İKT

Mikrodalğalı soba haqqında – BİLMƏDİKLƏRİNİZ
03 APREL
1279

Mikrodalğalı soba haqqında – BİLMƏDİKLƏRİNİZ

2018-04-03 13:31:00

İnsanların həyat səviyyəsinin sürətlə yaxşılaşdığı ölkəmizdə müxtəlif tipli məişət avadanlıqlarının satışı və istifadəsi durmadan artmaqdadır. Ən müasir məişət texnikası mallarının əldə edilməsi vüsət aldıqca istehlakçıların narazılıqları da olur. Keyfiyyətsiz məhsullar sırasında soyuducular, kondinsonerlər, mikrodalğalı sobalar, tozsoranlar, fenlər, ütülər və s. kimi mallar da var. Ona görə də hər bir istehlakçının bu avadanlıqları alarkən aldanmamaq üçün nə etməli olduğunu bilməsi vacibdir. Bu yazıda mikrodalğalı sobalar alarkən istehlakçıların bilməli olduğu məsələlərdən danışacağıq.

İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən Fins.az-a bildirilib ki, mikrodalğalı sobalar mikrodalğaların şüalanması vasitəsi ilə qidanın termo emalını həyata keçirən cihazdır. Bu cihazlar vasitəsiləqidada mikrodalğaların təsiri altında suyun molekulları hərəkətə gəlir və bu qidanın qızdırılmasına səbəb olur. Bütün məhsulların tərkibində su olduğunu nəzərə alsaq mikrodalğalı sobalardan istənilən məhsulun qızdırılması üçün istifadə etmək olar.

Mikrodağalı sobaların mexaniki,  elektron  və sensorlu idarəetmə sistemi olan növləri mövcuddur. Hazırda mikrodalğalı sobalar hər bir evin, müəssisənin əvəzolunmaz məişət texnikasından biridir. Əvvəllər mikrodalğalı sobalar yalnız  hazır yeməklərin qızdırılması üçün nəzərdə tutulurdusa, müasir mikrodalğalı sobalar bir çox funksiya ilə istifadəçilərə xidmət göstərir. Belə ki, tez bir zamanda soyuducudan çıxartdığınız donmuş qidanın buzunu aça, soyumuş xörəyi qızdıra, səhərlər bir anda dadlı buterbrodlar hazırlaya bilərsiniz. İstifadəsi sadə, qiyməti qaz sobalarından daha ucuz, elektrik sərfinə görə əlverişlidir. Bundan əlavə mətbəxdə o qədər də böyük yer tutmur.

Mikrodalğalı sobanın qeyd olunan xidmətlərindən faydalanmaq üçün isə ilk öncə onu düzgün seçmək lazımdır. Mikrodalğalı sobanın seçilməsi zamanı isəilk olaraq onun funksiyaları, həcmi, işləmə gücü, iç örtüyü və dizaynına diqqət yetirmək lazımdır.

Mikrodalğalı sobaların funksiyaları onun növündən aslıdır. Məsələn, sadə mikrodalğalı soba əldə etməklə siz yalnız isitmə, buzaçma kimi funksiyalardan yararlana bilərsinizsə, çoxfunksiyalı mikrodalğalı soba əldə etməklə isəqril, qizartma, un məmulatları bişirə, balıq qizartma və s. kimi funksiyalardan da yararlana bilərsiniz.

Mikrodalğalı sobalar həcmə görə adətən 18 litrdən başlayır, 40 litr və daha böyük həcmdə istehsal edilir. Əgər ailəniz 2 nəfərdən ibarətdirsə sizə 18 lt mikrodalğalı soba kifayət edəcək. Daha artıq sayda  ailə üzvləriniz varsa bu zaman daha artıq həcmə malik modellər seçməlisiniz.

Mikrodalğalı sobanın işləmə gücü onun gördüyü işindən aslıdır. Məsələn  ərzağın buzunu açmaq üçün mikrodalğalı soba 300-500 Vt, yemək bişirmək üçün 700 Vt və daha çox güc istifadə edir. Ortalama isə mikrodalğalı soba 700 -1800 Vt güc göstəricisi ilə işləyir.

Mikrodalğalı sobalar iç örtük materialına görə emal, keramik, biokeramik və paslanmaz polad örtüklü növlərə ayrılır. Bunların arasında ən keyfiyyətlisi biokeramik örtüklü iç kameraya sahib  mikrodalğalı sobalardır. Belə ki, biokeramikadan hazırlanmış  səth çox asan təmizlənir, ərzağın qoxusunu özundə saxlamır, düz və parlaq olur.

Mikrodalğalı sobalardan istifadə edərkən qizdırılan ərzağın hansı qabda olması da vacib məqamlardan biridir. Mikrodalğalı sobada qizdırılma zamanı farfor, fayans, plastmass kimi qablardan istifadə etmək olar. Əgər qabın üzərində hər hansı bir metal işləmə varsa bu qablardan istifadə etmək olmaz, çünki bu halda kamerada qığılcım yarana bilər və bu da qısa qapanma  kimi hallara gətirib çıxara bilər. Nəzərə alın ki, bu cihazların şüşə və ya korpusu zədələndiyi halda təhlükəli ola bilər.

Bu cihazları alarkən birinci növbədə satıcıdan zəruri məlumatları alın. Ölkə qanunvericiliyində istehlakçıların satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal haqqında təqdim olunan məlumata cavab verməsini tələb etmək hüququ təsbit edilmişdir. Yəni istehlakçı hər hansı malı alarkən ilk növbədə onun keyfiyyəti ilə bağlı satıcıdan zəruri məlumatları tələb edə bilər.  Eyni zamanda istehlakçı aldığı malların, o cümlədən məişət texnikasının keyfiyyətini, komplektliyini, qiymətini yoxlamaq, malların düzgün və təhlükəsiz istifadəsini nümayiş etdirmək hüququna malikdir. Satıçı isə istehlakçının bu tələblərini yerinə yetirməyə borcludur. Bu malların satışı zamanı obyektdə onların yoxlanması üçün müvafiq şərait yaratmalıdır.

Eyni zamanda hər bir istehlakçı bilməlidir ki, bu mallar zəmanət müddəti ilə satılmalıdır. Zəmanət müddəti malın pasportunda və ya nişanlama kağızında (yarlıqda) yaxud mala əlavə olunan digər sənəddə göstərilməlidir. Mal zəmanət müddəti ilə satılarkən, satıcı məmulatın pasportunda malın bu obyektdən alındığını və malın satıldığı tarixi təsdiq edən ştamp vurur. Bu müddət ərzində alınan malda qüsur və ya saxtalaşdırma aşkar edilərsə istehlakçı qanunvericiliklə müəyyən edilmiş hüquqlarını tələb edə bilər.

Sonda bir məqamı da nəzərinizə çatdırmaq istəyirik ki, demək olar məişət texnikası satılan bütün obyektlərdə mikrodalğalı sobalar satılır. Bəzi hallarda onların keyfiyyət sertifikatı olmur və onlara zəmanət verilmir. Bu isə istehlakçıların keyfiyyətsiz mal almasına səbəb olur. Mal alan zaman keyfiyyət sertifikatını soruşmağı unutmayın və hüquqlarınızın müdafiəsində aktiv olun. Əgər hər hansı qanun pozuntularına rast gəlsəniz dərhal Dövlət Xidmətinə müraciət edin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259