüzə gətirdiniz?

Mən çox gözəl bilirəm ki belə bir vəziyyət haqqında bir az dərindən düşünəndə adamı dəhşət bürüyür. Çünki, bu anda nəinki insanlar arasında məsafədən aparılan ünsiyyət itər, idarə olunan bütün prosseslər, sistemlər donar, iqtisadiyyat  və həyat iflic  vəziyyətə düşər, sanki, görünməmiş apokalipsis baş verib. Mən heç nəyi şişirtmirəm. Çünki, elektrik rabitəsi artıq bizim hər birimizin yaşam amilinə, həyat  tərzinə çevrilmişdir.
Məhz buna görə də həyatımızın ayrılmaz bir hissəsi olan elektrik rabitəsinin və bu rabitənin demək olar ki, əsası olan telefon rabitəsinin yaranma və Azərbaycanda ilk dəfə tətbiqi haqda fikirlərimi sizinlə bölüşməyi bir rabitə işçisi kimi özümə borc bilirəm.

Tarixin qəribəliklərindən biri də odur ki, bir çox bəşəri əhəmiyyətli ixtiralar və kəşflər təsadüflər nəticəsində yaranıb və ya həmin sahə ilə uzun illər məşğul olan böyük alim və mühəndislər tərəfindən yox, tamam başqa sahənin adi mütəxəssisləri tərəfindən edilib. Telefonun yaradılması da təsadüflə bağlı olan və insanların həyat tərzini dəyişən ixtiralardan biri hesab edilir.
İlk telefonun müəllifi şotlandiyalı Aleksandr Qrehem Bell ilk təhsili (Koroleva məktəbi) üzrə nitq mədəniyyəti və musiqi müəllimi, ikinci təhsili üzrə (London universiteti) həkim- fizioloq (surdopedaqoq- karlar müəllimi) idi. Anası və gələcək həyat yoldaşı kar olduqları üçün həmişə şifahi nitqin müəyyən vasitələrlə karlara çatdırılması, qəbul edilməsi haqqında düşünürdü.
     
A.Q.Bell həyat yoldaşı ilə ilk telefon aparatından istifadə edərkən
 
Bir gün quraşdırdığı səs ötürmə aparatı ilə aparılan təcrübələrin birində qurğunun səs çeviricisinin (müasir mikrofonun ilk analoqu) membran lövhəsinin sərbəst ucunun gövdəyə pərçimləndiyini görüb onu ayırmağa cəhd edir. Bu zaman qurğunu qidalandıran akkumlyatorun turşu məhlulunu üstünə dağıdır. Bell çox əsəbləşir, qeyri-ixtiyari olaraq nalayiq ifadələr işlədir və öz köməkçisi olan Uolt Vatsonu səsləyir:

- Uolt, Uolt, buraya gəl, sən mənə lazımsan.

Qurğunun qəbuledicisi digər otaqda yerləşdirilmişdi və naqillə giriş qurğusuna (ötürücüyə) birləşirdi. Qəbuledici tərəfdə müşahidə aparan köməkçi bir göz qırpımında Bellin yanına gəlir və deyir:

- Mister Bell mən sizin sözlərin hamısını eşitdim.

Bell fikirləşir ki, ara qapı bağlı olduğundan və məsafənin uzaqlığına görə köməkçi onun sözlərini hava yolu ilə eşidə bilməzdi və o, dərk etdi ki, səsverici qurğunun normal işi üçün onun membranı elə səhv hesab etdiyi vəziyyətdə olmalıdır. Yəni, yalnız bu halda qapalı elektrik dövrəsi yaradan membran səs dalğalarının təsirinə uyğun rəqs edərək bir maqnit içliyi kimi makaranın maqnit sahəsini (deməli elektrik sahəsini) səs rəqslərinin tezliyinə uyğun dəyişdirir. Makarada yaranan elektrik siqnalları isə qəbulediciyə ötürülür.
Bu hadisədən sonra Bell öz qurğusunu təkmilləşdirir və 1875-ci ilin noyabr ayında patent almaq üçün təqdim edir və 1876-cı ilin mart ayının 7-si patent alır.

A. Q. Bellin patent sənədi, № 194765
 
Bu tarix dünyada telefonun (telefon rabitəsinin) yaranma tarixi kimi qəbul edilir.
Beləliklə, XIX əsrdə bəşər tarixində ən böyük ixtiralarından biri olan telefon rabitəsi qısa bir zamanda bir çox Avropa ölkələrinə, həmçinin, neft sənayesinin coşqun inkişaf mərhələsini yaşayan Azərbaycana da sürətlə yayılmağa başladı. İxtirasından cəmi 4 il keçməsinə baxmayaraq, artıq 1880-ci ildə Bakıda telefon xəttlərinin çəkilməsinə dair Bakı Quberniyasına intensiv müraciətlər daxil olmağa başlamışdı.

