İKT

Müasir şəraitdə mobil operatorlar hansı strategiyaya üstünlük verir?
09 OKTYABR
95

Müasir şəraitdə mobil operatorlar hansı strategiyaya üstünlük verir?

2017-10-09 09:26:00

İnformasiya və kommunikasiya texnologiyaları sahəsində dünya ölkələrində reallaşan ən müxtəlif layihələr öz məzmun və formatı ilə fərqlənir və böyük şirkətlər öz fəaliyyətlərini artıq maraqlı kontentin və yeni mobil tətbiqlərin təqdim edilməsi üzrərində qururlar. Telekommunikasiya sahəsində fəaliyyət göstərən qabaqcıl qurumlar artıq biznesin ənənəvi görüntü və səs xidməti üzərində irəli getməyəcəyini, illik gəlirlərin azaldığını görərək gələcək biznesin artıq məzmun (kontent) əsasında inkişaf edəcəyini yaxşı anlayırlar. Hazırda bu istiqamətdə ən çox kabel televiziyaları və eləcə də mobil operatorlar çalışır, yeni investisyalar yatırır, müxtəlif xarici dövlətlərdə olan maraqlı kontenti öz çalışdıqarı ölkələrin əhalisinə təqdim edirlər.

Qeyd etmək lazımdır ki, bu proses heç də asan deyildir və özlüyündə modernizasiya, xidmətlərin asanlaşdırılması, rəqəmsallaşma və şəbəkənin inkişafı kimi iri həcmli investisiya tələb edən addımları nəzərdə tutur. Bir çox hallarda isə bu proseslər şirkətlər arasında strateji əməkdaşlıq, qüvvələrin birləşdirilməsi kimi yanaşmaları da tələb edir ki, belə hallarda qərar qəbul etmək heç də asan olmur.

İnkişaf etmək üçün strateji qərar qəbulu

Hazırda gedən proseslər onu göstərir ki, telekommunikasiya şirkətləri öz müştərilərinə yeni kontent təqdim etmək, rəqabətə davam gətirmək və ya öz fəaliyyətlərini optimizasiya etmək üçün ya böyük investisiya yatıraraq yeni innovativ xidmətlər realaşdırırlar, ya da sinerjiyə - birgə əməkdaşlığa gedirlər. İndiki şəraitdə telekom şirkətləri hesab edir ki, iri həcmli investisiya yatırmaqla müqayisədə sinerjinin üstünlüklərinin daha çoxdur. Belə ki, sinerji halının şirkətlərə əlavə imkanlar verməsi, bu halda hər bir tərəfdaş şirkət tərəfindən yatırılacaq investisiyanın həcminin daha az olması, strategiyanın yenidən müəyyənləşdirilməsi, yeni xidmətlərin təqdim edilməsi imkanı tərəfdaş şirkətlərə sərf edir. Lakin hazırda dünya telekommunikasiya sənayesində gedən yeni tendensiyalar təkcə sinerji prosesi ilə kifayətlənmir. Bu tendensiyalar sırasında kabel TV, mobil operatorların rəqabətə davam gətimək, xərcləri optimallaşdırmaq, daha geniş müştəri bazasına çıxmaq üçün konsolidasiyaya-birləşməyə gedməsi və ya birinin digərini satın alması haqda qərar qəbulu halları da geniş yayılıb. Bu tendensiyanın yayılmasını artıq ekspertlər və tanınmış konsaltinq şirkətləri də təsdiq edirlər. Məsələn, dünya miqyasında 4 ən böyük tanınmış audit və konsaltinq şirkətindən (“Böyük Dördlük”) biri olan “PWC”-nin (PricewaterhouseCoopers) analizlərinə əsasən, telekom şirkətləri üçün gələcəkdə yeni strateji identitliyi qorumaq halı daha da çətinləşəcəkdir. Belə ki, onların çoxu bazarda mövqelərini qorumaq üçün yeni məhsulların və xidmətlərin yaradılması imkanlarına malik deyildir. Buna görə də bir şirkətin digərini satın alması yeni bazarlara giriş üçün cəlbedici bir alətə çevrilir. “PWC” qeyd edir ki, 2016-cı ildə telekom şirkətləri birləşmə və bir şirkətin digərini satın alması kimi əməliyyatlara 224 milyard ABŞ dolları sərf ediblər və bu 2015-ci illə müqayisədə 137 faizlik artımdır.

