İKT

Elektron Təhlükəsizlik Xidməti “Microsoft”la anlaşma memorandumu imzalayıb
02 APREL
160

Elektron Təhlükəsizlik Xidməti “Microsoft”la anlaşma memorandumu imzalayıb

2018-04-02 13:37:00

Ziyanverici proqramlar, fişinq hücumları, istifadəçilərin elektron poçt və sosial şəbəkə hesablarının ələ keçirilməsi, DoS/DDoS hücumların və təhlükələrin qarşısının alınması,  kiberhücumlarla effektiv mübarizə aparılması istiqamətində kibertəhlükəsizlik sahəsində təcrübə mübadiləsini həyata keçirmək, əməkdaşlıq əlaqələrini genişləndirmək məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti ilə “Microsoft Azərbaycan” arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorundan Fins.az-a verilən məlumata görə, anlaşma memorandumu kibertəhlükəsizlik sahəsində “Microsoft”un xidmət və texnologiyalarından istifadə, bilik və təcrübə mübadiləsi, tədqiqatların aparılması üzrə əməkdaşlıq əlaqələrinin qurulması dövlət sektorunda lisenziyalı proqram təminatının təbliği kimi məsələləri əhatə edir.

Qeyd edək ki, Elektron Təhlükəsizlik Xidməti kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını, mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, özəl qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini, onlara metodiki kömək göstərilməsini təmin edən əlaqələndirici dövlət qurumudur. 

Xidmət “FİRST”, “Tİ”, “CERT CC”, “CAMP”, “Anti-phishing Working Group (APWG)” kimi beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir.

"Kiberhücumlar nəinki təşkilat və şirkətlərə maddi zərər vurur, eyni zamanda, ölkə iqtisadiyyatına mənfi təsir göstərir. Tərəflər arasında imzalanan bu anlaşma memorandumu Azərbaycanda kiberməkanın təhlükəsizliyinin təmin edilməsində və ümumiyyətlə, ölkədə informasiya texnologiyaları sahəsinin inkişafında olduqca vacib addımdır və mühüm rol oynayacaq. Kibertəhlükəsizlik sahəsində “Microsoft”un kifayət qədər təcrübəsi, həlləri və xidmətləri mövcuddur ki, Elektron Təhlükəsizlik Xidməti ilə onları bölüşməyə hazırıq", - deyə "Microsoft Azərbaycan" şirkətinin baş direktoru Sərxan Həşimov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259