İKT

Formula 1-də istifadə edilən texnologiyalar
25 APREL
139

Formula 1-də istifadə edilən texnologiyalar

2018-04-25 11:09:00

Bu il də Bakı Şəhər Halqasının (Baku City Circuit) bütün texnoloji sistemlər və İT xidmətlərini Eurodesign şirkəti üzərinə götürüb.

Məlum olduğu kimi, 27-29 aprel tarixilərində Bakə yenidən Formula 1 Azərbaycan Qran Prisi beynəlxalq  yarışlarına ev sahibliyi edəcək.

Fins.az-ın məlumatına görə, şirkət bu istiqamətdə işləri artıq yekunlaşdırıb.

Qeyd edilir ki, trassanın hesablama şəbəkəsinin əsasını multimedia məzmununun ötürülməsi üçün vacib olan etibarlılıq və yüksək səmərəliliyi təmin edən Cisco Catalyst 3850 və ASR 1002-X təşkil edir.

 Cisco şirkətinin yüksək sıxlıqlı Wi-Fi şəbəkələri (High-Density Wi-Fi), o cümlədən, Cisco AP 2702 simsiz daxilolma nöqtələri, Cisco Wireless Controller 5520 simsiz şəbəkəni idarəetmə və nəzarət sistemi, habelə yüksək sıxlıqlı şəbəkələr üçün nəzərdə tutulmuş xüsusi antenalar aralıqsız simsiz rabitə təmin edir.

Cisco Unified Communications Manager, habelə Cisco ISR 4431 səs şlüzlərindən istifadə olunaraq IP-telefoniya, kommunikasiya və birgə iş təmin olunub.

Məlumata görə, bir yarış ərzində 12 terabayta yaxın verilən toplanır. Həmin verilənlər təhlil edilir, nəticələr isə bolidin aerodinamikasının, əyləc sisteminin və s. təkmilləşdirilməsində istifadə olunur. Beləliklə, əldə edilən verilənlərdən ən səmərəli şəkildə bəhrələnən komanda qalib gəlir.

Bildirilir ki, trassada baş verənlərin şəffaflığının təmin edilməsi, bununla əlaqədar məlumatların toplanması üçün Bakı Şəhər Halqasında 39 ədəd yüksək çözümlülüklü IP kamera quraşdırılıb. Bu kameraların yaradıb ötürdüyü bütün məzmunlar yarışı idarəetmə binasında yerləşən vahid mərkəzdə cəmləşdirilir. Yarış müdiriyyəti trassada bütün baş verən hadisələrə 18 ədəd 55 düymlük yüksək çözümlülüklü professional LED ekranlardan qurulmuş videodivarda nəzarət edə bilir.

 Bakıda keçirilən Formula 1 Qran Prisində TETRA standartlı rabitənin rəqəmsal trakinq şəbəkəsi qurulub. Həmin şəbəkəyə TETRA standartında işləyən 1500 radiostansiya daxildir.

Tamaşaçıların Formula 1 mühitinə tamamilə qərq olmalarını təmin etmək üçün tribunaların və Pit-Stopların qarşısında 15 ədəd yüksək çözümlülüklü, bəziləri 40-45 kvadrat metr olan nəhəng LED ekranlar quraşdırılıb.

Onu da bildirək ki, translyasiya 350 ədəd 40 düymlük yüksək çözümlülüklü ekrandan nümayiş etdirilir.

Eurodesign şirkəti həmçinin Bakı Şəhər Halqasının www.bakucitycircuit.com rəsmi saytının yaradılması, dəstəklənməsi və onun mümkün kiberhücumlardan qorunmasını öz öhdəsinə götürüb. Yarış günlərində bu İnternet resursu üzərindən istifadəçilərə aktual məlumat, son xəbərlər və yarış cədvəli təqdim olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276