İKT

Soyuducu alarkən nələri bilmək vacibdir
03 APREL
151

Soyuducu alarkən nələri bilmək vacibdir

2018-04-03 13:37:00

Soyuducu qida və digər tez xarab olan məhsulların ətraf mühit temperaturundan aşağı temperaturda soyutma, dondurulma formasında saxlanmasını təmin edən cihazdır. İndi təkcə evlərdə deyil, həmçinin sənaye və ictimai iaşədə də soyuduculardan geniş istifadə olunur. Soyuducunun işləmə prinsipi istiliyi işçi kameradan götürüb xarici mühitə verən istilik nasoslarına əsaslanır.

Məişətdə istifadə etdiyimiz soyuducular iki tipə qida məhsullarını saxlamaq üçün orta temperaturlu soyuduculara və aşağı temperaturlu donduruculara bölünürlər. Eyni zamanda hər iki kameranı özündə kombinasiya edən soyuducular da artıq istehlakçıların ixtiyarına verilir.

Soyuducular aldığı soyuğun həcminə görə üç növdə quruplaşdırılır. Bunlara kompressorlu soyuducu və dondurucular, sorucu və termoelektrik soyuducular aid edilir. Onların içərisində kompressorlu soyuducular daha geniş yayılmışdır. Bu tip soyuducular güclü təsirə malik olmaları ilə seçilirlər.

Mövcud standartlara uyğun olaraq soyuducuları təyinatı, quraşdırılma üsulu, kameraların sayı, komfortluğu, mürəkkəblik qrupu və digər əlamətlərə görə də qruplaşdırmaq olar.

Soyuducuların texniki göstəricilərinə çəki, kompressorların sayı, səs gücünün korrekt həcmi, ümumi və dondurma kamerasının həcmi, dondurma kamerasında saxlama temperaturunun °C ilə ifadəsi, nominal tətbiq gücü, gündəlik elektroenerji sərfi, dondurulma gücü, elektroenerji olmadıqda dondurulma kamerasında -9°C-yə qədər temperaturun qaldırılma vaxtı, avtomatik əritmə sistemi və s. daxildir.

Soyuducular markalanarkən onların tipi müvafiq olaraq K – kompressorlu, A – absorbsion-diffuziyalı (sorucu), TE – termoelektrik formasında ifadə olunur.

Bildiyiniz kimi, ölkə qanunvericiliyində istehlakçıların satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal haqqında təqdim olunan məlumata cavab verməsini tələb etmək hüququ təsbit edilmişdir. Yəni istehlakçı soyuducu alarkən ilk növbədə onun keyfiyyəti ilə bağlı ticarət obyektindən zəruri məlumatları tələb edə bilər.  Eyni zamanda istehlakçı aldığı soyuducunun keyfiyyətini, komplektliyini, ölçüsünü, çəkisini və qiymətini yoxlamaq, onun düzgün və təhlükəsiz istifadəsini nümayiş etdirmək hüququna malikdir. Satıçı isə istehlakçınun bu tələblərini yerinə yetirməyə borcludur. Ticarət obyekti texniki cəhətdən mürəkkəb mal olduğuna görə soyuducunu satışa müvafiq qaydada hazırlamalı, satışı zamanı onun yoxlanması üçün müvafiq şərait yaratmalıdır.

Bu məsələlərdə sizdə əminlik formalaşdıqdan sonra birinci növbədə alqı-satqı müqaviləsinin bağlanmasını tələb edin. Yəni satıcıdan malın həmin maqazadan alınması və s. barədə məlumatları təsdiq edən sənədləri alın. Bu gələcəkdə sizin qarşılaşacağınız fors-major hallardan sığortalanmağınız üçün vaacibdir.

Eyni zamanda hər bir istehlakçı bilməlidir ki, bu mallar zəmanət müddəti ilə satılmalıdır. Zəmanət müddəti malın pasportunda və ya mala əlavə olunan digər sənəddə göstərilməlidir. Mal zəmanət müddəti ilə satılarkən, satıcı məmulatın pasportunda malın bu obyektdən alındığını və malın satıldığı tarixi təsdiq edən ştamp vurur. Bu müddət ərzində alınan malda qüsur və ya saxtalaşdırma aşkar edilərsə istehlakçı qanunvericiliklə müəyyən edilmiş hüquqlarını tələb edə bilər. Bu sırada isə istehlakçının zəmanət müddəti ərzində aldığı malı lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini, malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i.a.) mal ilə dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini, müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüquqları yer alır. Əgər satıcı, istehsalçı (onların funksiyalarını yerinə yetirən müəssisələr) malın qüsurlarının istehlakçı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, istehlakçının tələbləri təmin olunmur.

Almış olduğunuz soyuducunu obyektdə bir gün müddətində saxlaya bilərsiz. Bu müddət, obyekt rəhbərinin razılığı ilə haqqı ödənilməklə artırıla bilər.

Soyuducular ticarət şəbəkələrinə daşınarkən nəqliyyat vasitəsinə şaquli yerləşdirilməli, hər hansı bir zərbədən, təsirdən qorunması üçün qablaşdırılmalıdır. İstismarına zəmanət müddəti 2-3 ildir. Soyuducunun ixtisaslaşdırılmış firma mağazalardan alınması məqsədəuyğundur. Hər bir istehlakçı soyuducu alarkən qeyd olunanları nəzərə almalı və hüquqlarının müdafiəsində aktiv olmalıdır. Əgər hər hansı qanun qozuntularına rast gəlsəniz dərhal İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edin.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0862
  • ₽ RUB
    0.0278