İKT

Mobil telefon alarkən – DİQQƏTLİ OLUN
02 APREL
401

Mobil telefon alarkən – DİQQƏTLİ OLUN

2018-04-02 12:34:00

Azərbaycanda mobil telefon bazarı genişlənir, ölkəyə gətirilən mobil telefon modellərinin sayı günü-gündən artır.

Mobil telefon bazarında çeşidin artması istehlakçıların bu sahədə hüquqları ilə bağlı məsələləri bir daha gündəmə gətirir.

Mobil telefonlarla bağlı yaranan problemlərin həlli məqsədilə istehlakçılar ilk növbədə telefonu aldığı yerə müraciət edir. Satıcı isə bəzi hallarda hətta zəmanət müddəti ərzində istehlakçının tələbini yerinə yetirməkdən boyun qaçırır ki, bu da mübahisələrin yaranmasına səbəb olur. Bununla bağlı nə etmək olar, istehlakçı mobil telefon alarkən hüquqlarını necə müdafiə edə bilər və s. kimi suallara aydınlıq gətirəcəyik. 

Birinci növbədə onu nəzərə almaq lazımdır ki, ölkə ərazisində satışa yalnız Azərbaycan Respublikası qanunlarının tələblərinə cavab verən məhsullar çıхarıla bilər. Mövcud qanunvericiliyin tələbinə görə, satışa çıхarılan mobil telefonlar müvafiq orqanlar tərəfindən sertifikatlaşdırılmalıdır. Belə ki, Nazirlər Kabinetinin qərarına əsasən, mobil telefon aparatları sertifikatlaşdırılmalı mallar sırasına daxildir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Qərarına əsasən, ölkəyə idxal edilən telefonlar harada istehsal olunmasından asılı olmayaraq Mobil cihazların qeydiyyat sistemində qeydiyyata alındıqdan sonra satışa çıxarıla bilər.

İstehlakçı mobil telefonu alarkən onun satıcısı ilə maraqlanmalıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, satıcı istehlakçıya öz təşkilatının adı, ünvanı və iş rejimi barədə məlumatları verməli və göstərilmiş bu məlumatları mağaza lövhəsində yerləşdirməlidir. Əgər sadalanan məlumatlar mağaza lövhəsində yerləşdirilməyibsə, mağaza əməkdaşlarından mağazanın tam adı və hüququ ünvanı öyrənilməlidir. Belə məlumatları təqdim etməyən mağazadan mobil telefon alınması məsləhət görülmür.

Mobil telefonun keyfiyyətinə əmin olmaq üçün onun sənədlərinə diqqət yetirilməlidir. Belə ki, mobil telefonların  müvafiq sənədləri, o cümlədən  pasportu, zəmanət talonu və uyğunluq sertifikatı olmalıdır.

Mobil telefon alarkən mal barədə zəruri və ətraflı məlumatların verilməsini tələb etmək lazımdır. İstehlakçının müraciətinə əsasən, satıcı onu cihaz və onun istifadəsi qaydası ilə tanış etməli və bu zaman cihaz yığılmış texniki hazır vəziyyətdə istehlakçıya nümayiş olunmalıdır. Həmçinin satıcı istehlakçının müşayiəti ilə malın keyfiyyəti, onun komplektliliyi və əmtəəyə aid olan bütün sənədlərin mövcudluğunu yoxlamalıdır.

Keyfiyyətli telefon müvafiq sertifikata malik olmalıdır. Həmçinin saxta telefonları orjinal telefonlardan ayırd etməyə imkan verəcək digər bir üsul IMEI (telefonun fərdi nömrəsi) kodunun yoxlanmasıdır. Belə ki, telefonun korpusunda yazılmış IMEI kodla qablaşdırma və ya batareyanın akkumulyatorunun altında göstərilmiş IMEI kodlar üst-üstə düşmürsə, bu telefonun orjinal olmadığının göstəricisidir.

Satıcı mal ilə birlikdə istehlakçıya aşağıdakıları təqdim etməlidir:

-       Kassa çeki;

-       İstehsalçı tərəfindən müəyyən edilmiş ləvazimat komplekti və sənədlər;

-       Zəmanət talonu.