Ümumilkdə, əgər son illərə nəzər salsaq doğurdan da bu müddət ərzində çox sayda birləşmə və bir şirkətin digərini əldə etməsi kimi faktlarını görə bilərik. Məsələn, Çinin nəhəng “China Communications Services Corporation Ltd” şirkətinin “China International Telecommunication Construction Corporation” şirkətini alması, İtaliyanın “Teelcom İtalia” şirkətinin özünün bütün törəmə şirkətlərini vahid bir bredin altında birləşdirməsi və s. misalları göstərmək olar. Həmçinin, 2015-ci ildə ABŞ-ın telekom nəhəngi olan “AT&T” şirkətinin peyk TV operatoru olan “Direct TV” şirkətini 49 milyard dollara satın almasını və beləliklə də “Direct TV”-nin 20 milyonluq bir auditoriyasına sahib olmasını da nümumə olaraq göstərmək olar. Qeyd edək ki, “AT&T” bu razılaşmadan sonra 4 fərqli xidməti abunəçilərə təqdim etmək imkanı qazandı ki, bunlar da mobil, televiziya, sabit (fix) xətt telefon xidməti və internet xidmətləri oldu. Beləliklə, həmin dövrdə “AT&T” özünün rəqibləri olan “Verizon” və “Comcast” şirkətlərindən daha güclü və rəqabətə davam gətirə bilər bir şirkətə çevrildi. Müştərilər isə “quadruple-play” (4 xidmət) xidmətini 4 fərqli operatordan deyil, məhz bir telekom operatorundan daha ucuz və keyfiyyətli şəkildə əldə etmək imkanı qazanaraq öz büdcələrinə əhəmiyyətli şəkildə qənaət etmiş oldular. Hazırda “AT&T” şirkəti ABŞ-da 134.2 milyon abunəçiyə malik olan ikinci ən böyük şirkətdir. Qeyd edək ki, belə hallar dünyanın müxtəlif inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində hər il baş verən tendensiyalardır və ekspertlərin fikrincə artıq bu tendensiyalar özlüyündə telekom sənayesinin inkişafının göstəricisinə çevrilib. Hazırda baş verən proseslərlə bağlı müxtəlif müzakirələr getsə də, qeyd olunan misallardan da göründüyü kimi birləşmə və sinerji, bir şirkətin digəri tərəfindən əldə edilməsi artıq dünya praktikasında normal və təbii bir haldır ki, burada da əsas məqsəd xərcləri optimallaşdırmaq, daha innovativ xidmələr təqdim etmək və abunəçiyə daha ucuz tariflərlə 3 (tripple-play) və 4 (quadruple-play) fərqli telekom xidməti təqdim etməkdir. 