XIX əsrdə Bakıda neft buruqları
 
Ümumiyyətlə, Azərbaycanda bu dövrə aid, yəni ilk telefon rabitəsinin yaranma tarixi haqqında kifayət qədər geniş tədqiqat işləri mövcud olsa da bu əsərlərdə alınan nəticələr ziddiyyətlidir və tam deyil. Ona görə mən də bu məsələ haqqında öz fikirlərimi sizinlə bölüşmək istəyirəm.
Hörmətli oxucular, yəqin çoxlarınız bilirsiniz ki, hər il dekabr ayının 6-sı respublikamızın ictimayəti şərəfli bir bayramı–rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramını qeyd edir. Həqiqətən bu bayram, rəsmi adından da göründüyü kimi, informasiya və kommunikasiya texnologiyalarının bütün sahələrində çalışanlara aid olsa da “səbəbkar” telefon rabitəsidir, onun yaranma tarixidir.

Azərbaycanda aparılan tədqiqatlar nəticəsində məlum olur ki, ilk telefon xətti kimi Bakıda yerləşən “Qafqaz və Merkuri” gəmiçilik idarəsinin ofisindən (kontorundan) Bakı limanında yerləşən “Kaspi” cəmiyyətinin kontoruna, 1880-cı ilin sonlarında çəkilmiş telefon xəttidir. Lakin məlum olub ki, telefon çəkilişinə icazə alınması, inşası, istifadə qaydaları və s. məsələlər İmperator III Aleksandrın 1881-ci il 27 fevral tarixində imzaladığı, “Правила объ устройствеъ телефонныхъ сообщенийъ” fərmanı ilə tənzimlənməlidir və bu tarixdən sonra çəkilişinə icazə verilmiş xəttlər qanuni hesab edilir. Ona görə də Azərbaycanda ilk telefon rabitəsi yuxarıda qeyd edilən yox, 1881-ci ilin 23 Noyabrında (yeni stillə 6 dekabr) “Nobel qardaşlarının neft istehsalı cəmiyyəti”-nin baş kontoru ilə şirkətin sədrinin və baş mühəndisinin evlərini birləşdirən rabitə sistemi (uzunluğu 6 km) qəbul edilməlidir.
Telefonun Nobel qardaşları tərəfinfən istifadə edilməsi digər şirkətlər və milyonçular üçün də  nümunə oldu. 1884-cü ildə Hacı Zeynalabdin Tagıyevin (ticarət evi ilə Bayıl neft mədənlərindəki 2 kontor binası arasında) və digər iri sahibkarların kontorları arasında şəxsi telefon xətləri inşa edilir. Həmən vaxtlar Tağıyevlə bağlı çox maraqlı əhvalatlar baş verirdi. Həmin əhvalatlardan biri də bu idi:

Bir gün  Bakı varlıları  Hacıya şikayət edirlər ki, ermənilər şəhərin aşağı məhəllələrində evlər tikdirirlər, hətta telefon da çəkdirirlər, tədbir görüb, bunun qabağını almaq lazımdır.  Hacı deyir: “Qoy tiksinlər. Qabağını almaq lazım deyil. Mən özüm də onları şirnikləndirirəm ki, tikdirsinlər. Hətta onlara telefon cəkilməyə də kömək edirəm. Gedəndə heç kəs binaları dalına şələləyib aparmayacaq. Onlar gedəcək, binalar isə qalacaq”.

İlk mərkəzləşdirilmiş kommutasiyalı telefon şəbəkəsinin yaranması 26 may 1886-cı ildə Baş Poçt və Teleqraf İdarəsi ilə Qustav İvanoviç List arasında bağlanmış müqavilə ilə başlanır. 40 maddədən ibarət olan bu müqavilədə Bakı şəhərində mərkəzi telefon stansiyasının tikilməsi, müxtəlif şirkətlərə mənsub olan müstəqil telefon xəttlərini vahid rabitə şəbəkəsində birləşdirilməsi nəzərdə tutulurdu. Bu telefon şəbəkəsi hal-hazırki ümumi istifadəli telefon şəbəkəsinin ilk nümunəsi hesab olunur.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254