       Telefonda hər hansı qüsur aşkarlanandıqda ilk nö

vbədə zəmanətli servis mərkəzinə və ya satıcıya müraciət etmək lazımdır. Yaxşı olar ki, müraciət yazılı edilsin və müraciətin çatdırılmasını təsdiq edən imza və ya qəbz olsun. Satıcı istehlakçının şifahi və yazılı müraciətlərinə cavab vermirsə, istehlakçının aidiyyəti dövlət orqanları və məhkəməyə müraciət etmə hüququ vardır.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əsasən malda, o cümlədən mobil telefonda qüsur aşkar edildiyi təqdirdə istehlakçının aşağıdakı hüquqları mövcuddur:

  1.   Qüsurun pulsuz aradan qaldırılması və ya qüsurun istehlakçı, yaxud üçüncü şəxs tərəfindən aradan qaldırılması üçün çəkilmiş xərclərin ödənilməsi;
  2.   Cihazın alış qiymətinin müvafiq məbləğdə azaldılması;
  3.   Cihazın analoji modelli mala dəyişdirilməsi;
  4.   Cihazın fərqli modelli mala dəyişdirilərək satış qiymətinin yenidən hesablanması;
  5.   Alqı-satqı müqaviləsinin ləğvi və ödənilmiş məbləğin geri qaytarılması.

Mobil cihazda istehsal qüsuru aşkar edilərsə, istehlakçı ona dəymiş zərərin tam həcmdə ödənilməsini tələb etmə hüququna malikdir. Lakin istehlakçı mobil cihazı yerə salmış, yaxud istehlakçının təqsiri ucbatından telefonun daxilinə nəmişlik sızmışdırsa digər qüsurlar yaranmışdırsa, istehsalçı yaranmış qüsurlara görə heç bir zəmanət məsuliyyəti daşımır. Lakin bu halda da satıcı və ya icraçı ödənişli şərtlə malı təmir etməlidir.

İstehlakçı zəmanətli təmir hüququndan istifadəyə üstünlük verdiyi təqdirdə satıcı malı qəbul edərkən zəruri sənədləşdirmə aparılmalı, burada telefonun vəziyyəti, zahiri görkəmi, fiziki zədələrin mövcudluğu, qəbul tarixi, qəbul olunarkən mövcud olan qüsurlar və mağazanın ştampı öz əksini tapmalıdır. İstehlakçıya mütləq malın təhvil verildiyini təsdiq edən sənəd verilməlidir. Bu sənəd adətən akt, qüsur aktı, təmir qəbzi adlandırılır. Həmin sənəd istehlakçıda qalmalıdır və ya aparılan təmir işləri barədə zəmanət talonunda tarixi göstərilməklə dəqiq qeydlər aparılmalıdır. Bunların heç biri olmadıqda telefonda dəfələrlə aparılmış təmir işlərini sübut etmək çətinlik yaradır ki, bu da malın dəyişdirilməsi və ya qaytarılması tələbini irəli sürərkən problem yaradır. Məhz bu səbəbdən də bəzi servis xidməti müəssisələri telefonu təmirdən sonra istehlakçıya təhvil verərkən zəmanət talonunda qeyd aparmır, həmin aktı geri tələb edir.

Təmirdən qaytarılmış telefonu qəbul edərkən də istehlakçılara diqqətli olmaları və təhvil-təslim sənədlərinin doğru tərtibatına fikir vermələri tövsiyyə olunur. Təmir edilmiş mobil telefonun iş qabiliyyəti yoxlanılmalı və istehlakçıya nümayiş etdirilməlidir.

İstehlakçılar telefonun zəmanət talonunda əks olunan zəmanət şərtlərinə də fikir verməldirlər. Bir çox hallarda bu şərtlər qanunvericiliklə ziddiyyət təşkil edir. Belə ki, malın əsas komplektləşdirici hissələrinə zəmanət verilmədiyi, zəmanət talonu itirildikdə, düzgün doldurulmadıqda, zəmanətin ləğv olunduğu və digər qanunsuz şərtlər məcburi istehlakçılara qəbul etdirilir. Yaddan çıxartmaq lazım deyil ki, zəmanət müddətləri, müqavilə şərtləri ilə bağlı qanunvericiliyin öz tələbləri var və bu tələbərə əməl etmək hər bir sahibkarın borcudur. İstehlakçıların hüquqlarını pozan, bu və ya digər şəkildə məhdudlaşdıran müqavilə şərtləri etibarsızdır. Mobil telefonların ticarət qaydaları ilə bağlı Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti müqavilə və zəmanət şərtlərinə xüsusi diqqət yetirir, bu sahədə xüsusi araşdırmalar aparılır, qanunvericiliyə zidd olan müqavilə və zamanət şərtlərinin ləğv edilməsi və ya qanunvericiliyə uyğunlaşdırılması təsərrüfat subyektlərinə veilən icrası məcburi göstərişlərin yerinə yetirilməsi nəticəsində təmin edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256