Telekom sferasında qlobal yerdəyişmələr normal hal olaraq qəbul olunur

Hazırda telekommunikasiya sahəsində qlobal olaraq dəyişiklikərin baş verməsi, şirkətlərin strateji birləşməsi və satın alınması prosesləri fonunda bu kimi proseslərə neqativ yanaşmalar da müşahidə edilir. Məsələn, şirkətlərin birləşməsi və ya sinerjiyə gedməsini inhisarçılıq kimi də təqdim edənlər olur, lakin tanınmış konsaltinq şirkətləri və ekspertlər telekom sahəsində baş verənləri, xüsusilə də hazırda iri telekom şirkətlərinin xərcləri optimallaşdırmaları və əhaliyə bir deyil, bir neçə xidməti keyfiyyətli şəkildə təqdim etmələrini heç də inhisarçılıq olaraq qəbul etmirlər. Bu proses hazırda Avropa, Asiya, Amerika qitələrində gedir və təhlilçilər bunun dünyada telekom sahəsində normal bir proses olduğunu bildirirlər. Hətta bir çox araşdırmaçılar yuxarıda qeyd olunan faktların və digər oxşar halların qlobal informasiya və telekommunikasiya sferasında gedən proseslər fonunda qaçılmaz, yəni labüd bir hal olduğunu da vurğulayırlar. Həmçinin araşdırmalar dünya və ayrı-ayrı regionlar üzrə mobil operatorlar bazarında şirkətlərin sayının çox olduğunu, bu sayın ümumi inkişaf və tələbat fonunda özünü doğrultmadığını da göstərir. Məsələn, “Böyük Dördlüy”ə daxil olan digər bir dünya səviyyəli audit və konsaltinq şirkəti olan “KPMG”nin hesablamalarına əsasən, təkcə Avropada hardasa 150-dən çox rabitə operatorları fəalliyyət göstərir və bu sahə dünya telekommunikasiya bazarında daha çox fraqmentasiyalı sahədir. Hazırki tendensiya – mobil operatorların birləşməsi isə onların sayının azalmasına gətirib çıxardır. Ümumilikdə, analitiklər böyük iqtisadiyyata malik olan dövlətlərin telekom sektorlarını analiz edəndən sonra sabit (fix) telefon operatorları və mobil operatorlar bazarında 2 və ya 3-dən çox operatorun olmasını normal hal hesab etmirlər. Müqayisə üçün qeyd edək ki, hazırda Almaniya, İtaliya, Norveç, Portuqaliya, Belçika, Xorvatiya Çin Xalq Respublikası kimi ölkələrin hər birində 3 mobil operator çalışır. Fransa, Polşa, Rumıniya, Böyük Britaniya, İsveç və İspaniya kimi ölkələrin hər birində isə 4 mobil operator fəaliyyət göstərir. ABŞ-da mobil operatorların sayı 5, Kanadada 7, Argentinada isə 4-ə bərabərdir. 

Yeni paradiqlamar artıq bütün dövlətlərə təsir göstərir 

Dünya miqyasında gedən inkişaf tendensiyası və ümumilikdə artıq telekom sektorunda paradiqmaların dəyişməsi artıq inkişaf səviyyəsindən asılı olmayaraq bütün dövlətlərə təsir edir. Bu təsirlər bizdən də yan keçmir. Belə ki, Azərbaycanın Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşməsini, tarixən iri kommunikasiya yollarının buradan keçməsini nəzərə alsaq bu proseslərin ölkəmizə təsiri qaçılmazdır və inkişafa apara biləcək innovativ yanaşmaların ölkəmizdə də tətbiqi vacibdir. Belə olan halda yerli telekommunikasiya sektorunda çalışan kabel televiziya şirkətləri, sabit (fix) telefoniya operatorları və iri mobil operatorların hansı strategiyaya üstünlük verəcəyi maraqlıdır. Ümumilikdə qlobal miqyasda gedən proseslər, artıq telekommunikasiyanın özünün arxitekturasının dəyişməsi, hər ötən gün yeni kommunikasiya xidmətlərinin təqdim olunması fonunda yerli Azərbaycan şirkətlərinin də yeni inkişaf strategiyası qəbul etməsi, strateji alyansa gedməsi normal qəbul olunmalıdır. Qeyd edək ki, bu müştəri məmnuniyyətinin əhəmiyyətli şəkildə artması, böyük xərclərin optimallaşdırılması, iri telekom layihələrinin reallaşmasına gətirib çıxara bilər. Əgər dünya təcürübəsi bunu deyirsə və uğurlu nümunələr varsa, belə olan halda ölkəmizdə mobil operatorların bir-biri ilə birgə alyans formatında fəaliyyəti və ya birləşməsi niyə də baş verməsin? Hər halda bu birləşmə və əməkdaşlıq yeni layihələrin reallaşmasına, mobil operatorların özlərinin xərclərinin azalmasına, müştəriyə yeni və maraqlı məzmunun təqdiminə, texniki inkişafa və daha geniş auditoriya qazanmağa müsbət təsir göstərə bilər. Həmçinin müştərilər də bu yeni xidmətləri daha optimal tariflərlə əldə edə bilərlər. İstənilən halda yuxarıda qeyd olunan tendensiyaların ölkəmizdə yerli mobil operatorlar tərəfindən tətbiqi həm onların inkişafına, həm də abunəçilərin müştəri olaraq məmnuniyyət səviyyəsinin artmasına gətirib çıxarda bilər. Ən azından qabaqcıl dünya təcrübəsi də bunu sübut edir.

 © Marja
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296