İKT

“AzInTelecom” MMC “Azercell” səhmlərinin nəzarət zərfini alır
05 MART
216

“AzInTelecom” MMC “Azercell” səhmlərinin nəzarət zərfini alır

2018-03-05 16:02:00

Payları tam olaraq dövlətə məxsus olan “Azerbaijan International Telecom” (AzInTelecom) Məhdud Məsuliyyətli Cəmiyyəti və Niderland qanunvericiliyinə əsasən yaradılmış “Fintur Holdings B.V.” şirkəti arasında 5 mart 2018-ci il tarixində Türkiyə Cümhuriyyətində təsis edilmiş “Azertel Telekomünikasyon Yatırım Dış Ticaret A.Ş.” (“Azertel”) şirkətinin 51,3% səhmlərinin alınması barədə müqavilə imzalanmışdır. “Azertel” Azərbaycan Respublikasında mobil xidmətlər operatoru olan “Azercell Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətin yeganə təsisçisidir.

Fintur Holdings B.V.” şirkətinin səhmdarları İsveç qanunvericiliyinə əsasən qeydiyyata alınmış “Telia Company AB” açıq səhmdar cəmiyyəti və Türkiyə qanunvericiliyinə əsasən qeydiyyata alınmış “Turkcell İletişim Hizmetleri A.Ş” səhmdar cəmiyyətidir. “Fintur Holdings B.V.” şirkətinin əsas səhmdarı olan “Telia Company AB” özünün Avrasiya bölgəsində olan biznesindən çıxmaq prosesindədir. O cümlədən həmin proses “Telia Company AB” şirkətinin Azərbaycan bazarından çıxmağını şərtləndirir. Azərbaycan telekommunikasiya bazarında “Azercell” tərəfindən keyfiyyətli rabitə xidmətlərinin göstərilməsinin davam etdirilməsi, bazarın, sabit və rəqabət mühitində inkişafının təmin edilməsi məqsədilə “AzInTelecom” MMC Telia Company AB” və “Turkcell İletişim Hizmetleri A.Ş” şirkətləri ilə müzakirələr aparılmış və “Fintur Holdings B.V.” şirkətinin “Azertel” şirkətində paylarının “AzInTelecom” MMC tərəfindən satınalınması barədə razılıq əldə edilmişdir. Beləliklə, sözügedən müqavilənin imzalanması ilə “AzInTelecom” MMC “Azercell Telekom” MMC-nin idarə edilməsini təmin edən səhmlərin nəzarət zərfini əldə etmişdir.

AzInTelecom” MMC tərəfindən alınmış səhmlər üçün ödənilmiş qiymət “Azercell Telecom” MMC-nin qiymətləndirilməsi üçün cəlb edilmiş “Ernst & Young” şirkətinin müəyyən etdiyi qiymət çərçivəsinə uyğundur. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada “AzİnTelecom”un “Azercell”də payların özəlləşdirilməsi barədə qərar qəbul edilənədək, “AzInTelecom” “Azercell”in iştirakçısı qalacaq və “Azercell Telecom” MMC-də korporativ idarəetmə və işgüzar fəaliyyət dəyərlərini qorumaq, yeni nəsil texnologiyaların tətbiq edilməsi ilə xidmət keyfiyyətini daha da artırmaq niyyətindədir. Bu da, şübhəsiz, “Azercell Telecom” MMC-nin müştərilərinin və işgüzar tərəfdaşlarının şirkətə inamının artırılmasına xidmət edəcəkdir.

AzInTelecom” haqqında

Müştərilərə öz əsas işlərilə məşğul olmağa imkan verən regional rəqəmsal həllər provayderi olmağı özünə hədəf seçən “AzInTelecom” MMC rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və uyğunlaşa bilən data xidmətləri təqdim edir. “AzInTelecom” öz şirkət strategiyasını insana dəyər, etibarlılıq, innovativlik, çeviklik, şəffaflıq və məxfiliyin qorunması kimi fundamental dəyərlər ətrafında formalaşdırıb. “AzInTelecom” MMC-nin 3 əsas fəaliyyət istiqaməti mövcuddur:

  1. Azərbaycan və dünya ölkələri arasında beynəlxalq səs trafikinin mübadiləsinin təşkili.

  2. Regional Data Mərkəzi nəzdində “İnfrastruktur xidmət kimi” (IaaS) və bulud əsaslı xidmətlər.

  3. Azərbaycan Respublikası ərazisində satışı, istismarı və istehsalı həyata keçirilən telekommunikasiya vasitə və qurğularının sertifikatlaşdırılması.

Beynəlxalq səs trafikinin mübadiləsinin təşkili xidməti çərçivəsində Azərbaycan Respublikası ilə dünya ölkələri arasında səs trafiki mübadiləsinin yüksək keyfiyyəti və alternativliyi təmin edilir. Trafik mübadiləsinin optimallaşdırılması məqsədi ilə “AzInTelecom” MMC-nin nəzdində yaradılmış IP əsaslı Beynəlxalq Kommutasiya Mərkəzi (IMS) beynəlxalq çıxış zənglərinin ən keyfiyyətli kanallarla yönləndirilməsini və marşrut seçiminin təkmilləşdirilməsini, IP-əsaslı səs kanallarının təşkilini və bütün ölkə-daxili və beynəlxalq istiqamətlərdə alternativ arabağlantını təmin edir.

İnfrastruktur (IaaS) və bulud xidmətləri ISO 20000, ISO 27001 və “Uptime İnstitute” tərəfindən “TIER III” sertifikatları ilə təltif olunan regional Data Mərkəzi yerli və beynəlxalq qurumlara infrastruktur və bulud xidmətləri(virtual şəbəkə, virtual yaddaş, virtual infrastruktur, rezervləmə və digər) göstərməyə qadirdir.

Sertifikatlaşdırma xidmətlərinin həyata keçirilməsi telekommunikasiya vasitələri və qurğularının texniki göstəricilərinin respublikanın qarşılıqlı əlaqəli telekommunikasiya şəbəkəsinin və beynəlxalq normativlərin tələblərinə cavab verməsi faktının müəyyən edilərək müvafiq səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən “uyğunluq” sertifikatının verilməsindən ibarətdir. Bunun nəticəsində də keyfiyyətli, standartlara cavab verən avadanlıqların müəyyən edilməsində konsaltinq xidməti göstərmiş olur, bu isə daxili bazarda sağlam rəqabətin artmasına istehlakçıların hüquqlarının qorunmasına, müəssisə və təşkilatların fəaliyyətinə lazımi şəraitin yaradılmasına kömək edir.

AzInTelecom” və onun xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün www.azintelecom.az vəwww.datamerkezi.az veb-saytlarından istifadə edə bilərsiniz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9658
  • ₽ RUB
    0.0267